Həvva və İblis
Proloq.
Əfsanələrə inanmıram. Hətta
peyğəmbər və onun övrəti
belə mənim üçün
insandır. İnsan isə səhv edə
bilər. Hətta xəyanət də.
Ekspodisiya.
Mən
yaranmamışdan öncə, həyat yoldaşıma
peyğəmbərlik verilmişdi.
Allah
onu çox sevirdi. Qıymamışdı təkliyinə. Məni
ona ərməğan etmişdi. Mən Adəmi, Adəm
Allahı təklikdən xilas edirdi.
O gözlərini açıb məni gördü. Məftun oldu. İlk görüşümüz, bir-birimizi tanımağımız, Allahı unutmağımız. Yerin üstündə, səmanın altında ancaq mən və o var idi. Gözlərimiz bir-birindən asılı qalmışdı. Su torpağa vurulmuşdu.
Amma, Allah bilirdi
bu müvəqqətidir. Hələki beynimizdə ehtirasın, sevginin alovu yanır. Zaman-zaman bu alov yavaşıyır, soyuyur.
Hisslər müvəqqətidir, gec-tez öz yerini ağıla təslim edir. Gözləyir.
Çox zaman qısqanırdım Adəmi Allahına. Ibadətdə olduğu zaman, diz üstə çöküb Allaha dua etməsi məni qıcıqlandırırdı.
Adəm mənə sitayiş etməlidir, mən onun Allahı olmalıyam.
Zavyaska.
Geniş dünya iki nəfər üçün
çox idi. Bu genişlikdə özümə
mənəvi olaraq yer tapa bilmirdim.
Yorulurdum,
bezirdim.
Əkinçi idi Adəm. Şumladığı torpaq bərəkətli idi. Allahın verdiyi nemətlər
bitib, tükənmirdi.
Adəm işləyib, yorğun dönərdi evinə. Adəti üzrə
başını qoyardı
dizlərimin üstünə.
Müdrik idi. Gözlərimdən oxuyardı ürəyimdən
keçələri. Amma, gözlər
kifayət etmir ki. Sözünə, söhbətinə möhtac idi qulaqlarım. Ürəyindən nə keçir sualını verməzdi.
Ürəyimdə olanları
hiss etməzdi, eşitməzdi.
Yaşadığımız yerdən bir az aralı cin tayfası var idi. Adəm onları sevmirdi.
Bütün gecəni qəhqəhələrini
eşidərdim. Arzusunda idim,
qadağan olmuş sərhəddi aşmaqdan ötrü. Bu şənlik hər gün daha çox
özünə çəkirdi
məni. Tez-tez Adəmi
sorğu-suala tuturdum.
Danışmırdı mənə onlardan.
Məchulluq məni dəli
edirdi. Öldürürdü, dirildirdi.
Günlərin bir günü Adəmlə bərk dalaşdım. Mən sadəcə əşyayam
sənin üçün.
Bezmişəm. Allah səni
sevir, sən Allahını. Məhv elə,
parçala oyuncağını.
Mənə heç nə demədi, çıxdı
getdi.
Kuliminasiya.
Artıq dediyimi demişdim. Elə bil
bəhanə düşmüşdü
əlimə. Baş alıb
getdim qadağan olunmuş yerə, sərhədləri aşmağa,
sərhədləri keçməyə.
Bir balaca kənd idi. Kiçik bir
cin tayfası burada yaşayırdı.
Əncir
ağacının dalından
boylanıb baxırdım.
Yaraşıqlı qadınları var idi. Hündürboy, ağ əndamlı, qızılı saçlı.
Ev, məişət işləri
ilə məşğul
olurdular. Kişiləri səhər ovda olardı.
Artıq adət etmişdim. Adəm əkinə
yollanar, yollanmaz qaçırdım oraya.
Günümün çoxunu burada
keçirərdim. Uşaqların səs-küyündə əylənərdim.
Onların səsində öz tənhalığımı unudurdum.
Adəmlə münasibətimiz çox
soyumuşdu. Sərin küləklər əsirdi aramızdan.
Daha gözlərimə əvvəlki
kimi baxmazdı. Söz deməzdi, danışmazdı.
Mən də soyumuşdum ondan. Sən sümüksən, qabırğasan, dediyi söz çıxmırdı
yaddaşımdan.
Günlərin bir günü, yenə də adətim üzrə ağacın arxasından baxırdım kəndə. Günün
necə oturduğunu heç hiss etmədim. Artıq hava qaralırdı. Qəflətən qorxu, şübhə
içimi titrətdi.
Nəisə mənə
get dedi, uzaqlaş dedi.
Geriyə çönüb qaçmaq
istədim. Bədənim cüssəli bir
bədənə toxundu.
Qarşımda hündürboy, enlikürək,
yaraşıqlı bir
erkək var idi.
