Qarabağın ilk qadın şairi

Bu, Aşıq Pəri sayılır

 

Qarabağın Azərbaycan poeziyasına bəxş etdiyi istedadlı el şairlərindən olan Aşıq Pəri 1811-ci ildə (bəzi sənədlərdə 1810 da göstərilir) Cəbrayıl bölgəsinin Maralyan kəndində anadan olub. Lap gənc yaşlarından aşıq şeiri ilə maraqlanmağa başlayıb. Təxminən 1830-cu ildə Şuşaya köçübömrünün sonuna kimi burada yaşayıb. İlk təhsilini doğulduğu Cəbrayıl bölgəsində alan Aşıq Pəri gözəl, ağıllı, istedadlı bir xanım olub.

Onun yaradıcılığını araşdıranlar həm Azərbaycan, həm də Avropa şərqşünasları Aşıq Pərini işvəli bir nazənin kimi təqdim edərək bədahətən şeirlər deyən, azad ruhlu, həyatsevər bir qadın olduğunu yazıblar. Deyilənə görə, Aşıq Pəri nakam ömür sürmüş, çox böyük ustalıqla dövrünün kişi şairləri ilə deyişmişdir. O, dərin düşüncəsinə, rəvan təbli və hazırcavablığına görə müasirləri arasında izzət sahibi idi. Aşıq Pərinin Mirzəcan bəy Mədətov, Cəfərqulu xan Nəva, Mirzə Həsən, Məhəmməd bəy Aşiq, Abdulla Canızadə və başqaları ilə deyişmələri ədəbiyyat aləminə məlumdur. Bu deyişmələrin hamısında da qalib özü olardı.

Firidun bəy Köçərlinin tədqiqatlarından aydın olur ki, Pəri 25 yaşında Məhəmməd adlı bir mollaya ərə getmiş, lakin xoşbəxtlik ona nəsib olmayıb. Şeir yazması, poeziya məclislərində iştirakı Molla Məhəmmədin xoşuna gəlmədiyindən danlağa məruz qalıb. Çəkdiyi əzablardan xiffətlənən, dərdini ancaq şeirlərinə söyləyən Aşıq Pəri qoşmalarının birində deyirdi:

 

Molla qoymur qələm alım dəstimə,

Ərzi-halım bəyan edim, neyləyim?

 

Qadağa xoş olmayan münasibət içində çırpınan Aşıq Pəri qeyri-adi istedadına görə dövrünün tanınmış aşıq şairləri arasında böyük nüfuz qazanıb. Onun haqqında hələ XIX əsrdə Rusiyada Avropada çap edilən məcmuələrdə məlumat verilirdi. Deyirlər ki, Aşıq Pəri eyni zamanda cəsarətli, yeri gəldikdə kəskin danışmağı bacaran, o cümlədən yumşaq yumora malik, çox həssas qadın olub. Ondan yadigar qalan şeirləri oxuduqda bu bədii irsin bütün notlarında Aşıq Pərinin obrazı boylanır:

 

Mən Pəriyəm, eşqə zarəm, neyləyim?

Dərdi-dildən xəbərdaram, neyləyim?

 

Bu neyləyim sualının cavabını ömrü boyu axtaran Aşıq Pəri qoşmalarının birində çəkdiklərindən zinhara gələrək şəxsi həyatındakı təzadlardan şikayət edib:

 

Pərinin dərdi tüğyandı,

Sakin yeri Maralyandı.

Gülüm qonçasında yandı,

Bülbüllər əfqan eylədi.

 

Çəkdiyi əzablar onun könlünü viran etmişdi. Böyük ürəkli, şair duyğulu, sənət eşqli bir insanın, xüsusilə zərif qadının ailədə başa düşülməməsi faciə idi. Bu ağır həyatın sahibi olan Aşıq Pəri zahirən deyib-gülsə , içində şam kimi əriyirdi. Müasirləri xətrini çox istəyirdi. Şeir məclislərində yeri başda idi. Evdə isə dığdığ, danlaq, töhmət onu zara gətirirdi. Pəri isə bütün bu dərdləri şeirlərində dilə gətirərək yaralı qəlbinə məlhəm çəkirdi:

 

Bir Pəri dil aramında qan ağlar,

Çəkilib sinəmə dügünlü dağlar,

Ölübdür bülbülüm, lal olub bağlar,

Saralıb-sovulub güllər, ağlaram.

 

Firidun bəy Köçərli böyük ehtiram məhəbbətlə Qarabağın bu ilk şair xanımını belə təqdim edirdi: Zəmanə ki onun namu-şöhrəti artıb hər yana dağılır, talibi-didarı çox olur. Aşıq Pərinin Maralyandan köçüb Şuşa şəhərində yaşaması burada onun hörmət izzətini əyani-dövlət arasında daha da çoxaltdı. Hər bir əhli-təb onun şənində gözəl şeirlər yazıb izhari-məhəbbət etdilər. Firidun bəy Köçərlinin söylədiyinə görə, Aşıq Pəri zahirən , daxilən çox gözəl, mənəviyyatca zəngin, geniş dünyagörüşlü bir xanım olub. Onun hüsnü-camalını tərif edən qoşmalar, gəraylılar yazılıb. XIX əsrin tanınmış şairlərindən olan Əsəd bəy Vəzirov bu istedadlı xanıma ünvanladığı poetik tərifində gözəlliyini tərənnüm edirdi:

 

Arizindir günəş, camalındır ay,

Heç nazənin ola bilməz sənə tay.

