Turan türkün ümididir. Türk də dünyanın ümidi olacaq! 

 

Mustafa Yıldızdoğan: “Qızıl Alma olmuş olsaydı İraqda bir milyon müsəlman qətl edilməzdi. Qızıl Alma olmuş olsaydı uzaq qitələrdən “Orta Doğu” projesi ilə coğrafiyalar dəyişdirilməzdi. Qarabağda ürəklər dağlanmazdı. Qızıl Alma olmuş olsaydı Güney Azərbaycanda, Doğu Türküstanda insanlarımız fəryad edərkən onların səsinə səs verilərdi...

“O EŞQ bizi Azərbaycana götürəcək”

“Mən inanıram ki, bircə dəfə də olsa Azərbaycana gəlib ordakı insanlarla göz-gözə gəlsəm bir daha ayrıla bilməyəcəm”

...Çox deyil, sadəcə bir il əvvəldi. Xəstəxananın reanimasiya şöbəsində keçirdiyim ağır üç gündən sonra özümə gəldim. Və istədiyim nə anam-babam, nə də bir içim su oldu. Mən “Kizil Elma” mahnısını soruşdum başımdakılara. Dəyərli dostum Həbib bəy iki daşın arasında tapıb gətirdiyi noutbukunda bu mahnını dinlətdi. Xəstə bədənimin dəli ruhu özünə gəldi. Doğmalarım bəlkə də həmişəki şıltağlığım zənn etdilər amma kimsə bilmədi ki, mən üç günlük komada sadəcə bu mahnını dinləmişdim...

“Türkiyəm” mahnısı var onun. Mənim üçün, mənim ülküdaşlarım üçün türkçülük ideologiyasının himninə bərabər tutulan bu mahnının ayrı bir yeri var. Nazlı bir gəlin misali vəsf edər Türkiyəni şair. O da o ilahi səsiylə tellərini oxşar bu gəlinin...

 

...sevdalıyım yanğın yeri bu sinəm”

doxsan yıldır, çilə çəkmiş hep ninəm,

pınarlardan su doldurur Əminəm,

mavi boncuk takışına, ölürüm, Türkiyəm,

ırmağının akışına, ölürüm, Türkiyəm”

 

Bəli, müsahibim Mustafa Yıldızdoğandır. Görüşəcəyimiz yerə erkən gəldiyimizdən onun gəlib-gəlmədiyini soruşuruq və kafe sahibi təəccübünü gizlədə bilmir: “Kimi sordunuz? Sanatçı Mustafa Yıldızdoğanmı?”

İstambulun yeni salınmış bir səmtində onunla üz-üzəyəm. Qarışıq duyğular içərisindəyəm. O mahnıların müəllifi bu adamdırmı? Bu sakit, çəkingən adam “Türkiyəm”i, “şəhitlər ölməz”i hansı güclə yazıb? Kafedəki hər kəsin heyranlıq dolu baxışları altında söhbətimiz başlayır:

 

- Mustafa bəy, müsahibəmizə başlamadan əvvəl sizə yörüyün salamını çatdırmaq istəyirəm. Onu da qeyd edim ki, bu salamın nə anlam daşıdığını bilmirəm...

-Bizim əcdadımız bu torpaqlara köç edib. Əslən Türküstandanam. Necə deyərlər, bir növ qaçqın həyatı sürmüşük. Bu həyat tərzi 1955-ci ilə qədər davam edib amma mən hələ də o köçkünlüyü davam elətdirirəm. On üç ildir İstanbulda yaşadığıma baxmayaraq axtardığım o hüzuru tapa bilmədim deyə yenidən məmləkətimə, Konyaya köçdüm. Konya Mövlana yurdudur. Oranın hüzuru, mənəvi atmosferı və doğulduğumuz torpaqlara bağlılığım məni oraya çəkir. Ailəmi alıb oraya köçdüm Tanrıya şükür, qanımızda qarışıqlıq yoxdur, damarımızdan yad qanı axmır. Turan təfəkkürünü, Turan ideologiyasını bu günə qədər gücümüz, imkanlarımız çərçivəsində anlatmağa cəhd etdik, edirik və ömrümüz boyu da edəcəyik.

-Azərbaycandan TURAN ürəkli insanların salamını gətirdim...

