ABBASLA MƏHƏR (Hekayə) 

 

Vüqar Dəmirbəyli

 

Abbas köhnə kişilərdən idi. Özü də Kitabdan-Qurandan xəbəri olan adamıydı. Atası hələ uşaqkən onun ərəbcə yazıb-oxumağı öyrənməsinin qayğısına qalmışdı. Bəzi duaları da əzbərdən bilirdi. Amma gəl ki, kişi valideynlərini tez itirmiş, yerdə qalan iki qardaşına baxmaq yükü də onun üstünə düşmüşdü. Ona görə də atasının istədiyi kimi mədrəsə təhsil ala bilmədi, həqiqi bir din adamı ola bilmədi. Amma cuvarlığı öyrəndi; bir az zəhmətli peşə olsa da, suyun-selin içində çapalamaq lazım gəlsə də, özünə də, qardaşlarına da bununla çörək pulu çıxara bilirdi.

Abbas çox sağlam vücudlu və qüvvətli idi. Onun haqqında kənddə deyərdilər ki, guya bir gün qonşunun öküzü kəndiri qırıb qaçır, o da qabağına çıxan Abbasdan heyvanı saxlamağı xahiş eləyir, Abbas da öküzü quyruğundan tutub saxlayır – yəni kişlinin gücü o qədər çox idi. Bəlkə belə olduğuna görə də kəndə Şura hökumətinin adamları gələndə, bu pəhləvan cüssəli gəncə milisdə işləməyi təklif etdilər. Abbas əvvəlcə istədi ki, imtina eləsin, amma sonra nə fikirləşdisə, razılaşdı.

Uzun illər sonra Abbas kişi artıq yaşa dolmuş oğlanlarını masa ətrafında başına yığarkən, onlara öz həyatından da danışardı:

- Dava vaxtıydı onda, bir gün eşitdik ki, paçcahı yıxıblar. Arada bir müddət sakitlik oldu, neçə aydan sonra bir də xəbər çıxdı ki, indi də rusun təzə hökuməti qurulub – balşavoj hökuməti. Bunnan sonra aləm dəydi bir-birinə, qaydaya-qanuna ta məhəl qoyan olmadı, dərəbəylik vaxtında olduğu kimi, hər kənd, hər mahal başladı yenə özü-özünü idarə eləməyə. Bir az da keçmişdi ki, ermənilər bizə hücum elədilər. Bu da birinci dəfə döyüldü, ermənilər əvvəllər də üstümüzə gəlmişdilər.

Bu da varıydı ki, ermənilər bir musurmanı öldürürsəydilər, urus hökuməti bunu çox vaxt qulaqardına vurardı, səs çıxmasın deyə, bir yolla öldürülən adamın ailəsini sakitləşdirməyə çalışardı. Öldürülənin də ya atası, ya qardaşı gedib ermənidən qanını alar, sonra da qaçaq düşərdi. Amma musurman erməniyə sataşaydı ha, bir həngamə qopardı ki, gəl görəsən – aləm dəyərdi bir-birinə. Əgər səbəbkar imkan tapıb qaçmasaydı, dərhal tutar, cəzalandırardılar. Ciddi məsələyə, ölüm işinə qalanda da ya güllələyər, ya da Sibirə göndərərdilər.

Ermənilər dağ kəndlərində, sıldırımlıqda-qayalıqda yaşayırdılar, buna görə də çox vaxt aclıq çəkərdilər. Biz kömək eləməsəydik, bəlkə də çoxdan ölmüşdülər. Amma olmazdı belə, gözümüz görə-görə onların milçək kimi qırılmasına razı olaq. Müsəlmançılıqda bu yolverilməzdi axı. Ona görə də yuxarıda, dağlardakı erməni kəndləri aclıq çəkəndə, onlara əlimizdən gələn köməkliyi eləyərdik: taxıl, arpa verərdik, bəzən lap heyvan da. Belə qalanda, əlaqələrimiz də həmişə varıdı; alış-veriş eləyərdik, işimizi gördürərdik – haqq üçünə, içlərində həmişə yaxşı ustaları olur ermənilərin. Yəni belə baxanda, nə bizim onlarnan bir işimiz yoxudu, nə də onların bizinən. Amma bir də görürdün ki, ya Bakıdan, ya Tiflisdən, ya Maskovdan, ya da lap elə Firəngdən bizim tərəflərə faytonnan geyimli-kecimli, sürtoyda, başı silindirli ermənilər gəlirdilər. Həmin o gələnnər burdakılara nə deyirdilər, bilmirəm, amma onlar gəlib-gedəndən sonra ermənilər dönüb olurdular tam başqa adam. Daha heç musurmana salam da vermək istəmirdilər, özləri də elə «qan-qan» deyirdilər. Belə vaxtlarda çox təhlükəli olurdu onlarnan qarşılaşmaq, özləri də bir də görürdün ki, qəfildən bizə hücum elədilər. Amma ara bir az səngiyəndən sonra qayıdıb olurdular əvvəlki təkin, ta ki, bura həmin silindrli ermənilər bir də gələnə kimi.

Bizdən o vaxtı əsgər aparmazdılar, deyirdilər ki, urus musurmana etibar eləmir. Biz bunun əvəzinə pul verərdik, yəni ki, nalox. Amma ermənilərin hamısı orduya qulluğa çağrılardı, aralarında çoxlu əfsər də vardı. Bizdən tək bəylər qulluğa gedərdilər, dava vaxtı da özləri gəlib kənddən adam yığardılar, paççahın ordusunda vuruşmağa. Həmin o vuruşanlar da geriyə çox vaxt rütbəynən qayıdardılar. Biri də bizim Cavadıdı, beləcə paççahın ordusunda qulluq eləyib minbaşı rütbəsi almışdı. Paççahın ordusunda ara qarışandan sonra da yenə kəndə qayıtmışdı.

Bir gün yuxarı kəndlərdən xəbər gəldi ki, ermənilər hücum eləyib neçə obanı dağıdıblar, nə qədər adam öldürüblər, mal-qaranı, davarı aparıblar, hər yerdə ot tayalarına od vurublar. Dedilər ki, indi də bizim kəndə tərəf gəlirlər, bir azdan burda olacaqlar. Biz kişilər kəndin ortasına yığışdıq ki, məsləət-məşvərət eləyək, sonra da yaraqlanıb-yasaqlanıb kəndin girəcəyinə çıxdıq, amma cəmisi iyirmi atlı getdik ora, yaxşı atanlardan, qalanı geridə qaldı ki, arxanı gözdəsinnər. Kəndin bəylərindən də bir neçəsi biznən idi. Həmin minbaşı Cavad da dəstəyə başçılıq eləyirdi. Kəndin girəcəyindəki təpə var ha, Cavad hamımızı onun arxasında yerləşdirdi. Günortaya yaxın qara bir dəstənin yolla yuxarıdan aşağı kəndə tərəf irəlilədiyini gördük; hardasa bəlkə bir yüz əlli atlıydı, iki arabaları da vardı, onların dalına qoşulmuş topları da. Cavad qabaqcadan bizə bildirmişdi ki, o əlini yuxarı qaldıranda atmağımız lazımdı, özü də hamımız gərək birdən başlayayadıq ki, erməniləri təşvişə sala bilək.

Onu deyim ki, bizi qulluğa aparmasalar da, yenə tüfəng atmağımız, at minməyimiz ermənilərdən üstünüdü ki, dala qalmazdı. Özümüz də tez-tez ova çıxardıq. Bir də hər kəsin öz kəndimizdə olsun, ya qonşu kəndlərdə, düşmənçilik elədiyi adamlar, ya qan düşmənləri vardı. Ya getdiyin yerdə yolda bir yad adama rast gəlsəydin, ata bilərdi, arada bir mübahisə düşsəydi. Bundan yana tüfəngsiz – atsız gəzmək çox təhlükəliydi, ələlxüsus da başqa kəndlərə yolun düşərdisə. Tez-tez atışmalar olardı, kənd adamlarının arasında olsun, ya qonşu kəndlərnən olsun. Ona görə də biz atışmadan, davadan qorxan döyüldük. Hökumət nə qədər qadağan eləmək istəsə də, yenə həmişə tüfəngli-patrondaşlı hərlənərdik. Nə bilirsən axı qabağına kim çıxacaq? Ermənilərnən də, dediyim kimi, əvvəllər də münaqişələrimiz olmuşdu, ona görə də onlardan da elə bir qorxumuz yoxudu. Bir şey vardı ki, qulluq görmədiyimizdən, hərbidən başımız çıxmazdı. Öz aramızda baş verən atışmalar ayaqüstü keçərdi, olsa-olsa bəlkə bir ağacın-filanın dalına keçərdik ki, güllədən qorunaq, ya da atın yalına sinərdik. Belə atışmadan cəld, çevik olan, yaxşı atan həmişə qalib çıxardı. Amma bu dəfə üstümüzə gələn dəstəyə diqqət eləyəndə başa düşdük ki, bu nəsə başqa şeydi, bizim indiyə qədər gördüyümüzdən döyül. Ömrümdə heç top görməmişdim, eləcə eşitmişdim ki, belə bir şey var. Əyinlərindəki də qabaq Gəncədə gördüyüm paççah əfsərinnən saldatının paltarından idi. Yəni ki, üstümüzə gələnlər paççahın yaraqlı-yasaqlı əfsərinnən saldatıydı, erməni olsalar da. Cavad bayaqdan bizə verdiyi göstərişləri bir də təkrar eləyib dedi ki, nə olsa da gərək başımızı yuxarı qaldırmayaq, çünki vura bilərlər. Sonra birdən əlini qaldırdı, tək məndən və başqa iki nəfərdən savayı atan olmadı – o birilər onun işarəsini başa düşməmişdilər. Atmağımız sərrast idi: hərəmiz bir ermənini aşırdıq. Amma onlar birdən-birə bizə bir səs-küynən cavab verdilər ki, gəl görəsən. Bu dəfə də Cavadın dediyini qulaqardına vurub, biznən gələnnərin hamısı başlarmı yuxarı qaldırmışdılar. Ermənilər üç-dördünü vurdular. Biri də bizim kirvə Nədirin böyük oğluydu. Onun da yaxşı atmağı vardı denən, özümüznən götürmüşdük. İstədim mən də arada başımı qaldıram, amma gözüm minbaşının gözünə sataşdı, mana çox qınayıcı baxdı deyin, bir də başımı yerə dirədim. Atmaq üçün başını qaldırmasan olmazdı, amma gərək bacarıb tez də geri çəkə biləydin. Sonra birdən-birə lap qulaqbatıran bir gurultu eşitdik: ermənilər imkan tapıb topu işə saldılar. Başı, sinəsi təpədən çıxanları indi də əksərən topun mərmisi – qəlpəsi tutdu. Çoxusu ölməsə də yaralanmışdı. Yara sarımağa yanımızda bir zad da yoxudu. Amma yenə də vuruşmağımız lazımıydı, çünki arxada arvad-uşaq vardı, ailə vardı. Belə bir çətin vəziyyətdə Cavad gənə də bizə döyüş aparmağın qaydalarından danışdı. İndi daha çoxumuz başa düşmüşdük ki, bir az ehtiyatlı olmaq lazımdı. Ermənilər bundan sonra da üzüyuxarı bir neçə dəfə top mərmisi buraxdılar. Amma daha onlardan nə cür qorunmağı bilirdik deyin, bu mərmilərin bizə o qədər zərəri dəymədi. Bizim atdığımız gülləsə boşa çıxmırdı. Atışma düz iki saata yaxın davam elədi. Sərrast atmaqlarımızla ermənilərdən xeylisini qırmışdıq. Bir neçə dəfə də top atdılar. Yenə faydası olmadı. Bizim isə ermənilər, yol aşağıdan keçdiyindən, elə bil ovcumuzun içindəydilər və buna görə də onları dənləməkdə davam eləyirdik. Aşağıdan yuxarı vuruşmaq isə onlar üçün çox çətin idi. Bir də gördük ki, sağ qalanları atlarının başını çevirib geriyə götürüldülər, ölənlərini, yaralılarını, arabalarını, toplarını qoyub qaçdılar. Vurduğumuz erməniləri bir kənara aparıb basdırdıq, yaralı olanları da onlardan qalan tüfəng – yaraqnan, arabalarnan, toplarnan bərabər götürüb kəndə qayıtdıq. Öz ölənlərimizi də gətirib kənddə torpağa tapşırdıq. Topları da sonra bəylər götürdülər, dedilər ki, vəziyyət indi qarışıqdı, nə vaxtsa lazım olar. Yaralı ermənilər and-aman eləyirdilər ki, onların bir günahı yoxdu, zornan gətiriblər bizim üstümüzə. İçlərində bir-ikisini tanıyırdım da. Yaralılardan bəzisi öldü, sağalda bildiklərimizə də təpindik ki, bir də belə şey eləməsinlər, sonra da buraxdıq getdilər. Bizdə kənddə həkim yoxudu. Ağır xəstəmiz olanda, çox vaxt onu arabaya mindirib, Gəncəyə aparardıq. Bu da həm bahaydı, həm də yol uzağıdı. Buna görə də naxoşu, nasazı, yaralını çox vaxt elə özümüz türkəçara sağaltmağa çalışardıq. Hə, nəysə, o kəndin girəcəyindəki atışmadan sonra, arada bir az sakitçilik oldu, amma biz başa düşürdük ki, ermənilər yenə hücum eləyə bilərlər. Bizim o qədər qüvvəmiz yoxudu. Bakı da o zaman qəmisarrarın əlindəydi, onların da çoxusu erməni, rusudu. Bundan yana onlar da musurmana qarşı çox vaxt ermənilərnən bərabər hərəkət eləyirdilər. Gəncədə, Şəmkirdə də ermənilər yaman fəallaşmışdılar. Şəmkirdə bir məclis də qurmuşdular, nəsə bir erməni məclisi, o da qərar çıxartmışdı ki, Şəmkirdən, Gəncədən belə bütün bizim tərəflər, nəsə bir erməni devləti yaranmalıydı guya, ona birrəşsin. Bəylər amma sağ olsunnar, heç pul – mal əsirgəmədilər, xeyli silah alıb yığdılar. Minbaşı Cavad da başladı biz kişilərə təlim keçib davaya hazırlaşdırmağa. Kəndin bəylərindən lap böyüyü Səfər bəy tez-tez Gəncəyə gedib-gələrdi, bir gün də eşitdik ki, orda nəsə devlət kimi bir şey qurublar. Nəsə heç ağlabatan döyüldü: deyirdilər daha öz əlimiz, öz başımız olacaq, ayrıca özümüz devlət olacağıq, öz qoşunumuz, bayrağımız, xəzinəmiz olacaq, rusa-filana ta bir dəxlimiz olmayacaq. Bir də bütün musurmannar birləşəcək ki, daha düşmən bizə bata bilməsin. Sonra başladılar Gəncənin özündən, ətrafdan orduya adam yığmağa. Mən də getdim. Onda Qarabağ erməniləri də ayağa qalxıb bütün Qarabağı tutmuşdular, musurmana qan uddururdular. Gəncədən Qarabağa tərəf hərəkət elədik, qanlı vuruşmalar oldu. O vaxt Osmannı da bizə köməyə gəldi, bu Gəncədə qurulan hökumətin – adına Musavat deyirdilər – Osmannıynan çox yaxşı əlaqələri vardı. Osmannılar bizim tərəfə də gəldilər, bərabər Ortakəndi erməni dəstələrinnən təmizdədik. Bir az onlarnan ordan – burdan da danişırdıq; dillərini musurmancaya oxşuyurdu, oxşamağına, amma tam başa düşmək olmurdu. Osmannı bizim bəylərin qurduğu orduynan bir yerdə sonra Bakıya da çıxdı, bu Musavat da sonra Gəncədən oraya köçdü. Nəsə, o zaman bir xeyli kəndləri geri aldıq. Amma ermənilər çox hazırlıqlıydılar və yaxşı silahlanmışdılar deyin, Qarabağı onlardan tam qurtarammadıq. Sonra bir də xəbər çıxdı ki, bu Dağıstan tərəfdən urus üstümüzə gəlir, yəni balşavoylar – urusun təzə hökuməti. Bəylər onların əleyhinə çox danışdılar, dedilər ki, gərək biz onları özümüzə yaxın buraxmıyaq, çünki hamısı gədə-güdədi, özləri də namussuz-qıryatsız adamlardı, gəlsələr, dinimiz-inamımız tamam əldən gedəcək. Amma bir az keçmiş eşitdik ki, Bakıda Musavat hökuməti balşavoylara təslim olub, Osmannı da, ingilis də oranı buraxıb gedib. Bu xəbər bizim kəndin bəylərinə yaman pis təsir elədi. Dedilər ki, amma onsuz da o allahsızları kəndimizə yaxın qoymuyacağıq. Bizim kənd böyük kənddi deyən, bəylərin də mal-mülkləri, torpaqları çoxudu, amma özləri alicənabdılar, həm də təhsilli, nəcib bəylər idilər. Pisliknən, zalımlıqnan işləri yoxudu, kasıba-kusuba da əl tutanıdılar. Rəiyyətnən də yaxşı yola gedərdilər, bir kimsənin də nahaqdan incidilməsinə yol verməzdilər.

