Bu gün əsərlər təhlil yox, tərif olunur 

 

Buludxan Xəlilov: Ciddi tənqidə həm də təbliğ kimi baxmaq lazımdır

 

Buludxan Xəlilov 1966-cı il iyulun 25-də Qərbi Azərbaycanda Amasiya rayonunun Ellərkənd kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili kafedrasında laborant kimi başlayıb. Burada baş laborant, müəllim (1990-1996), indi isə professordur. Hazırda Dədə-Qorqud elmi-tədqiqat laboratoriyasına başçılıq edir. "Filologiya məsələlərinə dair tematik toplu"nun redaktorudur. Ədəbi dilin tədqiqinə dair bir sıra monoqrafik əsərin müəllifidir. XX əsrin 90-cı illərindən dövri mətbuatda elmi, elmi-kütləvi məqalələrlə çıxış edir.

– Sizin tərtib etdiyiniz “Azərbaycan dili antologiyası” adlı kitabda “Kitabi Dədə Qorqud” dastanından nümunə salınmaması doğrusu mənə bir qədər qəribə gəldi. El məsəllərindən sonra birbaşa “Dastan Əhməd Hərami” əsərindən nümunələr verilir. Bu barədə fikirlərinizi bilmək istərdim.

– Siz fikir verirsinizsə, kitabın adı “Azərbaycan dili antologiyası” adlanır. “Kitabi Dədə Qorqud” dastanında isə Azərbaycan dili bir dil anlayışı kimi işlənməyib. “Dastan Əhməd Hərami”də isə Azərbaycan dili ilə bağlı müəyyən bir hissə var. “Azərbaycan dili antologiyası” hələ son iş deyil. Azərbaycan dili ilə bağlı xeyli material toplanmalıdır. Bu gün mən o işlə məşğulam. “Azərbaycan dili antologiyası” hələ ilk qaranquşdur. Bu kitabın ardı olacaq. Elmi ictimaiyyət, oxucular, “Azərbaycan dili antologiyası” sözünü eşidəndə birmənalı qarşılamırlar. Onlar eşidiblər ədəbiyyat müntəxəbatı, ədəbiyyat antologiyası və s. amma dil antologiyası hələ çox insanlara yad məfhumdur. Bizim hələlik ilk işimiz oxuculara dil antologiyasının mahiyyətini çatdırmaqdır. Bütöv ədəbiyyatın bu cür antologiyalarda tam əks olunması zaman tələb edən bir işdir. Kənarda qalan, unudulan nələr varsa hamısı zamanla toplanılacaq. Adı çəkilən antologiyada isə çalışmışıq ki, Azərbaycan dili ilə bağlı məsələlər əks edilsin. Oxucular bilsin ki, Azərbaycan dili ilə bağlı müxtəlif zamanlarda şair və yazıçılar hansı fikirdə olublar.

– Nizami Gəncəvinin türkcə Divanı tapılması ilə bağlı mətbuatda xəbərlər yayılıb. Gələcəkdə tərtib edəcəyiniz antologiyada N.Gəncəvinin türkcə əsərlərindən salınmasını planlaşdırırsınızmı?

– Əlbəttə, həmin divandan da müxtəlif materiallar dil antologiyalarında yer alacaq. Siz fikir verin, ədəbiyyatımızla bağlı nə qədər antologiyalar çıxır. Məgər onların hamısında bütün şair və yazıçıların yaradıcılığı əks olunurmu? Xeyr! Bu heç mümkün də deyil. Bizim hazırlayacağımız antologiyalarda bütün şair və yazıçıların yaradıcılığı əks oluna bilməz. Bu antologiyanın mahiyyəti ondan ibarətdir ki, biz oxucuların təsəvvüründə dilin keçdiyi yolu canlandıra bilək. Biz həm də bununla Azərbaycan dilinin qorunmasında şair və yazıçıların rolunu, xidmətini oxuculara bəyan etmiş oluruq. Bir var bunların hamısını sözlə deyəsən, bir də var onların yaradıcılığa istinadən deyəsən. Biz sadəcə onların yaradıcılığına istinad edirik. Bununla həm o şair və yazıçıları yenidən sevdiririk, həm də onların sevilməsinin mahiyyətini aça bilirik. Bütün bunların kökündə isə Azərbaycan dilini sevdiririk.

