“Hüseyn Cavidin günahı nəydi?!”
Zəlimxan Yaqub:
“Günəşin batmağı qorxulu deyil, Günəşin
yenidən doğmağı da var!!!”
“Türkdən danışanda adam
böyüyür”
...”...az
qala biabır olacaqdıq. O boyda Sarayda danışmağa,
qonaqların önünə çıxmağa bir söz
ası tapılmadı. Lap ürəyim
sıxılmışdı ki, səhnəyə Zəlimxan gəldi.
Ayə, ürəyim dağa döndü eyy. Zalımın
balası, elə bil bulaqdı, çağlayan...”
İllər
əvvəl bir ağsaqqal iş yoldaşımın dilindən
eşitmişdim, Respublika Sarayındakı önəmli bir tədbirdən
bəhs edirdi. Adam sinəsi dolusu Zəlimxandan
danışırdı. Sanki tək onun deyil, bütün Azərbaycanın
ürəyini dağa döndərmişdi bu şair...
...Qarabağ
savaşının qızğın çağında
“Qaçqınlar” poeması dilimdə əzbər idi.:
“...tutaq
ki, qaytardıq, Şuşanı, qardaş,
anadan,
bacıdan, qızdan, gəlindən,
alınan
isməti kim qaytaracaq?!”
...bir
də bunun əvvəli vardı. Mənim RUHUmun anası
anamın şairiydi Zəlimxan. Hamımıza da
sevdirmişdi. Hələ bir də saz
çalmağını vəsf eləməyini görəydiniz...
Müsahibim
Türk dünyasının böyük şairi Zəlimxan
Yaqubdur. Mən onu təqdim edəcək böyüklükdə
deyiləm, heç olmayacam da. Çünki Zəllimxan Yaqub
SÖZ boydadı!
-Ay
qağa, xalq sizin səhhətinizdən yaman narahatdı...
-Vallah,
səhhətim haqqında bütün Azərbaycan,
bütün Türk dünyası bilir. Sağ olsunlar,
televiziyalar, qəzetlər tez-tez məlumat verirlər. Həkim
nəzarətindəyəm, hələlik böyrəksiz
yaşayıram, Azərbaycan həkimləri mənimlə
bağlı çox böyük qəhrəmanlıq edirlər.
Dövlətimizin, Prezidentimizin nəzarətindəyəm, mənimlə
bağlı istər dövlət, istər prezident, istər də
xalq həmişə yaxşı mənada narahat olub, mən də
çalışıram yaxşı olum ki, əziyyətim
heç kimə çox dəyməsin. Mənə belə gəlir
ki, düşdüyüm vəziyyətlə
yaşadığım vəziyyətin arasında çox
böyük fərq var. Düşdüyüm vəziyyət
ağırdır amma yaşadığım vəziyyət
yaxşıdır bu mənada ki, göyə açılan əllər,
xalqın xoş münasibəti, dünyanın hər yerindən
gələn zənglər məni yaxşı saxlayır. Bu
günlərdə Əbdürrəhim Karakoçla
bağlı bir çox tədbirlərdə iştirak elədim
və çox sevindim ki, Türk dünyasının gözəl
şairləri yavaş-yavaş yayımlanır, Orta Asiyada,
Türküstanda, Azərbaycanda tanınır. Yəni mənim
səhhətimin yaxşılığa doğru getməyinin səbəbi
yaşadığım əhval-ruhiyyədir. Mənim əhvalım
da Türkün ruhuyla bağlıdır. Mənim cismani cəhətdən
ağrımağa ixtiyarım yoxdur. Nə qədər
ağrısam da əsas ruhdur. Ruh məni idarə edir, o ruh da
Türkün ruhudur, Turandan, Ərgənəkondan,
Qızıl Almadan, yaxşı mənada qədimlikdən,
köhnəlikdən gələn Türkün ruhu məni idarə
edir. Baxın, iki ilə yaxındır ki, mən xəstəyəm.
Amma heç vaxt ağrıya baş əyməmişəm.