Əvvəl balşavoylar Gəncəyə gəldilər, aralarında musurman da çoxudu. Gəncədə böyük vuruşmalar oldu, nə qədər adam qırıldı. Gəncəlilər amma axırda basıldılar, çünki Şura hökuməti çox güclüydü. Sonra Şura hökuməti başladı ətraf kəndləri də tutmağa, erməniləri də yığışdırdılar yavaş-yavaş. Bir gün də bizim kəndə girdilər. Bəylər bizi toplayıb onlara qarşı qaldırdılar. Kəndə böyük bir çaxnaşma düşdü. Biz Şura hökumətinin göndərdiyi saldatın çoxunu öldürdük. Amma kəndə ondan da çox saldat göndərdilər. Bu dəfə ta onlarnan bacarmadıq deyə, bizim tərəf basıldı.

Beləcə keçdik bu təzə hökumətin əlinə. Mən, düzü, Sibir gözdüyürdüm, amma mana, bir az sorğu-sualdan sonra, milisdə işləməyi təklif elədilər. Mən də razı oldum, onsuz da daha başqa yolum yoxudu. Sibirəsə bəyləri göndərdilər, bəzilərini də güllələdilər. Hayıf onlardan, amma neynəmək olardı, zamana beləydi. – Bu yerə çatanda Abbas kişi həmişə Şura hökumətinə dua eləyərdi: – Bu hökumət yaxşı hökumətdi, kasıb-kusubun hökumətidi, həm də hamıya öz yerini göstərən hökumətdi.

Bundan sonrasını isə danışmazdı. Amma oğlanları başqalarından atalarının həyatına dair ayrı əhvalatlar da eşitmişdilər, bunlardan da ən əsası Abbasın Məhərlə olan əhvalatı idi.

Məhərlə qohum idilər – Abbas onun əmisi qızını almışdı. Abbas onda yenicə evlənmişdi, artıq bir müddət idi ki, milisdə işləyirdi, özü də tez-tez milis dəstəsiynən qaçaqları axtarmağa gedər, hər gedəndə də ya atışmada bir neçə qaçaq öldürər, ya bir neçəsini əsir tutub gətirər, hökumətə təhvil verərdi. Bu işinə görə də rəhbərlik tərəfindən tez-tez təriflənirdi. Hətta qulağına hərdənbir çatırdı ki, onun vəzifəsini böyütmək istəyirlər, yaxşı işlədiyinə, canla-başla qulluq göstərdiyinə görə. O biri yandan Abbas tutub gətirdiyi adamlara çox acıyardı. Amma neyliyəsən ki, onun tay-tuşlarının, dünən çiyin-çiyinə vuruşduğu həmkəndlilərinin bəziləri o zaman Şura hökumətinə inanmayıb, kəndin ətrafındakı dərə-təpəyə qaçdılar. İndi də qulluq beləydi, gərək onları tutub, hökumətə təhvil verəydi. O getməyəndə, milis dəstəsi kəndin ətrafındakı uzanıb gedən, ucu-bucağı görünməyən, boş, barsız, ot-ələf də bitməyən, kənd əhlinin «rəməlik» dediyi, yarı qum, yarı torpaq dərə-təpəlikdə itib batardı. İtki də Abbassız gedəndə milis işçilərindən çox olardı; çoxusu Gəncədən, hətta Bakıdan gəldiklərindən, buralarda nabələd idilər, ətrafı, o yaxındakı kəndləri də tanımazdılar. Ona görə də rəhbərlik çalışardı ki, həmişə Abbası dəstənin başında göndərsin. Bəzi ələ keçən həmkəndliləri yolda ona çox yalvarar, onları buraxmasını istəyərdilər. Amma bunu eləyə bilməzdi axı. Necə eləyəydi, özü də bir dəstə adamın gözü qabağında. Kimsə rəhbərliyə xəbər verərdi həmən. Tək olsa belə yenə bir kimsəni buraxa bilməzdi. Çünki ona tapşırılan işi can-başla, sərrast yerinə yetirməyə alışmışdı, özü də elə əvvəldən çox intizamlı idi. Bunu Abbasa hələ atası öyrətmişdi. Atası həmişə o başdan qalxar, ailəsini də özü ilə bərabər qaldırardı; birlikdə namaz qılar, sonra da həyət-baca, bağ-bağça işləriynən məşğul olardılar. Atası vəfat edəndən sonra da Abbas elə bu vərdişində qaldı, yenə həmişə tezdən durar, dəstəmaz alıb namaz qılardı. Şura hökuməti qurulandan, milisdə işə düzələndən sonra da həyat tərzini dəyişmədi. Bir dəfə nəçənniyin özü Abbası yanına çağırıb onunla bu barədə söhbət eləmək istədi.

- İşindən çox razıyam, Abbas, – deyə nəçənnik söhbəti bir az uzaqdan başladı. – Belə qoçaq, necə sizin tərəfdə deyirlər, vuran-tutan bir oğlansan. Səni kimi bir neçə işçimiz də olsaydı, onda bu qaçaqlarnan məsələni tez çürüdərdik. Amma qulağıma çatıb ki, dəstəmaz alırsan, namaz qılırsan, nəsə heç inanmağım gəlmir, səni kimi bir oğlan… – burada nəçənnik birdən dayandı, sonra da bir neçə addım geri çəkilib, elə bil ki, onu süzgəcdən keçirmək, nə kimi bir adam olub ürəyində kimlərin tərəfində olduğunu nəhayət ki, bilmək istədi. – Sən amma əvvəlcə bəylərin tərəfində vuruşmusan, bəlkə o hava hələ başından getməyib, bəlkə Şura hökumətinə qulluq eləmək o qədər də ürəyindən deyil?

Abbas bu cür münasibət, belə bir söhbət gözləmirdi, ona görə əvvəlcə elə bil bir az çaşan kimi oldu, bilmədi nə desin, amma sonra özünə gəlib:

- Mən, nəçənnik, Şura hökumətinə cannan-başnan qulluq eləyirəm və bu hökumətdən də çox razıyam, – deyə cavab verdi. – Düzdü, haqq üçünə bizim kəndin bəyləri də pis adam döyüldülər, kasıb-kusuba əl tutanıdılar.

Nəçənnik bunu eşidəndə dönüb tərs-tərs Abbasa baxdı. Abbas isə bu dəfə özünü itirmədi:

- Mən nə var, onu deyirəm, nəçənnik. Dəstəmaz alıb namaz qılmağa gələndə, bu da mənə ata-anamdan qalıb. Mən bu işə öyrəncəliyəm, namaz qılmasam dura bilmərəm. Mən amma namazı indi gündə beş dəfə yox, iki dəfə, bir dəfə o başdan, bir dəfə də yatmazdan qabaq qılıram.

Nəçənnik daha bir söz deməyib susdu. Amma Abbasın dediklərindən o qədər xoşlanmadığını da gizlətməyə çalışmadı.

Nəçənniyi Bakıdan göndərmişdilər, amma özü haradansa Ağsu tərəfdən idi. İşində o da nizam-intizamlı, tələbkar idi, gəl ki, adamlara elə bil bir az etimadsız, şübhəynən yanaşardı. Gecə-gündüz Şura hökumətinin nə kimi məziyyətlərə sahib olmasından, xalqın hökuməti olmasından danışır, onu tərif eləyirdi:

- Bayaqdan bir ovuc adam xalqın qanını sorurdu, özü yağın-balın içində yaşayırdı, camaatsa acından ölürdü. İndi daha keçdi bu! Şura hökuməti son qoydu buna! Amma hər tərəf düşmənlərlə, bizim haqq işimizə əngəl törətmək istəyənlərlə doludur. Biz buna da son qoymalıyıq.

Bir dəfə nəçənnik yenə Abbası yanına çağırıb dedi:

- Bura bax, deyirlər o quldurbaşı Məhər sənin qohumundu. Get onnan danış, de qoy hamısı silahı təhvil versinlər, biz də onu, başının dəstəsinnən bir yerdə üzə çıxardaq. Onun da, dəstəsinin də təhlükəsizliyinə mən təminat verirəm.

