Kədərli Nağılın Qəhrəmanı 

  

(“Qaraca qız”)

 

“Qafqaz şəhərlərinin birində Usta Zeynal adlı bir sərrac öz arvadı Şərəfnisə ilə yaşayırdı.

Bunlar İran əhli idilər, öz vilayətlərində məişətləri məşəqqət ilə keçdiyinə görə vətənlərini buraxıb buraya gəlmişdilər.

Usta Zeynal sərraclıq etməklə külfətini bir tövr dolandırırdı, Usta Zeynalın övladdan yalnız altı yaşında Tutu adlı bircə qızı vardı. Tutu çox qara və çirkin idi. Anası ona körpə vaxtından "Qaraca qız" deyib əzizlədiyinə görə əsil adı unudulub, hər kəs onu bu adla çağırırdı. Qaraca qız çox nadinc idi və özü qız uşağı ikən qızlarla oynamağı sevməzdi; həmişə oğlan uşaqları ilə oynayardı. Uşaqlar Qaraca qızdan qorxardılar, çunki o çox cürətli idi və yumruğunun da qabağında heç kəs dura bilməzdi. Qaraca qız həmişə zəifin tərəfini tutardı. Hər zaman anası onun nadincliyindən qonşulara şikayət edib deyərdi:

-Qaraca qızı su batırmaz, od yandırmaz.

Bununla belə Qaraca qız çox rəhmdil və səxavətli qız idi. Hər nə əlinə

düşsəydi, yoldaşları ilə bölüşərdi”.

Abdulla Şaiqin pyesi məhz bu mövzudan - Süleyman Sani Axundovun eyniadlı hekayəsindən alınmışdır. Akademik Milli Dram Teatrında rejissor - əməkdar artist Loğman Kərimovun quruluşunda “Qaraca qız” tamaşası isə yeni səhnə yozumunda təqdim olundu.

Su batırmaz, od yandırmaz Qaraca qız-Tutu doğuluşundan həyatın ağır üzünü görmüş, onun həyatı “kədərli” bir xətt boyunca davam etmişdi. Elə buna görə də, onu bütün insanları məhv edən sel-su da batırmadı, hər bir şeyi dağıdan zəlzələ də ondan vaz keçdi.

Tutunun həyatı nağıllarda olduğu kimi pis qüvvələrin, mənfi uydurmaların, bir sözlə mistikanın ətrafında deyil, məhz həqiqi cəmiyyət və həqiqi insanların ətrafında cərəyan edir.

Qaraca qız bizim teatrın (Akademik Milli Dram Teatrı) səhnəsində də əsas qəhrəmandır. Tamaşada Qaraca qız (Xədicə Novruzlu) uşaq istəklərindən doğan böyük həvəslə, ehtirasla, enerji ilə fiziki imkanlarını sərf edərək çevik, cəld Qaraca qız-Tutu qəhrəmanını nümayiş etdirir. Gənc aktrisanın “zahiri əhval-ruhiyyəsi” enerji ilə aşıb-daşır və qarşıya qoyulan ali məqsəd səhnədə realizə olunur. Əlbəttə ki, rəqslərin və musiqinin temp-ritmindən, yüksək əhval-ruhiyyəsindən başqa əsas qəhrəmandan tələb olunan Tutunun kədərli hekayətini görükdürməkdir. Bu sarsıntılı, gözünü açandan itkilərlə, fəlakətlərlə üzləşən qızın gerçək həyatını təsvir etmək olduqca çətindir. Xüsusilə də, gənc bir insan üçün...

