Zərrin 

 

Hekayə

 

Çox soyuq idi. Çox soyuq. Belə soyuq hardasa 20 il bundan qabaq olmuşdu. Onda kənddə hər tərəf qara bürünmüşdü. Agacların beli qarın ağırlığına tab gətirməyib əyilmişdi. İndiki kimi elə bil həyat donmuşdu. Küləyin qorxunc vıyıltısının qulaq batırdığı həyət-baca elə kədərli görünürdü ki.

İri gövdəli armud, qoz ağacları qarın altında yazıq görkəm almış, illərin istisinə, sızağına, şaxtasına tab gətirən ağaclar indi pambıq kimi yumşaq və çəkisiz görünən qarın altında əyilmişdilər. Yəqin agaclar da adamlar kimidir.

Bəzən illərin vurduğu yaralar, ürəyə ən iti ülgüclə salınan izlər kimi cavan adamın da belini bükür.

Zərrin də bu axşam kiçilmişdi. Yumrulaşıb, lap elə zərrə boyda olmuşdu. Otağın küncündəki balaca, qədim, örtüyü cırılmış kresloda bardaşqurma oturub, başını aynabəndi ikiyə bölmək üçün asdıqları divar əvəzi qalın pərdəyə söykəmişdi. Əlləri ilə qulağını bərk-bərk tutmuşdu. Tutmuşdu ki, qonaq otağından gələn səsləri eşitməsin. Başını da pərdəyə söykəmişdi ki, o səsləri tıxanmış qulaqları ilə daha aydın eşitsin. Eşitməyə bilməzdi. O səs onun qanına, canına hopmuşdu. Ürək pərdəsinin bütün simlərində dillənən, vücüdüna sirayət edən o səs onun üçün dünyada hər şeydən doğma, əziz, müqəddəs idi!

Bu səs həzin, mehriban olsa, onu ölüm yatağından belə qaldıra bilər. Bəs əksinə olanda? Yenə tükü ürpəşdi. Bədəninin şəklini almış kresloda ilan kimi qıvrıldı. Yumağa döndü. Bunu fikirləşəndə belə əcaib, bədheybət varlıq görürmüş kimi gözləri bərəlir, rəngi saralır, əlləri əsirdi Zərrinin. Hiss elədi ki, boğazı quruyur. Ayaqlarını ehmalca yerə qoydu ki, gedib mətbəxdən su gətirsin. Bayaqki səsi xatırladı.

-Ortalıqda görməsinlər səni.

-Mən sənə görə…Sənin üçün…

-Mənə görə heç nə lazım deyil.

Zərrinin səsi də özü kimi titrəyə-titrəyə, mən hər şeyin yaxşı olmasını istəyirəm, dedi.

-Yaxşı olmasını istəyirsənsə, görünmə! Onda hər şey daha gözəl olar!

- Ah…olsun. Təki sənə yaxşı olsun. Əlini mətbəx bıçağının üstünə qoyduğunu, bu dəmir parçasının sümüyünə dirəndiyini hiss etmədi. O, otaqdan çıxandan sonra başı gicəlləndi. Sözlərin ağırlığı gözünə doldu elə bil. Göz qapaqlarını qaldıra bilmədi. Əli ilə gözünü açmaq istədi ki, otağa keçsin! Bıçağın zəli kimi sümürdüyü qan üzünə yayıldı. Uf, bu nədi ? Zəhrimar əlimi kəsib. Sonra istezha ilə bıçağa güldü. Bu ağrı nədir ki , 20 il bundan əvvəlki o dəhşətin qabağında? O ağrının öz tarixçəsi var! Onu anlamaq üçün oxumaq yox, yaşamaq lazımdır.

Su dalınca getmədi, pəncərəni açdı. Kaş ürəyin də pəncərəsi olaydı. Hərdən açıb havasını dəyişəydik ki, ruhumuz içində boğulmasın. Pəncərədən həyətin özü kimi yazıq simasına baxdıqca, haradansa yadına düşən misraları xatırladı.

 

Çərxi- fələk nə sayıb,

nə sayıbsa tərs sayıb.

