“Mən sizə doyunca baxmaq istəyirəm”
Səfir İsmayıl Alpər
Coşğun: “Turan qoxusunu Bakıda hiss etdiyim bir həqiqətdir”
Əbdürrəhim Karakoçun
oğlu: “Bizim atamız dərdini unutdu amma Türk
dünyasını əsla unutmadı!”
Bakıda
Əbdürrəhim Karakoç gecəsi keçirildi:
Türkiyə və Azərbaycandan dövlət rəsmilərinin
iştirak elədiyi tədbirin
iştirakçılarını salamlayan Dünya Gənc
Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı Əbdürrəhim
Karakoç imzasının sənət və bəşəri
bir hadisə olduğunu qeyd etdi və bildirdi ki, bu cür tədbirlərin
keçirilməsinə vəsilə olan Avrasiya Beynəlxalq
Araşdırmalar İnstitutu İctimai Birliyinin mandatına
uyğun olaraq belə tədbirlər Türk dünyasına və
Avrasiya coğrafiyasına hesablanıb. Tədbiri əməkdar
artist Ağalar Bayramov Əbdürrəhim bəyin şeirləri
ilə açdı. Millət vəkili Qənirə
Paşayeva çıxışında bu günü “xəyal
etdiklərimizin gerçək olduğu gün” kimi xarakterizə
etdi. Əbdürrəhim Karakoç
yaradıcılığını “Qarabağa məktub” və
“Mihriban” şeiri ilə tanıdığını söylədi.
(Tədbir
iştirakçılarının qəzetimizə xüsusi
olaraq söylədiklərini sizə təqdim edirik)
“Ədalət
və İnkişaf” partiyasının Manisa millət vəkili
Səlçuk Özdağ xüsusi olaraq qəzetimizə bu
fikirləri söylədi: “Türkiyənin ən böyük
xalq şairlərindən Əbdürrəhim Karakoçu anma
adına bir araya gəldik. Bu, dost və qardaş Azərbaycanın
vəfası, alicənablığı və gözəlliyidir.
Çünki Əbdürrəhim Karakoç 1960-cı illərdən
üzübəri “Hasana məktublar” şeiri ilə Türk
dünyasında tanınan, insanların dərdlərini dilə
gətirən, eyni zamanda Türkiyə kəndlərinin,
Anadolunun şeirlə tanış olmağına vəsilə
olan böyük bir şairdir. Ə. Karakoç xüsusilə
də Musa Əroğlunun ifasında səslənən
“Mehriban” şeiri ilə tanındı. Bu şeir 1970-ci illərdə
onun “Vur əmri” adlı kitabında dərc olunmuşdu.
Şairin buna bənzər çoxlu qəhrəmanlıq
şeirləriylə yanaşı fəlsəfə, təsəvvüf,
və EŞQ şeirləri də vardır. Son vaxtlar “gərdanlıq”
dediyimiz dördlüklər yazmaqla məşğul idi. Ə.
Karakoç xaraktercə çox sadə həyat tərzi olan,
heç kimə baş əyməyən, heç bir siyasi
liderə müridlik etməyən, paraya-pula yenilməyən,
inandığı dəyərləri gözəl yaşayan,
hər şeyi Allah və Türk milləti üçün
edən bir xalq qəhrəmanı idi”. Millət vəkili onu
da qeyd etdi ki, şair on beşə yaxın kitab müəllifidir.
Onun bu gün Azərbaycanda anılması şairin Türkiyədə,
Türk dünyasında tanınmasına vəsilə olacaq.
Uşaqlarımız onu oxuyacaqlar ki, bu da Turana gedən yolda
yardımçımız olacaq.
“Ədalət
və İnkişaf” partiyası Kırşəhir millət vəkili
Muzaffer Aslan isə həmkarının düşüncələrinə
bu sözlərlə dəstək verdi: “Azərbaycana gəlməyi
çox istəyirdim amma bu günə qismət oldu. Can Azərbaycanın
insanlarının bu qədər gözəl olduğunu təsəvvür
etmirdim. Eyni zamanda Bakı da çox gözəldir. Türkiyə
böyüyür, Azərbaycan inkişaf edir bi, bu da bizi məmnun
edir. Könül adamı, xalq insanı Ə. Karakoçu
burda xatırlamaq mənim üçün çox xoşdur”
Tanınmış
aktyor Ahmet Yenilməz isə hər kəsi göz
yaşlarına boğan bir nitq söylədi. Boğula-boğula
bu günlərə inana bilmədiyini bu kəlmələrlə
dilinə gətirdi: “Karakoç bizim üçün
başqa bir ürək, başqa bir diyar, başqa bir isim... Mən
bu yaşıma qədər yaşadığım ən
maraqlı günü yaşayıram. Biz uzun illər
buraların xəyalı ilə yaşadıq. Gəncliyimizdən
bir rəsim gəlir gözümün önünə, əllərimiz
zəncirli, ağzımız bağlı, əlimizdə
şüarlar səsləndirdiyimiz günləri
xatırlayıram. Şükür bu günə. Müstəqil,
hürr bir Azərbaycanda, müstəqil bir teatr salonunda Əbdürrəhim
Karakoçu anmaq da varmış qismətimizdə...