Kürəyinə tökülmüş kürən
saçları qaranlıqda
belə işıqlı
görünürdü. Başının üzərindəki buynuzdan
hürkdüm. Özümü itirdim. Yolu necə qaçdımsa,
heç özüm də bilmədim. Həyəcan canımı almışdı.
Adəmin sığalına, sözlərinə ehtiyacım
var idi. Heç nə deməsin. Əzizləsin. Lap üstümə çığırsın, səhvsən
desin. Amma, sevsin.
Otağın bir küncünə qısılıb oturdum. Yatmadım. Gözümə yuxu getmədi.
Adəm bu gün gəlmədi.
Artıq beynim yad fikirlərlə
zəbt olunmuşdu. Ayaqlarım hər
gün eyni yerə tələsirdi.
Mən İblisə, İblis mənə öyrəşirdi.
O mənə hər şeyi anladırdı. Təbiətdən, tayfasından. Allahın məlum qadağasından.
Onunla heç darıxmırdım.
Əllərimə toxunardı, saçlarımı
qoxlayardı, sözləri
ilə məftun edərdi məni özünə.
Əncir ağacının altında
oturub meyvələri dadardıq. Başını dizlərimə qoyardı.
Olmuşlardan danışardı.
Adəm mənim üçün keçmiş, İblis gələcək idi.
Hər görüşümüzdə
xəyanət meyvəsindən
dadmağa təhrik edərdi məni. Adəmə olan
sədaqətimi tapdalaya
bilmirdim. Amma, ürəyimə
hakim olmuş İblisi
də unuda bilmirdim. O mənim ruhumda, canımda idi. Gözlərim hər yerdə
onu görürdü.
Səsi pıçıldayırdı qulaqlarıma.
Əlləri sğmırdı ovuclarıma.
Həmən gün, günəş görünməmişdi göyün
üzündə. Mən İblisin, İblis
mənim itmişdi gözlərimdə.
İçimdə titrəyən ürəyim,
sinəmdən bayıra
çıxmağa cəhd
edirdi. Özümü cilovlaya bilmirdim.
Eh, ürəyim nə edirsən ?
Əl çək yaxamdan. Öldür məni. Nəfsimə qul etmə.
Gəl, gəl Adəm, gəl. Ürəyini qoruyan qabırğa,
sərt, sümük bacara bilmir ürəyi
ilə. Gəl, məni
bu əzablardan qurtar, xilas elə.
Məni özümə qaytar.
Hisslərim, ağlımı örtmüşdü. Ali ağlım
İblis önündə , alçalmışdı,
diz çökmüşdü.
Eyni məkanda
məni İblis gözləyirdi. Əsən sərin meh
saçlarını dalğalandırırdı.
Ona tərəf atılan hər addım, məni Adəmdən uzaqlaşdırırdı. Günah meyvəsi, xəyanət gözlərimə zillənmişdi.
Bu günahı dadmaq
ağır və dəhşətli idi. Amma, uzaqlaşmaq,
geriyə qaçmaq daha da çətin
idi.
Və mən daddım xəyanət meyvəsini. İblisin ağuşunun əsirinə
çevrildim. Artıq hər
yerimdən, saçlarımdan,
əllərimdən İblisin
qoxusu gəlirdi.
Bəlkə də Adəmlə
yaşadıqlarım daha
pak, daha gözəl idi.
Etdiyim günah
bəşər övladı
üçün ilk və
son olmayacaqdı.
Razvyazka.
Daha cənnət,
cəhənnəmə dönmüşdü
gözlərimdə. Sular məni
təmizə çıxarmırdı.
Dizlərim günahkar idi,
Adəmin başı qarşısında. Artıq, ruhum,
cismim İblis idi.
Əslində biz ikimizdə Allahı unutmuşduq. Adəmin evə gəlməməyi,
bir İblisin ağuşunda əylənməyi.
Mənim
bir İblisə əsir olmağım cənnətimizi tarimar etmişdi. Hər ikimiz də
günah, xəyanət
meyvəsindən dadmışdıq.
Final.
Həmin
gün sonuncu dəfə gördüm Adəmi. İkimizində
xəyanət etdiyini bir-birimizi üryan görəndən
sonra dərk etdik. Əslində biz Allah qanunlarını
pozduq. Qismətimizlə hesablaşmadıq. Başqa qucaqlarda
isindik. Günah etdik.
Epiloq .
Bu da
son. İnsanın ölümsüzlüyü məhv oldu.
İllər uzunu hamının axtardığı,
aradığı meyvənin məhz nə olduğu indi
anlaşıldı. İnsanlar bir-birinə xəyanət etməklə
bahəm, Allaha da xəyanət etdilər. Cənnətdən
qovuldular. Allah onları unutdu. Hamımızın ürəyində
İblisdən zərrə qədər olsa da nişanə
qaldı.
İndi
İblislər dolaşır yer üzündə. İndi
günahlar doğulur uşaq şəklində.
SON.
Günel Eyvazlı
Kaspi.-2013.-2-4 fevral.-S.17.