Bu iki ildə ailə də, dövlət də, millət də
mənə yaxşı baxdı. Prezident
qayğısını əsirgəmədi və bütün
bunlar mənim səhhətimə yaxşı təsir edir.
Allah qoysa böyrək köçürməsi də
uğurlu keçəcək. Ondan sonra da Allahın verdiyi
ömrə davam edəcəyik.
-Azərbaycanın bircə dənə Zəlimxan Yaqubu var. Tanrıya şükür ki, indi sadəcə bizim deyil, bütün Türk dünyasının şairidir. Necə düşünürsüz, sizə elə gəlmirmi ki, Türk dünyasına Zəlimxan Yaqub bu gün daha çox lazımdır? Bax elə son əsərdən, “Turanın səsi”ndən bəhs edək...
-İyirmi-otuz il bundan əvvəl Türk
dünyası ilə bağlı bu günkü kimi
danışa bilmirdik. Müşfiqlər, əhməd cavadlar,
hüseyn cavidlər, salman mümtazlar, bəkir çobanzadələr,
daha kimlər-kimlər Türk sözünün
güdazına getdilər. Turan dünyasını, Türk
dilini bildiklərinə görə Sovet hökuməti
onları sıradan çıxardı. Özlərini
öldürdü amma fikirlərini öldürə bilmədi,
ideyalarını, arzularını öldürə bilmədi.
İndi onların görə bilmədiklərini biz görməliyik.
Bizim boynumuza çox böyük vəzifə
düşür. Bu gün harda Türk yaşayırsa, o əsir
Türklər ifadəsi var ha, onların hamısı
qaynayıb-qarışacaq, bir ürək, bir can olacaqlar, mənim
ona qəti şübhəm yoxdu. Bu günlərdə
“Turanın səsi” adlı bir poema tamamladım. Orda Turan
böyüklərindən Alp Ər Tonqadan, Ziya Gökalp, Ənvər
Paşa, Atatürk, Bilgə Xaqan, bu cür adamlardan misallar
vermişəm. Türkün böyükləri, böyük
kişiləri, igid adamları çoxdu. Biz onları tərənnüm
edərək, haqqlarında gözəl əsərlər
yazaraq öz borcumuzu verə bilərik. Mən də
özümü Türk dünyasının
qarşısında borclu hiss edirəm. Baxmayaraq
ki, qırxdan çox kitabım dərc olunub, müxtəlif
illərdə, müxtəlif dillərdə. Amma mənə
elə gəlir ki, “Turanın səsi” əsəri Türkiyədə
də Azərbaycanda da çox yaxşı qarşılanacaq.
Çünki bu mövzu hər iki ölkədə də
lazımi qaydada işlənməyib. Siz təsəvvür
edin ki, Alp Ər Tonqa-Əfrasiyabı indiki Urmiya
gölünün yerləşdiyi ərazidə
öldürüblər. Orda dəfn olunub. Alp Ər Tonqadan
tutmuş bugünkü yaşayan böyüklərimizə qədər
hamısı o ruhun içərisindədir. Ona görə də
biz Türk dünyası haqqında geniş, gözəl,
savadlı dünyagörüşünə sahib olan şəxsiyyətləri
nə qədər çox qabardarıqsa bir o qədər də
özümüzü böyüdərik. Ona görə ki,
Türkdən danışanda adam böyüyür. Turandan
danışanda adam böyüyür. Elə bil ki, Altaydan
Anadoluya köç indi başlayır. Anadoludan Altaya
köç indi başlayır. Türkiyə
qarışır. Məs: iyirmi-otuz il bundan əvvəl
Türküstanda beş məktəb olardı ya yox. İndi
Türküstanın bütün respublikalarında Türk
dilində gözəl işlər gedir, hərtərəfli
irəliləyiş var. Ortaq dil yaranır. Biz ortaq dili
danışa-danışa yaradacağıq. Mənim ortaq dilim
Mövlananın, Yunusun dilidi, Nəcib Fazilin, Dadaloğlunun,
Aşıq Veysəlin dilidi. Bu dil eyni zamanda Azərbaycanın
dilidir. Bu gün Allaha şükr edirik ki, Türkün,
Turanın belə bir gələcəyi yetişir, su gələn
arxa bir də gəlir. Sovet hökuməti o suyu
kəsdi, o yolları bağladı amma o sular yenə gəlir,
o çaylar yenə daşır, o dənizlər yenə
qabarır, Türk yenə yüksəlişə doğru
gedir, biz də bundan ilham alıb yeni əsərlər
yaradırıq ki, onun biri də “Turanın səsi” əsəridir.