Hər bir dilin tarixi var. Heç bir dil müasir halına birdən-birə gəlib çatmayıb. Eləcə də Azərbaycan dili. Bu antologiya vasitəsi ilə Azərbaycan dilini hansı dövrdə necə olmasını öyrənmək olur. Yazılı ədəbiyyatın bir qismi ərəb-fars dilinin meydan suladığı dövrdə, bir qismi rus dilinin meydanı ələ aldığı zamanda yaranıb. Bir qismi bu gün dünyanın super dövlətlərinin rəqabətinə davam gətirərək yaranır. Bu antologiyada həm də bir şey aydınlaşıb: Azərbaycan dili rəqabətə dözən dildir. Şifahi ədəbiyyatdan da göründüyü kimi dilin keşiyində təkcə şair və yazıçılar yox, həm də ulularımız, babalarımız dayanıb. Ona görə biz xalq ədəbiyyatı nümunələrini də oxuculara təqdim edirik. Dili yaradan da, yaşadan da xalqdır. Mən özüm üçün bir plan qurmuşam ki, gələcəkdə də bu antologiyanın müəyyən qolları olsun. Məsələn, bu dilin ifadə imkanlarını hansı şair hansı dövrdə necə nail olub? Bütün bunlar aydınlaşacaq. Məsələn, məhəbbət mövzusunda çox yazılıb. Amma Məhəmməd Füzulinin “Leyli Məcnun” poemasındakı məhəbbət və o məhəbbətdən doğan dil, düşüncə tərzi, təfəkkür necə yaranırdı, bax bunlar müəyyənləşəcək. Yazıçının hər hansı bir mövzunu əks etdirməsi işin sadəcə bir tərəfidir. Amma yazdığını necə bir dillə təqdim etmək, dilin imkanlarını genişləndirmək, bu ayrı bir şərtdir. Bu gün dünya dilləri arasında rəqabət gedir. Hətta böyük xalqlar belə çaşdırıcı mövqeləri müdafiə edirlər. İqtisadi və siyasi nüfuz sahəsində bir çox sahələrə hökmranlıq edən dövlətlər başqa xalqların dilini də əllərindən almaq istəyirlər. Belə çətin məqamda dili sevdirmək çox vacib məsələdir. Bu gün “Azərbaycan dili antologiyası” çap etməkdə məqsədimiz dilimizi sevdirməkdir. Azərbaycan dili potensialı olan dildir. Biz müxtəlif dövrlərdən ən çətin materialları bu dilə çevirə bilirik. Əgər dilin gücü, qüdrəti olmasa başqa dilə adekvat ola bilərmi? Yad düşüncəni bu cür əks etdirə bilərmi? Əlbəttə ki, yox.

– Bəzən Səməd Vurğunu müasir Azərbaycan dilinin yaradıcısı kimi təqdim edirlər. Siz bu fikirlə razısınızmı?

- Məncə, bu fikir qeyri-elmi fikirdir. Amma S.Vurğunun üstünlüyü onda idi ki, o, Azərbaycan dilində səlis, aydın, əsl xalq dilində yazıb. S.Vurğun yaradıcılığını mənimsəmək üçün böyük intellektə sahib olmaq lazım deyil, sadəcə Azərbaycan dilini bilmək kifayət edir. S.Vurğun Azərbaycan dilinin imkanlarını adi oxucu səviyyəsində təqdim edə bilir. Bu isə S.Vurğunun Azərbaycan ədəbiyyatında xüsusi bir mərhələ təşkil etməsinin göstəricisidir. Amma bu o demək deyil ki, S.Vurğun müasir Azərbaycan dilini yaradıb. S.Vurğun müasir Azərbaycan dilini yaratmayıb. Sadəcə yeni üslub yaradıb. Üslubla dili səhv salmaq lazım deyil. Azərbaycan dili anlayışının tarixi çox qədimlərə gedib çıxır. Məsələn, IX əsrdə Əbulla Mərri ilə Xətib Təbrizinin söhbəti. Dərs zamanı Xətib Təbrizlinin yerliləri onu görmək üçün gəlir. Deyirlər ki, siz nə asan dildə danışırsınız. O deyir ki, biz “azərbi” dilində danışırıq. “Azərbi” sözü də indiki “Azərbaycan” sözünün o vaxtkı fonetik variantıdır. Mahmud Kaşğarinin “Divani lüğəti türk” kitabında Azərbaycan yer adı kimi göstərilir. Məhəmməd İbni Naxçıvaninin “Sihəh-əl-Fars” adlı lüğinətdə Azərbaycan dili anlayışı işlənilib. XIX əsrin sonu XX əsrin əvvəllərində Radlovun “Türk-tatar dili” lüğəti kitabında Azərbaycan dili ifadəsi işlənib. Yəni bu dili S.Vurğunun adı ilə bağlamaq olmaz. Bizim dilimiz tarixin müxtəlif vaxtlarında müxtəlif adlarda olub. Türk dili, azəri dili, tatar dili və s. şükür ki, bu gün dilimiz Azərbaycan dili adı ilə dünyaya təqdim olunur.

