“Xocalıların qışqırtısı hələ də qulağımdadır” həyat hekayəsi 

  

Fevralın 25-dn 26-na keçən gecə 28 yaxın qohumunu itirən Tofiq Həsənov o dəhşətli günü hönkürtü ilə xatırlayır

 

Tofiq 1992-ci ilin fevralın 25-dn 26-na keçən gecə ata anası ilə yanaşı 28 yaxın qohumunu itirib. Xocalıda ən çox qohumunu itirən ikinci ailənin üzvüdür. Ata-anası gözünün qarşısında erməni gülləsinə tuş gələn Tofiq bizə həm uşaqlığının ilişib qaldığı Xocalı, həm də əsrin faciəsini yaşayan Xocalı barədə danışdı. Müsahibimiz Xocalını tərk etmək məcburiyyətində qalarkən 14 yaşı olub. Qeyd edək ki, Tofiq Həsənov 1977-ci il oktyabrın 15-də Xocalının Ballıca kəndində anadan olub. Həmsöhbətimizlə danışmaq o qədər də asan olmadı. Çünki ona yaddaşının bir küncündə duran və həmişə onu yaralayan dəhşətli günləri yenidən xatırlatmalı olduq. Hərçənd o günləri bir dəqiqə belə unutmadığını deyir. Müsahibimizin söhbət əsnasında bir neçə dəfə hönkürtü ilə ağlamasını isə biz ömrümüz boyu unutmayacağıq...

- 1988-in sentyabrın 15-də ermənilərin təzyiqi altında Xocalının Ballıca kəndindən Xocalı şəhərinə köçkün düşdük. Burada fin evlərdə yaşamağa başladıq. Amma ermənilər fin evləri də bizə çox gördülər. 3 il yarımdan sonra Xocalıdan çıxmaq məcburiyyətində qaldıq.

- Xocalını tərk etmək qərarı necə verildi?

- Faciədən əvvəl Xocalı 6 ay blokadada qaldı. O müddət ərzində gecə-gündüz atışmalar olurdu və bu, hər kəsə adi gəlirdi. Dörd tərəfdən rusun 366-cı polku ilə ermənilər hücumlar təşkil edirdilər. Həmin müdhiş gecə isə qeyri-adi idi, çölə çıxan vahimələnirdi. Ermənilər elə fişəng atırdılar ki, elə bil gündüz idi. Havanı fişənglərlə işıqlandırıb icra hakimiyyətinin binasını, klubu vurdular. Camaat gördü ki, Xocalı yanır, tamamilə məhv olur, kömək də gəlmir, hamı bir yerə yığışdı, Xocalının o zamankı yerli icra nümayəndəsi, indiki deputatı Elman Məmmədov, Milli Qəhrəman, rəhmətlik Əlif Hacıyev də orada idi. 25-dən 26-a keçən gecə saat 12-yə 15 dəqiqə işləmiş hamılıqla oranı tərk etmək qərarına gəlindi. O vaxt qardaşlarımdan biri Laçında döyüşürdü, bacılarımı isə əvvəlcədən Ağdama yollamışdıq. Atam, anam, mən və 2 qardaşım isə Xocalıda idik. Biz də camaata qoşulduq. Ağdama getmək üçün Qarqar çayını keçməli idik. Bu çay həmişə bol sulu olurdu. Həmin gün isə hava şaxtalı idi. Çox çətinliklə Qarqarı keçib dağ yolu gəlməyə başladıq. Təsəvvür edin, bütün kənd üzüyuxarı dağa çıxırdı və bir nəfər dağdan sürüşəndə arxadakıları da özü ilə bərabər yenidən dağın dibinə, Qarqar çayına aparırdı. Şaxtalı hava olmasına baxmayaraq, insanlar əyinlərindəki kurtkalarını, pencəklərini çıxarıb atırdılar ki, hərəkət etmələri üçün ağırlıq etməsin. Əmimgilin qonşusu hətta oğlunu kolun dibinə qoydu ki, “apara bilmirəm”. Əmim qonşunun üstünə nə qədər qışqırsa da, xeyri olmadı, kişinin gücü bitmişdi. Uşağı Ağdama qədər əmim qucağında gətirdi. Orda baş verənləri fikirləşəndə bütün bədənim əsir.

- Atışma vaxtını necə xatırlayırsan?