İnşallah tezliklə mətbuatda oxuyacaqsınız.
-Bu poema bütün dünya
türklərinin dilində olan “Əzəl-axır dünya
Türkün olacaq” frazasını ötüb keçəcəkmi?
-
İnşallah. Hər iki əsərin də ruhu eynidir.
-Mənə
elə gəlir ki, türkçülüyün dilə gəlmədiyi
zamanlarda bu təfəkkürdə insanları ayırd eləmək
asan idi. Onları hardasa barmaqla saymaq olardı. İndi
“türk” lər elə çoxdu ki, seçim çətinləşib...
-Çünki
indi bolluqdu.
-Bəs o bolluğun içərisindən
sağlam toxumu necə tapıb çıxaracaqlar?
- Qoy
olsun, qoy çox olsun. Onlar irdələnəcək,
nəticədə Türkün sağlam ruhu qalib gələcək.
Zaman özü hər şeyi yoluna qoyacaq.
Təsəvvür elə ki, bir Ənvər Paşa kimi adam bir atı, bir qılıncı və bir
özü gedib Orta Asiyada ruslara qarşı
döyüşür. Bir erməninin fitvası
ilə öldürülür.
Ənvər Paşa Türk dünyasının ən
böyük adamlarından biridir, Turanın ən böyük
turançısı elə odur.
-Elədirsə
niyə bu günün Türkiyəsində Turanın bu ən
böyük türkçüsünü xəyalpərəst
adlandırırlar?
-Ona
görə ki, o həqiqətən də xəyalpərəst
idi. Təkbaşına Turançılıqla məşğul
idi. Onun romantikası çox güclü
idi. Təsəvvür elə ki, ən
cavan yaşda Türkiyənin hərbi naziri oldu. 1922-ci ildə getdi Türküstanda özünü
fəda elədi. Özü də Qurban
bayramı günü. Ənvər Paşa
Qurban bayramı günü qurban verildi. Ənvər
Paşanın qəbri orda idi. Daha sonra
Süleyman Dəmirəl 70-ci illərdə İstambula gətirdi.
Bəlkə Ənvər Paşadan bir şeir oxuyum?: (Turanın səsi)
Bax bu
sözü Atatürk deyib: “Ənvər bir Günəş
kimi doğmuş, bir qürub ehtişamı ilə
batmışdı”.
Türkiyə
ürəyi, Türküstan canı,
Turanın
xəyalı, həqiqəti heyy...
Ölüm
qabağına ölməz tək gedən,
Türkün
böyüklüyü, əzəməti hey...
Qələbə
- havası, çörəyi, suyu,
Qələbə,
sevgisi, bayramı, toyu,
Güclərə
güc gəlib cəbhələr boyu,
Dönməz
orduların şan-şöhrəti hey...
Qısa
bir zamanda ucalıb-enən,
Gur bir
ocaq kimi alışan-sönən,
Hələ
sağlığında dastana dönən,
Türküstan
elinin rəvayəti hey...
Bircə
qəhrəmanlıq min ilin bəsi,
Hər
zaman hər yerdən gələcək səsi,
Şəhidlik
evinin uca zirvəsi,
Şəhid
olanların cəsarəti hey...
Pozan
güclü çıxıb, nizam pozulub,
yazılan nə varsa tərsə yazılıb,
Bir dosta
iki yol qəbir qazılıb,
Hardadı
dünyanın ədaləti hey...
