Yetər ki, gənclər
savadlı, bilikli olsunlar
müsahibə
Fərhad
Hacıyev: “Dövlət çalışır ki, heç bir gənc bu diqqət kənarda
qalmasın”
Son
illər gənclərə dövlət tərəfindən
göstərilən qayğı Azərbaycan gəncliyinin
inkişafına müsbət təsir göstərib. Prezident İlham
Əliyevin 19 dekabr 2011-ci il tarixli fərmanı ilə
yaradılan və 8 iyun 2011-ci ildən fəaliyyətə
başlayan Azərbaycan Gənclər Fondu dövlətin gənclərə
göstərdiyi qayğının bariz nümunəsidir.
Sözügedən fondun icraçı direktoru Fərhad
Hacıyev fondun gördüyü işlər barədə
“Kaspi”nin suallarını cavablandırıb.
- Azərbaycan Gənclər Fondunun
artıq 1 yaşı tamam olub. Bu müddət ərzində
Fond hansı işləri görüb?
-
Qısa müddətdir fəaliyyətə başlamasına
baxmayaraq Gənclər Fondu gənclər arasında kifayət
qədər tanındı. Yüzlərlə gənc, gənclər
təşkilatı müxtəlif ideyalarla, təkliflərlə
Fonda müraciət etdi. Hal-hazırda Fonddan maliyyə dəstəyi
almış layihələrin bir qismi başa
çatmış, digər bir hissəsi isə davam edir.
Maliyyə dəstəyi göstərilən layihələrlə
yanaşı, Fond tərəfindən də bir sıra tədbirlər
reallaşdırılıb və qısa müddət ərzində
gənclərin inkişafı üçün önəmli
olan əhəmiyyətli məsələlər həll edilib.
Fəaliyyətə başladığı gündən Fond
ilk qrant müsabiqəsini elan edərək, 5 kateqoriya üzrə
layihələr qəbul edib. İlk müsabiqədə qalib
olan 129 layihənin icrasına başlanılıb. Bundan əlavə,
fond ilkə imza ataraq gənclərin layihələrini internet
vasitəsilə qəbul etmişdir. Həmçinin fonda 1 il ərzində
və regional layihələrlə yanaşı, bir sıra
beynəlxalq layihələri də maliyyələşdirmiş,
beynəlxalq layihələrdə partnyor qismində
çıxış etmişdir.
- Fərhad müəllim, Fond tərəfindən
hansı beynəlxalq lahiyələr mailiyyələşdirilib?
-
İlk qrant müsabiqəsi zamanı Gənclər Fondu 16 beynəlxalq
layihəni maliyyələşdirib. Bunlardan Litvada “Azərbaycan
gənclərinin Litva Respublikasında diaspor fəaliyyəti”
layihəsi, Türkiyədə XV Türk Dünyası Gənclik
Günləri və Qurultayı, Almaniyada “Gənc mütəxəssislərin
inkişafı” layihəsi, Belarusda “Progres üçün
sinerji” layihəsi və digərlərini qeyd edə bilərəm.
Eyni zamanda, Fond Moskvada Rusiya Azərbaycanlı Gənclər Təşkilatının
(AMOR) hesabat-seçki konfransı, İstanbulda “Dövlətlərarası
Əməkdaşlığın İnkişafı Prosesində
Gənc Liderlərin Rolu”, Vyanada “Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi”, Bakıda “Sərhədsiz
gənclər əməkdaşlığı” kimi forumlara dəstək
göstərmiş, təşkilatçı qismində
çıxış etmişdir.
- Region gənclərinin fəaliyyətini
necə, stimullaşdırmaq üçün hansısa
işlər görürsünüzmü?
- Biz
ilk qrant müsabiqəsini elan edərkən, regionlardan olan gənclərin
fəal olmasını, onların yeni ideyalarını bizimlə
bölüşməsi üçün şərait
yaradılmasını əsas istiqamətlərdən biri kimi
götürdük. Regionlardakı gənclərin layihələrə
cəlb olunması ilə yanaşı, onların layihə təklifləri
də qiymətləndirilmiş, dəstək göstərilmişdir.
İlk qrant müsabiqəsində maliyyələşdirilmiş
layihələrin 70 faizi regionlardan olan təşkilatlar və
gənclər tərəfindən irəli
sürülmüş, fəaliyyətimizdə ölkənin
46 bölgəsi əhatə olunmuşdur. Müsabiqə
zamanı regionlardan olan gənclərin aktivliyi və təşəbbüslərlə
çıxış etməyi həqiqətən də
sevindirici haldır.
- Ümumiyyətlə, Azərbaycan
gənclərinin ictimai-siyasi həyatda aktivliyi sizi qane edirmi?
