Savad istedad demək deyil

 

 Nahid Hacızadə: «Amma özlərindən çox razıdırlar, yazmadıqları əsərlərin lovğalığını edirlər»

 

Nahid Hacızadə 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Orta məktəbi Tovuzda bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Ali məktəbi bitirdikdən sonra ilk iş yeri televiziya olub. Sonralar bir müddət nəşriyyatda çalışsa da, hazırda Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktorudur.

N.Hacızadə həm də dramaturqdur. Onun "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri Şəki, İrəvan və Bakı teatrlarında tamaşaya qoyulub. "Qisas qiyamətə qalmaz" pyesi isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının hazırladığı ən uğurlu tamaşalardan biri olub.

Nahid Hacızadənin ssenariləri əsasında həm də 30-a yaxın sənədli və bədii televiziya filmi çəkilib. Müəllifin "Son qəmin olsun, Vətən!", "Qayalarda qalan səs" və "Yaşa, ey haqq" filmləri Qızıl Fonda daxil edilib. Nahid Hacızadə lap gənclik çağlarından poeziyaya maraq göstərib. Onun şeirlərinə çoxlu sayda mahnılar bəstələnib. Nahid müəllim uzun illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Redaktorluqdan şirkətin sədr müavini vəzifəsinə qədəri bir yol keçib. Əlbəttə, yazıçımızın fəaliyyəti təkcə radio və televiziya ilə məhdudlaşmır. Hər şeydən öncə, Nahid müəllim nasirdir. O, ədəbiyyata 1969-cu ildə "Ulduz" jurnalında çap edilən "Lirik miniatürlər"lə gəlib. İlk kitabı da 1972-ci ildə "Gənclik" nəşriyyatında çap edilib. "Bir ana tanıyırdım" adlanan bu əsəri ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Bir vaxtlar N.Hacızadənin işıq üzü görən kitablarının tirajı 20, 30, 40, 45 min arasında dəyişirdi. Ağsaqqal yazıçımızla olanlardan-ötənlərdən, ədəbiyyatdan, sənətdən söhbət etmək maraqlı idi.

- Dağlar sizdə nəyim qaldı, povestiniz qəribə əsərdir, sırf hisslə yazılıb. Başqdan-sana qədər də obrazdan-obraza hiss artır, dərinləşir. Sizi o dərəcədə hissə qapdıran nə idi əsəri yazarkən?

-İstəsən həmin povestin yazılma tarixindən sənə danışa bilərəm. Deməli, günlərin bir günü, bir qarlı qış günündə “Kirpi” jurnalının baş redaktoru Eyvaz Borçalı, “Gənclik” jurnalının baş redaktoru İlyas Tapdıq və mən dedik ki, gəl gedib Gədəbəyin qarlı dağlarını görək, qarı görək , bir-iki gün gəzib qayıdaq Getdik. Gəlişimizi eşidən rayonun hörmətli adamları, vəzifəli şəxsləri bizə qonaqlıq verdilər, çox yaxşı gün keçirdik. Axşam İlyasa dedim ki, ay İlyas gedək sizin kəndə. Onların kəndində olmamışdım. Rayonun birinci katibi bizə maşın ayırtdırdı. Çox təkid elədim ki, gedək, amma onlar qara görə getmək istəmirdilər. Nəysə maşın işləyən yerə qədər getdik. Qar, buz elədir ki, bayıra çıxmaq olmur. Gəlib İlyas oxuyan məktəbin yanında düşdük. Xeyli gedəndən sonra gördük ki, Əli İsmayıllı kəndində bircə işıq yanır, getdik işığa sarı. Kənddə hərdən it hürüşməsi gəlir, qalan heç bir həyat işarəsi yoxdu. Gəlib bir daxmaya çatdıq, mən qabaqda gedirəm. Doğurdan da, işıq gələn ev İlyasgilin evi idi. Buz bağlamış pəncərədən ev görünmürdü. Pəncərəni tıqqıldatdım, bir də eşitdim ki, İlyasın anası Mucuq xanımın səsi eşidildi: “Sən gələn yollara qurban olum ay İlyas”. Girdim içəri, dedi bəs bizim İlyas hanı? Dedim gəlir, onlar bir az arxada qalmışdılar. Bizə çay-çörək hazırladı, yedik, içdik. Söhbət əsnasında dedim ki, Ay Muncuq xala, niyə gedib Bakıda qızının, oğlunun yanında qalmırsan? Heç olmasa qışda get qal Bakıda, yay da gəl qal burda. Allah göstərməsin, burda bir hadisə baş versə, insanlar xəbər tutanacan iş-işdən keçmiş olacaq. Qayıtdı bircə cümlə dedi: “Ay Nahid, mən heç yana gedə bilmərəm, bax siz bu işığı görüb gəlmisiz. Mən burdan çıxıb getsəm ərimin ruhu digərgin düşər, inciyər məndən. O da müharibədən qayıtsa və görsə ki, bu ev qaranlıqdı inciyər bizdən. Ölübsə də ruhu inciyər. Mən bu evi yiyəsiz qoya bilmərəm”. Bu fikri məni sirkələdi, Bakıya gələn kimi sürətlə həmin povestini yazdım. O hadisə məni yazıçı kimi çox sarsıtdı. Bir Azərbaycan qadını müharibəyə getmiş ərini gözləyir, ona görə evinin işığını qoruyur.