Cəhənnəm
çevrilib bir cənnət olar,
Ən
böyük xəyal da həqiqət olar,
Nə qədər
zülm olar, əsarət olar,
Bitsin Yer
üzünün əsarəti hey...
Turanın
qanıyla coşdu-çağladı,
Turanın
adıyla ülfət bağladı,
Turanın
ruhunu sağlam saxladı,
Buydu
şeytanla ədavəti hey...
Fikir
qanadıdı, xəyal qoludu,
Mənzili
Altaydı, Anadoldu,
Onun
getdiyi yol Allah yoludu,
Hələ
çox gedəcək söz-söhbəti hey...
Turan ellərində
xoş gördük səni,
Dəyməsin
bizlərə göz, Ənvər Paşa,
Bir az səbr lazım, bir az da möhlət,
Əmələ çevrilər söz, Ənvər
Paşa.
Neməti
çoxalır, suyu bol gəlir,
Neçə
nəsil gəlir, neçə qol gəlir,
Turan
yollardadır uzaq yol gəlir,
Uzun həsrətlərə döz, Ənvər Paşa.
Nöqtə
qoymaq üçün günahımıza,
Təzədən
sarılaq silahımıza,
Salavat
çevirək Allahımıza,
Allahın üzüdür üz, Ənvər Paşa.
Məni
qeyrət üstə böyüdüb Anam,
Oğuzam,
qopuzam, sazam, dastanam,
Turanın
içində Azərbaycanam,
Türkün nəfəsiyik biz, Ənvər Paşa.
Ən
böyük turançı, ən böyük Turan,
Turanın
eşqiylə saraylar quran,
Mələklər
yanında cənnətə varan,
Yolu Haqqa doğru düz, Ənvər Paşa.
Çox
fikir eləmə, Turanım mənim,
Quruyan göylərin yağmağı da var.
Aydın
üfüqlərin, gur işıqların,
Zülmət qaranlığı boğmağı da var.
Qoy
xoş üzlə gəlsin il dalınca
il,
Turanam deməkdən
yorulmasın dil,
Günəşin
batmağı qorxulu deyil,
Günəşin
yenidən doğmağı da var!!!
-
Qağa, madam ki, bizim ruhumuz bu qədər ucadır, madam ki, bu
qədər yüksək mədəni irsə malikik, madam ki,
bizim belə keçmişimiz, ədəbiyyatımız, mədəniyyətimiz
var, belə olan halda gündəmi zəbt eləyən əkrəm
əylislilər, seymur baycanlar hardan törəyir? Deyək ki, gənclər səhv edə bilər
hardasa, bəs Əkrəm Əylisli necə oldu ki, bu
addımı atdı? Onu buna vadar edən nə
idi?
-Qızım,
Əkrəmin əməli bu günün işi deyil ki. Onun
içi qurdluydu, əlli il idi ki, o qurd onun
içini deşirdi. Əlli il idi ki,
oynayırdı, ziyalıları ləkəməklə,
artıq-əskik sözlərlə pis vəziyyətə
salmaqla məşğul idi. Bilirsən, adam
danışdığı söz boydadır. Heç
həyəcanlanmağa dəyməz, o həmişə belə
olub. Sovet dövründə də ən
yaxşı kefi o çəkirdi, yenə yazırdı ki, mən
Azərbaycanda darıxıram. Deməli, sənin
əmin, dayın, oğlunun-qızının, qohum-əqrəbanın,
heç bir əzizinin, xalqının sənə dəxli
yoxdu ki, darıxa bilirsən. Başqası
niyə darıxmır sən darıxırsan? Yəni, öz xalqına yuxarıdan aşağı
baxmaq, kimsəni saymamaq içərinin qurdu ilə
bağlıdır. Mən həmişə
bunu demişəm və təkrar edirəm. Qırxa yaxın kitab yazmışam, bir tədqiqatçı
gəlib yoxlasa kiminsə bostanına daş atan bircə kəlmə
tapa bilməz. Çünki bizim tərbiyəmiz
əhli-irfan tərbiyəsidir, Məhəmməd peyğəmbərdən,
Qurandan gələn tərbiyədir. Biz Türk
dünyasının elə kişilərinin tərbiyəsini
almışıq ki, təkcə Mövlana yetər ki, sən
elə peyğmbər kimi bir adam olasan. Niyə mən belə bir adamı qoyub
şeytana-iblisə tapınmalıyam? Kimlər
bu yolu tutursa axırı belə olur. Əkrəmin də
cəzasını xalq verdi, zaman verdi,
bundan sonra istəyirsən onun mükafatlarının
üstünə mükafat qoy geri qaytar, istəyirsən
hamısını əlindən al, xalqın qara dəftərində
tarix durduqca qara ləkə kimi qalacaq. Çünki
ona bəraət yoxdu. Mənim ölənim-itənim,
əsirim, girovum, döşü kəsilən analarım
qalıb bir tərəfdə, sən gedib ermənini tərifləyirsən.
