Azərbaycanda kimlər orqan donoru ola bilər?

 

Mərkəzi Klinikanın həkim-nefroloqu Səbinə Qasımova: “Orqan köçürülən xəstələr immun sistemini aşağı salan dərmanlar qəbul etdiklərindən, infeksiyon xəstəliklərə tez yoluxurlar”

Hər şeyin müasirləşdiyi bir dövrdə orqanların köçürülməsi, hətta üzün dəyişdirilməsi də adi hal alıb. Azərbaycan üçün orqan nəqli yeni olsa da, dünyada bu proses artıq çoxdan başlayıb. Müsahibimiz Mərkəzi Klinikanın həkim-nefroloqu Səbinə Qasımova ilə orqan nəqlinin incəliklərindən danışdıq. Qeyd edək ki, S.Qasımova yaxınlarda Türkiyənin orqan nəqlinə görə dünyada ilk yerləri tutan Ağdəniz Universitetində olub. O, 6 ay ərzində sözügedən universitetdə işləyib, orqan transplantasiyalarında iştirak edib.

- Orqan və toxumaların transplantasiyası, yəni köçürülməsi nədir və hansı orqan və toxumalar köçürülə bilər?

- İnsan orqan və toxumalarının köçürülməsi insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün cərrahiyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan və toxumaların əvəz olunmasıdır. Böyrək, qaraciyər, ürək, ağciyər, mədəaltı vəzi, nazik bağırsaq, toxumalardan isə ürək qapaqcıqları, sümük, sümük iliyi, hətta dərinin belə nəqli mümkündür.

- Hansı halda xəstəyə orqan və toxuma nəqlinə qərar verirsiniz?

- Bəzi xəstəliklər var ki, müalicə edilə bilmir və ya aparılan müalicə tədbirlərinə baxmayaraq, orqanın zədələnməsinin qarşısının alınması mümkün olmur. Bu kimi vəziyyətlər son dönəm orqan çatmamazlığının olduğunu göstərir. Belə vəziyyətlərdə ən məqsədyönlü cıxış yolu orqanın sağlam bir orqanla əvəz edilməsidir. Bu zaman biz nəinki xəstənin ömrünü uzadırıq, həmçini həyata baxış acısını dəyişdiririk.

- Kimlər orqanlarını bağışlaya bilər?

- Təbii ki, hər bir adam donor ola bilməz. Donorun yaşı 18-ə çatmadıqda ondan sümük iliyi istisna olmaqla, transplantasiya məqsədilə orqan ya toxumaların götürülməsi qadağandır. Sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan ya toxumaların götürülməsi qadağandır. Gizli inkişaf edən xəstəlikləri olan, şəkərli dabet xəstələri, güclü idarəolunmaz yüksək təzyiq, ürək çatışmazlığı olanlar, şiş xəstəliklərindən əziyyət çəkənlər, kimyəvi terapiya alanlar, hepatit B, C, İİV (insanda immunçatışmazlığı virusu- L.M.) irsi, yoluxucu xəstəliklərdən əziyyət çəkənlər donor ola bilməz. Bir sözlə, bütün patalogiyaları inkar etməliyik. Yalnız bundan sonra deyə bilərik ki, xəstə donor ola bilər, ya yox.

- Hansı orqanlar beyin ölümü gerçəkləşən, ancaq bioloji sağlam insanlardan köçürülə bilər?

- Müxtəlif səbəblərdən reanimasiyada müalicə alan xəstələrdə beyin ölümü xüsusi komissiya tərəfindən təsdiqlənirsə, onların orqanları transplantasiya oluna bilər. Ürək, böyrəklər, ürək qapaqları, pankreas, kornea, dalaq beyin ölümü təsdiqlənmiş adamdan, böyrəklər və qaraciyər isə canlıdan da köçürülə bilir.

- Meyitdən orqan nəqli mümkündürmü?

- Xeyr, mümkün deyil. Orqanların həyati funksiyalarını itirmədən köçürülməsi vacibdir.

- Bəs həyatda yaşayan sağlam adamlar hansı orqanlarını bağışlaya bilər?

- “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanuna görə, ölkəmizdə donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqan və toxumalardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığmda bərpaolunmaz pozğunluqlar yaranmasın. Həyatda yaşayan adamların böyrəyi, qaraciyəri, toxumaları, 1 gözün buynuz qişası, sümük iliyi, dərisi köçürülə bilər. Amma digər orqanların sağlam, həyatda yaşayan adamdan nəqli qanunla qadağandır.

- Köçürülməli olan orqanlar nə qədər müddət bədəndən kənarda saxlanıla bilər?