-Əleyküm salam. Azərbaycan bambaşqa bir duyğudur mənim üçün. Azərbaycanın özgürlüyü və bu günlərə gəlməsi əslində bizim Qızıl Almaya qovuşmağımızdır. Bu, bizim xəyalımız, ümidimizdir. Məhz buna görədir ki, illərdir bu coğrafiyada çəkilən əziyyətləri konsertlərimizdə, albomlarımızda dilimizə gətirdik. İllər öncədən nəğmələrə çevirib oxuduq:

 

Kırım, Kərkük, Azərbaycan,

Könlümüzdə uc olsa da,

Nə şərəf ki, TÜRK doğmuşuz,

Türküm demək suç olsa da!

 

Bu mənim ilk albomumda illər əvvəl söylədiyim bir türküdür. Düz iyimi iki il əvvəl...

Amma burası da var ki, gözəl EŞQ-lərin vüsalı da çətin olur. Təəssüf ki, Azərbaycana gəlmək heç cür qismət olmadı. İki-üç əvvəl Türkiyənin Azərbaycandakı səfiriylə görüşüb bir konsert planı hazırladıq. Hətta Azərbaycan əsgərlərinə mənəvi dəstək gecəsi də düşünmüşdük. Təəssüf ki, mənim Anamın vəfatıyla əlaqədar bu planı həyata keçirə bilmədik. Bu il isə Həcc ziyarəti vəzifəmi yerinə yetirdim.

Doğma torpaqlara həsrətimiz, eşqimiz tükənməzdir. İstər Azərbaycan olsun, istər Türküstan yuxularımızı bəzəyir illərdir. Mən özümə “böyük EŞQlərin böyük bədəli vardır” deyə təsəlli verirəm. O həsrəti çəkəcəksən ki, ürəyin yanacaq, ürəyin yanacaq ki, EŞQin göylərə ucalacaq, məhz o zaman, o zaman o EŞQ bizi Azərbaycana götürəcək.

- Turan sevdası sizin üçün nə deməkdir? Niyə məhz Qızıl Alma?

-... Unutdurulan bır duyğu, unutdurulan bır ideologiya. Təbii ki, xəyal eləmədən müvəffəqiyyət qazana bilməzsiniz. Atalarımız bizə Qızıl Alma kimi bir miras buraxmışlar. Biz xəyal elədiyimiz, könlünü qazanmaq istədiyimiz ən gözəl bir düşüncəyə bu adı vermişik. Xüsusilə müsəlman Türklərin çəkdiyi acıların mükafatını, məhv olmuş, dağıdılmış xəyallarını yenidən millətimizə qaytarmaqdır. Mən Qızıl Almanın bu coğrafiyanın və dünyanın tək qurtuluşu olduğuna inanıram. Qızıl Alma olmuş olsaydı İraqda bir milyon müsəlman qətl edilməzdi. Qızıl Alma olmuş olsaydı uzaq qitələrdən “Orta Doğu” projesi ilə coğrafiyalar dəyişdirilməzdi. Qarabağda ürəklər dağlanmazdı. Qızıl Alma olmuş olsaydı Güney Azərbaycanda Doğu Türküstanda insanlarımiz fəryad edərkən onların səsinə səs olmaq vardı. Amma ola bilmirik. Dünya kapitalizmi, sosializmi, kommunizmi sınaqdan keçirdi. Artıq dünyanın qurtuluşu Turan və Qızıl Almaya bağlıdır. Mənim atalarım, əcdadlarım fəth etdiyi yerlərdə heç bir insanın dilini, dinini, inancını, adət-ənənəsini əlindən almamışlar. Bu dünya üçün çox böyük bir nemətdir. Dünya sülh istəyirsə Qızıl Almanı qəbul edəcək ki, onun da çarxları bizik. Türkiyədə biz, Azərbaycanda siz, Doğu Türküstanda uyğurlar...

Bizim birliyimiz isə könül birliyimizə bağlıdır. Kaş eyni duyğularda birləşə bilək.

Biz bir yumruq olmalıyıq, bu beş barmağın birləşdiyi vaxt, yumruğa döndüyü vaxt bu millət keçmişdən gələcəyə elə bir yürüyəcək ki, heç bir insan oğlu qaranlıqda qalmayacaq. Mənə görə Qızıl Alma gənclərimizin zülmətə boyanan könül dünyalarını nurlandıracaq ən gur işıqdır.