- “Köçündən ayrı düşmüş” əsərinizdə Ceyhun obrazı var, anlaşılmazdır, qərarsızdır. O dövrdə bir neçə belə qəhrəmanları olan əsərlər var. Bu qəribə xarakterləri yaradan nə idi, o dövrün ab-havası, yoxsa?

-Mənim yazdığım əsərlərin hamısında səndəlilik var. Daha çox olmuş hadisələri yazmışam. Çingiz Fərəcov qəribə taleyi olub, Çingiz Şuşada uşaq evində böyüyüb, Nazim Hikmət onu oğulluğa götürüb. Altı ay Moskvada onun yanında qalıb. Bir dəfə o televizorda çıxış edəndə anası onu televizorda görüb tanıyır və gəlib onu televizyadan soruşub tapır. Çingiz öz həyatını danışdı, povestin əsas qəhrəmanı da odur. Çingiz obrazı da həyatdan gəlmə obrazdır. Ağdamda televizya günləri keçiriləndə ordaydıq. Qasım kişi vardı, gözəl istirahət zonası yaratmışdı. Orda bir oğlan xüsusi diqqətimi çəkdi. Birdən Qasım kişiyə dedm ki, bu oğlan kimdir. Dedi ki, bu daş karxanasında işləyir, həbsxanada qalandır. Gəlib burda işləyir, həm də vaxtından gedir. Əhvalatını danışdı, deməli, oğlan sürücü imiş. Bir gün müdiri məclisdən gələndə ona deyib ki, düş maşını mən sürəcəm. Yolda adam vurub. Həmin oğlanı inandırb ki, cinayəti boynuna al, mənim çıxışlarım çoxdur, səni azad elətdirəcəm. Sonra da heç bir köməklik etməmişdi. Ceyhun inamsız və həyatın hər üzünü görmüş insan idi, elə mənim qəhrəmanım da.

Bəzilərinə elə gəlir ki, o illər çox aydın illər idi, amma əslində çox çətin illər idi. O illərin yaratdığı obrazlar da belə olmalı idi. O qaranlıq illərdə insanlar neyləcəyini bilmirdi, insanın bada getməsi çox asan idi. Mən çalışmışam ki, o insanların daxili təbəddülatlarını verim, hisslərini əks etdirim. Mənimçün əsas qayə obrazın hisslərini əks etdirməkdir.

- Ənvər Məmmədxanlı ilə bağlı xatirələrinizi yazmısız, amma onun qəribə taleyi olub, evlənməyib. Amma nədənsə bu məsələlər ağızdan-ağıza danışılsa da düz-əmməlli yazılmayıb?

- Ə.Məmmədxanlının bacısı Həbibə xanımla bir yerdə işləyirdim. Həm də qonşuluğumuzda qalırdı. Ə.Məmmədxanlı tək yaşayırdı, hər şənbə günü bacısıgilə qonaq gəlirdi. Tez-tez bacısı gilə gələndə görüşür, harasa gedib çay içirdik. Saatlarla söhbət edirdik, çox maraqlı adam idi. Çox künə geyinirdi, əyninə fikir verən deyildi. Hər insanın həyatında mübhəm məqamlar var. Onun “Şirvan Gözəli” tamaşası Akademik Milli Dram Teatrında göstərilirdi. Tamaşa bitəndən sonra yaradıcı heyətin hamısı səhnəyə çıxdı, bircə Ənvərdən başqa. O da oturmuşdu lap salonun axırında, nəyisə birtəhər qolundan tutub səhnəyə aparanda, məndən qarşıdakı oturacaqda oturan iki xanımdan biri dedi: “Vay, vay nə yaman qocalıb bu, özünü də yandırıb kül elədi, məni də”. Sonra mən Həbibə xanımdan bu barədə soruşdum, o dedi ki, vallah Ənvəri də seviblər, Ənvər də sevib, ancaq alınmayıb nəsə”. Görünür, onun da məhəbbəti olub, ancaq qismət olmayıb deyə evlənməyib. Heç kəsə alçalan adam deyildi. Özüylə bağlı məqamlı danışmağa izn verməzdi.