Abbas milis dəstəsinin başında yenə kəndin ətrafına yollandı; bu dəfə əvvəlki səfərlərdən fərqli olaraq, sevinə-sevinə gedirdi. Sevinirdi ki, daha öz həmkəndliləriylə vuruşmayacaq, onlardan kimlərisə öldürüb, kimlərisə əsir götürməli olmayacaq. Belə bir təklifin nəçənniyin özü tərəfindən verilməsi onu daxilən xeyli məmnun etmiş, arada barışıq yaranmasına ümid yaratmışdı. Abbas yol boyu fikirləşirdi ki, axı bundan yaxşı nə ola bilər qaçaqlar üçün, nə qədər adam qurd təki çöldə-biyabanda qalar? Çirkin-pasın içində, yarıac-yarıtox, istidə-qızmarda, çovğunda-boranda. Rəməliyin istisi də, soyuğu da yaman olur – hər ikisinə tab gətirmək çətindir. Ətrafda da ki, yeməyə bir şey ələ keçməz, ilan-kərtənkələdən başqa, bir ağac tapmazsan ki, səni günəşdən, ya yağışdan qorusun. Düzdü, əvvəl paççahın vaxtında da qaçaqlar vardı. Amma o başqaydı, o zaman onların dalında camaat durardı, yeməyini-içməyini verərdi, lazım olanda gizlədərdi. Həm də o zamankı qaçaqlığın bir təhər-törü varıydı; kimsə bir namus üstündə, ya bir camaata zülm eləyən qulluq adamını öldürüb, qaçaq düşərdi. Bu da bir igidlik, bir qeyrət sayılardı. Amma indi? Camaat getdikcə daha çox Şura hökumətinin tərəfini saxlayır, çünki başa düşür ki, kasıb-kusubun hökuməti həqiqətən də qurulub. Düzdü, təzə hökumət bir az dinə-imana çox da hörmətnən yanaşmır, amma bu da Allahın köməyi ilə uzun sürməz, keçib gedər, qoy hələ əvvəl camaatın güzəranı bir az yaxşılaşsın. Yoxsa ki, adamlar lap dilənçi günündəydilər. İndi Məhər gərək bunu bilə ki, onun üçün də, dəstəsi üçün də gözəl imkan yaranıb; gərək silahı yerə qoysun, üzə çıxsın, yenidən balalarına qovuşsun. Təzə hökumət bəlkə ona da bir işdən-zaddan verdi – qoçaq oğlandı, belələrinə ehtiyac çoxdu. Üzə çıxmasa neynəyəcək, qalıb burda acından öləcək, qurda-quşa bir gün yem olacaq.

Həmin gün Abbas kəndə gedib, qaçaq dəstəsindən olanlardan birinin qardaşmı da özü ilə götürmüşdü. Fikri oydu ki, əvvəlcə onu qaçaqların yanına danışığa göndərsin, yəni şad xəbərə ki, hamısını hökumət əhv eləyir, çıxsınlar üzə. Atlı milis dəstəsi kənddən aralanıb rəməliyə yan aldı. Hava istiydi, atların dırnaqlarından qopan toz dumanı yuxarı qalxır, ciyərlərinə dolurdu. Qaçaqlar gözə dəymirdilər. Əslində bu onların bir fəndi idi. Bitib-tükənmək bilməyən rəməliyin bir tərəfində gizlənər, gələn olduğunu duyan kimi silaha əl atıb, qəfil hücum edərdilər. Amma son zamanlar xeyli zəifləmişdilər, ərzaq, sursat sarıdan da xeyli korluq çəkirdilər. Ona görə də bir gülləni belə boş yerə atmamağa, ərzağa isə qənaət eləməyə çalışırdılar. Abbas qaçağın qardaşını qabağa göndərdi:

- Get, axtar tap onları, de ki, bayaq sənə danışdığım kimi, hökumət əhv eləyir bütün qaçaqları, nəçənnik özü söz verib, üzə çıxaracaq hamısını. Biz indi burda gözdüyürük, Məhərə de ki, əvvəlcə tək mənimlə danışığa gəlsin, bu barədə söhbətdəşək, bir məsləat eləyək.

Qaçağın qardaşı özünü rəməliyə vurdu. O atını yavaş-yavaş sürür, ətrafına boylanır, yavaşca qaçaqları səsləyirdi. Beləcə kişi dəstədən uzaqlaşıb, rəməliyin tam içərisinə baş vurdu və bir azdan qaraltısı da üfüqdə gözdən itdi. Haradasa iki saata yaxın intizarlı bir vaxt keçdi, handan-hana ki, milis dəstəsi üfüqdə yenə də qaraltı gördü, özü də bu dəfə ikisini birdən. Həmin göndərdikləri adam doğrudan da Məhərlə geriyə qayıtdı.

Məhər xeyli arıqlamış, büzüşmüşdüsə da, amma hələ də içəridən sınmadığı duyulurdu. Gözlərinin suyu bulanıb, bəbəkləri dərinə düşsə də, yenə də duruşu, davranışı həmişəki kimi ağayana, ötkəm idi. Yenə də elə həmin dəli-dolu Məhərdi ki, vardı, sadəcə bir az yaşlaşmış, bir az da bədbinləşmişdi elə bil. Onlar gəlib milis dəstəsinə çatan kimi Abbas atını Məhərə tərəf sürdü. Atdan düşüb, köhnə dostlar kimi qucaqlaşdılar, görüşüb-öpüşdülər. Sonra Məhər onu bir kənara çəkdi:

- Bura bax, Abbas, bilirsən ki, mən hər adama bel bağlayan, arxa çevirən deyiləm. Səni tanıdığımdan, sənə güvəndiyimdən təkcə gəlmişəm danışığa, bir nəfəri də özümlə gətirməmişəm. Bir də qohumuq axı özümüz də… Düzdü, arada çox sular axıb bu neçə ildə, son vaxtlar güllə də atmışıq bir-birimizə. Amma biz düşmən deyilik səninlə, baxmayaraq ki, sən indi Şura hökumətinə qulluq eləyirsən, mən isə ondan qaçaq düşmüşəm. Sənin indi vəzifən odur ki, məni və bizim uşaqları tutub təzə hökumətə təhvil verəsən, onlar da göndərə bizi gedər-gəlməzə – Sibirə. Bu sənin indi işindi, qulluğundu, başa düşürəm, səni heç buna görə qınamıram da, demirəm ki, niyə Şura hökumətinə qulluq eləyirsən. Özün bilərsən – mən qaçaqlığı seçdim, sən də bu təzə hökuməti – bundan yana sənə bir tənbehim, iradım yoxdu. Amma indi sənin bu təklifinnən bir az danışmaq istəyirəm. Düzünə qalanda, bizim vəziyyətimiz indi o qədər də yaxşı döyül – kənd camaatı da bizdən üz döndərib.

- Eşit məni, Məhər, sən uşaq deyilsən ki, özün bilirsən ki, qaçaq başqadı, quldur başqa. Qaçağı yaşadan camaatdı, camaatsız qaçaq dolananmaz. Qaçaq da camaatın fəxridi, güvənc yeridi, onun üçün qeyrət, namus deməkdi, camaatı incidənə, ona divan tutana müharibə deməkdi. Amma keçdi o vaxtlar. Bayaqdan başqa idi, piristav vardı, mülkədar vardı, ağa vardı, nökər vardı. İndi bunlar daha yoxdu. Sən camaatı indi kimdən qoruyacaqsan? Camaat indi bu təzə kasıb-kusub hökumətinin, yəni öz hökumətinin tərəfini saxlayır. Qaçaq onun nəyinə lazımdı, qaçağı indi o əvvəlki kim qoruyarmı, gizlədərmi, onun ərzağını-suyunu verərmi?.. O gün də quşçu Səmədi vurubsunuz, heyvanını aparıbsınız. Sizinki olur yavaş-yavaş quldurluq. Sənə heç gör yaraşan işdimi bu? Heç gözləməzdim…

- Bura bax, Abbas, quşçu Səmədi qapısında doğrudan da biz vurmuşuq, amma onun evinə gecəynən gedəndə, heç belə məramımız yoxudu. Mənim vaxtında ona çox yaxşılıqlarım dəymişdi, kaş ki, burnundan gələydi. Yeməyimiz tamam qurtarmışdı, uşaqlardan da bir-ikisini özümlə götürüb, güvənib getdim onun qapısına, bir heyvan istədim. Özünü elə apardı ki, guya məni heç əvvəldən tanımırmış. Heyvanı versəydi, yenə də ona dəyməyəcəydim. Amma mənə cavabında nə desə yaxşıdı: «Mənim çölün qaçağına-qulduruna veriləsi heyvanım yoxdu». Mən onun bu sözünü götürəsi döyüldüm ki. Gülləni sıxdım namərdin düz alnına. İki də heyvanını gətirdik.

- Bundan sonra kənddə büsbütün biabır olubsunuz. İndi ta sizə bir kimsənə yaxın durmaz. Siz də ya gərək dönüb olasınız soyğunçu, ya da bu rəməliyin qumunda acından gəbərəsiniz. Ya da ki, gərək üzə çıxasınız. Yoxsa ki, hökumətnən nə qədər hökumətlik eləmək olar axı?

- Bura bax, Abbas, – bu dəfə onun sözlərinin təsir elədiyi Məhər içindən qovrula-qovrula cavab verdi. – Mən heç vaxt nə quldur, nə soyğunçu olmamışam. Burada acından doğrudan da ölərəm, amma yenə quldur olmaram, bunu camaat da yaxşı bilir. Məni tanıyan onsuz da kənd içində tanıyır.

Bunları deyib Məhər dayandı, bir əlini özü kimi də yorğun və üzülmüş görünən atının yalnına çəkərək, o biri əliylə yüngülcə başını qaşıdı, bir də diqqətlə, sınayıcı, dərin bir nəzərlə Abbasa baxıb:

- Bilirsən, Abbas, sən əgər özün bu gün gəlməsəydin, mən heç danışıq-filan barədə fikirləşən də döyüldüm, – dedi. – Mən o nəçənniyə-zada, onların o yağlı vədlərinə-nağıllarına inanan döyüləm, bunu sən özün də bilirsən. Amma sənə inanmaya bilmirəm, birincisi ona görə ki, qohumuq, sonra da ki, özümüz cavanlıqda tay-tuş olmuşuq, düzdü helə bir dostluğumuz olmayıb, amma həmişə kənd içində bir-birimizin hörmətini saxlamışıq, bir-birimizi eşitmişik. Neçə dəfə bərabər, çiyin-çiyinə vuruşmuşuq. Mən sənə inanmayıb, kimə inanacam? Özün də düz deyirsən, bizə daha bir yol yoxdu, camaat da daha tərəfimizi saxlamır, hamısı Şura hökumətinin tərəfindədi. Olsun, neyliyək. Əgər bizə üzə çıxmaq imkanı verirlərsə, biz də bunu yəqin ki, qəbul elərik, silahı yerə qoyub, ev-eşiyimizə dönnük. – Bunu deyib Məhər dayandı, bir az başını aşağı əyib, səsini lap alçaltdı. – Amma, Abbas, bax, birdən bu iş qurma olar, ha, sonra göndərərlər bizim hamımızı Sibirə! Mən özüm cəhənnəm, uşaqlar üçün narahatam. Bu təzə hökumətə heç etibarım yoxdu mənim. Sibirə getməkdənsə burada, rəməlikdə elə öz əcəlimizlə öllük. Sənə inanıram amma… Bilirəm, sən bizi, öz kəndçilərini güdaza verməzsən.

- Məhər, sənnən qohumuq, nə qədər də çörək kəsmişik, özün dediyin kimi, neçə dəfə də çiyin-çiyinə vuruşmuşuq. Burda nə qədər cavan var sənnən, hamsının xətrini istəyirəm. Mən heç razı olmarammı ki, birinizin başından bir dənə tük əksik olsun? Mən bu işdən arxayın olmasaydım, ona heç qol qoyardımmı, heç gələrdimmi bura siznən söhbətə? Bəs sizin başınıza bir iş gəlsə, mən çıxa billəmmi sabah kənd içinə? Camaat mənə nə deyər? Özün bir fikirləş.

Məhər fikrə getdi, yenə yüngülcə başını qaşıdı, narahatlıqla onları izləyən milis dəstəsini də ötəri süzüb, yenə üzünü Abbasa tutdu:

- Abbas, qoy bu gecəni uşaqlarnan da bir məsləat eliyim, onların da ağızlarını bir arıyım, görüm nə deyirlər. Cavabımızı sənə sabah deyərik. Özüm səni axtarıb tapacam, sən narahat olma. İndisə qayıdın geri və sabaha bizim cavabımızı gözdüyün.

Məhər bunu deyib, Abbasla möhkəm əl tutub xudafizləşdi, sonra atını bərk çapıb, toz-duman qaldıra-qaldıra özünü rəməliyin dərinliyinə vurdu. Abbas dəstəsini çəkib geri qayıtdı, kefi yuxarıydı, yoldaşlarına da yaxşı, xeyirxah iş tutduqlarını söyləyir, nəhayət bu adamların silahı yerə qoyub, öz ev-eşiklərinə dönəcəklərinə sevindiyini deyirdi.