Azərbaycan mənim üçün
CAN demək! Siz bilməzsiniz Azərbaycanın
bizim üçün
nə demək olduğunu. Zaman-zaman acıdır, zaman-zaman
xoş olur, bax bu gün
xoş olduğu andır.
Mənim məslək həyatımda
qırılma nöqtələri
oldu. 1990-cı il gəldi ağlıma, Bakı havalimanından endiyim andan bəri
kimi gördümsə
hamısı dərdlidir.
Hamısının sifətini dərd
qarsalayıb. Mən sizə
doyunca baxmaq istəyirəm, bir də gəlmək qismət olacaqmı, bilmirəm. Bu qədər azərbaycanlı
CANı bir arada heç görmədim, ona görə sizə çox baxmaq istəyirəm.
Siz Hasan Sağındığın
içini bir yara bilsəydiniz... siz 1990-cı ildə tankların altında qalarkən onun İzmirdə on minlərlə
insana “Ağla qərənfil, ağla”nı ağlaya-ağlaya
oxuduğunu bir görə bilsəydiniz...
Biz buralarda şeir
oxumağın xəyalını
belə qura bilməzdik. Biz buralarda
oyun oynamağın xəyalına aşiq olduq, gerçəyini siz yaşatdınız.
Hamınızın əlindən,
ayağından, gözlərindən
öpürəm, hamınızın
yoluna torpaq olaram! Biz Azərbaycanı
Əbdürrəhim Karakoçdan
sevdik. Yaşarsam bundan sonra dəvət eləsəniz
də gələcəm,
etməsəniz də.
Mənə elə gəlir
ki, Hasan qardaşımla mənim
1986-cı illərdə başladığımız
sənət həyatına
bu gün, burda nöqtə qoyuruq. Final gözəl
oldu. O qədər
məsudam ki, dünyaları versəydiniz
məni bu qədər sevindirə bilməzdiniz. Mən Hasan Sağındıkdan Bakıda, bir teatr salonunda ”ağla qərənfil”i
dinlədim. Mən Bakıda, bir teatr salonunda Əbdürrəhim Karakoçu
andım!
İnsanın həyatında EŞQ-in yeri
başqadır. Aşiq Məşuğa qovuşmaqdan qorxar əslində. Cəsarəti
olsa onun vüsalına yetməsinə
kim mane ola
bilər? O dönəmlərdə
bir ümidsizliyimiz vardı və bu günlər çox uzaq görünürdü. Amma demək
ki, mümkünmüş.
Mən bu gün vüsala
yetdim. Qovuşduq, yeni bir səhifə açıldı.
Baxın,
o səmalarda yüksələn
al bayrağa, ondan gözəli yoxdur. Mən Məmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn
bayraq bir daha enməz” şüarını indi daha yaxşı anlayıram. Biz zoru başardıq. Bilirsinizmi, mən indi əllərimi
cibimə atıb küçələri dolaşacam.
Özgür, azad. Yeri gəlmişkən,
bu qədər gözəl bir şəhəri dünyanın
heç bir yerində görmədim”.
“Atatürk” Mərkəzinin
direktoru Nizami Cəfərov isə şairlərin ruh döyüşçüləri olduğunu qeyd etdi. Bildirdi ki: “imperiyaların mövqeyindən
asılı olmayaraq millətlər arasındakı
körpüləri şairlər
saxlayır. Şairlər RUH döyüşçüləridir.
O cümlədən Əbdürrəhim
Karakoçun şeirləri
Bəxtiyar Vahabzadə,
Nəriman Həsənzadə,
Zəlimxan Yaqubun yaradıcılığında olduğu kimi bir növ milli
marş halında milləti, Türk dünyasını ifadə
edib. Ən ağır EŞQ isə millət eşqidir, siyasi eşqdir. Mövlana Cəlaləddin Rumidən
üzübəri gələn
və millət eşqindən başlayıb
insana məhəbbətdə
bitən bu fəlsəfə Əbdürrəhim
Karakoç yaradıcılığının
əsasını təşkil
edir. “Aşk deyincə ötəsini arama”. Düşünürəm ki, eşq bu gün bizə
xüsusilə lazımdır.
Dünyamızın bu mürəkkəb
vaxtında, insanlığa,
milli bütövlüyümüzə,
coğrafiyamıza təcavüz
olunan bu vaxtda bu bütöv
milli EŞQ bəlkə
də bizim yeganə çıxış
yolumuzdur”.
