Qulaqları batıran sükut

Gedənlər qayıtmır, qalanlar da bizim deyil. Qədim türk şərqisinin bu nidaları duyğularımı eyni ağrının içində qovururdu. Elə qəribləşmişdim ki, özümü ələ almağa çətinlik çəkirdim. Məni haqlamış əzabdan qurtulmaq üçün küçəyə çıxdım. Hər şey öz adiliyində idi. Adamlar harasa tələsirdilər, maşınlar belədənbelə şütüyürdülər. Allah, bu, nə sakitlik idi?! Bir kimsənin qəlbimdəki şivəndən xəbəri yox idi. Cəfər Cabbarlı qələminin yadigarı olan misralar ruhumda dolaşırdı:

 

Ana! Ana!.. O adın qarşısında bir qul tək,

Həmişə səcdədə olmaq mənə fəxarətdir.

Onun əli ilə bəla-bəhrinə yuvarlansam,

Yenə xəyal edərəm, bəzmü-istirahətdir!

 

Nə edəcəyimi düşünə bilmirdim. Xəyalım çox uzaqlara qanadlandı. 1988-ci ilin fevralında namərd ermənilər Dağlıq Qarabağ kartını ortaya ataraq başımıza nə müsibətlər gətirmədilər?.. Qarabağın ilk şəhidləri - Əli ilə Bəxtiyarın həlak olması, Sumqayıt faciəsi. Ermənilər tərəfindən törədilmiş bu iğtişaşda xalam oğlu Nazim-Canpolad Orucov həlak oldu. Sinəmizə ilk şəhid dağı basıldı. Və nəhayət, Qərbi Azərbaycanda başlayan qara tufan!.. O günlər yaddaşımdan ağır daş kimi asılıb. Üstündən 25 il keçir, amma elə bilirəm ki, bütün bu baş verənlər dünən olub. Günlərlə Ali Sovetin, Nəqliyyat Nazirliyinin, Azərbaycan Mərkəzi Komitəsinin, daha digər qurumların qarşısına yığışar, biz Qərbi Azərbaycandan olan ziyalılar gediş-gəlişi kəsilmiş yurdumuzda yaşayan biçarələrimizə kömək istəyirdik. Onları xilas etmək üçün döymədiyimiz qapı, getmədiyimiz ünvan qalmadı. Ölkənin o vaxtkı rəhbərliyi də, onun tabeliyindəki qurumlar da bizə layqedlik göstərdilər. Bu, azmış kimi hələ bir dostluq şeypuru da çaldılar. Nəticədə 1988-ci ilin payızında cəmi 15 gün ərzində Qərbi Azərbaycanda yaşayan soydaşlarımız vəhşiliklə öz ata-baba ocaqlarından qovuldular. Sinəmə köz kimi sıxılan o günlərin acısı gözlərimdə bulaq kimi qaynayır. Zəngəzurun bütün yaşayış məntəqələrində amansız bir deportasiya başladı. Anamı, bacımı, qohum-qardaşımı və həmkəndlilərimi üstüaçıq maşınlara dolduraraq Naxçıvan tərəfdə Ərikli deyilən yerdə qarın içinə tökdülər. Şahbuz camaatının fərasəti sayəsində o binəsiblər aldıqları zərbədən və şaxtadan qarın içində donub ölməkdən qurtulsalar da, ömürləri elə də uzun çəkmədi. Mənim adı Gözəl, özü gözəl anam aldığı stressdən vətən və torpaq şəhidi oldu. Dərdlər bir-birinə bağlanaraq uzanırdı. Bizə kömək edən, yardım göstərən, erməniyə dur deyən, dayan söyləyən tapılmırdı. Qərbi Azərbaycandan didərgin düşən 300 min soydaşımız sanki azlıq edirdi.

Ermənipərəst qüvvələr 1990-cı ilin yanvarında azadlıq arzusu ilə çarpışan millətimizin gözünü qorxutmaq, haqq səsini susdurmaq üçün xəbərdarlıq etmədən əliyalın insanların üstünə silahlı ordunun yeridilməsinə nail oldular. O qara şənbə gecəsində yaralananlar arasında xalam nəvəsi Vaqif Tahirov da var idi. Lakin onda ölümdən sovuşa bilmişdi. Uzun müddət xəstəxanada müalicə olunduqdan sonra sağalan kimi iş yerinə qayıtmışdı. Amma doğma torpaqlarımızın üzləşdiyi fəlakətlər Vaqifə dinclik vermirdi. Onun bütün fikri-zikri Qarabağda qalmışdı. Günlərin birində ata oğlunu cəbhəyə yola saldı. Üç bacının bir qardaşı idi Vaqif. Politexnik İnstitutunun avtomatika fakültəsini bitirmişdi. İki il də hərbi xidmətdə olmuşdu. Sən taleyin yazısına bax. 1990-cı ilin yanvarında Bakıda Vaqifə atılan güllə 1992-ci ilin həmin ayında Qarabağ torpağında Daşaltıda sinəsinə tuşlandı. Bu çinar boylu igidimiz də belə şəhid oldu. Vaqifdən sonra ailənin bütün tifaqı dağıldı. Valideynləri də, ciyər-paralarının son gedişinə tab gətirməyərək qəflətən dünyalarını dəyişdilər. Vaqif Tahirovun müqəddəs məzarı Şəhidlər xiyabanında uyuyur