Sabah alaqaranlıqda, Abbas yerindən yenicə qalxıb, dəstəmaz alıb, sübh namazını qılmışdı ki, birdən pəncərənin döyüldüyünü eşitdi. «Kimdi görəsən bu vaxtı, xeyir ola?», – deyə fikirləşib, tez milis şinelini çiyninə atdı, beşaçılanı da götürüb bayıra çıxanda həyətdə Məhəri gördü. Məhər Abbasın çıxdığını görən kimi, tüfəngini evin divarına söykəyib, yaxın gəldi:

- Mənəm, Abbas, sözümüzü sənə deməyə gəlmişəm.

- Hə lap yaxşı eləyibisən, xoş gəlibsən! – deyə Abbas qabağa gəlib onun irəliyə uzatdığı əlini hər iki əliylə sıxdı. – Gəl, gəl içəri, arvadı durğuzum, bir çaydan-zaddan qoysun, bir istəkan iç, çöldən gəlibsən.

- Yox sağ ol, Abbas, uşaqlar hamısı mənim yolumu gözdüyür, sözümüzü sənə deyib, tez geri qayıdacam. Əmiqızıya da heç əziyyət vermə.

Bunu deyib Məhər Abbasın qolundan yapışdı və yüngülcə özünə tərəf çəkdi, yarıqaranlıq da olsa elə bil onun gözünün lap içinə baxmaq istədi:

- Uşaqlarnan sən dediyini məsləat elədik, qərarımız bu oldu ki, təklifi qəbul eliyək, üzə çıxaq. Amma, bax, Abbas, tək sənin sözünə güvənib biz bu işə baş qoşuruq – sən namaz qılıb, oruc tutan adamsan. Yoxsa ki, balşavoydu-nədi, onlara bizim etibarımız yoxdu. Onlar imansız-dinsiz, allahsız adamlardı, allahsız adama da etibar eləmək olarmı?

Bunu deyib yenə diqqətlə Abbasın gözünün içinə baxdı. Abbas hələ danışmır, sakitcə Məhəri dinləyirdi.

- Sən gəlib bizə bu sözü demisən, gərək kişi kimi də sözünün üstündə durub, boyun olasan ki, bizlərdən birinin başına bir qəza gəlməyəcək.

Bunu eşidəndə Abbas bir az duruxan kimi oldu; istədi desin, ay canım, mən axı buna necə boyun ola bilərəm, mən axı nəçənnik döyüləm, mən orada adicə bir qulluqdayam, nə buyursalar da gərək onu eləyəm. Bu işin cavabdehliyini üstümə götürə bilmərəm axı.

Elə bunları demək istəyirdi ki, birdən gözü getdikcə işıqlaşmaqda olan havada Məhərin gözünə sataşdı; nə qədər ümid, inam, həm də yalqızlıq qarışıq həsrət vardı o gözlərdə, ailəsinə qovuşmaq həsrəti. İndi Abbasa elə gəldi ki, əgər belə cavab versə, Məhər məyus olar, sınar bundan, ona görə də susdu. Bir xeyli fikrə gedəndən sonra soruşdu:

- Bəs o birilər hardadı, cəmisi neçə adam qalıb sənin yanında?

- Məndən başqa yenə on bir nəfər də var, hamısı mənnən gəliblər, təpənin arxasında gözdüyürlər.

- Yaxşı, – Abbas dərindən köksünü ötürdü, – gedək onları da götürək, sonra da gedək nəçənniyin yanına.

Abbas atını axurdan çıxarıb yəhərlədi, atlanıb Məhərlə bərabər həyətdən çıxdı, kəndin girəcəyindəki təpəyə gəldilər, o biri qaçaqları da götürüb milisə tərəf yol tutdular. Milis kəndin ayağında, bəylərdən birinin ikimərtəbəli malikanəsində yerləşmişdi. Oraya çatmaq üçün hələ xeyli at sürmək lazım idi. Abbas atını qabaqda tək sürür, heç kimlə kəlmə kəsmək istəmirdi. Yolboyu fikir onu aparmışdı. Bu adamların taleyi, doğrudan, necə olacaq, bəlkə Şura hökuməti onları heç əhv eləmək istəmir, bir fəndlə onları tutub doğrudan da Sibirə göndərmək istəyir? Bəs onda o camaat içinə necə çıxacaq, bu qaçaqların ailələrinin, qohumla-rının üzünə necə baxacaq? Beləcə narahat bir halda qaçaq dəstəsini milisin həyətinə gətirdi. Onlara həyətdə gözləməyi tapşırıb, nəçənniyin otağına qalxdı və qaçaqları gətirdiyini ona xəbər verdi.

- Necə, gətirmisən onları? Nə danışırsan, kişi? Bəs hardadırlar? Kimə tapşırmısan onları? – nəçənniyin bu xəbərə sevindiyi hiss olunsa da, həyəcanlandığı da göz qabağındaydı.

Abbas cavab verdi ki, həyətdə gözləyirlər.

- Nə, həyətdə özbaşına buraxmısan onları, demirsənmi bəs qaçarlar? – nəçənnik qeyzlə yerindən sıçradı, əlini tapançasının qoburuna qoyub qapıya doğru atıldı və, çox kobud bir tərzdə onu yolundan kənara itələyib, tez aşağı yüyürdü.

Abbas onun bu kobudluğundan bir az pərt olsa da, özünü ələ almağa çalışdı və o da nəçənniyin dalınca tələsik həyətə endi. Nəçənnik artıq dəstəyə yaxınlaşıb, qaçaqların hamısıyla əl verib görüşməkdəydi. Sonra da onları ehtiramla yuxarıya, öz otağına dəvət elədi. Pilləkənlə ikinci mərtəbəyə qalxan kimi, nəçənnik onlardan əvvəlcə dəhlizdə silahlarını təhvil verməyi xahiş etdi və bu işi təşkil etməyi də Abbasa tapşırdı. Abbas qaçaqların hamısının tüfənglərini və patrondaşlarını yığıb, silah saxlanılan otağa apardı və oradakı milis işçisinə təhvil verdi. Nəçənnik qaçaqları bundan sonra öz otağına doldurdu və onların hamısını bir-bir çox yumşaq şəkildə, hətta qayğıkeşliklə sorğu-sual eləməyə başladı.

- Axır ki, daşı ətəyinizdən tökdünüz, ay canım, axı indi başqa hökumətdi, kasıb-kusubun hökuməti, yəni sizin hökumətiniz, özünüz-özünüzəmi qarşı vuruşacaqsınız? Bir azdan kəndlilərə torpaq paylanacaq, silahı yerə qoyandan sonra siz də öz torpaq payınızı alacaqsınız – əkin, becərin özünüz üçün, daha bəy yox, mülkədar yox, ağa yox, nökər yox, hərə özünün ağasıdı.

Eşitdiklərindən məmnun olan qaçaqlar səs-səmirlərini çıxarmır, sakitcə nəçənniyə qulaq asırdılar.

- Bax, necə ki, demişəm, söz vermişəm, hamınızı tez bir zamanda evinizə buraxacam, – deyə nəçənnik qaçaqlarla başladığı söhbətinə davam elədi,- gedəcəksiniz ailələrinizin yanına, başlayacaqsınız siz də dinc həyata, bizimlə birlikdə, bütün camaatla birlikdə hər şeyi təzədən qurmağa. Hə, ürəyinizi buz kimi saxlayın, arxayın olun, az bir vaxtdan sonra alilələrinizə qovuşacaqsınız. Amma burada balaca bir məsələ var ki, mən gərək əvvəlcə sizin hər birinizin əhv olunmaq ərizəsini Gəncəyə göndərəm. Orada həmin bu sənədlər üstü yazılı-möhürlü bizə geri göndərilməyincəyə qədər siz gərək burada – milisdə qalasınız.

Nəçənnik bu axırıncı dediklərindən sonra qaçaqların yerbəyerdən qımıldandıqlarını, bəzilərinin hətta «Biz belə danışmamışdıq axı» – dediklərini eşidib, onları sakitləşdirməyə çalışdı:

- Narahat olmağa dəyməz, bu dediklərim idarə məsələsidi, onsuz da ki, iş aşmaz. Amma mən çalışacam bunları tez eləyəm ki, sizləri də tez evinizə buraxa bilim. Sizin adlarınızı, atalarınızın adlarını bir kağıza yazıb, bu gün elə işçilərimdən biriylə Gəncəyə göndərəcəm. Oradan da iki-üç günə cavab gələr. Amma sizi indi evlərinizə buraxa bilmərəm. Cavab gəlincəyə qədər gərək burada, milisdə qalasınız, bu başqa cür əmələ gəlməz.

Nəçənnik qaçaqların hamısının siyahısını tutandan və elə oradaca onlara barmaq izi qoydurandan sonra işçilərindən birini çağırıb, onu bu kağızla Gəncəyə yola saldı. Sonra da başqa bir milis işçisini səsləyib, onları «oturmaq yerinə» aparmağı əmr elədi. O da qaçaqların hamısını bir də həyətə düşürüb, həmin bu «oturma otağı» deyilən yerə, yəni ki, bəyin əvvəlki tövləsinə doldurub ağızlarını bağladı.

İki gündən sonra Gəncədən xeyli qırmızı əsgər gəldi və bu gələnlər qaçaqların hamısının əl-qolunu qandallayıb, arabalarla Goran stansiyasına gətirdilər, orada da bir vaqona doldurub, qatarla Gəncəyə apardılar. Hamısının aqibəti doğrudan da ya Sibir oldu, ya da güllələnmə, hər halda həmin qaçaq dəstəsindən heç kimi bir daha gördüm deyən olmadı.

Abbas bu olanlara görə çox sıxıldı, çox əzab çəkdi, bir dəfə hətta nəçənniyin özündən də qaçaqlara verilən vədin niyə yerinə yetirilmədiyini soruşdu. Nəçənnik cavabında:

- Bilirsənmi, Abbas, – dedi, – sən hələ çox cavansan, bəzi şeyləri başa düşmürsən. Mən də qulluq adamıyam sənin kimi, mən axı özümdən böyüklərə əmr edə bilmərəm ki, kimisə buraxsınlar, ya kimisə Sibirə göndərsinlər. Mənim işim yuxarılara onların əhv olunmaq ərizəsini çatdırmaq idi, onu da özün gördün ki, mən elədim. Amma bu qaçaqların aqibətinin necə olacağı haqda qərarı yuxarıdakılar çıxarırlar, mən yox. Onları sorğu-sual eləyəndən sonra yəqin bu qaçaqlara o qədər inanmayıblar ki, bunlar birdən yenə köhnə əməllərindən əl çəkməzlər. Ona görə də əhv eləməyiblər onları. Amma hələ nə bilirsən, bir də gördün ki, sabah, ya o biri gün onları evlərinə buraxdılar, bəlkə yenə nəyisə araşdırırlar, hansısa bir məsələni dəqiqləşdirmək istəyirlər, mən hardan bilim axı, mənə bu barədə bir söz deyən olmayıb…

Abbas nəçənniyin dediklərindən sonra bir az sakitləşsə də yenə kənd içinə ürəklə çıxa bilmirdi, özü də çalışırdı ki, əliylə tutub milisə təhvil verdiyi qaçaqların qohumlarının gözünə görünməsin. Amma haradasa yenə bir az inanırdı ki, bəlkə onları, doğrudan da bir gün buraxdılar. Qaçaqları əsgərlərin Gəncəyə aparmasından bir ay keçmiş birdən-birə xəbər yayıldı ki, bəs Məhər qaçıb, özü də yenə haradasa kəndin ətrafında gizlənir.

Məhər doğrudan da həbsdən qaça bilmişdi və qayıdandan sonra Abbasın hər iki qardaşını öldürdü. Birinin yaşı iyirmini yeni haqlamışdı, Abbas da elə yaxında onun toy tədarükünü görmək istəyirdi, o biri isə lap gəncdi, on altı yaşı təzə tamam olmuşdu. Ikisini də kəndin ortasında, günün günorta çağı gülləynən vurmuşdu.

Abbas hər şeyi, az qala qulluğu da unudub, gecə-gündüz Məhəri axtardı, amma tapa bilmədi. Tapsaydı, and içmişdi ki, Məhərin böyük tikəsini qulağı boyda eləyəcəkdi. «Kişi gərək öz qanını özü ala» – deyərdi Abbas və Məhəri axtarmağa tək gedərdi, bir kimsəni də özü ilə götürməzdi. Qardaşlarının öldürülməsi onu içinin dərinliklərinə qədər yandırmış, gen dünyanı başına dar eləmişdi. «Harada olsa tapıb it kimi gəbərdəcəm köpəyoğlunu, onsuz da əlimdən qaçıb qurtara bilməyəcək»,- deyirdi öz-özünə, amma Məhəri tapa bilmirdi ki, bilmirdi.