- Siz sizi sevən insanların sevgiləri ilə bərabər onları bəlli bir məfkurənin arxasınca aparırsınız. Hətta eyni davadan olmayanlar belə sevdikləri sənətçinin arxasınca kor-koranə gedə bilirlər. Onları sevgiləri götürür. Bu anlamda Azərbaycan insanının Turan davasındakı yeri və önəmi nədir?

-Biz ordakı mücadiləni hər nə qədər təqib etməyə çalışsaq da bir az əvvəl bəhs etdiyim o bağı yarada bilmədik. Mən çox istərdim ki, Azərbaycan sənətçiləri ilə ortaq layihələrə imza ataq. Azərbaycanın azadlıq mübarizəsi yaddaşımızdan silinməyib. Yeri gəlmişkən bu uğurda can verən şəhidlərimizi rəhmət və şükranlıqla anıram. Bu ay ulduzu ürəklərində və bədənlərində daşıyan ürəklərdən Allah razı olsun!

Bilirsiz, biz fərqində olmadan evlərimizə girib kapitalizm. Bir ev düşünün ki, evin xanımı ayrı otaqda seriala baxır, o biri otaqda uşaq bütün gün internetdən qalxmır, evin kişisi desən bütün bu hadisələrə seyirçi. Bu halda hansı ailədən söhbət gedə bilər? Baxın, bu, kapitalizmin bizim qanımıza gizli-gizli yeritdiyi zəhərdir. Ayrı Vətənlərdə yaşamış olsaq da özü, sözü, ürəyi bir olan millətik. Mən Bursada, Azərbaycan-Türkiyə milli oyununda baş verən hadisələri iki ay boyu konsertlərimdə dilə gətirdim. O hadisə məni dərindən yaralamışdı. Sırf Ermənistan cümhurbaşkanının xətrinə dəyməsin deyə Azərbaycan bayrağını stadionadan yığışdırdılar. Bu nə deməkdir, bilirsinzimi? Bizi bəsləyən can damarlarımızı kəsmək və qanını axıtmaq, qan dediyim isə o endirilmiş bayraqdır. Bax, bu hadisə mənim ürəyimi hələ də sızladır. Demək ki, başlar belə olanda ayaqların biri-birinə bağlı qalmağı bir az çətin olur. Bu məqamda bizim cəhdlərimiz mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də sənət sahəsində. Mən Azərbaycanda bircə Azərini tanıyıram. Allah bilir, neçə-neçə könlü, ürəyi Turan sevdasıyla çarpan daha kimlər var?

-Niyə sadəcə Azərin?

-Çünki, o televiziyada proqram aparır. Heç onunla da ortaq bir layihəmiz olmadı. Mən inanıram ki, qazanılmayacaq insan yoxdur. Bu torpaqlarda yaşayan, bu torpaqların suyunu içən xain çıxmazmı, çıxar. Amma ürəklər islandığı təqdirdə məhz bizim arzu etdiyimiz gözəlliklər ortaya çıxacaq.

Azərbaycanda cox könül bağı qurduğum insanlar var. Biz onlarla dərdimizi paylaşırıq. Texnologiyanın imkanlarından faydalanırıq. Azərbaycanın gözəl şairləri var. Türkiyədə elə deyil. Kültür səviyyəsi çox inkişaf edib. Bizi ən gözəl şəkildə ifadə edən ədəbiyyat nümunələri, şeirlər məhz Azərbaycanda yaranır. Əminəm ki, bu cür insanlarımızın ürəkdən gələn duyğularıyla bir irmağa axa biləcəyik. Mən inanıram ki, bircə dəfə də olsa Azərbaycana gəlib ordakı insanlarla göz-gözə gəlsəm bir daha ayrıla bilməyəcəm. Orda yaşamağı da çox istəyirəm. Ora da bizim yurddur, Türk diyarıdır.

- Mən bu fikri Türkiyədə eşitdim, deyirlər ki, Turana gedən yol Azərbaycandan keçir...

- Razıyam. Həm kültür olaraq, həm də coğrafi olaraq Azərbaycan Türk dünyasının onurğa sütunudur. Bu coğrafiyaya baxdığımız vaxt yeraltı sərvətləri və beyin anlamında Turan elini dik tutan tək yer Azərbaycandır. İnşallah məmləkətimi idarə edən insanlarımızda da bu həssasiyyət olar. Qapılar açılar. İnsanlarımız anasına, babasına, ailəsinə gedən kimi ürək köçü başlar. Mən bunun olacağına inanıram.