-
Sürətlə inkişaf etməkdə olan ölkəmizdə
sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə
gənclərin fəal iştirakı nəzərə
çarpır. Ölkəmizin sosial, iqtisadi, mədəni
inkişafında əlbəttə ki, gənclərin
böyük rolu var. Onlar nəinki bu prosesin
iştirakçısı qismində, hətta həyata
keçirilən fəaliyyətlərin aparıcı qüvvələri
kimi çıxış edirlər. Bu gün gəncliyin
innovativ potensialından geniş istifadə olunaraq cəmiyyətin
maraqlarının təmin edilməsinə şərait
yaradılır. Bu gün istənilən sahədə gənclərin
fəallığına rast gəlmək olar. İstər
kino, teatr, rəsm, sənətlə məşğul olan
yaradıcı gənclər, istər musiqidə, rəssamlıqda,
ədəbiyyat sahəsində, idmanda öz uğurları ilə
seçilən gənclər, istərsə də gənc
alimlərimizin, ixtiraçılarımızın nəinki
ölkəmizdə, həmçinin xarici dövlətlərdə
əldə etdikləri uğurlar haqqında eşitmək bizi
çox sevindirir. Bununla yanaşı, dövlətimiz tərəfindən
gənclər üçün yaradılmış imkanlar gənclərin
ölkəmizin ictimai-siyasi və digər sahələrində
aktiv iştirakına şərait yaradır.
- İlk qrant müsabiqəsi
hansı kateqoriyalar üzrə müəyyənləşib və
hər kateqoriyada neçə layihə mailiyyələşdirilib?
- Gənclər
Fondu ilk qrant müsabiqəsini 5 kateqoriya üzrə elan etdi və
129 layihə maliyyələşdirdi. Müsabiqə zamanı
Fondun saytında qeydiyyatdan keçmiş 172 təşkilat və
83 fərdi şəxsdən gələn layihə təkliflərindən
Müşahidə Şurasının qərarına əsasən
A kateqoriyası üzrə 104, B kateqoriyası üzrə 16,
C kateqoriyası üzrə isə 9 layihə
seçilmişdir. Digər D və E kateqoriyaları üzrə
isə mütəmadi olaraq müraciətlər qəbul
olunmuşdur. Qeyd etdiyim kimi, ilk qrant müsabiqəsi zamanı
Gənclər Fondu 5 kateqoriya üzrə layihələrə dəstək
göstərdi və seçilən lahiyələr mailiyyələşdirildi.
Bunlar A, B, C, D və E kateqoriyaları idi. A kateqoriyası
üzrə biz regionlarda gənclərin təşəbbüskarlığına
əsaslanan fəaliyyətlərin inkişaf etdirilməsilə
gənclər sahəsində sosial-ictimai fəallığının
inkişafına dəstək verməyə
çalışdıq. Bu kateqoriya üzrə təqdim olunan
layihələrdə əsas istiqamət kommunikativ vasitələr,
yeni media və gənclər, liderlik məktəbləri, gənc
liderlərin yetişdirilməsi, gənc kadrların peşəkarlığının
artırılması və gənclərdə menecment
bacarıqlarının inkişafı və ekoloji maarifləndirmə
olmuşdur.
B
kateqoriyası üzrə Azərbaycanda xarici ölkələrin
gənclərinin iştirakı ilə keçirilən tədbirlər,
konfranslar, forumlar, həmçinin xarici ölkələrdə
Azərbaycan gənclərinin iştirakı ilə
keçirilən tədbirlər nəzərdə
tutulmuşdur. Gənclərin intellektual və yaradıcı
potensialının inkişaf etdirilməsi məqsədilə
C kateqoriyası fəaliyyət göstərirdi və bu
kateqoriya üzrə yaradıcı gənclərin teatr, kino,
memarlıq, dizayn, müasir incəsənət sahəsində
layihələri, animasiya və bədii filmlər, gənc ixtiraçılar
və xüsusi istedadlara malik olan gənclərə dəstək
layihələri həyata keçirildi. Digər D və E
kateqoriyalarına gənclər il boyu müraciət edə bilərlər.
D kateqoriyası gənc alimlərin, ictimai fəal, istedadlı
və yaradıcı gənclərin xarici ölkələrdə
keçirilən tədbirlərdə iştirakının
qismən maliyyələşdirilməsi, E kateqoriyası isə
yalnız xarici ölkələrin gəncləri və gənclər
təşkilatlarının Azərbaycan tarixinə və mədəniyyətinə
dair tədqiqat işlərinin maliyyələşdirilməsi
məqsədilə yaradılıb.
- Gənclər
çox vaxt paytaxtda münasib qiymətə, yaxud pulsuz əyləncə
məkanlarının, ümumiyyətlə onların bir araya
gəlmək üçün toplana biləcəyi məkanın
olmadığından şikayətlənirlər. Bu yöndə
hansısa planlarınız varmı? Məsələn, bir qrup
gənc hansısa mövzunu müzakirə etmək, yaxud
konkret iş görmək üçün bir yerə
toplaşmaq istəyir, amma pulsuz başa gələcək yer
yoxdur.