Abbas başa düşürdü ki, Məhər bütün bu olanlarda onu günahkar bilir, elə düşünür ki, Abbas doğrudan da işin qurma olduğunu qabaqcadan bilirmiş, özü bilə-bilə bütün qaçaqları tovlayıb milisə gətirib, təzə hökumətin əlinə verib. Abbas tez-tez fikrində Məhərlə söhbət eləyir, onu inandırmağa çalışırdı ki, bu iş qurma olmayıb. Bax gör nə qədər qaçaq Gəncəbasarda üzə çıxmaq üçün ərizə vermişdi. Hamısı da qayıdıb sonra evlərinə gəlmişdilər, bir nəfərin burnu da qanamamışdı. «Kim nə bilirdi ki, axı bu dəfə onları Gəncəyə göndərəcəklər? Amma hələ də bilmək olmaz, bəlkə onları genə də buraxdılar. Bəlkə nəsə, nəçənniyin dediyi kimi, bir qaranlıq məsələ var ortada, biz bilmirik, o məsələ aydınnaşandan sonra buraxacaqlar onları?» Beləcə fikrində Məhərlə danışar, onu sakitləşdirməyə çalışar, dəridən-qabıqdan çıxardı ki, qaçaqların tutulub Gəncəyə göndərilməsində onun əli olmadığına həmkəndlisini inandırsın. Birdən amma onun öldürdüyü cavanca qardaşlarının meyidləri gəlib durardı gözlərinin qarşısında. «Köpəyoğlu, necə qıydın o cavanlara, birini təzəcə evləndirməyə hazırlaşırdım, o birisi hələ lap uşaq idi, nakam getdilər ikisi də, a köpəyoğlu! Onlar axı sənə neynəmişdilər, kişi də heç belə hərəkət eləyərmi, günahsız, cavan uşaqları qanına qəltan eləyərmi, a namərd? Mənnən düşmənçiliyin var, gəl mənnən də haqq-hesabını çək, kişisənsə! Əlimə keçsən, səni tikə-tikə doğramasam, bu yer üzündə gəzmək mənə haram olsun!» Abbas özünə əmindi ki, əgər Məhər qabağına çıxsa, həmin gəbərdəcək onu. Bütün kənddə onu kimi atan yox idi. Atası da yaxşı atan olmuşdu. Atanda heç nişan almazdı da, elə tüfəngi qaldırıb, ayağa çəkməyiylə atmağı bir olardı, bir göz qırpımında. Bir dəfə də olsa gülləsi boşa çıxmamışdı. Qaranlıqda belə qarşısında bir şıqqıltı eşidib bir təhlükə duysaydı, elə hənirə atardı, yenə də gülləsi boşa çıxmazdı. Cəldliyinə də ki, onu kimi cəld, gücünə də ki, onu kimi güclü-qüvvətli adam kənddə yox idi. Düzdü Məhər də cəsur, çevik idi, bir yandan da tərs, əsəbi adam idi, tez alovlanar, özündən çıxar, tüfəngə, zora güc verərdi. Abbas isə sakitdi, çox danışmağı, özündən deməyi sevməzdi. Səbirlilik, hövsələlik göstərər, bir nalayiq adama rast gələndə də çalışardı ki, onu əvvəlcə başa salsın, yanlış hərəkətini ona izah eləsin. Çox az şey ola bilərdi ki, Abbası özündən çıxarsın. Belədə də bir kimsəyə zərəri dəyməzdi, heç kimin toyuğuna daş atmaz, bir kimsəyə güldən ağır söz deməzdi. Kənddə ondan həm bir az çəkinər, həm də elə təmkininə, xoşrəftarlığına görə kişiyə hörmət eləyərdilər. İndi bu qaçaqların tutulub Gəncəyə göndərilməsinə qədər bir adam onun bir nöqsanını, əskik işini görməmişdi, heç vaxtı heç nəyə görə başı aşağı olmamışdı. Bu qaçaqların məsələsinə də ən çox ona görə qol qoydu ki, inanmışdı ki, doğrudan da xeyirxah iş görür və həmkəndlilərinin bu acınacaqlı vəziyyətdən qurtarıb üzə çıxmalarına, ev-eşiklərinə qayıtmalarına köməklik eləyir. İşin belə tərs istiqamət alacağını heç gözləmirdi. Amma indi bilmirdi neyləsin, bir tərəfdən ürəyində nəçənniyi qınasa da, o biri tərəfdən özünü inandırmağa çalışırdı ki, nəçənniyin bu işdə bir günahı yoxdu, məsələni Gəncədə bu cür həll eləyiblər, o neyliyə bilərdi, dediyi kimi, o da qulluq adamıdı, ağa dedi, sür dərəyə – sür dərəyə. Amma indi onları buraxsalar da, buraxmasalar da, qardaşlarının qanını almalıydı. Məhərin düz dörd qardaşı vardı, Abbas istəsəydi onların hamısını bir günün içində qırıb çatardı. Amma indi o milis işçisiydi axı, bu ona yaraşardımı? Bir də indi əvvəlki dərəbəylik zamanı deyil axı, yetən yetəni vura. İndi təzə hökumət var, qayda-qanun var, belə bir şey eləsə, göndərəcəklər onu gedər-gəlməzə, baxmayaraq ki, milis işçisidi. Bəs onda onun ailəsinə, uşaqlarına kim baxacaq? Bayaqdan heç olmasa qardaşları vardı, bəd ayaqda ailəsini onlara etibar eləyə bilərdi, bəs indi kimə tapşırsın? Yox, o bunu eləyə bilməz, əvvəldən də qan tökməklə arası yox idi, indi bu təzə hökumətə işlədiyi vaxtdan bəri də bu şeyləri tam başından çıxarmışdı. Amma Məhəri vursaydı, ona bir ziyanı dəyməzdi, indi hamı bilirdi ki, Məhər onun qanına susayıb, qardaşlarını öldürüb, indi də özünü vurmaq istəyir. Bir də onun işi qaçaqları tutmaq deyildimi? O Məhəri atışmada da öldürə bilərdi. Bunun ondan heç kəs hesabını soruşmayacaqdı, əksinə təhlükəli, həbsdən qaçmış bir qaçağı zərərsizləşdirdiyinə görə hələ ona yəqin ki, «çox sağ ol» da deyəcəkdilər.

Abbas Məhəri yenə neçə gün axtardı, rəməliyin qumunda atını çox sağa-sola çapdı, kəndin bir qırağındakı meşəlikdə onu çox gəzdi, qardaşlarının, qohumlarının evini güddü. Amma Məhər rastına çıxmadı ki, çıxmadı. «Doğrudanmı Allah mənə bu imkanı verməyəcək ki, cavan, nakam gedən qardaşlarımın qanını alam o namərddən? Bəlkə nəyisə düz eləməmişəm, bəlkə bir günah işlətmişəm Allahın qarşısında ki, o da mənə indi bu cəzanı rəva görür?» Yenə amma ümidini itirmir, bir gün ona rastlayacağına inanır və öz-özünə «o saat gəbərdəcəm o haramzadanı» deyirdi.

Bir dəfə Abbas günorta vaxtı kəndin o başına, qaynanasıgilə arvadını gətirmək üçün getmişdi. Atın yüyənini çəkdi, həyətdə bağlamağa bir yer tapıb, evə tərəf yollandı. Sonra fikirləşdi ki, içəri, arvad-uşağın yanına tüfənglə girməsin və beşaçılanı yavaşca göz qabağında olan bir ağaca söykəyib, bir neçə addım atmışdı ki, birdən bir hənirti eşitdi, başını qaldırmağıynan kiminsə hasarın üstündən qarşısına sıçradığını gördü. Bəli yanılmamışdı: Məhər idi indi qarşısında əli tüfəngli dayanan. Ölümün yaxınlaşdığını fikirləşsə də, bir qorxu-filan hissi keçirmədi, bircə istər-istəməz tüfəngini özüylə götürmədiyinə heyfsiləndi.

- Hə, Abbas, eşitdim məni çox axtarıbsan, hə bu da mən. Nədi, istəyirsən səni də qardaşlarının dalınca o dünyaya göndərim?

Bunu deyib Məhər tüfəngin lüləsini Abbasın sinəsinə dirədi:

- Hə, indi gəbərdimmi səni də qardaşların kimi? Düzdü o cavanların heç bir günahı

yoxudu. Hamısı səndən oldu! Satdın bizim hamımızı Şura hökumətinə keçi qiymətinə,

namərd, tovlayıb, şirin dilinən aldadıb hamımızı saldın tora! Hardan öyrəndin ə, sən bu

tezlikdə bu fəndləri?! Mana bir de görüm, heç olmasa donnuğunu artırdılarmı, qulluğunu böyütdülərmi bundan sonra, hay?! Ə, bə mən sana neçə kərə demədimmi ki, Abbas, amanın günüdü, bu işi bir yaxşı ölçüb biç, sonra biz üzə çıxaq. Yoxsa əlimizdə imkanımız vardı ki, qaçıb bir yana gedək. Bə niyə bizi allatdın, a namərd? De indi kəlmeyi-şəhadətini, səni o dünyaya göndərməmişdən qabaq.

Abbas onu sakitcə dinlədi, Məhərin dediyi sözlər hərdənbir beynini qıcıqlandırsa da, yenə özünü ələ almağa çalışıb, bacardığı qədər təmkinlə dedi:

- Bura bax, Məhər, bir Allah şahiddi ki, mən sizi alladıb ələ verməmişəm.

- Kəs, sən Allahmı tanıyırsan, Allahı tanıyan da heç allahsız hökumətə qulluq

eliyərmi?

- Hökumətin allahlı, ya allahsız olmağından söhbət getmir, mənim özümə qalanda başımın üstündə həmişə Allah olub, indi də var, – dedi Abbas. – Mən bu işin belə ola biləcəyini heç ağlıma da gətirməzdim. Onsuz da sizin bir şeyiniz qalmamışdı, bir gün ya harasa, dediyin kimi, başqa yerə qaçıb getməliydiniz, ya da təslim olmalıydınız təzə

hökumətə, ya da ki… – Abbas duruxdu.

- Hə ya da ki, nə? – Məhər yenə sərt soruşdu.

- Ya da ki, bir gün bir böyük dəstə göndərib, Şura hökuməti hamınızı onsuz da qıracaqdı…

Abbas susdu. Məhər də bir müddət dillənmədi, tüfəngini onu sinəsindən çəkməyərək, çox qeyzli və qınayıcı baxışlarını Abbasın heç bir qorxu əlaməti görünməyən sifətinə tuşladı:

- Amma hayıf o uşaqlardan. Kəndin ən say-seçmə, igid cavannarıydı. Sənin sözlərindən sonra onları inandırdım ki, tezliknən hamısı ev-eşiyinə dönəcək. Necə sevinirdilər yazıqlar. Ta saldat bizi burdan qoyun kimi qabağına qatıb aparmayıncaya qədər hamımız evə qayıdacağımıza inanırdıq.

- Bəs sən nə təhər oldu, qurtardın? – Abbas yenə sakitcə soruşdu.

- Gəncədə bizi qazamata dolduranda saldatın birini bu yumruğumla aşırıb qaçdım, – deyib Məhər gündən qaralmış, tüklü pəncəsini yumulu halda irəliyə uzatdı. – Dalımca atdılar o biriləri, amma dəymədi. Oradan da çöllüyə qaçıb, ta bura qədər pay-piyada gəldim bir belə yolu.

Məhər dayandı, onun getdikcə daha da çox tərəddüd elədiyi, tətiyi çəkib-çəkməməyə qərar verə bilmədiyi hiss olunurdu. Həm də Məhər Abbasın sifətində bir tükün belə tərpəndiyini görə bilmirdi və həmkəndlisinin ölüm qarşısında belə əyilməməsi, şax dayanması bir yandan onu qıcıqlandırır, bir yandan isə ona az qala ləzzət eləyirdi.

- Bə bizim gədələri niyə vurdun, onların günahı nəydi? – Abbas aram-aram, hər şeyi gözünün qabağına almış adam kimi soruşdu.

Məhər bir müddət susdu, sonra da ağır-ağır dilləndi:

- Ta sən əlimə keçmədin, neynəməliydim mən, içim yanırdı, o cür oğlanları sən bada verdin getdilər. Sən əlimə əvvəl keçsəydin, ta onlarnan nə işim varıydı? Di gəl səni tutammadım neçə gün…

Məhər onda nə fikirləşdi, bir Allah bilir, amma tətiyi çəkmədi. Ölümünə hazır olan Abbası sonra bir də uzun-uzadı süzüb dedi:

- Bura bax, Abbas, sənin bu işdə günahın var, ya yox, mən də tam bilmirəm – bəlkə doğrudan da nəçənnik sənin özünü allatmışdı bizim üstümüzə göndərəndə – bir onu bil ki, o cavanların qanı sənin üstündədi. Sana onu da deyim ki, sənin cavan qardaşlarını öldürməyim mənim özümə də əziyyət verir. Bilirəm, indi daha tək qalıbsan, səni də öldürsəm, külfətinə baxan olmayacaq, daha qardaşın da yoxdur. Bunu eləmək amma allahsızlıq olardı, bu qədər adamı kimsəsiz, köməksiz qoymaq. Ona görə də keçirəm sənin suçundan, öldürmürəm səni, buraxıram gedəsən. Amma, işdi-şayət, üstümə dəstə gətirib, məni tutdurub Sibirə göndərtmək fikrinə bir də düşsən, bu dəfə sağ qoymayacam səni… Mənim indi cəmisi bir neçə gün kənddə qalmaq fikrim var. Sonra mən İrana geçəcəm, ailəmi də götürüb. Istədiyim səndən bir budu ki, sən də mənim vurduğum o cavanlara görə məni bağışlayasan. Gəl, indi də halallaşaq.