Azərbaycanı heç görmədiyi
halda 1990-cı illərdə
Türkiyədə “Ağla
qərənfil, ağla”
mahnısı ilə bizə dəstək olan bir sənətçi,
Hasan Sağındık
düçüncələrini bu cür dilinə
gətirdi:
“Azərbaycan insanıyla tanış ola bilmədim amma müşahidə etdiyim qədəriylə böyük bir yenilənmə, iqtisadiyyatda
canlanma var. Burdakı insanların şeirə, sənətə münasibətini
bilməyi çox istərdim. Amma bunu görmədən
də onları çox sevirəm. Çox qəribədir, mən illərdir “Ağla qərənfil, ağla”nı oxudum mənim konsertlərim bu ad altında hazırlandı.
Amma daha indi gəlib
görürəm. Düşünürəm ki, Türk Cümhuriyyətlərinin
insanlarıyla körpülər
qurulmalıdır ki, mən Türk birliyi tərəfdarıyam.
Bu əsla bir
irqçi, şovinist
düşüncə deyil,
bu birlik iqtisadi, hərbi, və kültürəl anlamda bir güc
halına gəlməlidir.
Ən azından üzərində
oyun oynanan ölkə olmaqdan çıxarıq”.
Türkiyə
səfirliyinin kültür müşaviri Seyid Əhməd
Arslan bəy isə bu xidmətin Əbdürrəhim
Karakoç yaradıcılığı üçün
çox az olduğunu qeyd etdi: “Əbdürrəhim
Karakoçlar asan yetişmir. Bu insanlar ölmür, əsərləri
ilə Türk millətini, insanlığı diri tutan bu
şəxsləri davamlı yad etmək lazımdır. Bu yad
etmələrdə biz özümüz üçün bir
coşğu seli yaşayırıq. Yoxsa Əbdürrəhim
Karakoç heç bir zaman ölmədi, ölməyəcək,
əsərləri ilə xidmət etməkdə davam etdiyi
üçün onun əməl dəftəri də sürəkli
açıq olacaq. Hər kəsə Allah belə
ölümlər, xidmətlər nəsib eləsin.
Türkiyə
Cümhuriyyətinin ölkəmizdəki səfiri
İsmayıl Alpər Coşğun isə bu tədbirin Azərbaycanda
keçirilməsini şairin görmədiyinə heyfsiləndi
və qeyd etdi ki: ”bu gün çox duyğulu bir gün
yaşadıq. Həyatını, duyğularını,
düşüncələrini Türk dünyasına həsr
eləmiş olan bir ustadı yad etdik. Bu həm ona bir vəfa
borcuydu, eyni zamanda bunun Azərbaycanda keçirilmiş
olması onun yaşayıb görə bilmədiyi ən
böyük səadətlərdən biri idi. Bu baxımdan
çox sevincliyəm. Həm azərbaycanlı, həm
türkiyəli sənətçilərimizin iştirakı
ilə gözəl bir gecə keçirdik.
Düşünürəm ki, bu
qardaşlığımızın daha da möhkəmlənməsi
deməkdir”.
Cənab
səfir “Sizə elə gəlmirmi ki, Türk dövlətləri
içərisində ən çox Turan qoxan ölkə Azərbaycandır?”
sualımızı isə bu cür cavablandırdı:
-Çox maraqlı bir təbirdir bu. Dərinlərdən üzübəri,
eyni musiqini dinləyən, eyni aşıqların sözlərindən
bəhrələnən, eyni
mədəniyyətin övladları,
hər şeyin əvvəl də eyni soydan gələn
insanların olduğu
bir coğrafiya və bu coğrafiyanın
qəlbinin atdığı
yer var. O qəlbin atdığı yer isə Bakıdır. Bəli, o qoxunu burda hiss etdiyim bir həqiqətdir.
Anadolu Türkiyəsindən
buraya gəldiyimiz zaman bunu görüb
hiss edə bilirik və bu bizdə
də fərqli hisslər oyadır. Təbii ki, türk cümhuriyyətləri
müstəqil olaraq inkişaf edəcək amma biz eyni zamanda
tarixin təbii axışının gərəyi
olaraq bir-birimizə inteqrasiya olacağıq və düşünürəm
ki, bu müddətin
ən güclü lokomativi də Türkiyə və Azərbaycandır. Sizin sözləriniz
məndə bu fikirləri oyandırdı”.
Əbdürrəhim Karakoçun ailə üzvlərindən
iki oğlu, Mehriban adını daşıyan qızı tədbirin təşkilatçılarına
təşəkkürlərini bu sözlərlə bildirdilər: “Bizim atamız dərdini unutdu amma Türk
dünyasını əsla
unutmadı!”
Tədbir Azərbaycanlı və Türkiyədən gələn
sənətçilərin Əbdürrəhim Karakoç
ifaları ilə başa çatdı. Gecəyə “Savalan” Mistik Musiqili qrupunun solisti Novruz Novruzlunun “Mihriban” mahnısı damğasını
vurdu.
Nigar İsfəndiyarqızı
Kaspi.-2013.-9-11 fevral.-S.8.