- Gəncləri
maraqlandıran, onların inkişafına yönəlmiş,
yeni gənclər şəbəkələrinin
yaradılmasına şərait yaradan müzakirə, forum,
diskussiya, təlim qismində layihələri Gənclər
Fondu daha öncə də maliyyələşdirmiş, bundan
sonra da dəstək göstərəcəkdir. Yetər ki, gənclərimiz
inkişaf etsin və bununla ölkəmizin inkişafına
xidmət etsinlər. Cənab Prezident İlham Əliyevin Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci
illərdə” Dövlət Proqramını planına əsasən
regionlarda, paytaxt Bakının hər bir rayonunda Gənclər
Evlərinin inşasına başlanılıb. Bununla
yanaşı, yaxın zamanlarda Respublika Gənclər Mərkəzi
də yaradılacaq və gənclərimiz üçün fəaliyyət
göstərəcək. Biz dövlətimiz tərəfindən
gənclər üçün yaradılan imkanlardan istifadə
edərək ölkənin ictimai-siyasi həyatında və
digər sahələrində fəal vətəndaş
obrazında məhz gəncləri görmək istəyirik.
- İnkişaf etmiş ölkələrdə
gənclərlə iş necə aparılır və onlarla
müqayisədə bizim ölkəmizin gənclər siyasətində
tətbiq etdiyi model sizi qane edirmi?
-
Müxtəlif ölkələrin gəncləri ilə
mütəmadi olaraq keçirilən görüşlərdə
aparılan danışıqlar göstərir ki, Azərbaycanda
həyata keçirilən gənclər siyasəti çox
uğurlu bir modeldir və bu gün bu model öz bəhrəsini
verir. İnkişaf etmiş ölkələrdə gənclər
siyasəti pərakəndə formada həyata keçirilir.
Daha çox qeyri-hökumət təşkilatları vasitəsilə
və müxtəlif beynəlxalq proqramlar çərçivəsində
gənclər sahəsində fəaliyyət göstərilir.
Qeyd edim ki, inkişaf etmiş ölkələrdə gənclər
siyasəti sahəsində bələdiyyələrin fəaliyyəti
daha çox gözə çarpır. Mən bu gün tam əminliklə
deyə bilərəm ki, Azərbaycanda həyata keçirilən
gənclər siyasəti bütün dövlətlər
üçün nümunə ola bilər. Azərbaycanda
aparılan gənclər siyasəti modeli bəlkə də
dünyanın heç bir yerində yoxdur. Ölkəmizdə
gənclərə xüsusi diqqət və qayğı var.
Dövlət çalışır ki, heç bir gənc bu
diqqət və qayğıdan kənarda qalmasın,
yaradılmış imkanlardan maksimum faydalansın. Yetər ki,
gənclər savadlı, bilikli və inkişaf etməyə
istəkli olsunlar.
- Xaricdə fəaliyyət göstərən
gənclər təşkilatları ilə əməkdaşlıq
edirsinizmi?
- Gənclər
Fondu Avropanın bir sıra gənclər təşkilatları,
Avropa Gənclər Fondu ilə əməkdaşlıq edir,
müxtəlif layihələrin icrasında, konfranslarda,
seminarlarda, forumlarda onlarla birgə fəaliyyət göstərir.
Fond müxtəlif ölkələrdə keçirilən tədbirlərə
qatılır, Azərbaycanı təmsil edir və informasiya
mübadiləsində fəal iştirak edir. Ötən il
Bakıda keçirilən “Sərhədsiz gənclər əməkdaşlığı”
beynəlxalq forumu çərçivəsində Gənclər
Fondu ilə Polşanın Təhsil Sisteminin
İnkişafı Fondu arasında anlaşma memorandumu da
imzalanıb.
- Fondun gələcək
planları nələrdir? Hansı işləri görməyi
düşünürsünüz?
-
Bildiyiniz kimi, hal-hazırda Gənclər Fondunun ikinci qrant
müsabiqəsi davam edir. İlk müsabiqədə olduğu
kimi, bu müsabiqədə də eynilə 5 kateqoriya müəyyən
edilmişdir. Bununla yanaşı, Fond önümüzdəki
ildə fəaliyyətini daha da genişləndirməyi
planlaşdırır. Fondumuz müxtəlif telekanallarda
intellektual televiziya layihələri, daha geniş miqyaslı və
əhatəli gənclik və idman layihələri, sosial
çarxlar müsabiqələri, gənclər arasında
ixtiraçılığın inkişafına dəstək
verən layihələr həyata keçirəcək. Bundan
başqa, Fond bölgələrdə fəaliyyətlərin
aktivləşdirilməsinə xüsusi diqqət göstərəcək.
Həmçinin, Fond fəaliyyətini internetdə genişləndirməyi
planlaşdırır. Hal-hazırda Fondun saytında 314 gənclər
təşkilati və 263 fərdi gənc qeydiyyatdan
keçmişdir.
Aygün Cəfərli
Kaspi.-2013.-2-4 fevral.-S.6.