- Dağı aşandan sonra səhər 7-yə işləmiş Əsgəran yolunda “Ferma” deyilən yerə çatdıq. Orada BTR zirehli maşını, yanında bir əsgər, içində də bir əsgər vardı. Kütlə sağdan-soldan keçsə də, heç kimə heç nə etmədilər. Elman müəllim dedi ki, silahlılar qabağa keçsinlər. Qardaşlarımda silah var idi deyə onlar qabağa keçdilər. Mən ata-anamla qaldım. Sonra biz Qaraqayaya – yaxınlarımızı itirəcəyimiz yerə çatdıq. Hava tamamilə işıqlaşmışdı. Qaraqayaya çatan kimi bizi hər tərəfdən atəşə tutdular. Qarmaqarışıqlıq düşdü, camaat hara gedəcəyini bilmirdi, hara üz tuturdularsa, gülləyə tuş gəlirdilər. Bəziləri özünü çayın içinə atır, bəziləri ermənilərə tərəf qaçırdı. Anam yolda ayağından yüngül yaralanmışdı. Atışma düşəndə xəndək kimi yerdə ata-anamı gözlərimin qarşısında vurdular. Onlar ağır yaralandılar. Atamın da, anamın da mənə son sözü bu oldu ki, “qaç”. Onlara yardım edə bilmədim...

- Deməli, ata-anan həmin gün sağ qalıb.

- Bəlkə də gecəyə kimi sağ qalıblar. Gecə ermənilər yenidən gəlib yaralıları öldürüblər, meyitlərin üstündəki pul, zinət əşyalarını da götürüblər.

- Atanla anan “qaç” deyəndən sonra nə etdin?

- Başqa əlacım yox idi, axına qoşulub üzü çaya tərəf qaçdım. Gəlib Şelliyə çıxdıq, oradan da Ağdamın xəstəxanasına. Hamının ayağı donmuşdu. Qışqırıq səsindən qulaqlarım batmışdı. Qardaşlarımı saat 9-a işləmiş Ağdamda gördüm. Özümdə deyildim. Ayaqlarım kimi beynim də donmuşdu, heç nə fikirləşə bilmirdim, yaşadıqlarım mənə acı yuxu kimi gəlirdi. Həmin gün xocalıların hamısı Ağdama gələ bilməmişdi. Bir qismi axşam gəldi, hətta 4 gün meşədə qalanlar da oldu. Sonra qohum-əqrəba Ağdama gəlib yığışdı. Həmin gecə bütün Ağdam bizim yanımızda idi, bizi öz evlərində yerləşdirməyə aparırdılar. Bilirdilər ki, qalmağa evimiz-eşiyimiz, torpağımız yoxdur artıq... Valideynlərimizin, qohumlarımızın meyitini Xocalıdan gətirib Ağdamda dəfn edəndən sonra atamın Oğuzdan olan İlham adlı dostu bizi Oğuza apardı. Oğuzda bizi erməni evlərindən birinə yerləşdirdilər. 8 ay orada qaldıq, sonra indiki Göygölün Hacıkənd kəndinə köçdük. 21 yaşımda Hacıkənddə əmim qızı ilə ailə həyatı qurub Bakıya gəldik. Əvvəlcə Texniki Universitetin, 2000-ci ildən isə Bakı Dövlət Universitetinin yataqxanasında qaldıq.

- Xocalıdan çıxanda neçənci sinifdə oxuyurdunuz?

- 8-ci sinifdə oxuyurdum. Əlaçı idim. Xocalıda həm də idmanla məşğul olurdum. Xocalıdan çıxandan sonra 3 il Naftalanda bacımgildə qalıb 11-ci sinfi bitirdim. Məktəbi əla qiymətlərlə bitirsəm də, imkanımız olmadığından Bakıya gəlib ali məktəbə imtahan verə bilmədim.

- Övladlarınızın böyüyəndə hansı peşənin sahibi olmasını istərdiniz?

- İki oğlum, bir qızım var. Bircə mənim çəkdiklərimi çəkməsinlər. Nə yolla olursa-olsun, zülm çəksəm belə, böyük oğlumu oxutacağam. Balaca oğlumun isə idmançı olmasını arzulayıram. İstərdim ki, onun rəqibi erməni olsun, o da həmişə erməninin üzərində qələbə çalsın. Bir də övladlarımın Xocalıda böyüməsini istərdim. Oradan xoş xatirə qalmasa belə, yenə o torpaq mənim üçün əzizdir. Ata yurdu başqa bir şeydir.