 

Yazda insanın üzünə gülən, qəlbini riqqətə gətirən, ətri ilə insanı xumarlandıran rəngbərəng güllü, yamyaşıl xırda otlarını əzməyə sarsıldığın bu həyəti soyuq fevralın ayazı dondurmuşdu. Amma onun könlünü, vücudunu donduran nə idi? Yataq otağına keçib, ehmalca taxta çarpayıya uzandı. Yanındakı dolabın üstündəki abacuru yandırdı. Otağa mavi-çəhrayı-ağ qarışıq südlü bir işıq doldu. Əvvəllər bu otaq həmişə belə nurlu olardı.

Həmin gun yun şalını çiyninə salmaq üçün otağa girəndə , buranı bir anlıq həsrət dolu baxışla süzdüyü yadına düşdü. Niyə elə baxmışdı otağa? Bəlkə gələcək fəlakəti hiss eləmişdi? Onda tək bu otaq yox, bütün ev ona məhəbbətlə baxırdı. Pəncərələr, şkaflar, hətta əlinə götürdüyü çəngəl, bıçaq da. Pərdələr də nazlı-nazlı süzürdülər onu. Bəs nə oldu bu evə? Zərrin sağ tərəfə çevrlib dirsəkləndi. Kim gətirdi bu bozluğu, 20 ilin o tayından boylanan xatirələri təzələnməyə qoymayan bu dumanı?

 

Dərdi fələk gətirdi,

qucaq-qucaq gətirdi.

 

Elə bil bu misraları çarpayı ilə üzbəüz divar boyunca qoyulan, nisgil dolu tanış baxışlarla boylanan, böyük, aynalı şkaf da dedi. Hə , hə. Şkafın da ona yazığı gəlirdi. Zərrinə elə gəlirdi ki, bu evdə adamlardan başqa hər şeyin ona yazığı gəlir.

Durub şkafın önündəki güzgünün qabağna gəldi. Hər dəfə özünə baxanda gözündə onun gözünü görürdü Zərrin. Çünki bənzərlikləri çox idi.

Yadına bir bazar günü atasının onu danlamağı düşdü. Onun qızaran üzü, dolan gözü, hirslə dodağını çeynəyən dişinə baxıb dözə bilməmişdi Zərrin! Mətbəxə keçib ağlamışdı. O, da sakitləşsin deyə soyuducudan sərin su götürmək üçün mətbəxə girmişdi. Zərrinin ağlaya-ağlaya, yanan ürəyinə qurban olum, deyib ağlamağına etinasızlıqla baxaraq, var gücü ilə, deyəsən dəli olmusan.

-Həyatımın kabusuna çevrilmisən, çıx get də, bağırmışdı. Axı niyə ölmürsən deyib, onu köhnə futbol topu kimi itələyə-itələyə mətbəxdən çıxardığı gün Zərrinə elə gəlmişdi ki, deyəsən, o özü dəli olub. Elə həmin gün Onun gözündə özünə qarşı dərinləşən nifrəti , beyninin hüceyrələrində cücərib, ürəyində böyüyən, ora da sığmayıb, köpüklənə-köpüklənə dodağına süzülən nifrəti duymuşdu Zərrin. Bu nifrəti əridə biləcək qüvvənin varlığına inamını itirmiş, özü-özlüyündə taleyinə üsyan edə bilməyəcək acizliyinə söymüşdü. Tanrının bu hökmünə də başını əyib, anlamışdı ki, onu itirib. Vəssalam!

Elə həmin gün onun dümsüklədiyi qolundakı ağrı əvvəlcə bədənini sarıdı, sonra yumrulaşıb ürəyinin bir güncündə ocaqdan ayrılan köz kimi işıldadı, necəsə ürəyindən də qopub boğazına yapışdı. Elə hey göynədə-göynədə onu incitməyə başladı. Nə qədər su içir, onu udmağa çalışırdı, alınmırdı. Yumru ağrı dolaşıq düşüb, ucu tapılmayan ip kimi nə qırılır, nə haçalanır, nə də açılırdı. Eybəcər şəkildə qalın kürk düymələrinin arxasına yapışan sap kimi boğazına dürtülmüşdü. Pərdənin o tayında dalğa-dalğa yayılan musiqinin batırmaq istədiyi səslər arabir ucalır, Zərrini fikir məngəsindən xilas edir, sonra yenə hansısa gözəgörünməz əl onu cəhənnəm qazanı kimi şaqqaşaq qaynayan dərd gölünə batırırdı.