– XX əsrin əvvəllərindəki bədii dilin ərəb-fars sözlərindən təmizlənməsi bu gün bizim Məhəmməd Hadini başa düşməməyimizə gətirib çıxarmadı ki? Bəlkə, elə bir ortaq forma tapmaq olardı ki, klassik ədəbiyyatla bağlar bu dərəcədə qırılmazdı.

– Yox, mən bu fikirlə bir qədər razı deyiləm. O dövrün siyasi mənzərəsi də qarışıq idi. M.Hadinin dili Cəlil Məmmədquluzadənin əsərlərinin dilindən çox qəlizdir. Amma bu da müqayisə formulası deyil, çünki Mirzə Cəlilin dilin publisistik dil idi. Tarix inkişaf etdiyi kimi dil də inkişaf edir. Biz yenidən XVII əsrə qayıda bilmərik. Amma o dövrün üstündən xətt də çəkə bilmərik. Ona görə də hər dövrün dilini anlamaq lazımdır. Dilin dəyişməsinə isə normal baxmalıyıq. Dil ictimai, sosial, mədəni hadisələrlə bağlı inkişaf edir, dəyişir. Dilin bir dövrdən başqa bir dövrə keçərkən dəyişməsi ancaq inkişafla bağlı amildir. Biz sevinməliyik ki, bizim dilin dəyişən qatı daha çox leksik qatıdır. Yəni sözlər yeni məna ifadə edirlər. Biz dilimizin zənginliyini ortaya qoymaq üçün belə bir iş görməliyik. Ayrı-ayrı şairlərin və yazıçıların dilinin izahlı lüğətini çap etməliyik. Sonra o lüğətləri toplayıb Azərbaycan dilinin izahlı lüğətini tərtib etməliyik. Əgər bunu etsək, onda Azərbaycan dilinin izahlı lüğəti dörd cilddən yox, 50-60 cilddən ibarət olacaq.

– Yazıçı dili və ədəbi dil. Bu anlayışların çaşqınlıq yaratması nə ilə bağlıdır?

– Əvvəla onu deyim ki, hər yazıçının öz dili yoxdur, hər yazıçının öz üslubu var. Azərbaycan dili bütün yazıçılara eyni dərəcədə neytral xidmət edir. Hansısa yazıçı isə bu dildən öz məharətinə, öz istedadına, öz gücünə görə daha möhtəşəm istifadə edir, bu, başqa məsələdir. Beləliklə, onun dili yox, üslubu fərqlənir. “Yazıçı dili” bizə rus dilçilyindən keçən ifadədir. Məsələn, Puşkinin dili, Lermantovun dili və s. Müasir dilçilikdə isə bu cür şeylər isə qəbul edilmir. Onda belə çıxır ki, nə qədər yazıçı varsa, o qədər dil var? Xeyr, nə qədər yazıçı varsa, o qədər üslub var.

– Bəzi gənc yazıçılar deyirlər ki, dilimizin imkanları məhduddur. Obrazın psixoloji vəziyyətini ifadə etməkdə acizdir. Eyni fikri səsləndirən tərcüməçilərə də rast gəlmək olur. Bu fikrə münasibətiniz necədir?

– Azərbaycan dili istər tərcümədə, istərsə də bədii əsər yazarkən kifayət qədər imkanlarını ortaya qoyan dildir. Çağdaş dövründə yaşayıb-yazan gənc yazarların çoxu klassik yazıçıları oxumurlar. Halbuki, o əsərlərdə nə boyda dil materialı yatır. Bu gün bədii əsərlərin dilində quruluğun, cansıxıcılığın olması isə yazıçıların lüğət tərkibinin məhdud olması ilə bağlıdır. Beş yüz, min sözlə obrazın psixologiyasını açmaq olmur.