-Səbəbi nəydi? Onda belə
çıxır ki, Əkrəm Əylisli üzr istəyirəm,
zatıqırıq adamdı?
-Əkrəm Əylisli ömrü boyu
zatıqırıq olub. Yazıçılar, şairlər deyirdi ki, bu, niyə
belə eləyir, axırda da Allah cəzasını verdi. O, çəkdiyi cəzaya layiq adamdı.
Çünki içərisi dolu qurddu. Bu günə qədər kiminsə haqqında
heç vaxt yaxşı söz danışmayıb.
Anarla əlli il dostluq elədi, onu nə
günə qoydu. Anarın günahı nəydi?
Elçinlə, Fikrət Qocayla, Ramiz Rövşənlə
bağlı nələr dedi, nələr danışdı. Mövlud Süleymanlının günahı nəydi?
Hamısıyla bağlı pis sözlər,
xoşagəlməyən ifadələr işlətdi o da gəldi
öz başında çatladı. İnsanın
içərisi geniş olmalıdı, işıqla dolu
olmalıdır, çünki biz tarixlər boyu Məhəmməd
peyğəmbərdən, Türkün böyüklərindən
üzübəri həmişə yaxşı kişilərdən
dərs almışıq. Kimlər ki,
şeytan yolu gedib, onu Allah dolaşdırıb
dolaşığa salıb, kimlər ki, Allah yolu gedib
onların işi həmişə gözəl olub. Ustad demişik, ozan demişik, dədə demişik,
Dədə Qorqud demişik. Mən Dədə
Qorqudu əzbər bilən adamam. Dədə Qorqudu, Ələsgəri
əzbər bilən adamın artıq-əskik
danışmağa haqqı yoxdur. Türk
dünyası deyəndə mən dünya boyda oluram. Çünki bu dünya ilə bağlı
böyük kişiləri çox görmüşük.
Hüseyn Cavid kimi adamın günahı nəydi
59 yaşında gedib Maqadanda ölürdü? Dünyanın ən gözəl ruhunun, Türk
ruhunun sevgilisi olduğuna görə başqa bir ruh, şeytani
ruh apardı, oraya çıxardı. Allah
Əkrəmlə bağlı xalqın qınağını
ona cəza elədi. Xalqın səni istəməməyindən
böyük cəzamı var? Bütün
cəzalara layiqdir Əkrəm. Azərbaycan xalqına xəyanət
eləyən adamın Azərbaycan xalqından rəhmət
ummağa haqqı yoxdur.
-Bəlkə
də Orxan Pamuk addımı atmaq istədi...
-Orxan Pamuk əsərlərini mən oxumuşam, axı,
ay Əkrəm sən onun heç dırnağı da deyilsən. Orxan Pamuk
böyük yazıçıdır, düzdü, qələt
eləmişdi, Türk dünyasına o da böyük bir zərbəydi,
amma o əsər yazmamışdı, bir
çıxışında demişdi.
-Belə çıxır ki,
ağsaqqallar belə edəndə ədəbiyyatımızda
yeni törəyən ünsürləri qınamaq olmaz, eləmi?