- Onsuz da illərdir Sovet İttifaqı başda olmaqla xristian ölkələri bu sevginin qarşısını almağa çalışdılar amma nəticəsi olmadı. Mən Azərbaycanın uzaq bir kəndində sizi dinləyirəm, dinləyə bilirəm və nəticə etibarilə qarşınızdayam... Məsələn, TRT-də bir türkü söylənir, mən baxıram ki, bu mənim nənəmin, babamın türlküsüdür, və nə də gözəl söylənir...

Sizin repertuarınızda necə, Azərbaycan mahnılarından varmı?

-Təbii ki, istər konsertlərimizdə, istərsə də dost məclislərimizdə mütləq Azərbaycan mahnılarından ifa edirəm. Albomlarımdan birində çox sevdiyim bir mahnını oxudum:

görmüşəm, sevmişəm, istərəm səni, edim nə çarə...”

Bu, xüsusilə də Avropada yaşayan azərbaycanlı qardaşlarımızın konsertlərimizdə ilk istədiyi mahnılardan biridir.

Almas İldırımın “qərib quş” şeirinə də musiqi bəstələmişəm.

Mən inanıram ki, Azərbaycanın işğal altındakı torpaqlarında QƏLƏBƏni qeyd edib, azadlıq mahnıları oxuyacağıq.

-Azərbaycandakı heyranlarınıza söyləmək istədikləriniz varmı?

-İnsan hər şeydən, hər kəsdən əvvəl, bədəni içərisindəki Ruhunu tanımalıdır. Başqalarından əvvəl öz canını və bədənini sevmək lazımdır. Çünki özünü sevdiyin zaman özünüzə inamınız artar. Əslində biz insan olaraq bir az nankor bəndələrik. Mən qırx altı yaşındayam. Bu əllər, bu ayaqlar mənə qırx altı ildir xidmət edir, amma bircə dəfə də onları öpüb gözümün üstə qoymamışam. Bədənimiz də eləcə. Özümüzü sevə bilsək dünyaya başqa gözlə baxarıq. Biz özümüzün fərqində deyilik. Kainata sığmayan Yaradan yaratdığı könülə sığmış. Biz bu ürəyə sahibik. Bizim ürəyimiz fani dünyalıq şeylərlə ölçülməyəcək qədər dəyərlidir. Türk milləti öz dəyərini bilməlidir. Eləcə də dəyərinə dəyər qatanları. Bir Atatürk, bir Rəsulzadə, bir Elçibəy... canlarını bu Vətənin və millətin bütünlüyü, diriliyi üçün fəda etmiş insanlarımızdır bizi dəyərli qılan. Bayrağımızı dalğalandırdığımız torpaqdır bizə dəyər qatan. Günün 24 saatı bu dəyərlərə, öncüllərimizə dua etsək azdır. Biz onların mirasçılarıyıq. Eyni zamanda da keçmişimizdən gələcəyə bir körpüyük. Bu körpünün ayaqlarının dimdik durması lazımdır. Dimdik durmağı üçün də özümüzü fərd olaraq yetişdirməliyik. Bunları da EŞQ-lə etməliyik. Bu halda, bağlı qapılar arxasından Günəşin doğduğunu görəcəyik.

Ordakı qardaşlarıma deyin ki, biz ayrı torpaqlarda yaşasaq da, ayrı havaları udsaq da, ayrı dərdlərlə məşğul olsaq da biz bir kökdən baş qaldıran Oğuzun 24 boyuyuq. Dünyanın o biri başında qardaşımın dırnağına dəyən daş mənim ürəyimi sızlatmırsa demək ki, bir problem var. Gəlin, kökümüzə sahib çıxaq. Çünki biz o kökə borcluyuq. Ayaqda dimdik durmağı bacarsaq hər bahar açarıq. Bu gün bəhrə verə bilirsək bu, kökümüzün bizə verdiyi güclədir. Öz nəfsimiz üçün deyil, kökümüz üçün özümüzü qoruyacağıq.

Bir məqamı da deyim, Türkün xəzinəsi türküsüdür. Bu xəzinə yerdə qalmaz. O türküylə bütün ellərə əl uzadacağıq. İnanıram ki, 20-25 il sonra bu coğrafiyalar çox fərqli olacaq. Yeni bir türk gəncliyi yetişir. Misal üçün Azərbaycanı götürək, illərdir əsarətdə qalıb, zülümlər görüb. Elə həmin kökün hünəridir ki, bu nəsil baş qaldırdı, dilini, kimliyini unutmadı. Bu nəsil Turanı da qaldıracaq. Turan türkün ümididir. Türk də dünyanın ümidi olacaq!