Kimsə diqqəti özünə cəlb etmək üçün var gücü ilə qışqırıb, qulaq asın, tost deyirəm söylədi. Musiqinin səsi azaldı. Araya sakitlik çökdü. Zərrin fikirləşdi ki, yəqin indi hamı- O da , qeyri –adi, heç kimin, heç yerdə eşitmədiyi tostu gözləyir. Bayaq qışqıran səs indi aramla danışmağa başladı.

Sənə səadət dolu günlər arzulayıram. Gül ol, bülbül ol , qəfəsdə olma.

Ardını Zərrin eşitmədi. Elə bil qurbağa gölünə daş atdılar.

Yekə kişisən, bundan ötrü saxlamışdın bizi? Gül kimi oynayırdıq da.

Kişi qızıl xırdaladı. Ha-ha-ha.

Səadəti arzulamaqdansa onu götürüb, gələydin də.

Boğazındakı ağrı bərkidi. Şiş elə bil lap böyüdü. Uf! Zərrinin əlləri əsdi, başı gicəlləndi. Ömrü boyu Onu yaxşı, alicənab, mükəmməl adamların sırasında görmək istəmişdi. Onu qoruya-qoruya, roman qəhrəmanlarına bənzətmişdi xəyallarında. Yazda yamyaşıl, təzə tumurcuqlayan alça ağacının altında ona öyüd-nəsihət verəndə qonşular çəpərdən baxıb, gülüşürdülər . Qız-zaddı bəyəm, a başına xeyir deyib, onu məzəmmət edirdilər. İndi əhatəsində məzmunsuz formaları görəndə bağrı az qalırdı partlaya.

Ayaqları ağrıdı. İndi hiss elədi ki, bayaqdan durub güzgünün qabağında. Güzgüdən özünə baxan özünü gördü. Nəyə oxşayırdı, ilahi! Gözlərinin parıltısı sönüb, içki düşkünü olan adamlar kimi içi qıpqırmızı olub, arıqlıqdan ordları batıb, üzü o qədər uzanıb ki, elə bil kimsə çənəsini tutub var-gücü ilə aşağı dartıb. Saçları yapırğıyıb, başına yapışıb. Boynunun sümükləri elə qabarıq görünür ki, sanki fil dişindən muncuq asmısan. Yaman kövrəldi. Zərrinin gözü bu evdə yaşadığı dəhşətləri görə-görə bərəlmişdi. Bu dəhşətin vəhşətindən bəbəklərinin parıltısı sönmüşdü. Sıxıntı əzrayıl kimi canını alıb, son nəfəsini çıxarmaq üçün burnunda saxlamışdı. Ona görə arıqlayıb üzülən üzündə fındfq boyda burnu şişib tuluğa dönmüş , artıq ət kimi sallanmışdı. Rəngi də qaralmışdı. Nənəsinin ağ gün adamı ağardar, qara gün qaraldar sözləri yadına düşdü. Dərindən ah çəkdi.

Yenə boğazı ağrıdı. Hər dəfə Onunla danışmaq istəyəndə də boğazına tıxanan bu zəhlətökən qubar şişir, akulaya dönür, sözlərini diri-diri udurdu. Zərrin nə qədər çalışırdısa , danışa bilmirdi. Ağzı saatlarla açıq qalırdı. Ancaq onun, ağzını yum, qarnının içindəkiləri görməkdən yorulduq dediyi vaxt bunu hiss edirdi. Gözünün suyu axa-axa öz yuvasına, bədəninin formasına alan kresloya güclə oturdu.

Qonşu otaqdan yenə kimsə Ona səadət arzulayırdı. Lap əsəbiləşdi. Nədi axı, bu zəhrimar, mücərrəd səadət? Düz 20 il bundan əvəl qaynanası , elə otaqda, Onun dostlarının qənşərində oturduğu o pianonun qabağında Zərrinə həmin səadəti, hamının axtarıb tapmadığı o xəsis, xudpəsənd, paxıllıqdan adamlardan gizlənən səadəti arzulamışdı. Analıq səadətini. Zərrin düz 20 ildən sonra anlamışdı ki, o zaman səslənməsindən belə ürəyi qürrələnən Analıq səadəti doğuşdan sonra məsum, dünyanın ağını –qarasından seçə bilməyən körpənin üzünə baxdığın bir-neçə saniyədən ibarət imiş. Bir dəqiqədən sonra körpəni kimsəsiz, köməyə ehtiyacı olan pişiyə bənzətmiş, illər keçdikcə pişik şirə dönmüşdü. Eh , bəsdir də . Bu nə xasiyyətdi onda . İnsanları heyvana bənzətməkdən bezmişdi. Bunu nə qədər tərgitmək istəyirdi , bacarmırdı . Tanımadığı adam görən kimi fikirləşirdi ki, bu hansı heyvana oxşayır görəsən.