- Adınız Nahid yox, Nohid olması qəribə göründü mənə.

- Hə, görünür o dövrdə kənd sovetinin savadsızlığına görə belə olub. Çünki kənddə İbrahimə İbrahım, Nahidə Nohid deyirlər, bəzi adamlarsa dedikləri kimi yazır. Mən birinci kursda oxuyanda, ilk dərs günü müəllimim Mircəlal Paşayev dərsin yarsını keçəndən sonra tələbələrlə tanış oldu, mənim yanıma çatıb əlini çiynimə qoyub adımı soruşanda “Nohid” dedim. Bir xeyli güldü, sonra dedi ki, Nohid adı yoxdur, Nahid var. Beləcə, bunu biləndən sonra adımı dəyişdim. Mircəlal müəllim çox gözəl insan idi, bu mənada indiki tələbələri şanssız hesab eləyirəm. İndi qulağıma çatır ki, müəllimlər tələbənin əlinə baxırlar.

- Sizin yaradıcılığınıza təsir edən yazıçılar kimlər olub?

- Mənə ən çox iki yazıçı təsir edib. Ə.Məmmədxanlı və İlyas Əfəndiyev. Onların əsərlərindən Azərbaycan dilinin incəliklərini öyrənmişəm. Mənimçün əsərin axarlı dili yoxdursa, o əsəri mahiyyəti maraqlı deyil. əsərin dili pinti olanda, mahiyyət də dəyərdən düşür.

- “Yada düşdü” adlı kitabınızda müxtəlif adamlar haqqında xatirələriniz yer alıb, amma daha çox xoş fikirlərə yer vermisiniz. Bu hal da sizi və haqqında yazdığınız adamı birmənalı göstərir.

- Əslində, xatirə elə yazılmalıdı ki, gələcəkdə yazdığın insan haqqında fikir formalaşsın. Yəni pisi pis, yaxşını yaxşı yazmalısan. Məsələn, Puşkin haqqında yazılan xatirələri oxusanız, mənim dediklərimə inanarsınız. Amma mən xaraktercə çox romantik adamam, həliməm. Ona görə də o insanları öz romantikamdan çıxış edərək yazıram, mənə xoş görünən cəhətlərini vurğulamağa çalışıram.

- Televiziyada işləyənlər daha çox vaxt azlığından şikayətlənirlər. Televiziya yazıçı kimi sizə mane olmurdu ki?

- Bəzən gecələr də studiyada yatırdım. Məzuniyyətə çox nadir hallarda gedirdim. Müntəzəm stol arxasında oturub yazmaq qismət olmayıb mənə. Televiziya ilə ədəbiyyat bir yerə sığmır. Televiziyanı həmişə sevmişəm, məsuliyyəti də həmişə qəlbimdə olub. Yəqin televiziyada işləməsəydim daha çox əsərlər yaza bilərdim.

- Dünən telefonla müsahibənin vaxtını təyin edəndə söhbətləşdik. Hiss elədim ki, gənclərdən narazısınız. Səbəb nədir buna?

- Yox bu ciddi narazılıq deyil. İndiki gənclər bizdən savadlı, məlumatlıdırlar, amma özlərindən çox razıdırlar, yazmadıqları əsərlərin lovğalığını edirlər. Bir ara Nərmin Kamal haqqında elə təbliğat getdi ki, elə bil indiyə qədər Azərbaycan ədəbiyyatı olmayıb, ədəbiyyat deyilən şey nədirsə elə onu N.Kamal yaradıb. Hələ bilmirlər ki, savad istedad demək deyil. İndiki gənclərin çoxu savadlıdır, amma istedadlı deyil. Ola bilər ki, kiminsə orta savadı olsun, amma böyük istedadı olsun. O adam böyük əsərlər yaza bilər. Bu gün istedadlar azdır, mən buna təəssüf edirəm. Amma gənclərin yolunun bu dərəcədə açılması, onlara şərait yaradılması məni olduqca sevindirir. Gərək gənclər də bu qayğıların nəticəsi kimi ciddi bədii nümunələr ortaya qoysunlar. İndi tapmaca tapmaca şeirlər yazırlar. Şeir asan əzbərlənməlidi, yaxşı oxunmalıdı, yaddaşlara köçməlidi. “Yada düşdü” jurnalında seçib qiymətli şeirləri çap edirəm ki, qoy klassiklərin nə yazdığını və necə yazdıqlarını görsünlər. Yalandan özünü ağlıllı göstərənləri sevmirəm.

 

 

  Fərid Hüseyn

 

  Kaspi.-2013.-9-11 fevral.-S.15.