Beləcə, Qarabağın da, elə bizim də sinəmizə çalın-çarpaz dağlar çəkilməkdə davam etdi. Bu dərdlərin, bu ağılagəlməz vəhşiliklərin içində Xocalı soyqırımının müqayisəsi tapılmadı. Bu əzgin fikirlərin qucağında çırpındığım vaxtlarda əlimə bir kitab keçdi. Şəmsi Vəfadarın Məni çoxdan öldürdülər alı şeirlər kitabını tən ortadan açdım. İlk oxuduğum misra bunlar oldu:

 

Sən necə dözürsən

Ay Qız qalası,

Burda balaların

Hər yanı qandı.

Sən necə dözürsən

Ay Ərk qalası,

Ölən Xocalıdı,

Azərbaycandı!

 

Varlığımdan oldum. Sonra isə Aqil dünyası adlı poemasını oxudum. Bu əsər Azərbaycanın ilk Milli Qəhrəmanı Aqil Quliyevin əziz xatirəsinə həsr olunub.

O Aqil Quliyev ki nəslimizin, pərən-pərən düşmüş elimizin qeyrətli balası idi. O Aqil Quliyev ki atası müəllimim olmuşdu, mənə Vətəni sevməyi, Vətən yolunda hər cür əzaba dözməyi, sinə gərməyi öyrətmişdi. O Aqil Quliyev ki mənim Sahib əmimin ciyər-parası idi. Zəngəzurun Urud kəndində doğuldu. Ukraynada ali təhsil aldı. Qarabağda Xocalıda şəhid oldu. Nə qədər özümü tox tutub mərd aparmağa çalışsam da, nə titrəyən səsim, nə də dolub-boşalan gözlərim sözümə baxır

Biz yurd itirdik, el itirdik İlahi, bu, çox az imiş, ucaboylu, qaragözlü igidlərimiz əldən getdi. Şəhidlik zirvəsindən boylanan Aqil Quliyevin Xocalı soyqırımında qəhrəmanlıqla həlak olduğu gündən 21 il keçir. Sinəmizdə köz kimi sıxılan o günlər ovqatımıza gah qürur gətirdi, gah da bizi çəkilməz nisgillərə tuş etdi. Adını çəkdiyim kitabda oxuyuram:

 

Hər axşam şəhidlər,

Xiyabanında

Anaların ruhu

Sərgərdan gəzər,

Qohumlar məzarın

Böyür-başını

Analar şəhidin

Ruhun bəzər.

 

Allah sənə insaf versin, Şəmsi Vəfadar. Nə gözəl deyibsən: İgid oğulların uca boyları ana qollarının həsrətindədir.

Qəhrəmanlar haqqında yazmaq, onlara belə əsərlər həsr etmək çətin də olsa şərəflidir, gələcək nəslə ərmağan, əbədiyyətə qovuşmuşlara bir ehtiramdır! Tüfənglə, qılıncla döyüşə bilməyəndə qələmlə çarpışmağın özü də bir mübarizədir! Cəbhədə göstərdiyi igidliyə və qəhrəmanlığa görə Aqil Quliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. 1999-cu ildə ümummilli lider Heydər Əliyev Milli qəhrəmanın layiq görüldüyü yüksək mükafatı onun atası Sahib Quliyevə təqdim etmişdi. İndi Sahib əmim də haqq dünyasına qovuşub.

1991-ci ilin sentyabrında könüllü olaraq Goranboy cəbhəsinə gedən igidlərdən biri də Fəxrəddin Nəcəfov idi. O da yaxın qohumu Aqil Quliyev kimi Xarkov Ali Yanğınsöndürənlər Məktəbini bitirmişdi. Sorağı Todandan, Şəfəqdən gəlirdi. Elə həmin ilin yayı Qarabağda Canyataq, Gülyataq kəndləri uğrunda gedən döyüşlərlə ağır yaralandı. Beş yerdən çiynindən, qollarından, ayaqlarından həm güllə, həm də qəlpə yarası almışdı. Bir qədər müalicə olundu, amma yaraları tam sağalmamış yenidən döyüşə yollandı. Aqilin ölümü onu bərk sarsıtmışdı. İntiqam almaq bütün varlığına hakim kəsilmişdi. Bu məqsədlə də vuruşdu və həlak oldu Son sözləri isə məni mütləq Aqilin yanında dəfn edərsiniz olub. Ürəyimizə yeni dağ, nəslimizə növbəti qürur gətirən Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü. Oğul dərdi atanı da, ananı da haqq dünyasına apardı.

Analar olmayan yerdə oğulları bacılar ağlar. Bax, elə Şəmsi Vəfadar da adını çəkdiyim poemanın sonunda Aqilin bacısı Rəmziyyənin dilindən bir ağı poetik ovqat yaradır:

 

And olsun qəbrinə,

Əziz qardaşım!