- Uşaqlarınıza ananız-atanız, Xocalıda baş verənlər barəsində danışırsınız?

- Danışmamışam. Açığı danışa bilmirəm. İçimdə belə bir düşüncə var ki, uşaqlara babası, nənəsi haqqında danışam. Amma danışa bilmirəm, çətinlik çəkirəm. Hərdən nənə-babalarını evimizin divarındakı şəkilini, Xocalıda öldürüldükləri yerdəki şəkillərini göstərirəm, amma danışa bilmirəm. Heç onlar da soruşmurlar. Yəqin nə çəkdiyimi bilirlər.

- Siz ata-ananızı itirəndə böyük qardaşınız sizə atalıq edib. Amma ata-ananın yerini heç kəs verə bilməz. 14-15 yaşlı bir yeniyetmə ata-anaya ehtiyacı olanda nə edib?

- Məni 5 il böyük qardaşım Hüseyn saxlayıb. Təbii ki, ata-anaya çox ehtiyacım olub. Amma mən oğlan uşağı olduğumdan başım çöldə-bayırda işə qarışıb. Ən çox Xocalı alınanda 13 yaşı olan kiçik bacımın valideynlərimizə ehtiyacı olub (hönkürtü ilə ağlayır). Sonra ailə qurdu, amma 3 uşağı ilə ailə başçısını itirdi. Atamın, anamın qəbirləri də Ağdamda qalıb. əlimiz çatan yerdə olsaydı, heç olmasa, arada gedib ürəyimizi boşaldardıq.

- Bu qədər faciə yaşayandan sonra iş üçün üz tutduğunuz Rusiyada, deyəsən, erməniylə də bir yerdə işləməli olmusunuz...

- 2004-cü ildə iki aylığına usta kimi Rusiyaya işləməyə getmişdim. Getdiyimiz yerdə Xankəndində yaşamış Albert adlı bir erməni vardı. Məndən soruşanda ki, haralısan, dedim Xocalıdanam, “oy” edib qaçıb getdi. Məni ora aparan həmyerlim Sərxandan soruşdum ki, bu niyə belə etdi? Sərxan dedi ki, o, ermənidir. Az qala dəli oldum. Xocalıdan çıxandan sonra 12 il idi erməni görməyən adam erməni ilə bir yerdə işləyirdi. O da orada pul qazanıb çörək yeyir, mən də. Sərxan dedi ki, qətiyyən ağlından keçirmə ki, ona nəsə edəsən. Dedim, narahat olma. Amma heç cürə özümə gələ bilmirdim. Yenidən Xocalı faciəsi gözümün önündə canlanır, qulağıma haray-qışqırıq səsləri gəlirdi. Albertlə qarşı-qarşıya gələndə, soruşdum ki, “Albert məndən qorxmursan?”. Dedi ki, “bizim nə günahımız var, sən də fəhləsən, mən də”. Dedim, “sən bilirsən ata-anamı Xocalıda itirmişəm, nəsil-köküm hamısı Xocalıda qırılıb, məndən qorxmursan?” Dedi, “burada səndən qorxmuram”. Dedim, “səni öldürəcəyəm, tikintidə kubiki yuxarıdan başına atacağam, öləcəksən. Kim biləcək ki, səni mən öldürmüşəm”. Ondan sonra Albert işdən çıxdı ki, Tofiq məni öldürəcək. Həqiqətən də fikrimdə var idi ki, onu öldürəm. Onu görməyə belə tab gətirə bilmirdim. Amma şükürlər olsun ki, bunu etməyə Allah imkan vermədi. Yoxsa bəlkə hələ də Rusiyada həbsxanada idim.

- Xocalıdan olan köçkünlər Xocalı soyqırımı ərəfəsində televiziyalarda verilən kadrlara baxa bilmədiklərini deyirlər. Siz necə, həmin vaxt neynirsiniz?