Bunu deyib Məhər tüfəngini Abbasın sinəsindən çəkdi, sonra da onu qucaqlayıb hər iki üzündən öpdü. Xudafizləşən kimi də dərhal hasardan aşıb, atına mindi və çapıb, tələsik uzaqlaşdı.

Abbas bu hadisə haqqında bir kimsəyə bir söz belə demədi, elə fikirləşirdi ki, bir az da keçsəydi Məhər kənddən çıxıb gedərdi, o da çalışardı ki, bütün bu olanları unutsun. Daha onsuz da qardaşlarının qanını almaq barədə düşünə bilməzdi, çünki Məhərlə barışıb halallaşmışdı artıq. Kişi ki, biriynən barışdı, halallaşdı, daha onunla düşmənçilik eləyə bilməzdi. Qardaşlarının ölümü onu çox yandırırdı, Məhəri ürəyində yenə də qınayırdı. Amma daha olan olub, keçən keçmişdi.

Bir gün nəçənnik yenə onu yanına çağırdı.

- Bura bax, Abbas, – dedi, – Məhərdi, nədi, o haramzada qaçıb gəlib. Kənddə gizlənir, yerini öyrənmişik, hardadı. – Sonra bir az fasilə verib, – eşitmişəm sənin iki qardaşmı vurub özü də, – deyib, zəndlə Abbasa baxdı.

Abbas cavabında bir söz deməyib, dərdli-dərdli başını tərpətdi.

- Hə, indi daha əvvəlki vaxtlar deyil ki, kiminləsə qan düşmənçiliyi eləyəsən. İndi hökumət var, qanun var, qayda var, silist var, məhkəmə var. Şura hökuməti belə şeyləri heç sevmir. Əgər özbaşına gedib onu vurmaq istəsən, “qardaşlarımın qanını alıram” deyə, onda bil ki, sənin də qanın gedəcək. Gərək onda qanun qarşısında cavab verəsən. O qaçağa, quldura yaraşar belə hərəkət, özbaşına gedib kimnənsə haqq-hesab çəksin. Amma sən dövlət adamısan, heç gərək belə fikrə-zada düşməyəsən. Hə, bizim, yəni ki, dövlət adamlarının işi onsuz da çoxdu, biri də budu ki, qaçağı-qulduru, oğrunu, canini yaxalayaq. Qoymayaq ki, kimsə özbaşınalıq eləsin. Daha keçdi o dövrlər, hər kənddə biri mənəm-mənəm desin, hökuməti, qanunu vecinə almasın. Şura hökuməti belələrini tez yoluna qoyur.

Nəçənnik danışığına ara verib susdu, yenə də Abbası diqqətlə süzüb dedi:

- Bilirsənmi, harada gizlənir o nadürüst? Dəmirçi Qüdrətin evində, onun haradansa uzaq-dan-uzağa qohumudu, eşitdiyimə görə. Gör bir nə qədər bicdi çaqqal! Yaxın qohumlarından birinin evinə getməyib ki, onun orada olduğundan tez duyuq düşərlər. Da demir ki, onu biz lap yerin deşiyindən də olsa tapıb, qulağını buracağıq… Nə isə, on-on beş nəfər adam götürüb Qüdrətin evini mühasirə edəcəyik bu axşam. Sən də gərək orada olasan. Özüm də gələcəm, gərək bu axşam nəyin bahasına olursa-olsun onu tutaq. Yoxsa hələ nə bilirsən, nə həngamələr çıxaracaq.

Burada Abbasa elə gəldi ki, nəçənnik daha çox özü üçün qorxur, Məhərin qaçaq dəstəsini axı o təhvil vermişdi Gəncəyə. Bəlkə bir gün buna görə Məhər gəlib onunla haqq-hesab çəkmək istəyəcəkdi. Amma o zaman nəçənniyə bu qədər inanıb bel bağlamasaydı, heç gedərdimi qaçaqlarla danışığa, öz həmkəndlilərini bada verərdimi heç, indi də onların qohum-əqrabasının yanında başı aşağı olaydı, cavan qardaşları da o dəliqanlı, hövsələsiz Məhərin hirsinin-hikkəsinin, intiqam hissinin qurbanı olaydılar?

- Mən getmirəm, nəçənnik, – Abbas sakit, amma əzmlə bildirdi.

Nəçənnik onun bu cavabına, cavabındakı qətiyyətə özünü təəccüblənmiş kimi göstərdi:

- Necə yəni “getmirəm”? Niyə, nə səbəbdən? Yoxsa qorxursan o quldurdan? Bir də mən sənə əmr eləyirəm, mən səni oraya göndərirəm! Qulluqda olduğunu unutdun yoxsa, sən nə təhər mənim sözümü çevirməyi, əmrimi yerinə yetirməməyi özünə rəva bilirsən, hə?

Abbas yenə sakitcə öz yerində dayanıb durdu və cavab vermədi.

- Bura bax, Abbas, bunun da öz cəzası var ha! İndi götürüb əmrə tabe olmaq istəmədiyin haqda bir raport yazıb, imzalayıb, möhürləyib, yuxarılara göndərsəm, bil ki, sənin dərinə saman təpərlər. Nəçənnik dedi – qurtardı. Onun dediyinə gərək əməl eləyəsən. Bu dəfə keçirəm günahından. Amma, bax, bir də belə şey olmasın. Axşama Qüdrətin evini mühasirə alacağıq, hazır ol. Bir də, axı, mən başa düşə bilmirəm, niyə sən o qulduru biznən gedib tutmaq istəmirsən? Özü də iki qardaşmı vurub sənin. Sən gərək onun ətini yeyib, qanını içməyə hazır olasan, bir gün bəlkə sənə də bir zərər yetirmək istədi.

- Bəs bayaqdan deyirdin ki, şəxsi düşmənçilik yaraşmaz devlət adamına, nəçənnik?

- Hə, əlbəttə, yaraşmaz. – Nəçənnik bir az duruxan kimi oldu. – Amma mən sənə demirəm ki, get ondan qanını al, mənim sənə dediyim odur ki, biz gərək qaçaq-quldurun kökünü kəsək, biz, yəni hökumət, şəxsi düşmənçiliknən bunun bir əlaqəsi yoxdu ki. Hə, nə deyirsən, gedirsən biznən, ya yox?

Abbas yenə bir söz deməyib, sakitcə başını tərpətdi. Nəçənnik də:

- Hə, indi gedə bilərsən,- dedi. – Axşama hazır ol.

Nəçənniyin yanından çıxanda, Abbas birinci dəfə olaraq milisdə işlədiyinə təəssüf elədi. Yox, bu heç kişi işi deyil! Düzdü, Şura hökuməti yaxşı hökumətdi, kasıb-kusubun dərdinə qalandı. Amma bu milisin işi elə əvvəllər olduğu kimi zorakılıqdan, adamları çox vaxt yerli-yersiz incitməkdən başqa bir şey deyil. Bir az da belə getsə, camaat yanında olan-qalan hörmətini də itirəcək, kənddə başını qaldırıb gəzə bilməyəcək. Bəlkə elə öz xoşuynan çıxsın işdən, yoxsa bunun axırı heç bilinmir ki, necə olacaq. Düz axşama qədər bu fikirlər Abbasın beynini məşğul elədi. Axşam əvvəl evə gəlib yemək yedi, sonra da külfətiynən halallaşıb, Dəmirçi Qüdrətin evinin qabağına gəldi. O gələndə hələ burda heç kəs yox idi, amma bir azdan başladılar o birilər də yavaş-yavaş cəm olmağa. Nəçənnik, dediyi kimi, özü də gəldi. Nəsə sifətindən amma bir narahatlıq yağırdı. O, axşamın küləyindən qorunmaq üçün şinelinin boynunu qaldırmış, meşin qara şəpkəsini də gözünün üstünə basmışdı.

- Hə, neyniyək indi, əvvəl gərək biriniz gedib onunla danışıq aparasınız, ona təslim olmağı təklif eləyəsiniz. Sonra deyin ki, onun əhv olunub üzə çıxması üçün biz də zəmanət verəcəyik hamımız. – Bu yerə çatanda, nəçənnik nə fikirləşdisə, duruxdu. – Bu dəfə lap tələb eləyərik yuxarıdan ki, onun ev-eşiyinə dönə bilməsi üçün qabaqcadan yazılı təminat versin. Hə, indi kim özü könüllü onunla danışığa getmək istəyir, ya siz kimi məsləhət görürsünüz?

Milis dəstəsində olanların bu dəfə də çoxusu gəlmə, ya da qonşu kəndlərdən olanlar idilər. Nəçənniyin sualını eşidəndə az qala hamısı bir ağızdan Abbasın getməsini təklif elədilər. Nəçənnik əvvəl elə bil razı olmaq istəmədi, sanki işçilərinə nəyisə başa salmaq istədi, amma sonra nə fikirləşdisə, təkliflə razılaşdı:

- Yaxşı, əgər hamınız Abbası təklif eləyirsinizsə, onda nə deyirəm, göndərək onu Məhərlə danışığa.

Abbas bu qərardan çox pərt oldu, bayaq nəçənniyə qətiyyətlə etiraz eləmədiyinə, «Əşi, nolar – olar, lap Sibirə göndərsinlər» deməyib, Məhərin üstünə getməkdən imtina etmədiyinə çox təəssüf elədi. Amma bir halda ki, daha buraya gəlmişdi və hamı da onun Məhərlə danışığa getməsini məsləhət görürdü, daha neynəməliydi, gərək gedəydi, nə qədər bunu istəməsə də. Tüfəngini yanında dayanmış milis işçilərindən birinə verib, atını Qüdrətin evinin qənşərinə sürdü.

- Qüdrət, ay Qüdrət, – deyib bərkdən ev sahibini səslədi.

Bir az keçmiş Qüdrət əlində ləmpə, tək tuman-köynəkdə qapını açdı. Kişi qorxusundan lap əsə-əsə:

- Hə, Abbas xeyir ola bu vaxtı? – deyə soruşdu.

Abbas, qaranlıqda zorla gözə çarpan atlı milis dəstəsini göstərmək üçün əlini arxa tərəfə uzatdı:

- Gəlmişik, Məhərnən danışığa. De ki, tək mənnən indi danışacaq, görürsən ki, silahım-zadım da yoxdu. Çıxsın bura, gözdüyürəm onu.

Qüdrət yenə, ləmpə qarışıq, əli əsə-əsə qapını açıb, təkrar evinə girdi.

Çox keçməmiş qapı bir də açıldı – bu dəfə doğrudan da Məhər idi, amma tüfəngini də özüylə götürmüşdü, üstəlik böyründən də həmişəki kimi xəncər sallanırdı, Məhər əlindəki ləmpəni yuxarı qaldırıb işığı Abbasın üzünə saldı və yenə diqqətlə onun gözünün içinə baxdı. Ləmpə həm də Məhərin öz üzünü işıqlandırdığından Abbas bu baxışı yaxşı sezə bildi: nə qədər qınaq, təəssüf və nifrət qarışıq kinayə vardı o baxışda.

- Abbas, bəs sana demədimmi ki, nəbadə hökuməti bir də mənim üstümə gətirəsən?! Demədimmi ki, daha bu dəfə heç nəyə baxan döyüləm?! Sən nə təhər adamsan, ə? Yoxsa məni yenədəmi alladıb güdaza vermək istəyirsən?..

- Məhər, – deyə qohumunun ittihamlarına daha davam gətirə bilməyən Abbas tələsik onun sözünü kəsdi. – Bir az qabağa gəl, sözümüzü sənə deyim. – Məhər inamsızlıqla ona tərəf bir neçə addım atandan sonra, səsini yavaşıdıb: – Məhər, bil ki, bura mən özüm gəlməmişəm, mən qulluq adamıyam, deyiləni yerinə yetirməsəm, mənim özümü Sibirə göndərə bilərlər, – dedi. – İndi qulaq as, nəçənnik dəstədən seçib məni göndərib ki, sənə bir də üzə çıxmağı təklif eliyəm. Amma indi mən də əvvəlki Abbas döyüləm, mənimki nəçənniyin dediyini sənə çatdırmaqdı. Da sonrasını özün bilən məsləhətdi; istərsən, silahı təhvil verib, genə biznən milisə gedərsən, istəməzsən də dəstəmiznən atışarsan. Bəlkə də Allah səninkini verəcək, sağ-salamat burdan çıxa biləcəksən. Bu mənnən gələnnər ki, var, içi nəçənnik qarışıq, hamısı nabələddi, nəçənniyin özünə qalanda, o da öz canının hayındadı. Yəni əlli tərpənsən, sənə bu tələdən qurtuluş var. Biz indi evi mühasirəyə alacağıq. Amma dal tərəfdən aşağı enib, ordan da yola çıxıb, rəməliyə qaça bilərsən, bu qaranlıqda səni kimdi tapan, məndən başqa da buraları bir dürüst tanıyan yoxdu. Mən də, sən əgər qaçsan, dəstəni izinə gətirən döyüləm. Aparsam da, onları yanlış yolnan aparacam. İndi qərar sənindi – özün seç, hansını istəyirsən.

