«Məmurlara nəzarət etmək üçün ikili mexanizm mövcuddur» 

 

Bəhram Xəlilov: «Dövlət qulluqçuları vəzifə borclarını icra edərkən ilk növbədə obyektiv və vicdanlı davranmalıdırlar»

 

Ölkə başçısının bəzi məmurların etik-davranış normalarını pozmaları ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətin ayrı-ayrı sferalarında geniş müzakirələrə səbəb olub. “Nümunəvi məmur necə olmalıdır?”, “Vətəndaş-məmur münasibətləri necə tənzimlənməlidir?” və s. kimi suallar hələ də tam həllini tapmamış qalır.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun “Kaspi”yə müsahibəsi də vətəndaş-məmur münasibətləri barədədir.

 

İntizam tənbeh tədbirləri

 

- Ölkə başçısı İlham Əliyev bu yaxınlarda məmurların özbaşınalığı, vətəndaşlarla kobud davranışı ilə bağlı tənqidi fikirlərini səsləndirdi. Sizcə məmurların öz səlahiyyətlərini aşmasının səbəbi nədir?

- İlk növbədə hər bir məmur öz vəzifə borcunu icra edərkən digər şəxslər üçün vicdanlıq nümunəsi olmalıdır. Çünki o, öz vəzifəsini icra edərkən dövlətin adından çıxış edir. Ona görə də onların hər bir hərəkətinə həm ictimaiyyət, həm də dövlət başçısı tərəfindən həssaslıqla yanaşılır. Təbii ki, neqativ hallar təkcə bizim ölkəmizdə deyil, başqa ölkələrdə də baş verir. Ölkəmizdə dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanun qəbul olunub. Sənəddə dövlət qulluqçularının davranışlarının prinsipləri birmənalı şəkildə göstərilib. Dövlət qulluqçuları vəzifə borclarını icra edərkən ilk növbədə obyektiv və vicdanlı davranmalıdırlar. Onlar üçün bir sıra məhdudiyyətlər qoyulub. Bəzi şəxslər vəzifə başına keçərkən öz hüquqlarını yaxşı bilirlər, ancaq vəzifələrinin icrasında hansısa nöqsanlara yol verirlər. Bununla bağlı məmurların fəaliyyətinə nəzarət etmək üçün Azərbaycanda ikili mexanizm mövcuddur. İlk növbədə məmurların etik davranış qaydalarına çalışdığı dövlət orqanının rəhbəri nəzarət edir. İdarələrarası nəzarəti isə bizim komissiya həyata keçirir. Biz hər ilin sonunda dövlət orqanlarında etik davranışla bağlı görülən tədbirlər, bu qaydaların pozulması ilə bağlı intizam tənbehlərinin tətbiq edilməsi ilə bağlı hesabat hazırlayır və sənədi Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya təqdim edirik. Biz bu məlumatları ictimaiyyət üçün də açıq etmişik. Həmin hesabatlar rəsmi internet səhifəmizdə öz əksini tapır.

- Heç şübhəsiz, qanun məmurlardan daha diqqətli və intizamlı olmağı tələb edir. Ancaq qanunlar elə məmurların özləri tərəfindən pozulduqda onları hansı cəzalar gözləyir?

- Davranış qaydalarının pozulması ilə bağlı qanunvericilikdə bir neçə növ məsuliyyət nəzərdə tutulur. İlk növbədə bu intizam tənbeh tədbirləridir. Etik davranış qaydalarında korrupsiya ilə bağlı da bir sıra məqamlar nəzərdə tutulub. Bu, həm maraqların toqquşması, həm əmlakdan istifadə, həm də korrupsiya ilə bağlı digər amillərdir. Belə hallar baş verdikdə müvafiq orqanlar korrupsiya faktlarının olub-olmaması ilə bağlı yoxlamalar aparır və onun nəticələrinə görə, cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi barədə qərar qəbul edir.

 

İntizam tənbehlərinin biri

 

- Cəzalar əsasən nədən ibarət olur?

- Təbii ki, cinayət məsuliyyətinə cəlb olunanda, son hökmü məhkəmə çıxarır. İntizam tənbehi olduğu təqdirdə həmin dövlət orqanı rəhbəri məsuliyyətə cəlb edilir və «Dövlət qulluğu haqqında» qanunda nəzərdə tutulan intizam tənbeh növlərindən birini tətbiq edir. Hətta, elə bir intizam tənbeh tədbiri var ki, dövlət qulluğuna xitam verir.

- Tənbeh tədbirinin həyata keçirilməsi üçün hansı pozuntular əsas götürülür?

- Baş verən hüquq pozuntusunun növü nəzərə alınaraq dövlət orqanının rəhbəri qərar verir. Təbii ki, daxili yoxlamaların nəticəsinə əsaslanaraq intizam tənbehlərinin biri tətbiq edilir. O cümlədən, dövlət qulluğuna xitam verilməsi də bu sıraya daxildir.

- Siz hər il nəzarət qismində hesabatlar hazırladığınızı qeyd etdiniz. Qlobal baxanda vəziyyət necədir?