- Türk Tanrının adını daşıyan bir millətdir. Elə buna görə də aciz olma haqqı yoxdur. Mənə türklüyü öyrədənlər belə dedilər, Tanrı Türkə adını verdi, dedilər. Təəssüf ki, bəzən türklüyün qəbul edilmədiyi hallar da var. Bir Mustafa Yıldızdoğan olaraq nə kimi çətinliklərlə qarşılaşdınız? Bu davada olmaq çoxmu çətindir? Və bu sizin sənətinizə necə təsir edir?

- Elə bu məqamda özünüzə olan sayğınız və sevginiz, ən əsası isə inancınız önəmlidir. Bu qədər çətinliklərə rəğmən mən buna inanıram: mən bir bayraq daşıyıram və mühitin nə cür olmağından asılı olmayaraq bu bayrağı daşımaq məcburiyyətindəyəm. Bu ideologiyanın daşıyıcısı olduğumuz üçün xor görülsək belə hamımız buna məcburuq. Mən 23 ildir ülkü ocaqları sənətçisiyəm. Bu günə qədər sadəcə albomlarım çıxdığı vaxt mediyaya çıxsam da heç bir televiziya və medyaya bir xahiş etməmişəm. Son on ilə nəzər salsaq “Türkiyəm” mahnısını yəqin ki, bilirsiz. Bu mahnıya ideoloji nöqteyi-nəzərdən baxsanız nankorluq edərsiniz. “Türkiyəm” mahnısında 18 yaşındakı bir gözəli vəsf edər kimi Türkiyəni vəsf etmiş Dilavər Çələbi. Bunu bəstələyən də bir Türk milliyyətçisidir. Di gəl ki, televiziyada yayımına problem yaradırlar.

Gözəl olan hər şey EŞQ-dir. EŞQ isə Allahın dünyaya bəxş etdiyi nemətdir. Onu kimsə sahiblənə bilməz. Bu sifarişlə də olmaz. EŞQin riyası da olmaz. Məsəl üçün ANA bir EŞQ-dir. Mən ananızı niyə çox sevirsiniz deyə sizi qınaya bilərəmmi? Amma Türkiyə elə deyil. Sizin xəbəriniz varmı ki, əsl Türk ritmi olan bu musiqini televiziyalarda yayımlamağa qadağalar qoyulur? Bu mahnı 5-8-likdir. Bu isə bir türk ritmidir. Avropada belə bir şey yoxdur, bu, sırf xas bir melodiyadır. İçində davul, zurna, bağlama, qaval var. Bunu bəstələyən bir türk və bu toplumun insanları 20 ildir ki, bayramlarında, zəfərlərini bu mahnıyla qeyd edirlər.

Vaxt vardı ki, (Şenol Günəşin “A”milli takımın məşqçisi ikən komandamız dünya üçüncüsü olmuşdu) stadionları “Türkiyəm” silkələyirdi. Qalatasaray UEFA çempionu olduğu zaman da futbolçular bunu zümzümə edirdilər. Bunları deməklə özümü gözə soxmaq istəmirəm, əsla. Mən nə eləsəm də Allahım izn verməzsə iki notu bir araya gətirə bilmərəm. Verən o, mən cox acizəm amma mən verənin naz məqamını cox yaxşı bilirəm. Ana qucağındakı bir uşaq kimi yalvarıram Yaradanıma, mənə bunu ver, deyirəm. Anasından əmmək üçün bir yavru necə ağlayırsa mən də eləcə “O”na yalvarıb-yaxarıram. Bir ata, ana övladına nə qədər yox deyə bilər ki...

Rəbbim də mənə qıya bilmir. Rəbbimin mərhəmətinə şükürlər olsun. Mən gecə yuxusu nədir bilmirəm. Qara bir gecədə, qara bir daşın altındakı, qara bir qarışqanın, qara qanadlarının altında can gizləyən, nəfəs gizləyən, o nəfəsin səsini duyan Yaradanımdan istəyirəm. Gecənin zülmətində, qaranlığı yaracaq bir dəli çıxıb mən oyağam deyə bağırmalıdır və mən o dəlinin mən olduğuna inanıram.

