Qocaman nasir və
şairimiz
İddiasızlar...
Hələ orta məktəb illərində ən çox sevdiyim kitablardan biri də “Vicdan susanda” romanı idi. Əsərin adı “Vicdan
susanda” adlansa da əsərin baş qəhrəmanları
professor Söhrab Günəşli
və onun istedadlı aspirantı Vüqar Şəmsizadə
vicdanı susmayanlardır.
Vicdanı susanlar isə
Bəşir Bədirbəyli,
Ziya Lələyev,
aspirant İsmətdir. Professor Günəşli və aspirantı Vüqar böyük elmi kəşfin-ekoloji cəhətdən təmiz
yanacağın bir addımlığındadır. Lakin qara qüvvələr hər bir vasitə
ilə bu kəşfə mane olmağa,
həyata keçməməsinə
çalışır. Romandakı hadisələr də bu mübarizə üstündə qurulub.
Əsərin ideyası, süjeti,
dili o qədər maraqlı və yapışıqlı idi
ki, oxuyub qurtardıqdan sonra da kitabdan ayrılmaq
istəmirdim. Aspirant Vüqar Rəhimzadə surətinin yaratdığı
rəğbət mənə
onun müəllifinin
– Vidadi Babanlının
digər əsərlərini
də oxumağa həvəsləndirmişdi.
Vidadi Babanlı
ədəbi fəaliyyətinə
1947-ci ildə “Azərbaycan
gəncləri” qəzetində
dərc olunmuş “Anam sən oldun”
şeiri ilə başlamışdır. “Dönüş” və “Təbrizdə bir gecə” adlı poemaları məhz onun şeir yaradıcılığının ilk məhsullarındandır. Şairin şeirləri oxucunu düşündürməyə
bilmir:
Həsrət çəkmək daim
bizə iş - peşə,
Heç zaman, heç nədən qalmırıq
razı.
Qubarlı könlümüz qalır
həmişə
Yayda qışa,
qışda yaya tamarzı.
Moskvada Maksim Qorki adına Ədəbiyyat institutuna təhsil almağa göndərilən gənc şair aspiranturaya daxil olsa da səhhətində baş verən problemlər üzündən Bakıya qayıtmalı olmuşdur. Gözəl poeziya nümunələri yaratmasına baxmayaraq Vidadi Babanlı 1954-cü ildə yazdığı “Gəlin” povesti ilə nəzmdən nəsrə keçmişdir. İlk povesti həm oxucular, həm də ədəbi tənqid tərəfindən rəğbətlə qarşılandığı üçün bu dövrdən başlayaraq əsasən nəsr əsərləri – hekayə, oçerk, povest, roman, kinossenari və publisistik məqalələr yazmışdır. Yazıçı “Ömürlük cəza”, “Qəribə məhəbbət”, “Ana intiqamı”, “İnsaf nənə”, “Gizlinlər”, “Bulanıq dünya” adlı əsərləri, müxtəlif mövzularda qələmə aldığı hekayələri və publisistik məqalələri ilə daim oxucuların diqqətini qazanmışdır.
“Müqəddəs ocaq”, “Vicdan susanda” romanları və “Həyat bizi sınayır” povesti ilə, o, sənətinin yüksək zirvəsinə çatmışdır desəm yanılmaram. Xüsusilə “Vicdan susanda” romanı öz aktuallığına və sənətkarlıqla yazılmasına görə nəinki olkəmizdə, xarici ölkələrdə də böyük oxucu marağına səbəb olmuşdur. Çoxlu sayda xarici dillərə tərcümə edilən bu roman üç dəfə Moskvada, beş dəfə Bakıda kütləvi tirajla çap olunmuşdur. “Həyat bizi sınayır” povesti əsasında yazdığı ssenariyə eyni adlı bədii film də çəkilmişdir.
Vidadi Babanlı müxtəlif illərdə “Azərbaycan müəllimi”, “Ədəbiyyat qəzeti”, “Azərbaycan” jurnalı redaksiyalarında, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, “Yazıçı” nəşriyyatında işləməklə yanaşı bəzən yaradıcılıq zərurətindən Sumqayıt şəhərində fəhlə yataqxanasında tərbiyəçi müəllim, tədqiqat institutunda kitabxanaçı işlərində də işləmişdir.
Otuz beş
illik fasilədən sonra,
1989-cu ildən Vidadi Babanlı yenidən
şeirlər, poemalar yazmağını davam etdirmişdir. Bu dövrdən başlayaraq,
o, həm nəsrdə, həm də nəzmdə
bir-birindən maraqlı sənət nümunələri
yaratmışdır. Çox keçməmiş,
digər kitabları ilə yanaşı iki
şeir kitabının da
nəşrinə nail olmuşdur.
Ah, İlahi, kərəm eylə bəndənə,
Qaytar geri, bir də cavan
olum mən.
Var-dövlətə iştahım yox bir dənə,
Qoy çörəyi
elə yavan olum mən.
Son on ildə “Kişilik haqqında himn” şeirlər toplusu (2002),
“Dərd məni dilləndirir” publisistik əsərlər toplusu və “Mənim gizlinlərim” (2003) avtobioqrafik
romanı çap olunmuşdur. Bunlardan əlavə “Öz
evimdə qonaq” (2003) pyesi tamaşaya qoyulmuşdur.
Yaradıcılığı ilə birgə, o, tərcümə işi ilə də məşğul olmuş,
rus yazıçısı
Valentin Rasputinin əsərlərindən ibarət
etdiyi tərcümələrini
iki kitab şəklində nəşr
etdirmişdir. Ümumilikdə yazıçının iyirmidən çox kitabı çap olunmuşdur.
Səksən altı yaşlı
nasirimiz və şairimiz Vidadi Babanlı ədəbiyyatdakı
xidmətlərinə görə
iyirmi yeddi il bundan
əvvəl – 1986-cı ildə
“Əməkdar incəsənət
xadimi” fəxri adına layiq görülmüşdür.
Nasir, şair
və tərcüməçi
Vidadi Babanlı üçün ömrü
boyu yüksək səlahiyyətlərdən, fəxri
adlardan, mükafatlardan
ən önəmlisi sənəti ilə xalqın məhəbbətini
qazanmaq olub. Və qazanıb
da. Sənətinə,
elinə, haqqa tapınması ilə:
Babanlı dəryatək çalxanır
müdam,
Anlamaq istəmir onu hər adam.
Paxılın, bədxahın ağzına
qadam,
Ulu həqiqəti sən haqda axtar...
Rövşən Yerfi
Kaspi.-2013.-9-11 fevral.-S.24.