Qəmzən qatil, kipriyin ox, qaşın yay,

Qamətindir sərvi-xuraman, Pəri.

 

Dünyanın faniliyindən, ömür-gün dostunun zalımlığından, yaxın dostlarının itkisindən təsirlənən Aşıq Pəri qoşmalarının birində yenə öz hüznünü belə ifadə edib:

 

O fələkdir dügün yeri dağlayan,

Əzəl şad eyləyib sonra ağlayan,

Sinəsindən şerü-kitab bağlayan,

Sahibi-huş, gövhər kanı neylədin?

 

Şuşanın tanınmış şairlərindən biri İbrahim Xəlil xanın nəvəsi Cəfərqulu xan olub. Nəva təxəllüsü ilə şeirlər yazan bu şairin Aşıq Pəri ilə müntəzəm deyişməsi haqqında məlumat çoxdu. Maraqlıdır ki, bu deyişmələrin heç birində dövrünün əksər şairlərinə qalib gələn Cəfərqulu xan Aşıq Pərini bağlaya bilməmişdi. Allah Pəriyə elə bir istedad təb vermişdi ki, şeir onun sinəsindən su kimi axırdı. Məntiqi, ağlı, dərrakəsilə hamını valeh edirdi. Maraqlıdır, ona uduzan rəqibləri bu məğlubiyyətdən qısqanclıq keçirmirdilər. Onlar Pəri kimi bir sənətkarın ətrafında olmağı, onunla şeirləşməyi özlərinə fəxr sanırdılar. Hətta bu deyişmələrin birində Cəfərqulu xan səmimiyyətlə etiraf edib:

 

Arifəm, bir yerdə yarı görəndə,

Mən deyim bu duxtəri görəndə?

Əql itirdim mən əğyari görəndə,

Neyçün göstəribsən etibar ona?

 

Pərinin cavabı daha maraqlıdır:

 

Dağam, gül yanında xarı görəndə,

Tərlan ovlağında sarı görəndə.

Sən ki aşıq əhlini karı görəndə,

Pəriyəm, duaçı aşikar ona.

 

Mir Möhsün Nəvvabın təzkirələrində Aşıq Pərinin adı məhəbbətlə çəkilib. Onun hansı şairlərlə deyişdiyi haqqında ətraflı məlumatlar verilib.

Deyilənlərə görə, dünyasını dəyişdikdən sonra (1847) Aşıq Pərinin qardaşları Kərbəlayı Fərzalı Mahmud bacılarını Qaladan apararaq doğulduğu Maralyan kəndində torpağa tapşırıblar. Cəmi 35-36 il ömür sürmüş Aşıq Pəri çox güman ki, Molla Məhəmmədin verdiyi mənəvi işgəncələrə davam gətirə bilməyib. Onun həyatına qənim kəsilən bu namərdin cahilliyini Aşıq Pəri qoşmalarının birində çox incəliklə bildirib: Canı dost yolunda eylədim fəda, Dad eylərəm, haray naşı əlindən. Qoşmalarının birində isə Aşıq Pəri ömrünü-gününü göy əskiyə bükmüş bu qəlbduymazı belə təsvir edib:

 

Adam bildik biz gəldik adına,

Adamlığı qanmayıbsan hələ sən!

 

Şeirlərinin birində isə sanki müasirlərinə xəbər göndərib ki, Əgər Məhəmməd tək səd həsarınız olsa, neylərsiniz?

Doğrudur, Aşıq Pərinin yazdığı əsərlərin çox az hissəsi bizə gəlib çatıb. Əlimizdə olanları da diqqətlə nəzərdən keçirdikdə Azərbaycan poeziyasında öz yeri olan Aşıq Pərinin bədii portreti aydın görünür. Bir məsələyə qəti əminik ki, onun adı həmişə yaşamaqdadır. Azərbaycan qadınlarının aşıq sənətinə meyil edənlərinin təşəbbüsü ilə uzun illər respublikamızda Aşıq Pəri məclisi fəaliyyət göstərirdi. Məclis üzvləri Aşıq Pəri ədəbi irsini ləyaqətlə qoruyaraq bu unudulmaz xanımın adını öz yaradıcılıqlarında yaşatmağa tanıtmağa çalışırdılar. Təəssüf ki, son illər bu məclisin səs-sorağı eşidilmir. İndi aşıq sənətini elələri təmsil edir ki, onların da əslində aşıq sənətindən, onun belə mükəmməl ifaçılarından xəbərləri var. Aşıqlıq atılıb-düşmək, şit-şit danışıb məzələnmək deyil ki?! Aşıqlıq Dədə Qorquddan sonra onun davamçıları olan Aşıq Nəcəfdən, Aşıq Ələsgərdən, Aşıq Alıdan, Aşıq Hüseyn Bozalqanlıdan, Aşıq Şəmşirdən nəhayət, Aşıq Pəridən bizə yadigardır. Yadigarları isə öz adına yaradıcılığına layiq qoruyarlar

 

 

Flora XƏLİLZADƏ

Kaspi.- 2012.- 22-24 sentyabr.- S.19.