- Hər bir orqanın bədəndən kənarda xüsusi məhlulda saxlanılma müddəti fərqlidir. Köçürülməli olan orqanın kənarda qalma müddəti nə qədər qısa olarsa, həmin orqanın yeni orqanizmdə tutma şansı bir o qədər yüksəkdir. Məsələn, böyrək donordan alınan kimi xəstəyə köçürülsə, bunun tutma şansı 90 faizdir.

- Bildiyim qədər, böyrəyi kənarda xüsusi məhlulda 30 saat saxlamaq mümkündür...

- Bəli, bu, mümkündür. Hətta, bəzən elə olur ki, xəstə analizlərini verib cavab gələnə qədər, bir sözlə, xəstə hazırlanana qədər iki sutka belə böyrək xüsusi məhlulda saxlanılır.

- Orqan nəqli edilən xəstələr və donorlar ömür boyu həkim nəzarətindəmi olmalıdırlar, yoxsa?..

- Biz həkimlər donorlara daha artıq diqqət yetiririk. Çünki sağlam insanı yarı insan edirik. Məsələn, böyrəyini verən xəstə tikişlər sökülənə kimi, yəni 21 gün içərisində 2 dəfə həkim nəzarətindən keçir. Tikişlər söküləndən sonra isə donor digər sağlam insanlar kimi 6 aydan bir istənilən terapevtə gedib sidiyin ümumi analizini, qan təhlilini, təzyiqini, şəkərini, şəkərin miqdarını yoxlatdırmalıdır. Hər halda nəzərə almaq lazımdır ki, əvvəl iki böyrəkli insan indi bir böyrəklidir, 2 böyrəyin yükü birinin üzərinə düşür. Donorlara həyat tərzi, qidalanmaları ilə bağlı da məsləhətlər verilir.

Orqan köçürülən xəstələr, məsələn, böyrək nəqli edilənlər əməliyyatdan sonrakı ilk aylar həftədə bir, 1 aydan sonra 10 gundə bir, 3 aydan-6 aya kimi isə 15 gündən bir həkim müayinəsindən keçməlidir. 6 aydan 1 ilə qədər olan müddətdə isə ayda bir, bir ildən sonra isə 2-3 ay aralıqla müayinələrdən kecməlidirlər. Çünki daim laborator müayinələr izlənilir immun sisitemi aşağı salan dərmanların qanda səviyyəsi tənzimlənir. Bəzən orqan nəqlindən sonra xəstəyə təyin etdiyimiz dərmanlar üz dərisinin kobudlaşmasına, yaxud saç tökülməsinə səbəb olur. Bu zaman xəstəyə psixoloji yardım edirik, başa salırıq ki, bu, dərmanın təsirindəndir dərmanların dozası azaldıqca bu problemlemlər geridə qalacaq.

- Orqanın tutmaması hansı halda baş verə bilər?

- Əgər əməliyyatdan öncə xəstə ilə donorun qanının, toxumalarının digər göstəricilərinin səhvən uyğun olduğu aşkarlanarsa, elə əməliyyat zamanı orqanın tutmama ehtimalı böyükdür. Amma bütün göstəricilər uyğun gəlirsə, bu zaman əməliyyat uğurla həyata keçirilir. Məsələn, böyrəyi nəql edəndən dərhal sonra əməliyyat uğurlu alınsa, 10 il sidiyə getməyən xəstənin sidik kisəsindən katetor vasitəsilə sidik gəlir. Amma orqanın tutması o demək deyil ki, bununla bitdi. Türkiyədə böyük qardaşından sümük iliyi köçürülən xəstə 4 il keçəndən sonra böyrək çatışmazlığı yaşadı həmin qardaşından böyrək aldı. Göstəricilər tam uyğun gəldiyindən qardaşından sümük iliyi böyrək alan xəstə həmin orqanları elə mənimsəmişdi ki, ona immun sistemini aşağı salan dərman verməyə ehtiyac qalmadı. Bir sözlə, əməliyyatın uğurlu alınması üçün yalnız xəstə donorun qan qrupu uyğunluğu deyil, insanın immunoloji statusunu müəyyənləşdirən bir sıra parametrlərin mümkün qədər uyğun olması da vacibdir. Belə uyğunluq halları o qədər çox olmadığından, xəstələr bəzən illərlə ona uyğun orqanın tapılmasını gözləməli olurlar. Onu da deyim ki, ömrünün sonuna qədər transplant olan xəstələrə immun sistemini aşağı salan dərmanlar veririk ki, orqanizminə nəql edilmiş orqanı yad cisim kimi bədəndənatmasın”.