- Bu hesabatlara nə ictimaiyyət, nə də dövlət orqanları hələ tam alışmayıblar. Biz bu hesabatları yerləşdirəndə bəzi KİV orqanlarının da buna münasibəti fərqli olur. Bu hesabatlar hansı dövlət orqanında etik davranış qaydalarına görə hansı intizam tənbehlərinin tətbiq edildiyini göstərir. Həmin məlumatları mediaya təqdim edəndə hansı dövlət orqanında daha çox bu cür tənbehlər tətbiq edilibsə, orada etik davranış qaydalarının aşağı səviyyədə olmasını qeyd edirlər. Bu, belə deyil. Komissiya olaraq bu məsələyə yanaşmamız fərqlidir. Biz hesab edirik ki, hansı dövlət orqanında daha çox intizam tənbeh tədbirləri tətbiq edilibsə, deməli, orada etik davranış qaydalarına nəzarət güclüdür. Demək həmin dövlət orqanının rəhbəri həmin pozuntulara göz yummur, hansısa statistika dalınca qaçmır. Ancaq biz deyə bilmərik ki, bizdə etik davranış qaydaları ilə bağlı dövlət orqanlarında vəziyyət çox gözəldir. Elə olsaydı, heç bu qaydaların qəbul edilməsinə ehtiyac olmazdı. Biz mütəmadi olaraq dövlət orqanlarında bu cür təlimlər keçiririk. Həm onların xahişini nəzərə alırıq, həm də özümüz təşkil edirik. O cümlədən, bu sahə ilə bağlı beynəlxalq ekspertlər dəvət edirik. Hesab edirəm ki, bütün dövlət orqanlarında bu sahədə nəzarət güclü olmalı, heç bir etik davranış qaydası pozuntusunun üstündən keçilməməli və hər bir pozuntu qanunvericilikdə nəzərdə tutulan cəza ilə nəticələnməlidır.

- Maraqlıdır, eyni proses dünya ölkələrində necə həyata keçirilir?

- Biz bu qaydaları özümüzdən icad etməmişik. Bu, elə dünya təcrübəsidir. Hər bir ölkədə dövlət qulluqçularına etik davranış qaydaları ilə bağlı tələblər, onların davranışlarına dair məhdudiyyətlər var. Bu tələblər də birmənalı gözlənilməlidir. Ola bilər ki, tənbeh növləri hansısa nüanslara görə fərqlənsin, amma ümumi yanaşma bütün ölkələrdə bu cürdür.

- Siz cəza tədbirlərini müəyyənləşdirərkən yalnız öz monitorinqinizin nəticələrinə əsaslanırsınız? Yoxsa mediada yer alan hər hansı məlumatları və ya fiziki və hüquqi şəxslərin müraciətlərini nəzərə alırsınız?

- Biz idarələrarası nəzarəti həyata keçirərkən hansısa bir dövlət qulluqçusunun qeyri etik davranışı ilə bağlı məlumat daxil olanda həmin məlumatı dövlət orqanının rəhbərinə təqdim edirik və onlar da araşdırıb bizə məlumat verirlər. Bu proseduralar qanunvericilikdə də nəzərdə tutulub. Hansısa bir ictimai təşkilat, şəxs və ya KİV konkret bir pozuntu ilə bağlı müraciət edəndə, biz onu araşdırırıq.

- Cavab məlumatında hər hansı müdafiə elementi hallarının olması mümkündürmü? Belə olacağı təqdirdə, daha hansı metodlardan istifadə edirsiniz?

- Müdafiə elementi ilə yanaşı, burada konkret şikayətçi var. Yəni iş müdafiə ilə başa çatmır. Hər bir araşdırmanın nəticəsi kimi ilk növbədə şikayətçinin bu araşdırmadan razı qalıb-qalmamasına üstünlük verilir, kiminsə kimisə müdafiə etməsinə yox.

 

Yeni məmur nəsli

 

- Son dövrlər yeni məmur nəsli yetişir. Onlar sizin keçirdiyiniz imtahanların nəticələrindən asılı olaraq işə qəbul olunurlar. Necə bilirsiniz, bu yenilik dövlət qulluqçularının iş keyfiyyətinə təsir edirmi?

- Qəbul sistemi bizdə meritokratiya prinsipi əsasında qurulub. Yəni dövlət qulluğunda vakant vəzifələri ən yaxşılarıbilikləri, şəxsi keyfiyyətləri yüksək səviyyədə olan vətəndaşlar tutmalıdır. Bütün prosesin bazası buradan irəli gəlir. Biz bu qəbulu həyata keçirəndə bütün ardıcıllıq proseduralarımız bunu nəzərdə tutur. Bu da ona imkan yaradır ki, dövlət qulluğuna təsadüfi insanlar gəlməsin. Əvvəllər bu cür sistem olmayanda bəzi hallarda qeyd etdiyim meyarlarla yox, digər meyarlarla dövlət qulluğuna qəbullar keçirilirdi.