Elə olur ki, bu toplumun içərisində xor görülürəm, cəmiyyətdən kənarlaşdırılıram. Amma 25 ildir ki, bir bayraq kimi kirlənmədən əllərdəyəm. Önəmli olan bir insanın könlünə xitab etməkdir. Nə xoşbəxt mənə ki, 7 yaşındakı bir uşaq belə boğazının damarları çıxana qədər “yandı ürəklər yandı”, “türkiyəm”, “şəhidlər ölməz”i oxuya bilir. Mən bu mahnılardan bəzilərini 20 il öncə bəstələmişəm. Demək ki, anası, babası dinləmiş o 6 yasındakı yavrumuza ötürmüş. İnşallah o yavrumuzun yavrusu da dinləyəcək. Nə xoşbəxt mənə. Həyatda ən xoşbəxt olduğum an bir səcdədə bir də qiyamda olduğum andır. Allahın qarşısında dik dura bilmək ən gözəl şey mənə görə. Səcdə Allaha ən yaxın yoldur. Hüzurdur. Və qiyam... yəni ayaqda durmaq. Üç qəpiklik dünya malı üçün niyə insanların önündə əyilim? Onsuz da yaşarkən heç bir şair, yazar, sənətkar əməyinin qarşılığını almamışdır. İnşallah övladlarım, nəvələrim gələcəkdə mənimlə qürur duyaraq xatırlar. Bax, o zaman onların dilindən süzülən bir rəhmət duası məni hüzurla qəbrimdə uyudar.

Mənim istəyim millətimizin ən yüksək səviyyədə dilini, dinini, adət-ənənəsini yaşamasıdır. Bu EŞQ-i ən gözəl şəkildə alovlandıracaq tək şey sənətdir. Sənət insanları qovuşdurur. Sənətlə siyasət arasındakı ən böyük fərq budur, sənətçini xalq sevir, istəyir, siyasətçi isə istəyir. Əsrlərdir bizi biri-birimizdən ayırmaq üçün can damarlarımızı kəsmişlər, bu əsrlik həsrəti ancaq incəsənətlə bitirmək olar. Yetər ki, biz buna cəhd edə bilək. Mən Azərbaycanda yaşayan qardaşlarımın da yorulduğunu bilirəm. Bu davada heç bir qarşılıq görməməyin ağrısına yenilməsinlər. Peyğəmbərimiz deyib ki, “Bir əlimə “Ay”ı, bir əlimə “Günəş”i versəniz, mən davamdan vaz keçməm!” Bəndə üçün dünya malı oddan köynəkdir. Buna həddində sahib çıxa bilsə dünyanın o biri başında da olsa başqa bir insan onun səsinə səs verər. Qarşılıq vermədən verən bir tək Allah, Yer üzündə isə ata-anadır.

Ordakı qardaşlarıma, böyüklərimə mənim bu sözlərimi çatdırın: hər nə qədər basqı etsələr də, bizə nəfəs aldırmasalar da biz mübarizəmizə davam edəcəyik və davamızı yaşadacağıq. Və dediyim kimi 20-30 il sonra bu coğrafiyada EŞQ bir Günəş kimi qaranlıq gecəyə doğacaq və hər yeri aydınladacaq!

- Və son sualım. Necə bilirsiniz, TÜRKÜN ağıllısı varmı?

- DƏLİ ilə DƏLİLİYİ ayıran bir hədd yoxdur. 1999-cu ildə TRT-də mənim “Türklərin addım atdığı yerlər” adlı bir verilişim yayımlanırdı. Bakıya gedib oralarda şairləri, yazarları, incəsənət adamlarını, eyni zamanda oranın dəlilərini də ekranlaşdıracaqdım amma siyasi səbəblərdən dolayı edə bilmədim. İnanıram ki, bir gün bunu edəcəyik.

Nə deyim... Dəli olmaq lazım... Siz heç qoyunun dəlisini gördünüzmü? Biz EŞQ-dən bəhs edirik. Ağıllı olan aşiq olarmı? Dəliliyimiz dəliliyimizə EŞQimizin yansımasıdır. Tanrı bizə bu könlü çox görməsin. AMİN!

Dəlilərin duasını Tanrı eşidərmiş. Dualarda görüşmək diləyilə!

 

 

Nigar İsfəndiyarqızı

İstanbul

 

Kaspi.-2013.-6 fevral.-S.11-12.