- Transplantasiyadan sonra yad orqanın bədəndə qalma müddəti qədərdir?

- Əməliyyatın uğurlu alınması ilə bitmir. Orqan köçürülən adamlar ömrünün sonuna qədər dərman qəbul edirlər. Xəstənin özünün orqanizmini qorumasından çox şey asılıdır. Yəni vaxtlı-vaxtında dərmanlarını içməsi ilə yanaşı, digər bəzi xəstəliklərə tutulmaması da əsasdır. Bu cür xəstələr qeyd etdiyim kimi, immun sistemini aşağı salan dərmanlar qəbul etdiklərindən infeksiyon xəstəliklərə tez yoluxurlar. Məsələn, 1990-cı ildə böyrək transplatansiyası həyata keçirilən xəstənin indiyə qədər heç bir problemi olmayıb. Amma belə faktlar da var ki, keçən il orqanizminə böyrək nəql edilən xəstənin sözügedən orqanı bu il sıradan çıxıb. Böyrək köçürülən xəstə siqaret çəksə, spirtli içki içsə, vaxtlı-vaxtında dərmanlarını qəbul etməsə, digər xəstəliklərə tutulsa, əlbəttə ki, orqanın ömrü qısa olacaq.

- Yaxınlarda Türkiyədə orqan transplantasiyası üzrə ixtisaslaşmış Ağdəniz Universitetindən qayıtmısınız. Səfərin məqsədi idi?

- Mərkəzi Klinikadan Ağdəniz Universitetinə bir neçə həkim getdik 6 ay müddətində orada işlədik, təcrübə topladıq. Qeyd edim ki, Ağdəniz Universiteti transplantasiya üzrə İspaniyadakı orqan nəqli mərkəzindən sonra dünyada ikinci-üçüncü yerləri paylaşan universitet xəstəxanasıdır. Bizimlə birgə Azərbaycandan gedən cərrahımız bu universitetdə əsas cərrah kimi 30 böyrək əməliyyatı gerçəkləşdirdi, 123 böyrək nəqli qaraciyər nəqli əməliyyatına isə türkiyəli həkimin əsas assistenti kimi qatıldı.

- Ağdəniz Universiteti hətta üz nəqlini gerçəkləşdirib.

- Yanıqlardan, travmadan sonra dərinin nəqli, üz köçürülməsi əməliyyatı aparıla bilər. Ağdəniz Universitetində Türkiyədə ilk olaraq üz nəqli həyata keçirilib. Ölən bir insanın üzü xəstəyə köçürülüb uğrurlu nəticə alınıb. Bu, digər orqan nəqllərindən daha çətin bir prosedurdur. Əməliyyat zamanı plastik cərrahlar, bu sahədə ixtisaslaşmış həkimlər çalışır.

- Uşağa orqan köçürmək mümkündürmü?

- Bəli. Ağdəniz Universitetində olanda iki yaşlı altı aylıq körpə uşağa böyrək nəqli həyata keçirmişik. Amma uşaqlarda orqan nəqli daha çətindir. Çünki körpə uşaqların immun sistemi daha yüksək olduğundan, yad cismi qəbul etmələrini çətinləşdirir. Buna görə onlara immun sistemini aşağı salmaq üçün verilən dərmanların dozası daha yüksək olur.

- Azərbaycanda transplantasiya sahəsində vəziyyət necədr?

- Hazırda Azəbaycanda böyrək qaraciyər transpalantasiyası həyata keçirilir. Ürək transplantasiyası hələ ki olmayıb. Amma bu yaxınlarda bizim klinika tərəfindən xəstəyə süni ürək aparatı qoyuldu. Bu cihaz ürəyin gördüyü funksiyaları yerinə yetirir.

- Səhv etmirəmsə, dünyada böyrəyin funksiyalarını yerinə yetirən aparat hazırlanıb, hətta xəstənin orqanizminə yerləşdirilib ...

- Elədir. Amma köçürülən orqanın yerini heç verə bilməz. Bəlkə zaman keçdikcə, tibb sahəsi daha da inkişaf etdikcə, süni aparatların daha effektli olacağını görəcəyik. Amma hazırda aparatların orqanı əvəzləməsi bir o qədər özünü doğrultmur.

- Azərbaycanda daha çox hansı orqanların nəqlinə ehtiyac var?

- Böyrək, ürək qaraciyər. Ümid edirəm ki, gələcəkdə ölkəmizdə ürək nəqli gerçəkləşəcək.

 

 

Lalə Musaqızı

 

Kaspi.-2013.-21 fevral.-S.7.