Ürəyi sıxıldı. Bu dəfə özünü səssiz-səmirrsiz çöllükdə ulayan bayquşa bənzətdi. Çiynindəki şalı açıb yorğan kimi başına çəkdi. Havasızlıqda üşüdü, bədəninə gizilti gəldi. Ay allah, bu ev niyə isinmir? Şalı aralayıb, boylandı ki, bəlkə , sobada odun qurtarıb. Yox. Odunlar çıqqa-çıqla sevinə-sevinə yanırdılar ki, külə dönüb qurtarsınlar bu əzabdan. Elə bil sobanın gözlüyündən sübh günəşinin parlaq şəfəqi boylanırdı. Ağlına gəldi ki, ocaq da torpaq kimidir. Haram götürmür. Onu da Zərrindən oğurlamışdılar. Oğurluq isə həm haram, həm də ocağı natəmizliyə aparan yoldur. Haramdan qidalanmış ocağın istisinə kim qızına bilər ki? Bu ocağın ətrafı çirkləndirən tüstüsündn başqa nəyi olur ki?

Qızınmaq üçün şalı indii də ayaqlarına bükdü. Ona görə bu həyət-bacada hər şey dumanlıdır. Gözlərinin rəngini də, elə ürəyini də bulandıran bu tüstü imiş, bəlkə. Divardaki saat 12-ni vurdu. Otaqdakı səs-küy daha da çoxaldı. Kimi əl çalıb, camaatı sakitləşdirməyə çalışır, kimisi əlindəki çəngəllə boşqabı döyəjləyir, bəzisi də barmaqlarını sobanın külünü qarışdıran maşa kimi stolun qırağına vururdu. Bu hay-haray isə səs, ton və küyün qarışığından ibarət balta şəklində Zərrinin başına çırpılırdı. Tık-tık, danq –daranq. Əvvəlcə aramla, sonra daha tez-tez.

Şalı bərk-bərk başına sıxdı. Zərbədən qorunmaq üçün əli ilə üzünü örtdü. Zərbələri indi daha yaxından hiss etdi. Soyuq su ilə həyət-baca, ev-eşiyi təmizləyən əlləri köhnəlmiş bezin kələ-kötür sapları tək üzünü daladı. Nəbzini tutdu. Vuran ürəyi idi. Az qala ağzından çıxacaqdı. Köksündə nəsə alovlandı. Odun atəşini ağzında da hiss etdi. Dili ilə dodaqlarını yaladı. Ürək Allah ocağıdır-düşündü. O, isə tanrının qəlbini isitmək üçün köksünə yerləşdirdiyi bu ocağın kösövü idi. Zərrini isitmək əvəzinə yandırırdı. Yadına düşdü ki, bayaqdan su istəyir. Ortalıqda görünməsin deyə durub pəncərəni açdı. Əli ilə məhəccərdə buza dönmüş qardan bir parça qoparıb ağzına apardı. Bu yanğını isə nə buz, nə qar, nə də bir okean su söndürə bilməzdi. Bu bala yanğısı idi. Yadına keçən il qonşudakı yas mərasimində ağı deyən qadının , can ay bacı, nə yaman bala, bala, deyib ağlayırsan. Sən də mənim kimi nakam basdırmısan, soruşması düşdü. Ürəyi bulandı . Onu yandıran doqquz ay bətnində gəzdirdiyi, həm də zorla gəzdirdiyi, ölüm-zülüm dünyaya gətirdiyi , dəli eşq, ilahi sevgiylə sevdiyi balası idi. Sənə dünyanı göstərəni necə görməmək olar, sənə həyat verənin həyatını necə zəhərləmək olar , ay bala? Ümidlərimi qıran Ümidim. İstədi qışqırsın, amma boğazındakı o ləçər düyün şişib, həyasızcasına , maqnit kimi sözləri geri çəkə-çəkə, dilini də uddu deyəsən.

