“Şəngülüm, Şüngülüm, Məngülüm” Novruzda gələcək 

 

 Nicat Kazımov: “20 ildən sonra bu tamaşanı hazırlamaq yenidən mənə həvalə olundu

 

Ötən həftə Gənc Tamaşaçılar Teatrına (GTT) baş çəkdim. Teatrın səhnəsində Azərbaycanın xalq nağılı, Mikayıl Müşfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm” poeması əsasında səhnələşdirilən “Kosa ilə Keçəlin Şəngül, Şüngül, Məngül nağılı”nın məşqləri gedirdi. Düşünürəm ki, tamaşanın mətnini oxuculara şərh etməyə ehtiyac yoxdur, çünki bu nağılı uşaqlıqdan dinləyə-dinləyə böyümüşük.

Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov aktyorları sərt çıxışları ilə bir səhnə üzərində dəfələrlə məşq etdirirdi. Teatrın baş rejissoru Bəhram Osmanov da kənardan hazırlanan tamaşanı maraqla izləyirdi. Məşq prosesi bitdikdən sonra tamaşada 3 obrazı yaradan ifaçıların fikirlərini öyrəndim. Aydın oldu ki, tamaşa Novruz bayramı ərəfəsində uşaqlar və böyüklər üçün hazırlanır.

Teatrın repertuarında bir sıra baş rolların əsas ifaçısı Elnur Kərimov canlandırdığı obrazın heç də əsas qəhrəman olmadığını, aktyorun bütün rolları sevərək canlandırmalı olduğunu qeyd etdi: “Tamaşada həm Qazı, həm də Şüngül obrazlarını oynayacağam. İki rol oynamaq aktyor üçün də maraqlıdır. Hazırladığımız tamaşa uşaqların ən çox sevdiyi nağıllardan biridir. Tamaşada hər şey nağılda olduğu kimi deyil, burada müasir mahnılar, rəqslər öz əksini tapacaq. Biz də öz növbəmizdə tamaşanın uğurlu alınması üçün əlimizdən gələni edəcəyik ki, tamaşa baxımlı olsun. Nicat Kazımovun quruluş verdiyi uşaq tamaşaları müasir musiqiləri və hazırlanması ilə seçilir. Teatrda artıq 13 ildir ki, fəaliyyət göstərirəm və əksər tamaşalarda baş rolları oynamışam. Ancaq bu dəfə canlandırdığım Şüngül obrazı əsas qəhrəman deyil. Bu rolu Nicat Kazımovdan özüm xahiş etmişəm. Qəhrəman olmaqdan artıq çəkinirəm, düşünürəm ki, epizod rolu oynamaq daha maraqlıdır. Aktyor hər rolu bacarmalıdır, istər əsas qəhrəman rolu, istərsə də epizodik rollar olsun”.

Kiçik uşaqların sevimli qəhrəmanı, uğurlu obrazları ilə yaddaşlarda qalan gənc aktrisa Asya Atakişiyeva bu tamaşanın teatrın repertuarında uzun müddət qalacağına və maraqlı tamaşalardan biri olacağına inandığını qeyd etdi: “Tamaşada Şəngül obrazını canlandıracağam. Tamaşa Novruz bayramı ərəfəsi üçün hazırlanır. Tamaşa qədim nağıl personajlarının üzərində qurulsa da, burada müasir rəqslər, musiqi, tərtibat öz əksini tapacaq. İnanıram ki, hazırladığımız bu tamaşa uzun müddət teatrımızın repertuarında ən çox izlənilən tamaşa olacaq”.

Son zamanlar hazırlanan tamaşalarda tez-tez rastlaşdığımız gənc aktyor Səfa Mehdi canlandırdığı obrazın ruhən özünə yaxın olduğunu və tamaşaçılar tərəfindən sevilə biləcəyini bildirdi: “Tamaşada Məngül obrazını oynayacağam. Bu, uşaq tamaşalarında ilk canlandırdığım obraz deyil. Məngülüm evin ən balacası olmasına baxmayaraq, çox qıvraq, cəsur və bicdir. O, canavarı, küpəgirən qarını aldadır, anasına canavarın qardaşlarını apardığını söyləyir. Canavar Məngülümə kələk gəlib, tutmağa çalışsa da, onu tuta bilmir. Baxmayaraq ki, o, balacadır, özündən razıdır, ancaq dili qədər dilçəyi də var. Bu obrazı öz xarakterimə çox bənzədirəm. Düşünürəm ki, Elnur Kərimov, Asya Atakişiyeva və mən yaxşı trio ola biləcəyik”.

Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov bu tamaşanı ikinci dəfədir ki, hazırladığını və ona uşaq tamaşalarının daha çox həvalə olunduğunu vurğuladı: “Bu tamaşanı 1993-cü ildə “Mono tamaşalar” festivalı üçün hazırlamışdım. 20 ildən sonra isə bu tamaşa mənə həvalə olundu. Bunu hazırladığım digər uşaq tamaşaları ilə müqayisə etmək düzgün deyil. Bu tamaşa gülüş, sevinc bayram əhval-ruhiyyəsində olan bir tamaşa olacaq. Bu dəfə də tamaşada aktyorların ifasındakı geyimlər mənə məxsus olacaq. Bu gün tamaşaçıların belə tamaşalara ehtiyacı var. Uşaq tamaşası hazırlamaq digər tamaşaları hazırlamaqdan daha çətindir. Burada elə nüanslar var ki, onları nəzərə almaq lazımdır. Mənim üçün fərqi yoxdur, uşaq tamaşası, yoxsa böyüklər üçün tamaşa hazırlayıram”.

“Son zamanlar nə üçün ancaq uşaq tamaşaları hazırlayırsınız” sualımıza isə rejissor “Yəqin düşünürlər ki, məndə uşaq tamaşası daha yaxşı alınır və ona görə mənə həvalə edirlər Ancaq mən bu fikirlərlə razılaşmıram. Nəzərinizə çatdırım ki, mən təkcə uşaq tamaşalarının quruluşçusu deyiləm. “Qoca Kloun”, “Pəri cadu” kimi tamaşalar heç də uşaqlar nəzərdə tutulmayıb. Hazırda isə ingilis dramaturqu Rey Kuninin “Kişi, qadın, pəncərə, meyit” əsəri əsasında yeni tamaşanın məqşlərinə başlamışıq. Bu mənim Akademik Milli Dram Teatrında ikinci işim olacaqcavabını verdi.

Onu da qeyd edim ki, teatrın aktyoru rejissoru N.Kazımov Akademik Milli Dram Teatrında bundan əvvəl Eduardo de FilipponunKabuslarəsərinə quruluş verib. Tamaşa məktəblilərin tətil günlərində nümayiş etdiriləcək. Səhnə əsərində əsas rolları əməkdar artist Kəmalə Hüseynova, aktyorlar Mehriban Hüseynova, Vüsal Mehrəliyev, Ceyhun Məmmədov, Asya Atakişiyeva, Elnur Kərimov, Səfa Mehdi, Eşqin Quliyev, Sevinc Mehrəliyeva, Zülfiyyə Alhüseynova, Anar Seyfullayev, Müşfiq Əliyev başqaları ifa edəcəklər.

 

 

Xəyalə Rəis

 

Kaspi.-2013.-27 fevral.-S.13.