Regional anlayışların yaratdığı problemlər də var. Məsələn, eskimoslarda qarın xeyli növü var. Azərbaycanda isə qarın o qədər növü yoxdur. Tutaq ki, eskimoslarla bağlı əsər tərcümə edəndə bu cür problemlərlə üzləşirsən. O qarların adını necə verəsən? Çünki onu bizim dildə ifadə etmək mümkün deyil. Mümkündürsə də bu hansısa izahların hesabına mümkündür. Eləcə də ərəblərdə dəvənin iki yüz növü var. Yəni bu cür problemlər üzə çıxır. Hər bir xalqın mental dəyərləri ilə bağlı əsərlər yaradılanda bu cür problemlər üzə çıxır, bu isə heç də dilin acizliyi kimi göstərilməməlidir. Tərcüməçilik çox çətin işdir. Həm praktiki, həm nəzəri hazırlıq tələb edir. S.Vurğun “Yevgeni Onegin”i tərcümə edəndə rus dilinin təsirinə düşübmüş, həyat yoldaşından xahiş edirmiş ki, “valda muğamat oxut, yoxsa mən bu əsərin təsiri ilə az qala rus “mujiki” ola bilərəm”. Tərcüməçi həm də digər xalqın məişətini, həyatını yaxşı bilməlidir. İndi belə peşəkar tərcüməçilər çox azdır, ona görə də bəhanələr artır. Məsuliyyətsizliklərini də dilin üstünə atmaq istəyirlər.

– Müasir əsərlərdə bədii dilin qorunması hansı səviyyədədir?

– Mən bütün aparıcı jurnal və qəzetləri oxuyur, ədəbi prosesi diqqətlə izləyirəm, istedadlılar da var, savadlılar da var. Eyni zamanda istedadsızlar, savadsızlar da. Məsələ ondadır ki, yazdıqlarını elə bir dildə təqdim edirlər ki, azsaylı oxucu da ədəbiyyatdan pisikir. Bu gün ədəbiyyatda bu cür gözəl ideyaları parlaq bir dildə oxucuya çatdırmaq bacarığı çatmır. Bəzən deyirlər ki, ədəbiyyat yerində sayır. Xeyr, bu fikirlə də razı deyiləm. Hər dövrün öz ədəbiyyatı olur. Bugünkü ədəbiyyat da bu günümüzün aqibətidir. Bu gün biz gənc yazarlara deyə bilmərik ki, sən Füzuli, Nəsimi kimi fikirləş. Təəssüf hissi keçirirəm ki, bu gün sovet ədəbiyyatının və klassik ədəbiyyata gənc yazarlarda nifrət duyulur. Hər dövrün ədəbiyyatı həm də o dövrün tarixi deməkdir. Gələcək nəsillər tarixi haradan öyrənməlidir? Əlbəttə ki, o dövrün mənbələrindən və bədii ədəbiyyatdan. Ona görə bizdən əvvəl yaradılanlara nifrət etmək olmaz. Bir də təkcə istedada söykənərək ədəbiyyat yaratmaq olmaz. İstedad həm də zəhmət tələb edir, mütaliə bacarığı və səbri istəyir. Gənc şair və yazıçılardan umduğum odur ki, əsərlərinin təhlilinə meyl etsinlər. Bu gün əsərlər təhlil yox, tərif olunur. Bu gün lazımdır ki, diskussiyalar keçirilsin. Müəlliflər öz əsərlərinin təhlilinə meyl etsinlər. Bəyənmədiyimiz sovet dövründə şair və yazıçıların əsərləri müzakirəyə verilirdi, indi belə şeylər varmı? Yox. Gündə bir təqdimat keçirilir. Hamı bir-birini tərif edir. O təqdimatlarda bir dənə də olsa əsər təhlil edilmir, ancaq tərif olunur. Nəticədə də ədəbiyyatın nəzəri məsələləri geri qalır, ədəbiyyat itirir. Ciddi tənqidə həm də təbliğ kimi baxmaq lazımdır.

 

 

Fərid Hüseyn

 

Kaspi.-2013.-27-29 aprel.-S.15.