Otaqdan səs gəldi.

-Ay uşaqlar, bir dayanın da, olmadı ki. Ağız deyəni qulaq eşitmr. Ay Ümid, bura gəl. Saata bax, doğulmusan, a qardaş. Bu əclaf, nankor, bivəfa dünyaya xoş gəlmisən.

Bu səsi tanımadı, doğulmusan sözü üzünə sillə kimi çırpıldı. Ayağa durub qonaqların oturduğu otağa sarı addımladı. Belində dəhşətli ağrı hiss etdi. Eh, uzanıb qəfil durmaqdan belim sərpdi, deyəsən. Yox, ağrı böyrəklərinə də yayıldı. Divardan tutdu. İndi də qarın boşluğuna yayılan ağrını hiss etməməkçün, nəfəsini dərib saxladı. Ağrı isə şapıltı ilə əldən çıxıb yerə düşən bazar səbəti kimi dizlərinə çırpıldı. Bu nədi, yoxsa yıxılıram. Ay allah, özün kömək ol. Onun üzünü görməliyəm. Bu an, bu saniyə, dünyaya gəldiyi saatın tamamında. Güclə özünü yetirib kresloya oturdu. Bayaq qulağını dayadığı divara bənzər qalın pərdəyə indi üzünü söykəyib, oğru kimi, gözünün ucuyla otağa baxmağa başladı. Toz qarışıq şüanın yayıldığı o məsum üzə baxdıqca düşüncəyə daldı. Bu məsum üzü düz 20 il bundan qabaq , bax bu günün, bu saatı, bu saniyəsində, elə şimək kimi qəfil çaxan bu ağrının altında görmüşdü axı.

O zaman Zərrin Ana olmuşdu. Aman-zaman, yeddi qurbanlar üstə, dizin-dizin pirləri gəzib duaların fəryadında Ümidini tapmışdı. 20 il bundan əvvəl kənd xəstəxanasının birinci mərtəbəsinin yarıqaranlıq otağını canından ayrılan can nura boyamışdı. Zərrin elə bilmişdi ki, Günəşi o doğub. Bəs indi? Niyə o günəşin istisinə isinə bilmir, niyə tənhalıq ocağında onu qovurur? Bunları düşünə-düşünə qeyri –ixtiyri pərdəni bir qədər araladığını baxışı onun parlaq gözlərinə ilişdiyi an hiss etdi. Bu baxış elə bil yumşalıb, bir qədər mehribanlaşmışdı. Ya, mənə elə gəlir. Bu zəhrimar ağrı da , vaxt tapdı elə bil. Özünü ələ almağa çalışdı.

Bu doğuşa bənzər ağrı idi. Hə, hə. Bu dəfə onun içini zülmətə boyayan, hər şeyi, hər kəsi donduran, mayası təhqir, acı, nifrətdən yoğrulan, onu daşlaşdıran, çiyinlərini əyən dağ doğurdu Zərrin. Bala dağı ! Otaqdakı qədəhlərin cingiltisini zəif-zəif duymağa başladı. Kiminsə uzaqdan Onu çağırdığını eşitdi. Gəl bura, Ümid, axı sən baş roldasan. Gəl , hədiyyələrini qəbul et. Zərrin də var-gücü ilə bağırmaq istədi ki, mən də hədiyyə istəyirəm. Öz hədiyyəmi! Taleyimin, gəncliyimin, gəlinlik, analıq hədiyyəmi! Onu istəyirəm! Balamı! Ümidlərimi puç edən Ümidimi. Bu kəndin, bu evin mənim üçün qəfəs rolunun bitməsini istəyirəm, bala. Sənin baş rolda olacağın bu günü gözləyə-gözləyə mən 20 il özüm oynamışam axı, ümid rolunda. Zərrini soyuq tər basdı, bütün bədəni boşaldı, nədənsə qaçmaq istəyirmiş kimi dizləri atıla-atıla titrədi. Amma içindəki səs daha da ucalırdı. Elə bil vücudunda səsdən başqa heç nəyi qalmamışdı. Tapda, sındır, əz, öldür məni . Analıq təşnəmi, ruhumu söndür, məni yaşamaqdan iyrəndirib, həyatdan döndərən, balam. Onsuz da meyit rolunda yaşamaqdan bezmişəm. Ad günün mübarək, oğul. Mənim səsimi duymayan balam, qanımı içməkdən doymayan balam. Səni təmənnasız sevib, nazını çəkən, canını uf demədən yolunda fəda etməyə hazır, beşiyinin qulu, dillərdə yalandan müqəddəs ananı it yerinə qoymayan, balam. Zərrin udqundu. Bu dəfə çox rahat. Keyləşən vücüdünda təkcə o düyünün olmadığını hiss etdi. . .

