Azərbaycanlı şairin Türkiyədəki uğurları

 

 Bakuinfo.az saytının baş redaktoru, şair Əvəz Qurbanlının “Xocalı baharı” şeiri ötən ay Türkiyənin Qazi Universitetinin filologiya fakültəsinin 2013-cü il məzunları üçün diplom işi kimi verilib.

Xatırladaq ki, “Xocalı baharı” şeiri İstanbul Şeir Akademiyasının 2011-ci ildə keçirdiyi, bütün türkdilli ölkələrin qatıldığı şeir müsabiqəsinin qalibi olub. Eləcə də 2012-ci ildə Türkiyənin Ceyhan şəhərində keçirilən “Türk Dünyası Birinci Ceyhan Aşıqlar Bayramı”nın proqramına daxil edilib, TRT, KanalD, CİNE5, UluslaraarasiTV, Kanal7 televiziya kanallarında səsləndirilib, Türkiyənin aparıcı qəzetlərində bu haqda məlumatlar yayımlanıb.

Şeirdə rast gəlinən Anadolu türkcəsi ilə bəzi ifadələr, şeirin Türk dünyasında daha da anlaşılan olması üçün nəzərdə tutulub. Poetik incəliklərlə zəngin olan “Xocalı baharı” şeiri, əruz vəzninin müctəss bəhrində, rəvan dildə yazılıb.

 

 

Xocalı baharı

 

Zaman donubdu bu yerlərdə, vaxt ötüb keçməz,

Saatlar ömrü dalınca yedəkləməz bu bahar!

Yaşantı səsləri duymaz təbiətin qulağı,

Tumurcuq açmaz, ağaclar çiçəkləməz bu bahar…

 

Bu kənddə evlər adamsız keçindilər neçə il,

Soyuqda evsiz-eşiksiz qalan adamları tək…

Qapandı pəncərəsi xəstələnmiş arzuların,

Ətirli mehlə otaqlar küləkləməz bu bahar.

 

İtirdi odlu ürəklər Günəş sıcaklığını,

Soyuq sabahları bəhs eyləməz məhəbbətdən.

Yubandı qaldı sabahlar ötən baharlarda,

Sevənlər ondakı istəklə bəkləməz bu bahar!

 

Cahan baxıb susar! Ancaq silahlar odlanıyor,

Qar üstə körpələrin güllələnmiş izlərinə!

Can üstə bir qarının son sədasıyavrum!” olar,

Gözündə körpə ümidlər iməkləməz bu bahar!

 

Zaman donubdu bu yerlərdə, vaxt ötüb keçməz,

Saatlar ömrü dalınca yedəkləməz bu bahar!

Yaşantı səsləri duymaz təbiətin qulağı,

Tumurcuq açmaz, ağaclar çiçəkləməz bu bahar

 

Kimin batırsa əli bir günahsızın qanına,

cür hesab verəcək, anlamır, Qiyamətdə?

Eheeyy! Bu gün harada türk ölür - günahsız ölür!

Əzəldə türk qanı yoğruldu çün ədalətdən!

 

Zaman durar - harada türk qanı tökülsə əgər,

Nədən cahanda yaşam bəs sürüb-sürüb gediyor?

İçimdə “Sur” səsi tək bir nida qopur: “Əcəba,

Zaman mühərriki türkün qanıyla dövr ediyor”?!

 

 

 Kaspi.-2013.-23-25 fevral.-S.16.