-Bilirsən, qırx, otuz, lap əlli
yaşında səhvini düzəltmək üçün
zamanın olur. Amma bu adam qəbrinin
qaşındadır, bunun 76 yaşı var. Sən indən belə
bu səhvi düzəldə bilməzsən, Türkün
ruhuna qarşı, öz xalqına qarşı səhv eləmisən.
Əkrəm ruscadan tərcümələr eləyib,
nə bilim Moskvada zadda oxuyub. Siz bilirsinizmi
ki, onun ailəsində Azərbaycan dilindən heç nə
yoxdur, onun ailəsi elə bil başqa millətə məxsusdur.
A bala, ondan danışmağa dəyməz, çünki cəzasını
xalq verdi.
-Günümüz ədəbiyyatının
gedişatı necə, qane edirmi?
-Yox. Bugünkü ədəbiyyatda kökündən
uzaqlaşma görürəm. Amerika ədəbiyyatını
da oxumaq lazımdır, dünya ədəbiyyatını da.
Amma birinci növbədə özünü
yaxşı tanımalısan. Bu gün gənclərin
çoxu küyə gedir. Sən öz
nağılını, dastanını,
alqış-qarışığını dərindən dərk
eləyə bilmirsənsə deməli heç kimsən.
Baxn sizə Ənvər Paşa ilə
bağlı bir parça oxudum. O başdan-ayağa Azərbaycanın,
Türk dünyasının, xalqın səsidir. Gərək ilk növbədə özünə
bağlı olasan. Mənim Atamı məndən
yaxşı heç kim tanıya bilməz.
İsa Hüseynov demişkən, atasını tanıyan
böyük adam olur. İndiki
gənclərimizin arasında dilimizi çox korlayanlar var,
ölçü-biçi gedir işinə, ağlına nə
gəlir yazır, adını da şeir qoyur. Narazılıqlarım çoxdur. Razı qaldığım, istedadına hörmət
elədiyim gənclər də var. Amma gəncliyin çox
hissəsi ötəri parıltılarla məşğuldur.
Dünya ədəbiyyatını oxumaq
lazımdır. Müşahidə,
mütaliə etməlidir yazıçı ki, bu da birinci
növbədə özünə bağlanmadan keçər.
Mən Azərbaycan şairi kimi dünyaya xidmət eləməliyəm,
ingilis ingilis şairi kimi, yapon yapon kimi, onda gözəl olur. Yoxsa mən Azərbaycan
şairi ingilis kmi yazıramsa ingilisin buna ehtiyacı yoxdur.
-Mənə
görə bu gün Azərbaycanın Gürcüstanda olan
hissəsi Borçalını, dünyada, elə Azərbaycanın
özündə hələ bizim eləyən bir dəyər
var - Zəlimxan Yaqub. Borçalıdan Bakıya gətirdikləriniz
və Bakıda o yurddan itirdikləriniz...
- Mən Borçalıdan Bakıya çox dolu gəldim. Çünki
orası Türkiyə ilə Azərbaycan arasında bir
körpüdür. Mən elə bil o
körpünün üstündə doğulmuşam. Yadımdadır, bizim nənə-babalarımız
Türkiyəyə o üz deyirdilər, çünki
arası çox yaxın idi.
Mən ordan özümlə Borçalını gətirmişəm
və o gətirdiklərimin hesabına bu gün
yaşayıram. 64 yaşımın 18 ilini
Borçalıda yaşadım. Ondan sonra
dünyanın çox yerini gəzdim amma oranın dadı-ətri,
folkloru, şifahi xalq ədəbiyyatı, sazı-sözü,
insanları tamam başqa cürdü. Ora
Azərbaycanın xam bir hissəsidir. Hələ
çox oğullar oranın folkloruna söykənəcək,
hələ çox şairlər çıxacaq. Bu günə qədər də gətirdiklərimi
xərcləyirəm. Borçalı
Dünya Türklərinin sevimli bir yeridi, hamı Borçalını
çox istəyir, çünki Borçalı istənəsi
yerdi. Onun bir hündür yerindən
baxırsan əlli kəndini görürsən, o qədər
axar-baxarlı yerdi. Başkeçidi,
Yağlıcanın düzü var. Bakıda gözəl
dostlar qazandım. Mənim Azərbaycanda
qazandığımı çox az adam
qazandı. Sənin qazancın əsas odu ki,
xalqdan aldığını xalqa qaytara biləsən. Mən bunu müəyyən qədər edə
bilmişəm. Çünki Azərbaycan
xalqı çox qədirbilən xalqdı. Kim arxa çevirirsə o da ona arxa çevirir.