Bunu deyib Abbas da Məhərə sınayıcı bir nəzər saldı:

- İndi nə deyim nəçənniyə, sözün nədi?

- Sözüm ta nolacaq? O olanlardan sora mən bir də sizin sözünüzə inanıb, qurbannıq qoyun kimi düşərəmmi qabağmıza, siz də mənim əl-qolumu qandallayıb gedər-gəlməzə göndərəsiniz? Yox da keçdi o. Mən bir də belə tələyə düşmərəm. Get nəçənniyə de ki, ölənə qədər vuruşacam burda siznən. Təslim olmaq fikrim də yoxdu.

- Hə, özün bilərsən, beləcə də çatdıracam dediyini hökumətə, – Abbas bunu deyib, atını geriyə sürdü.

Onu bayaqdan intizarla gözləyən nəçənniyə Məhərin dediklərini çatdırdı. Nəçənnik, sanki belə bir cavabı gözləmirmiş kimi, bərk dilxor olduğundan, bir müddət heç bilmədi nə desin. Sonra yenə də özünə gəlib, Məhərə yazığı gəlirmiş kimi dedi:

- Necə, istəyir ki, onun külünü göyə sovuraq, hə? Özü belə istəyirsə, elə də eləyərik. Daha sonra bizi bir kimsə qınamasın.

- Amma əvvəl gərək Qüdrəti külfətinnən bir yerdə evdən çıxmasına imkan verək. Yoxsa atışmada onlara da xətər yetər, – Abbas bunu deməyə imkan tapdı.

- Sən ondan narahat olma, mən arvad-uşağın qırılmasına imkan vermərəm, Abbas, – nəçənnik narazılıqla onun sözünü kəsdi. – İndi biriniz gedin Qüdrətə deyin ki, yavaş-yavaş uşaqları çıxarsın evdən.

Bu dəfə başqa bir milis işçisi atını sürüb evə yaxınlaşdı və Qüdrəti çağırıb, nəçənniyin dediklərini ona çatdırdı.

- Ay allah, sən özün kömək ol, – deyə Qüdrət əlindəki ləmpəni qabağına tutub, tələsik bir də içəri girdi.

Milis dəstəsi Qüdrətin ailəsiylə birgə evdən çıxmasını gözləyə-gözləyə, Məhərin üstünə necə hücum edəcəklərini müzakirə eləməyə başladı.

- Nə qədər patronu olar axı onun? – nəçənnik soruşdu. – Lap deyək ki, patrondaşı doludur – yəni iyirmi patronu var, o qurtarandan sonra bəs neynəyəcək?

- Onsuz da gec-tez məcbur təslim olacaq, – nəçənniyin dediyini milis işçilərindən bir neçəsi də təsdiq elədi.

- Hə, indi evi mühasirəyə almaq lazımdır. İki nəfər gedib evin arxasını gözləsin. Əgər o yandan çıxıb qaçmaq istəsə, vurarsınız, – deyə nəçənnik göstəriş verdi.

Bir azdan Qüdrətin evinə hər tərəfdən güllə yağdırmağa başladılar. Atəş səsləri, sınan şüşələrin, taqqıltı ilə dəlinən dirəklərin, suvağı uçub tökülən divarların səsi bir-birinə qarışmışdı. Məhər bir müddət sakit dayandı, amma sonradan o da milis dəstəsinə atəşlə cavab verdi. Hökumət silahlıları indi daha çox hara gəldi yox, güllənin atıldığı güman edilən tərəfə atəş açmağa çalışırdılar. Amma deyəsən hələ ki, hədəfdən uzaq idilər. Həmin gecə hava buludluydu, ay çox seyrək hallarda buludların əsarətindən qurtulub yer üzünə işıq salır, sonra təzədən onların əsiri olurdu və bu zaman həm evin içi, həm də bayır zülmət qaranlığa qərq olurdu. Təkcə lülələrin ağzında od qoparan, uçuşaraq havada işıqlı iz buraxan güllələri görmək olurdu. Artıq milis dəstəsindən bir neçəsini Məhər vurmuşdu, amma özü, deyəsən, hələ də sağ-salamat idi. Birdən ay yenə göründü və öz şüalarını düz Məhərin tük basmış, bir az da qəddarlaşmış, hər şeyə hazır olduğunu əks etdirən sifətinə saldı. Məhər ehtiyatsızlıq edib evin içərisində tam boyuynan dikəlmişdi və ay işıq salanda qurşaqdan yuxarısı pəncərədən bir anlığa göründü. Abbas özündən asılı olmayaraq, şikarının zəif yerini görüb, onu əldən buraxmaq istəməyən ovçu vərdişiylə tüfəngini çəkdi ki, qohumunu vursun. Amma birdən özünə gəldi və Məhərlə danışığını yadına salıb, gülləsini, bayaqdan bəri elədiyi kimi, qəsdən yan atdı. Sağ qalan milis işçilərinin də hamısı Məhər görünən kimi onu birdən gülləbaran elədilər. Araya bir müddət sakitlik çökdü, ay da bu arada öz müvəqqəti azadlığını itirdiyindən, yenidən ətraf zülmət qaranlığa qərq oldu.

- Deyəsən vurduq bu dəfə,- nəçənnik nəfəsi təngiyə-təngiyə dedi.

Sonra dönüb qaranlıqda zorla sezilən, hələ ayaq üstə olan atlılarına baxıb:

- Neçə nəfərimiz vurulub? – deyə soruşdu.

Cavab verdilər ki, dörd – ikisi yaralıdı, ikisi isə artıq dünyasını dəyişib. Yaralıların da ki, hərəsi bir tərəfdə inləyir, imdad diləyirdilər. Bir yardım olmasa, bir həkim əlac eləyib yaralarını sarımasa, onlar da yəqin, ya qan itirmədən, ya da qurğuşunun zəhərindən o dünyalıq olacaqdılar. Bunu nəçənnik bilirdi. Amma indi həkim axtarmaq vaxtı deyildi, ona görə də istəsən də, istəməsən də yaralıları gərək Allah ümidinə buraxaydın. Bir az keçmişdi ki, evin damından yenə də Məhərin güllələri milis işçilərinin başına yağdı.

Artıq vurulmuş olduğuna ümid etdikləri Məhərin nə zaman və necə evin damına çıxdığına mat galan hökumət silahlılarının hərəsi çaşqınlıq içində özünü bir tərəfə atdı. Bu dəfə də bir nəfər Məhərin gülləsindən tez o dünyalıq oldu, yaralılarınsa sayı daha iki nəfər artdı. Göz gözü görmədiyi zülmətdə Məhərin damdakı mövqeyi ona hökumət silahlılarının qarşısında çox üstünlük verirdi. Belə getsə deyəsən o milis işçilərinin hamısını bir-bir dənləyəcəkdi. Damın üzərinə yatmış Məhərin yerini də bu qaranlıqda təyin eləmək asan deyildi, çünki o istədiyi vaxt damın üstündə sürünərək, nəzərə çarpmadan öz yerini dəyişə bilirdi. Hökumət adamları bilmirdilər ki, bu vəziyyətdən necə çıxsınlar. Bəziləri hətta təklif elədilər ki, beləcə yerə uzanıb səhərə kimi gözləsələr yaxşıdı, səhər açılanda isə Məhər onsuz da əllərindən qaça bilməyəcək. Bir Abbas bilirdi ki, Məhər indi başqa şey fikirləşir, yəni ki, yola çıxıb kənddən uzaqlaşmaq. Yarım saata qədər qaranlıqdakı sükutu pozmağa bir kimsə cürət eləmədi. Amma birdən heç kimin, tək Abbas istisna olmaqla, gözləmədiyi halda evdən iki yüz addım aralıdan keçən yoldan atəş səsləri gəldi – Məhər idi yenə. Dəstə Məhərin bu yeni oyunundan daha da çaş-baş qalsa da, tez atlanaraq, atəş aça-aça onu təqib eləməyə başladı. Amma Məhərə yetişmək daha mümkün deyildi. Zülmət qaranlıqda o əriyib yoxa çıxdı. Bundan sonra Məhəri bir neçə gün də kənd içində və ətraf kəndlərdə axtardılar. Amma tapa bilmədilər ki, bilmədilər. Bəziləri deyirdilər ki, o külfətini də götürüb İrana keçib, bəziləri də deyirdilər ki, guya İrana yox, başqa ölkəyə gedib. O gündən sonra nə Məhəri, nə də onun ailəsindən bir kimsəni gördüm deyən olmadı. Bir müddət kənddə onun igidliyindən, təkbaşına bir bölük milis işçisinə necə od tutmasından danışdılar. Tək Abbas belə söhbətləri eşidəndə ürəyində acı-acı gülərdi. O istəsəydi atışmanın hələ lap başlanğıcında Məhəri aşıra bilərdi. Məhər nə qədər ürəkli olsa da, atmağı o qədər də sərrast deyildi, arabir ağır səhvlərə də yol verirdi. Məsələ burasındaydı ki, nəçənnik qarışıq həmin gecə onun üstünə gedən milis dəstəsinin içində bir nəfər də olsun atışmada sanballı səriştəsi olan yox idi. Tək bir Abbas idi, o da ki…

Yox, əgər qardaşlarının intiqamını almaq Abbasa qismətiydisə, o elə onda, yanıqlı-yanıqlı, hirs-hikkəsi yeri-göyü götürdüyü vaxt Məhərə rast gələr, onunla haqq-hesabını çəkərdi. Amma görünür, qismət deyilmiş. Nə isə, Allah bilən məsləhətdir. Bəlkə bu da, yəni ömrü boyu qardaşlarının qanını ala bilmədiyinə görə için-için yanmaq, onun bilməyərəkdən, istəməyərəkdən həyatlarına bais olduğu kənd cavanlarına elədiyinin əvəziydi, Allah ondan çıxırdı. Hər halda hər şey Allahın iradəsiylədir; yalnız bu fikir ağır məqamlarda Abbasa təskinlik verər, onu bir az sakitləşdirərdi.

Həmin gecəki atışmadan bir neçə gün sonra Abbas nəçənniyin yanına gəlib ondan işdən çıxmasına icazə verməsini istədi. Nəçənnik bunu, deyəsən, heç gözləmirdi. Hər halda özünü çox təəccüblənmiş kimi göstərdi və onun getməsini qətiyyən istəmədiyini bildirdi:

 

- Əşi, sən nə danışırsan, işdən çıxmaq nədi, zad nədi? At belə şeyləri başından getsin. İndiyə kimi canla-başla Şura hökumətinə qulluq eləmisən. Özün də çox qoçaq oğlansan. Səni kimilərinə milisdə həmişə ehtiyac var. Yuxarılarda da mən sənin haqqında danışmışam, xahiş eləmişəm ki, sənin rütbəni böyütsünlər. Özüm indiyə qədər demirdim ki, birdən-birə sevindi-rəm səni. O zındığın məsələsi olmasaydı, yəni Məhərin, indi yəqin qaldırmışdılar sənin rütbəni. O bizə bir ləkə oldu. Biz bu qədər adam bir nəfər quldurun öhdəsindən gələ bilmədik. Mənim qulluğumda hələ belə ləkə olmamışdı. Neçə dəstəni, nə qədər qaçağı-qulduru indiyə kimi aradan qaldırmışam. Amma həmin gecə elə bil tilsimə düşmüşdük, onu vura bilmədik ki, bilmədik. Nə isə. Amma bu işi yuxarılarda hələ xeyli vaxt unutmayacaqlar və yeri gələndə bir biabırçılıq kimi salacaqlar bizim yadımıza.

Nəçənnik həmin gün çox israr elədi ki, Abbas fikrindən dönsün, amma faydası olmadı.

- Mənim sənətim cuvarlıqdı, yenə gedib cuvarlığımı eləyəcəm. Şura hökuməti gözəl hökumətdi, indi daha əmin-amanlıqdı, əvvəlki dərəbəylik vaxtı döyül. Mən də başımı aşağı salıb o birilər kimi öz işimi görəcəm, balalarımı böyüdəcəm.

Abbasın nəçənniyə dediyi son sözlər bu oldu. Nəçənnik kişinin bu qətiyyətini görüb, daha bir söz demədi, eləcə durub Abbasın əlini sıxdı, dedi ki, işdi-şayət, nə vaxtsa milisə qayıtmaq istəsə, onu yenə canla-başla qəbul eləyəcək. Hətta özü başqa yerə gedəsi olsa, yeni gələn nəçənniyə də onun haqqında danışacaq ki, geriyə dönsə, Abbası dərhal işə götürsün.

