Qəlbi cavan şair
İddiasızlar…
Oqtay Rza çağdaş poeziyamızda yeri olan şairlərdən biridir. Onun şeirlərində əsas mövzular əmək, sülh, təbiət və vətənin tərənnümüdür. Mən Oqtay müəllimi tanıyanda yaşı altmışa yaxınlaşmışdı. Saçlarına dən düşməsinə baxmayaraq xeyli qıvraq idi, yaşından fərqli cavan görsənirdi. Hər dəfə Natəvan klubunda keçirilən tədbirlərin sonunda bir qayda olaraq emosionallıqla , odlu-alovlu oxuduğu şeirləri maraqla dinləyərdim. Şeir oxuyan anlarda bu insan sanki, ilahidən gələn bir qüvvə ilə gözümüzdə böyüyür, yüksəlir, hisslərimizə hakim olur, daha da məğrurlaşırdı.
Oqtay bəy ömrünü tələbələr içərisində keçirdiyindən cavanlar arasında olmağı, yorulmadan tədbirlərdə iştirak etməyi, özünü poeziya aşıqi, şeir vurğunu kimi təqdim etməyi çox xoşlayır. Həqiqətən altmış ildən çoxdur ki, o, bu sevginin əzabkeşidir. İlk şeiri on iki yaşında, 1946-cı ildə rayon qəzetində dərc olunub. Oqtay bəy şeiri çox sevsə də, həyatda özünə sənət kimi geoloq ixtisasını peşə seçdi. Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsinə daxil olub oranı fərqlənmə diplomu ilə bitirdi.
Əmək fəaliyyətinə neftçi kimi başlamışdır. Bir qədər ixtisas təcrübəsi qazanandan sonra elmi tədqiqat işi müdafiə edib geologiya mineralogiya elmləri namizədlik dərəcəsini almışdır.
1961-ci ildən hal hazıradək taleyini N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (indiki ADPU) bağlayan Oqtay Rza burada kollektivin sevimlisi olmaqla baş müəllim, dosent, dekan müavini vəzifələrində çalışmışdır. Tələbələrinə geologiyanın əsaslarını öyrətdiyi ali məktəb onun ikinci evidir. Dəfələrlə gənc tələbələrin bu qocaman alim müəllimə və onun şeirlərinə olan rəğbətinin şahidi olmuşam.
Oqtay Rza
yaradıcılığında təbiət mühüm
poetik mərhələdir. Təbiətlə
bağlı şeirlərində təsvir və fikrin şərhində xüsusi
lirizmdən istifadə etmişdir. Onun şeirlərini oxuduqca
düşünürsən ki, belə
misraları yalnız yerin təkini, təbiətin
sirlərini bilən, geoloq, coğrafiyaşünas şair
yaza bilər. Görün,
bu misralar nə qədər
təbiidir:
Harasa yollanıb qərib durnatək,
Bu axşam nə yaman kövrəksən, bulud?
De, hansı aşiqin vəfalı, göyçək
Yarından yadigar örpəksən,
bulud?
Bəzən onu poeziyanın geoloqu adlandırırlar. Gözəl şeirlər, poemalar müəllifi alim, şair Oqtay Rza xeyli sayda publisistik məqalələr də yazmışdır. Sovet dövründə onun 1970-ci ildən başlayaraq yeddi kitabı çap olunub. O cümlədən 1987-ci ildə Moskvada “Kamennıy svetilnik” şeirlər kitabı kütləvi tirajla buraxılmışdır.
Oqtay Rza
uzun illərdir az
yaşlı uşaqlara müxtəlif janrlarda əsərlər yazır. Xüsusilə
son illərdə uşaqlar
üçün çoxlu
sayda şeir
kitabçaları nəşr etdirmişdir.
Yaratdığı uşaq obrazları
ağıllı, hazırcavab, şəkil çəkməyi
xoşlayan balalardır, “Hünər”
şeirində təsvir etdiyi uşaq sayaq:
Gördüm Günəş yaşıldır,
Ulduzlar bənövşəyi.
Bağda üzüm qızarıb,
Dağda qar
bənövşəyi.
Oqtay
Rza on ildən çoxdur, həm də "rübailər
karvanı"nın müəllifi kimi tanınmaqdadır. Qədim
Şərq şerinin miniatür
forması onun
yaradıcılığında müasir ovqatda uğurla
yaşadılır. Belə gözəl rübailərin cəmləşdiyi
“Dördlüklər” adlı son şeirlər
toplusu 2006-cı ildə oxucuların
ixtiyarına verilmişdir. Bu
dördlük çələnginin hər
çiçəyinin öz ətri,
gözəlliyi var. Təbiətdəki rəngarəng
çalarları, dağları, çayları, çölləri,
gölləri vəsf edən dördlüklərdə şair doğma Vətənini
sevə-sevə ürəkdən, tərənnüm edir. Təbiətdəki
oxşarlıqlar və ziddiyyətlər, insanların bənzərsizliyi,
xarakterlərinin müxtəlifliyi, həmçinin rübainin imkanları daxilində satira, yumor, tarixi hadisələr, fəlsəfi
düşüncələr də onun
dördlüklərində öz əksini
tapmışdır:
Tikanı gül kimi iyləyənlər var,
Bülbülə torağay söyləyənlər var;
Məhəmməd Füzuli eşitsin – İndi
Salamı mükafat eyləyənlər
var.
Təkcə “Dördlüklər”deyil, şairin “Adlı, ünvanlı misralar”, “Yasəmən çiçəkləyəndə”, “Daş çırağın işığında”, “ Fəsil dəyişəndə”, “Günəşin adından”, “Vətən, daha yas saxlama!”, “Seçilmiş sətirlərim!”, “Adlı, ünvanli misralar” (ikinci hissə) kitablarını oxuyandan sonra da Oqtay Rza şeriyyətinin zənginliyini duymaq mümkündür.
Oqtay müəllimi tanımağımdan iyirmi ildən çox keçsə də, o, yenə qəlbən, ruhən cavan, dəyişməz qalır. Dəvət edilən bütün şeir məclislərindən, kitab təqdimatlarından, oxucularla görüşlərdən kənarda qalmır. Tədbirlər zamanı səbrlə ona ayrılacaq vaxtı gözləyir ki. hərarətli şeirləri ilə ətrafındakılara poeziyanın şirinliyini daddırsın, ucalığını göstərsin...
Daim ucalıqda olasınız, Oqtay müəllim!
Rövşən Yerfi
Kaspi.-2013.-2-4 fevral.-S.22.