Bakı mənim gəncliyimi əlimdən aldı. Rahatlığmı
əlimdən aldı amma mənə gözəl bir tale bəxş
elədi. Türk dünyasının, yer
üzündə yaşayan türklərin hamısı mənim
evimin qonağı oldu, adımı tutdu. Gənclik
getdi amma havayı getmədi. Heydər Əliyev
kimi ulu öndər çıxdı Zəlimxanın
qarşısına, bundan artıq mükafat
varıydımı? Dövlət, millət mənə mənim
dəyərimdən artıq qiymət verdi.
Mən də çalışıram ki,
bütün ömrümü-günümü Azərbaycanın
varlığına həsr edim.
- Saza tutaqmı
üzümüzü? O sarı sim adamın yaralarını
sağaldırmı?
-Sağaldır.
Türk üçün saz emblemdi. Qılınc nədisə, at nədisə, gözəl
nədisə, Türk üçün saz da odu. Mənim kitablarımın hamısının
anası sazdı. Məndə bu
Turançılığı, türkçülüyü
gücləndirən sazdı. Saz
Türkün şəriksiz alətidi.
Çox şeylərə yiyə çıxa bilərlər
amma saza yox.
-Ay
qağa gəl sazı qoyub EŞQə keçək. Bir
müddət əvvəl Türkiyədə ozan aşıq Səfaidən
müsahibə aldım və o mənə dedi ki, Səfaicə
kimliksiz köləlilkir EŞQ! Mən də özümə
söz verdim ki, Azərbaycandan onun bu sözünə bir cavab
ismarlayacam...
-Mənim
bayaqdan danışdıqlarımın hamısı
cavabdır. Çünki məni danışdıran
EŞQ-dir. Bütün dünyanın ən böyük
şairlərinin anasıdır, EŞQ!
-Bə
niyə Türkdə təzahürü fərqlidi? Niyə dəlicəsinədi?
-Ona
görə ki, Şərq, Türk dünyası elə
EŞQ deməkdir.
Mən
zövqü olanın quluyam, qulu,
Budur
insanlığın həyatda yolu,
EŞQ in
nəşəsini anlaya bilməz,
Bu meydən
içməmiş, kim qədəh dolu...
Gəldik
bu dünyadan gedərik, ay dost,
Həm
sevinc, həm də kədərik, ay dost,
İçək
özümüzdən gedək birinci,
Sonra bu
dünyadan gedərik, ay dost.
İnsanı insan edən, başqa varlıqlardan fərqləndirən
EŞQDİR.
İlahi EŞQ, Allaha bağlanan EŞQ...
-Zəlimxan Yaqub kimin kimə EŞQidi?
-Zəlimxan Yaqub Allahın insanlara olan EŞQ-inin bir
parçasıdır. Çünki mənim
varlığımda insanlara qarşı sevgi-məhəbbət
hökmrandır. Mənim
hökmdarımın adı sevgidir, Eşqdir. Bunlarla yaşayırıq, bunlar bizi yaşadır.
-Yorduq səni ay qağa. Mənim
soruşmadığım, sənin demək istədiyin nəsə
qaldımı?
-Sənin soruşmadığın, mənim demək istədiyim o qədər çox sözlər var ki. Amma hələlik bu qədər bəsdi.
Nigar İsfəndiyarqızı
Kaspi.-2013.-16-18 fevral.-S.16.