Beləcə Abbas milisdən çıxıb, yenə də cuvarlığa qayıtdı, külfətiynən məşğul oldu və nəhayət oğlanlarını evləndirib, qızlarını köçürmək vaxtı gəldi.

Abbas kişi qızlarından kimisə bu kənddən yox, başqa bir yerdən istəyən olanda atını minib, o kəndə gedər, soruşub, həmin adamın əslindən-nəslindən xəbərdar olardı. «Əslini-nəslini bilmədiyin adama qız vermək olmaz», – Abbas kişinin sözü buydu. Beləcə lazım olan yerə səfər eləyib, qızı istəyən adamın kimliyini-kimsənəliyini öyrənər, ondan sonra həmin adamla qohum olub-ola bilməyəcəyinə qərar verərdi.

- Əsas odur ki, özləri düzgün, namuslu adam olsunlar, onun varı-pulu məni maraqlandırmır, – deyərdi Abbas kişi öz arvadına.

Arvadı Reyqa ilə arasında bu barədə çox vaxt uzun-uzadı müzakirə olardı. Reyqa da elə-belə arvadlardan deyildi. Ağır oturub, batman gələn, ya da kənddə camaatın dediyi kimi, «ağır taxtalı» arvad idi. Sözünü-söhbətini bilər, hər şeyin yerli-yerində olmasına çalışardı. Ailədə ən çox uşaqların, xüsusən də qızların tərbiyəsinə fikir verər, onların dürüst yetişməsi üçün çox çalışardı. Ən əsası qızların namuslu, abırlı-ismətli olması, həm də ev-eşik, bişirib-düşürmə işini bacarması idi. Abbas kişi arvadını həmişə diqqətlə dinlər, onun məsləhətinə-sözünə qulaq asardı. Həm də həmişə arvadının hörmətini saxlayar, ona heç vaxt təzyiq göstərməz, güldən ağır söz deməzdi. Reyqanın necə bir qeyrətlı arvad olmasını isə uşaqlarına belə danışardı:

- Bir dəfə Əkbər gəlmişdi bizə, mənim uzaqdan-uzağa qohumum da olsa, başkəsənin biriydi, özü də Goranboy-Əhmədlidə yaşayırdı. Elə yenicə yeməyi yeyib qurtarmışdıq ki, Reyqa əlimizi yumaq üçün bizə ləyənnən aftafada su gətirdi. Söhbətimizin bu yeriydi ki, Əkbər mənə gəlişinin məqsədindən danışırdı:

- O Nəcəf var, ha, sizin kənddə, Dəyirmançıoğlu, bu gecə vuracam onu evində, gəlişimin məqsədi budu. Onnan çoxdan haqq-hesabım var.

Əkbər bilmirdi ki, həmin o Dəyirmançıoğlu Nəcəf Reyqagilin ailəsinə yaxın adamdı, onun qohumlarından birinin qızını alıb. Elə burasını deyəndə Reyqa əlində tutduğu aftafanı var gücünnən qabağımızda yerə vurdu, içindəki su da üz-gözümüzə sıçradı. Sonra da ləyəni yerə atıb, aftafanı da heləcə böyrü üstə yıxılı qoyub otaqdan çıxdı. Əkbər hələ deməyə bir söz tapmamış, mən ona məsələnin nə yerdə olduğunu başa saldım.

- Bay səni, bilsəm mən heç ağzıma belə söz alardımmı, halal olsun bu kişinin qızına, gör necə qıryatdı arvaddı! Mən da bundan sonra onun qohumuna əl qaldırmaram.

Hə bunnan da Əkbər elə gəldiyi kimi də geri döndü, yəni Dəyirmançıoğlunu vurmadı.

Abbas beləcə qızlarının hamısını bir-bir ərə verdi, oğlanlarını da evləndirdi. Hamısı da ürəyincə olan adamlarıydı. Tək kiçik qızını ərə verəndə bir az çətinlik yarandı ortada. Bu dəfə elçi düşən adam lap uzaq kənddən idi. Atası da çoxdan, hələ o körpəykən dünyasını dəyişmişdi. Əvvəlcə həmin oğlanın anası gəlib, Abbasın arvadınnan danışdı, Reyqa da bunu ərinə deyən kimi, Abbas, eləmə tənbəllik, vurdu atını bir də yola, getdi düz həmin o kəndə. Oğlanın bütün əslini-nəcabətini öyrəndi. Atasını kənddəkilər çox tərif eləyib, ətrafda ad çıxarmış olduğunu dedilər. Amma oğlanın ana tərəfindən olan qohumlarının çox qorxaq, yazıq, miskin adamlar olmaqlarını, kənd içində nə hörmət sahibi, nə sayılanlar sırasında olmadıqlarını da dedilər. Geri qayıdanda Abbas hey onunla qohum olmaq istəyən bu oğlan haqqında fikirləşir, onun hansı tərəfinin qohumlarına oxşaya biləcəyini düşünürdü. Bir yandan da ki, bir tərəfinin igid, bir tərəfinin isə qorxaq olması, belə bir ziddiyyətli qohumluq, ailə onun fikrini məşğul edir, daha da çox tərəddüd etməsinə səbəb olurdu. «Bu görəsən özü hansı tərəfə çəkib? Oğul əslində atasına oxşuyar, ondan gördüklərini, eşitdiklərini yığışdırar. Deməli, onda atasına oxşayıb, bu da bir igid, qoçaq adam olmalıdı. Amma… hm… bir iş var ki, bu atasını görməyib. Deməli, ondan bir şey öyrənməsi də mümkün deyil. Anası onu təkcə böyüdüb. Özü də ana tərəfi deyirlər ki, çox qorxaq və aciz adamlardı. Onda bəlkə qanı atasına çəkib? Nə qədər olmasa, o rəhmətliyin qanı bunda axırsa, ola bilməz ki, bu ona heç oxşamıya. Amma, anası buna görən nə öyrədib axı, mən haradan bilim?” Evə qayıdandan sonra arvadına belə dedi:

- O oğlanın anasına xəbər elə ki, mən «təzə bəyin» özünü bir görmək, onunla söhbət eləmək istəyirəm.

Bu, düzü, bir az adətdən kənar idi, amma bir halda ki, atası yoxdu, kənd camaatının da fikri tam aydın döyül, gərək onda özü bir baxa onun damadı olmaq istəyən adama. Qoy gəlsin bir bəhanəynən su idarəsinə, orda da söhbətləşərlər. Bunu deyəndən sonra Abbas kişi daha istədi özünü sakitləşdirsin, amma yenə tam rahat ola bilmədi. Fikirləşdi ki, bəlkə elçi gələndə yox desin, bu şübhəli qohumluğa baş vurmasın. Axı gədənin bir tərəfi heç ağla batan deyildi. Qorxaq bir kimsənin sabah onun damadı olacağını fikirləşəndə qanı lap qaraldı. Ondan olacaq nəvələri haqda düşündü. Özü qorxaqdısa, uşaqları da, əsas da oğlanları qorxaq olacaq. Abbasın da bütün gələcək nəslinin adı batacaq onda. Abbas əmin idi ki, qorxaqlıq adama dədə-babasından keçir və neynəsən də, ata-anası qorxaq olan adamı igid eləyə bilməzsən. Ona da əminiydi ki, əgər özü vaxtsız vəfat etmiş olsaydı, arvadı uşaqları yenə də qüsursuz böyüdərdi, çünki özü necə bir kişinin qızıydı, necə qardaşların bacısıydı. Həm də onlarda Abbasın qanı axırdı.

Sonra xəbər gəldi ki, oğlan iki gündən sonra, günorta üstü, bir bəhanəynən gələcək su idarəsinə, guya təsadüfən də orada Abbası tapıb görüşəcək. Kişi nə fikirləşdisə, dörd oğlunun dördünü də özüynən həmin vaxtda oraya apardı. Bəlkə də fikirləşirdi ki, sabah qohumluqda bir yararsızlıq olsa, cavabdehlik tək onun üstündə qalmasın. Oğlanlarını həyətin kənarındakı bir ağacın altında gözlədib, öz işləriynən məşğul oldu, günortadan keçmiş bir cavan oğlan gəlib onu soruşdu. Oğlanları ağacın kölgəsində oturub dincəlirdilər və atalarının gəlişini görəndə, hamısı dərhal ayağa sıçradı. Abbas kişi də ağacın altındakı çəmənliyə yanını bir tərəfdən qoydu, sonra da oğlanlarına onunla gəlmiş, indi bir qıraqda dayanan gənci göstərib, yavaşca:

- Həmin bu oğlandı, – dedi. – Sonra da üzünü ona tərəf tutub: – A bala, yaxın gəl, – deyə səsləndi.

Gənc ürkək-ürkək onlara yaxınlaşdı. Abbasın oğlanları onun uzun boyuna, amma arıq, çəlimsiz bədəninə baxıb, çəkingən- lik, sanki hər şeyə, hər cür alçaldılmağa, təhqirə belə müqavimət göstərməyərək razı olacağını əks etdirən gözlərindəki ifadəni görəndə, hamısı təəccüblə birdən atalarına tərəf döndülər.

- Bu oğlana qızmı vermək olar, dədə? – deyə lap böyük oğlu sakitcə soruşdu. – Bu ki, qorxağın biridi.

- Ə, kəs səsini! – kişi bozardı. – Sən indi manamı öyrədəcəksən, kimə qız vermək olar, kimə yox?

Bunu deyib özü də fikrə getdi. Əvvəlki vaxt olsaydı, qoçaq, vurub-tutan olmayan, ürkək bir gəncə o doğrudan da qız verməzdi. Amma onsuz da daha indi, Şura hökumətinin vaxtında belə şeylərə baxan yoxdu. İndi qoçaqlıq başmı salamat saxlayıb, pis yola uymayıb, ailəsini dolandırmaqdı. İndi daha onsuz da əvvəlki vaxt döyül. Bir də indiki hökumət heç qoçaq oğlanları sevmir də, çoxusunu ya həbs eləyir, ya da bir yolnan sındırır. Burada böyük oğlunun bir neçə il əvvəl kolxozda işləyəndə briqadirnən davası yadına düşdü, qanı yenə də qaraldı. Oğlu onda briqadirin sözünü götürməyib, onu vurmuşdu. Sonra nə həngamə qopdu… Oğlunu qurtarmaq üçün nə qədər əziyyət çəkdi, neçə qapı döydü. Amma o biri yandan, indi igidlik vaxtı olmasa da, qorxaqlıq da bir şey döyül, adam gərək, nə olsun ki, Şura hökumətinin dövranıdı, zamana başqadı, ailəsini qoruya bilsin, namusunu gözdəsin. Birdən doğrudan da bu gənc buna qadir olmaz ha! Amma indi axı əvvəlki vaxt döyül; biri o birinə sataşdımı, milis onun cəzasını verəcək, bir az başını yuxarı qaldıranı da basacaqlar həbsxanaya gedəcək. İndi kim kimə sataşa bilər axı? Hm… Amma yenə də qorxaqlıq bir şey döyül, özü qorxaqdısa, deməli uşaqları da qorxaq olacaq, bütün nəslin adını batıracaqlar. Onda nə olsun bəs, nə olsun ki, indi igidlik zamanası döyül, gərək elə onun kürəkənini, gələcək nəvələrini kimsə əliynən göstərib qorxaq olduqlarınımı desin?.. Amma indi görürsən ki, elə adam var, qorxaqdı, gəl ki, bacarıqlıdı deyə, onun işi o birilərdən yaxşı gedir. Daha çox pul qazanır, özünə yaxşı ev-eşik, şərait düzəldir. Beləsinin görürsən ki, indi hörməti də çox vaxt o birilərindən artıq olur. Əvvəllər qorxaq bir adama bir kimsə salam da verməzdi. Amma indi buna baxan kimdi? Keçdi o vaxtlar.

Kişi başını qaldırıb bir də həmin gəncə baxdı. Amma baxırsan ki, belə qanacaqlı, mərifətli bir oğlandı, hər şeyin də yerini bilənə, sözəbaxan adama oxşayır.

- Bala, yaxşı, sən gedə bilərsən, get evinizə, – Abbas kişi bur də oğlana səsləndi.

Gənc yenə özünü utancaq apardı, sanki onların xoşuna gəlmək istəyərək, qohum ola biləcəyi adamların hamısına ürkək-ürkək bir də baxdı və dalı-dalı bir-iki addım atandan sonra, dönüb, sakitcə uzaqlaşdı.

Oğlanın bir həftədən sonra gələn elçilərinə Abbas kişi «hə» dedi. Beləcə kişi bir neçə aydan sonra kiçik qızını da köçürdü.

 

 

Bad Kamberq – Frankfurt, 2010-2012

 

Ədalət.-2013.-23-25 fevral.-S.23.