Qaraca qız rejissorun əsas inkişaf etdirdiyi əməl xəttidir. Qaraçı həyatından başlanan hekayət bir neçə çadır və qaraçı geyimində olan insanların zəlzələdən sonrakı həyatlarının təsviri ilə başlayır. Yasəmənin dağıntılar altından çıxardığı bu qız-qara və çirkin Tutu qaraçı ailəsinin üzvü olur. Yasəmən (əməkdar artist Münəvvər Əliyeva) böyük sevgi və nəvazişlə Tutunun qayğısına qalır. Onu burada qalmasını təmin etmək üçün Tutuya rəqslər öyrədir, bu cəmiyyətin-qaraçıların üzvünə çevirir. Bu qəhrəmanın hekayəsinin I mərhələsidir. Əlbəttə ki, bu mərhələ təkcə Tutu və Yasəmən xətti ilə bitmir. Burada Qaraca qıza xeyirxahlıqla yanaşan Əlləz (Əlvida Cəfərov), Qaraçı (əməkdar artist Firuz Xudaverdiyev), burada onun həyatını cəhənnəmə çevirən Gülpəri (Əminə Babayeva), Oruc (Rövşən Kərimduxt), eləcə də oyun quran, Tutunun həyatını oyuna çevirən, ona uşaq olduğunu müəyyən anlarda da olsa xatırladan Meymun (Ramin Şıxəliyev) və Ayı (Cümşüd Zeynalov) var.

Qəhrəmanın hekayəsinin II mərhələsi tamamilə fərqlidir. Bu Qaraca qızın yeni bir həyata təşrifidir. Baxmayaraq ki, burada da zahirən cılız, daxilən güclü Tutunun kədərli bir hekayəsi başlayacaq...

“Axşam vaxtı Hüseynqulu ağa öz dostları ilə bərabər evlərinə gəldilər. İtlərin hürməyi, ovçuların səsləri, nökər və mehtərlərin qışqırığı bir-birinə qarışmışdı. Ağca xanım bu səs küyə mürəbbiyəsindən izinsiz bayıra çıxdı. Kənarda durmuş Qaraca qızı görüb ona yaxınlaşdı. Qaraca qız və Ağca xanım nəzərlərini bir-birinə salıb bir müddət diqqətlə baxışdılar. Bu iki uşağın arasında böyük fərq vardı: Birinin ata-anası bəyzadə, o birisininki isə yoxsul idi. Biri zəif, zərif, hər bir işdə özgəyə möhtac olduğu halda, o biri polad kimi sağlam bədənli, az yaşında çox görmüş, öz zəhməti ilə məişət edən bir uşaq idi. Birinin baxışı sanki özgələri köməyə, o birinin nəzəri isə hamını qovğaya çağırırdı”.

Bəli... burda bəy ailəsində bəyin (əməkdar artist Elxan Quliyev), onun xanımının Pəricahan (Almaz Amanova) Qaraca qıza əşya kimi, nökər kimi, tərbiyəsiz bir qaraçı münasibəti Tutunu sındırır, onu uşaqlıq aləmindən böyüklərin amansız hərəkətləri ilə dolu olan həqiqi dünyaya aparırdı. Lakin... hər bir insanın sevinməyə bir dəfə də olsun səbəbi olur. Qaraca qız burada itirdiyi yeganə doğması Piri babanı (Xalq artisti Hacı İsmayılov) tapır. Səxavətli, əməyinin, zəhmətinin bəhrəsi ilə yaşayan Piri baba yenə də Tutunun həyatını öz sevgisi ilə bəzəyir.

Tamaşanın başqa bir xətti Qaraca qız və Ağca xanım münasibətləridir ki, bu tandem özündə kasıb və varlı, xanım və qaraçı fərqlərini görükdürsə də, bir bənzərlik hamısını üstələyir. Onların uşaqlığı.... Ağca (Aygün Baxışlı) hər dəqiqəsini fərəhlə Tutuya baxmaqla, onunla oynamaqla keçirmək istəyir. Hər iki qəhrəman maraqlı rəqsləri və aralarındakı fərqi oyunları ilə yox etməklə, azyaşlı tamaşaçılarda bir nümunə idealı yaradırlar.

Rejissor əməkdar artist Loğman Kərimov bitkin səhnə həlli verərək, qayəsi və ali məqsədi, hədəfi tamamilə aydın olan bir tamaşaya imza atmışdır. Bütövlükdə tamaşa gənclərin düzgün tərbiyələnməsi, silki fərqləri unudaraq insanlığı və sədaqətli dostluğu əsas ideyaya çevirərək istəyinə nail oldu.

Tamaşa kədərli notlarla bitsə də, bizlər qəhrəman Qaraca qızın fədakarlığını heç vaxt unutmuruq!

 

 

Aygün Süleymanova,

Teatrşünas

 

Kaspi.-2013.-27-29 aprel.-S.16.