Artıq komissiya vasitəsilə dövlət qulluğuna 2500-dən çox vətəndaş qəbul olunub. Komissiyaya onların dövlət qulluğunda fəaliyyəti ilə bağlı hansısa mənfi rəylər daxil olmur. Ola bilər ki, bir-iki belə bir hal olsun, amma ümumilikdə rəylər müsbətdir. Bu da bizə prinsiplərə riayət etməklə dövlət qulluğu vəzifələrinə ən layiqli namizədləri seçməyə imkan verir. Qeyd edim ki, imtahanları komissiya keçirir, Müsahibə mərhələsində həm həmin dövlət orqanının nümayəndəsi, həm müstəqil ekspertlər, həm QHT nümayəndələri iştirak edirlər. Çünki hərdən bizim QHT-lər deyirlər ki, bu müsabiqələr qeyri-şəffaf keçirilir. Namizədlə müsahibə başa çatdıqdan sonra onlar da qərarın qəbul edilməsində iştirak edirlər.

- Vakant yerlərə qəbullar ən çox hansı dövlət orqanları üçün aparılır?

- Dövlət orqanlarında vakant vəzifələrin sayı da fərqlidir. Tutaq ki, bəzi dövlət orqanlarında, məsələn Dövlət Sosial Müdafiə Fondu Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluqçularının sayı çoxdur. Elə dövlət orqanları da var ki, orada 30-35 dövlət qulluqçusu çalışır. Təbii ki, bunlarda vakant vəzifələrin sayı da fərqlənir. Ən çox vakant vəzifələri qeyd etdiyim qurumlar İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarəedilməsi Komitəsi təqdim edirlər. Artıq 2-3 ildir ki, yerli məhkəmələrin aparatlarına da dövlət qulluqçularının seçilməsi prosesini aparırıq. Onlar da bizə çoxlu vakant vəzifələr təqdim edirlər. Orta hesabla hər il iki dəfə müsabiqə elan olunur. İndi biz artıq fəaliyyətimizin digər mərhələsinə keçirik. Biz keçən il 5-6 elan verdik. Bu da bizim potensialımızdan asılıdır. İstəyirik elə bir sistemə keçək ki, vakant vəzifə olan kimi elan verək. Yəni bütün dövlət orqanlarının bizə məlumat verməsini gözləməyək. Çünki onlar vakansiyalar haqqında məlumatları fərqli tarixlərdə təqdim edirlər. Biz artıq bu səpkidə fəaliyyətimizi davam etdirəcəyik.

- Yeni nəsil məmurları köhnə nəsil məmurlardan fərqləndirən hansı amillərdir? Məsələn, üçün bu gün ASAN xidməti nümunə kimi göstərirlər?

- ASAN xidmətin özəlliyi ilk növbədə ondan ibarətdir ki, o, aşağı səviyyədə korrupsiya hallarının aradan qaldırılmasına xidmət edir. Həmçinin vətəndaşların rahatlığını təmin edir ki, onlar öz problemlərini bir pəncərədə həll edə bilsinlər. Bir yüksək səviyyədə dövlət xidmətlərinin həyata keçirilməsi ASAN xidmətin əsas məqsədidir. Onu da qeyd edim ki, ASAN xidmətdə çalışanların əksəriyyəti bizim komissiya vasitəsilə işə götürülüb. ASAN xidmət kadr məsələlərində, vətəndaşlara yanaşmasında, yüksək səviyyədə göstərdiyi xidmətlə bəzi dövlət orqanları üçün nümunə ola bilər.

- İdeal məmur, vətəndaş-məmur münasibətlərinin ideal forması mümkündürmü?

- Həyatda heç nəyin ideal forması yoxdur. Yalnız məhdudiyyətlər prinsiplər varhamı da ona riayət etməlidir. Məsələn, iki dövlət məmuru eyni prinsiplərə, eyni məhdudiyyətlərə riayət etsələr onlar yenə fərqli olacaq. Ancaq biz çalışmalıyıq ki, dövlət qulluqçuları maksimal dərəcədə qanunvericilikdə nəzərdə tutulan prinsip məhdudiyyətlərə riayət etsinlər. Dövlət orqanı rəhbəri öz davranışı ilə hamıya nümunə olmalıdırsa, onların ailə üzvlərinin üzərinə eyni məsuliyyət düşür. Ümumi qəbul edilmiş normalar var. Hansısa məmurun övladı bu qaydaları pozursa həmin məmur digərləri üçün necə nümunə ola bilər? Təkcə məmurlar yox, elə bütün insanlar ilk növbədə həyatda təvazökar olmalıdır. Digər tərəfdən, onlar öz potensiallarını artırmağa çalışmalı, şəxsiyyət kimi formalaşmalı, nəhayət, vətənlərinə, xalqlarına xidmət etməlidirlər. Onlar həyatlarını fəaliyyətlərini şəxsi ehtiyaclarının ödənməsinə sərf etməməlidirlər.

 

 

Təranə Məhərrəmova

 

Kaspi.-2013.-22 fevral.-S.7.