Üzünə qəfil səpilən soyuq sudan diksinib gözünü açanda bir cüt yaş süzülən parlaq bəbəyin gözünə dikildiyini gördü. Bu Onun gözü idi. Zərrinin ayıldığını görüb duruxdu. Bu zaman gözündəki yumrulaşan yaş diyirlənib düşdü və Zərrinin kipriyinə toxundu. Zərrin bu yaşın zər parıltısını söndürməməkçün gözünü yumdu. Gözlərinin sol ucundan diyirlənən yaş onun zər dənəcəyinə qarışıb yanağına, oradan boynuna iz sala-sala köksünə çatdı. Sərinliyi köksünə yayılan o damlanın fərəh hissinin gücündən idimi, və ya başqa bir şey Zərrini tərpənməyə qoymadı.

Elə bil bütün kəndin camaatı abqora hazırlamaq üçün bir teştin içinə üzüm əvəzinə Zərrini qoyub təpikləmişdi. Tərpənmək istədisə də alınmadı. Havasız boşluqda , ətrafına toplaşan dumanlı üzlər içində təkcə Onun məsum üzü, sevgi dolu baxışlarını aydınlıqla sezdi. Bu an, bu dəqiqə onun canından keçən qığılcıma bənzər istilik təntənə hissi idi - əzabın təntənəsi. Hansı səbəbdən yarandığını, nəyin nəticəsi olduğunu Zərrin ayırd edə bilməsə də… Dünyanın əzab və iztirablardan ibarət vakuum olduğunu duya bilənlər xoşbəxt olurlar. Bəlkə, buna görə Zərrin xoşbəxt ola bilməmişdi. Doğuş-əzab, ölüm əzab, xəstəlik əzab, sevmədiyin insanla təmas əzab, sevdiyindən ayrılmaq əzab. Bütün bunlar isə fəlsəfənin yoza biləcəyi şeylərdir ki, Zərrinin həyat fəlsəfəsinin həndəvərindən keçə bilməzdi. Ümidini isə əzblar labirintinə hansısa gözəgörünməz, mistik varlıq işıqlandırdı bu gecə. O, evdəki səs-küyü eşitmir, Zərrin başına qarışqa kimi toplaşan az qala bütün kəndin adamlarını görmürdü. Bu günün hədiyyəsini tanrı son anda vermişdi ona. Yaxşı və pis, dəyərli, yaxud qiymətsiz olduğunu təkcə Ümid bilirdi. İçində kimsə oxuyurdu elə bil. Səs qırıq -qırıq gəlirdi. Amma məlahətli, həzin, ən başlıcası doğma idi.

 

Əlində gül dəstə gəl,

Dərdi qoy, dərd üstə gəl.

Can verirdim gəlmədin,

İndi qəbrim üstə gəl.

 

Bu səs həzin, mehriban olsa , onu ölüm yatağından belə qaldıra bilər. Bəs əksinə olanda?!.

Təcili yardım maşını həyətdən çıxanda dostları da tələm tələsik qonşu Xanəhmədin taksisinə oturub onun dalınca getdilər. Kimsə soruşdu ki, bəs Ümid necə oldu?

-Ay Ümid, bəs sən gəlmirsən?

-Sonra gələr, tez olun…

Həyətdəki uçuq təndirxananın divarına söykənən Ümid də dodaqaltı cavab verdi.

Hə, hə tez olun. Və… boylana –boylana o səsin dalınca getdi. Addımladıqca səs uzaqlaşırdı. Kəndin ətəyində qalın ağacların bərk-bərk qucablaşıb tələyə oxşar görüntüsünə yaxınlaşanda qaş qaralmışdı. Səs hələ uzaqda idi…

 

 

Elnurə Cavadzadə

 

Kaspi.- 2012.- 22-24 sentyabr.- S.17-18.