Döyüşün önündə

Sən olacaqsan!

Bu azad, müstəqil

Vətənimizdə

Qələbə sözüylə

doğulacaqsan!

 

Bir hadisəni heç unuda bilmirəm. Urudlu Tovuz ananın oğlu şəhid olmuşdu. Elindən, obasından didərgin düşmüş ailə Bakıda məskunlaşıb. 1992-ci ilin soyuq qış günü idi. Sükutun harayı qulaqları batırırdı. Kişilərin bir-birinə sıxılmış dodaqları, düyünlənmiş qaşları bu gərginliyi daha da artırırdı. Heç kim ananı inandıra bilmirdi ki, tabutdakı həqiqətən də onun oğludur. Tovuz ana bütün varlığı ilə qiyyə çəkdi: Mən mütləq ona baxmalıyam. Sizin söyləməyinizlə deyil, mənim ürəyim başqa şeylər deyir. O, mənim oğlum deyildir. Məni çəkmir bu tabut. Ananın inadkarlığı nəticəsində tabutu açdılar. Meyit tanınmaz şəklə salınmışdı. Qadın dəhşətli bir nalə çəkdi. Elə güman etdik ki, ana oğlunun ürək parçalayan halından havalanıb. Ananın həyəcanı hamıya sirəyat etdi. Ata, qardaş, qohum-əqraba, qonum-qonşu, meyiti gətirən əsgərlər belə inanmaq istəmədilər. Ana haray qoparırdı: Mənim oğlum deyil. Onun çiynində, boynunda, qolunda xalı var idi. O xallardan biri yoxdur bu bədbəxtdə. Mənim oğlumun bədəni tunc rəngdə idi. Mənim oğlumun Qadın bayıldı. Sonralar bəlli oldu ki, həqiqətən də Tovuz ananın oğlu Ramin Həbib oğlu Abdullayev Daşaltıda gedən ağır döyüşlərdə itğkin düşüb. Onun haqqında başqa məlumat yoxdur.

Belə bir bədbəxt hadisə də həmkəndlimin başına gəlib. Ananın oğlu cəbhədə itkin düşdü. Yenə şəhidlər xiyabanına getmişdim. Aqilin, Vaqifin, Fəxrəddinin, cümlə-şəhidlərin qəbirləri üstünə qərənfillər düzüb bu müqəddəs məkandan ayrılmaq istərkən qulağıma çox həzin bir səs gəldi. Kimsə öz balasını oxşayırdı. Səs gələn tərəfə boylananda ayaqlarım yerə yapışdı. Titrək addımlarla bayatılayan qadına yaxınlaşdım. Qəbrinin üstünə baxdım. Sinədaşına yazılmışdı: naməlum! Qadının taqəti sanki tükəndi. Birtəhər onun qolundan tutmaq istəyəndə dilim-dodağım qurudu. Bu, Şüşə xala idi. Oğlu Sərxan Həsənov Şuşa ətrafında gedən döyüşlərdə itkin düşmüşdü. Qalx, xala, qalx dedim. Hər gün gəlib bu naməlumları oxşayıb ağlayıram. Bəlkə elə onlardan biri mənim öz balamdır. Araya sükut düşdü Nə edəcəyimi bilmədim. Qəfildən səsi kəsilən ana havalanmış kimi ayağa qalxdı: Sərxan hey, anan qurban, gəlirəm. Bu gəzəri heykəlin dalınca kirimişcə baxdım. Addım atmağa heyim qalmamışdı. Görə nə ağır dərdlər var, ölümdən də betərdi! Buna necə dözmək olar?! Günlərin birində eşitdiyim xəbərdən dəhşətə gəldim. O bədbəxt qadın elə həmin qəbrin üstündə də keçinmişdi

Bilmirəm, bu, hansı hissin təsiridir? Hər dəfə Şəhidlər xiyabanına ziyarətdən sonra qulağıma məşhur bir mahnının həzin sədaları gəlir. Elə bilirəm Zəngəzurun Urud kəndindən pərvazlanan digər şəhidlərin Cahangir Kərimovun, Fariz Gəncəliyevin və Vüqar Sadıqovun nəfəsi bunu pıçıldayır:

 

Anama deyin

balası gələr,

Gözləri gülər.

Dağlara deyin

çəkməsin ona

dumandan pərdə,

Dözmərəm dərdə!..

 

Sözdən çox səsin ahəngi, həyəcanı adamın ruhunu uzaqlara qanadlandırır. Bu səsdə və musiqidə bir vətən sevgisi, bir vətən həsrəti dil açır. Bütün bunlar isə hamısı dərin bir sükutun içində baş verir. Bu sükutun min fəryadı isə qulaqları batırır. Ehey, əlim çatmaz, ünüm yetməz olanlar, eşidirsinizmi məni?!

- Vətən bizi çağırır!..

 

 

Flora XƏLİLZADƏ

 

Kaspi.-2013.-26 fevral.-S.7.