- Mən və ailəm də həmin vaxt televizoru yandırmırıq. Heç Bakıdakı Xocalı abidəsinə belə gedə bilmirəm. Ümumiyyətlə, fevral ayı gələndə düzəngahdakı xocalıların qışqırtısı qulağımdan getmir, yenidən həmin hadisələri yaşayıram. Tək ata-anam deyil, gözümün qarşısında öldürülən gənclər, günahsız körpələr yadımdan çıxmır, lent kimi beynimdən gəlib keçir. Adi vaxtlar belə yuxuda həmin gecəni görürəm, qan-tər içində ayılıram. Bir dəfə də yuxuda gördüm ki, oğlum faciə zamanı yanımdadır. Ayıldım, baxdım ki, oğlum yerindədir, mən də yuxuda o qədər ağlamışdım, üz-gözüm su içində idi.

- Ata-ananı necə xatırlayırsan?

- Onları da tez-tez yuxuda görürəm. Atam çox sərt adam idi, amma anamı daha çox xatırlayıram. Ən çox anama məndən böyük qardaşım Şahin bağlıydı. Şahin çörək sexində işləyirdi və anam xoşladığı üçün hər gün ona isti çörək gətirirdi (gülümsəyir – L.M.). Hamımız anamıza nənə, atamıza baba deyərdik. Təkcə Şahin qardaşım anama həmişə ana deyərdi.

- Tofiq, nə işlə məşğulsan? Ailəni necə dolandırırsan?

- İki aydır, işsizəm. Bakıya gələndən fəhləlik etmişəm, ev təmiri-tikintisi ilə məşğul olmuşam, sonradan usta kimi çalışmışam. Gah işsiz olmuşam, gah işləmişəm. Elə bir faciəni yaşamışam ki, bu günümə şükür edirəm. Baxmayaraq ki, 5 nəfər bir otaqda yaşayırıq. Mətbəximiz də, dəhlizimiz də, qonaq otağımız da, yataq otağımız da birdir. Şükür edirəm ki, 3 övladım sağ-salamatdır. Bircə onların gələcəyi üçün narahatam. Daimi bir iş istəyirəm ki, 1 tikə çörək qazanıb ailəmi dolandırım.

- Deyəsən, şəhid ailəsi statusunun verdiyi imtiyazlardan da istifadə etməmisiniz...

- Bəli, Yasamal rayon İcra Hakimiyyətində (YRİH) məcburi köçkünlərin nümayəndəliyi var. Orada şəhid ailəsi kimi qeydiyyata düşməmişik. Sözün açığı, ata-anamın qan pulu olduğu üçün bu günə kimi bundan istifadə etmək istəməmişəm. YRİH-nə şəhid ailələri üçün pul, yardımlar gəlir, mən bunların heç birindən yararlanmamışam. Amma fikirləşirəm ki, qeydiyyata düşməsəm, sabahısı gün heç kimə sübut edə bilməyəcəyəm ki, şəhid ailəsiyəm. Buna görə də, şəhid ailəsi kimi YRİH-də qeydiyyatdan keçmək istəyirəm. Sözügedən icra hakimiyyətinə getdim. Oradan Nigar adlı xanım mənə dedi ki, yaşadığın yerdən arayış gətir. Mən də 15 ilə yaxındır yaşadığım yataqxanadan arayış apardım. Nigar xanım bu dəfə dedi ki, “sənədlərin düz deyil, əvvəl yaşadığın yerdən arayış gətir. Dedim, “ermənilərlə müqavilə bağlayıb, gedib sənə arayış gətirə bilmərəm axı. Mənim heç yerdə qeydiyyatım olmayıb, qaçqın kimi ilk olaraq qeydiyyatım Bakı Dövlət Universitetinin hazırda yaşadığım yataqxanasında olub. Nigar xanım onu da qəbul etmir. Hətta mənə söz göndərdi ki, qeydiyyatdan keçmək üçün ona “hörmət” etməliyəm. Yasamal rayon İcra Hakimiyyətinin məcburi köçkünlərin nümayəndəliyində mənə qarşı bu hörmətsizliyi başa düşə bilmirəm. Bu münasibəti görəndən sonra özümə yer tapa bilmirəm, boğuluram. Xocalı bütün dünyada tanınmağa başlayır, amma bu faciənin qurbanını öz ölkəsində sayan yoxdur, bax, bu mənə təsir edir. Buna görə ölkə prezidenti cənab İlham Əliyevə müraciət yazmışam. Ümidim ancaq onadır.

 

 

Lalə Musaqızı

 

Kaspi.-2013.-26 fevral.-S.9.