Tənhalıq bəşəriyyətin həqiqətdir
Aqşin Yenisey: “Şair öz dərdini cəmiyyətə
sırımamalıdır, cəmiyyətin dərdini öz dərdi kimi görməlidir”
İstedadlı şair Aqşin Yeniseyin «Kaspi»yə müsahibəsini təqdim
edirik.
–
Yarıciddi-yarızarafat deyim, Aqşin, nə çox
müsahibələr verirsən?
– Qabriel Qarsiya Markes Rusiyada qonaq olanda demişdi ki, müsahibə verməkdən bezmişəm, çünki tükənməkdən qorxuram. Əslində, yazar susanda daha yaxşı yazır. Evdə də, tədbirlərdə də susmağın tərəfdarıyam, danışmaq istəmirəm. Amma bu gün Azərbaycanda az qala hamı danışır. Böyük bir xor kollektivi var. Yaza bilən adamlarsa azdır. Yaza bilənlərin çoxu da ya susan, ya da səsi eşidilməyən yazarlardırr. Kağızla üzbəüz qalan az yazar var. O başqa məsələ ki, özünü şairliyə vurmuşlar, tərcüməçiliyə vurmuşlar, müğənniliyə vurmuşlar isə bütün günü dil boğaza qoymurlar. Düzü, əksərən müsahibə verməkdən boyun qaçırmaq istəyirəm. Ancaq bədbəxtçiliyim orasındadır ki, mənimlə ədəbiyyat söhbəti etmək istəyənlərin çoxu dostlarımdır, onlara “yox” deyə bilmirəm. Yoxsa məndən olsa lal-dinməz oturaram evdə, kitabımı oxuyub yazılarımı yazaram.
Bir də
onu deyim ki, biz danışmayanda cəmiyyət narahat olur,
düşünürlər ki, buna nə olub? Hətta
evdə danışmayanda evdəkilər narahat
olur ki, bu niyə susub? Susanda elə bilirlər, nəsə dərdin var bunlara demirsən, halbuki daha çox
kitablarla danışmaq istəyirəm.
Danışa biləcəyim adamların çoxu
dünyada yoxdur, ancaq kitabları var.
Kitabı kitab oxumaq
xatirinə oxumuram. Çexovun
kitabını oxuyanda elə bilirəm ki, Çexovla söhbət
edirəm. Yaxud Tolstoyun
hekayəsini oxuyanda elə bilirəm ki, onunla şəxsən
danışıram. Bu mənada
danışmağa adamlar çoxdur.
– Əgər
danışacağın adamların çoxu dünyadan
köçübsə, onda belə çıxır ki, cəmiyyətə
deyəcəyin sözün azdır, hə?
– Elə bilməyək ki, hər şeyin ən doğrusunu biz bilirik və hər sözü cəmiyyətə demək olar. Bizim üst mərtəbədəki qonşunun direl səsindən xoşu gəlir, o imkanı ona tanımaq lazımdır, mənim kitabla ünsiyyəti sevdiyim kimi, onun da dəmir-dümür səsindən xoşu gəlir. Kimə nə xoşdursa, bir-birinə mane olmamaq şərti ilə, maksimum rahatlıq təmin edilməlidir. Biz yazarlar isə, ümumiyyətlə, yazı yazanda və danışanda üzümüzü insanlara yox, Allaha tutmalıyıq. Üzümüzü insana tutub yazdığımız mətn bizim eqoistliyimizdən xəbər verir. Yaradıcı adam üzünü Allaha tutub yazmalıdır, ciddi mətnlər belə yaranır. Axmaqlar isə həmişə olub, cəmiyyətin heç nədən qorxusu yoxdur, çünki ibtidai icma quruluşundan bəri cəmiyyət gör nə qədər dövr və hakimiyyət dəyişib. Mənimçün maraqlıdır ki, Qobustan qayalarında niyə görə o qədər adamın içində biri gedib şəkil cızırdı qayalara? Bütün o mərasimlərdən uzaqlaşıb daşla ünsiyyətə can atırdı? Necə oldu ki, ailədə 15 uşaq oldu, onlardan biri şair oldu? Yaxud Qobustan qayalarında biri heyvana ox atmadı, ancaq ox atmağını qayaya cızdı? Bu sirlər maraqlıdır mənə. Məni ibtidai yaradıcılıq hissi və fantaziyası düşündürür. Cəmiyyət həmişə bir-birinin ətini yeyib, həmişə də belə olacaq. İnsan ətyeyəndir. Çənə quruluşu da insanın yırtıcılara bənzəyir. Təbiət də baş verən hadisələrlə, cəmiyyətdə baş verən hadisələr adekvatdır: güclü zəifi yeyir. İndi insan Marsda həyat axtarır ki, orda şərait yaxşı olsa köçüb ora gedək, ora getsək orda da belə olacağıq, bir-birimizin malına göz tikəcəyik, yaltaqlanacağıq, pul qazanmaqdan ötrü min hoqqadan çıxacağıq və s. Bu gün Azərbaycanda gənc yazarların günü heç Qobustan qayalarında şəkil cızan adamın günü qədər də deyil. Azərbaycan cəmiyyətinə istedad lazım deyil, istedadlı adam görəndə tez onu məhv etməyin yollarını axtarırlar. Düşünürlər ki, bu istedadı tez-bazar məhv edib toyumuza gedək, maşın almağa yollanaq, arvad alaq, arvad boşayaq, ev sataq və s. Buna görə də mən üzümü cəmiyyətə tutub yazmağın tərəfdarı deyiləm, çünki kütlə istedada arxasını çevirib.
–
Deyirsən ki, üzünü Allaha tutub yazmaq lazımdır. Ancaq şeirlərində “nənəm Allahdan üç yaş böyükdür”,
yaxud əcəli Tanrının qatilliyi kimi əks etdirirsən.
Bu necə olur bəs?
– Hərdən
öz şeirlərimi oxuyuram,
görürəm ki, ciddi
yazarların arasında ən çox “Allah” sözündən istifadə edən mənəm.
Amma qaldı ki, Allahla bağlı şeirlərimdəki sərt
məqamlara, deyim, söyməyə cəsarət
etdiyim Allah kütlənin
Allahıdır, mənim deyil. Bu gün insanlar özləri
də bilmədən yanlış Allaha
ibadət edirlər, o Allaha
görə müharibə edirlər, bir-birini
öldürürlər, cürbəcür təriqətlərə
bölünüblər, onlarla missioner təşkilatlar yaradıblar. Öz Allahımla heç
bir problemim yoxdur, münasibətlərimizsə çox səmimidir və mən hətta
bunu hiss edirəm. Heç vaxt öz Allahım haqqında bircə tənqidi fikir də yazmamışam. Mənim Allahım
mənə diktə edir ki,
sən varsan, səni və dünyanı
mən yaratmışam, bu boyda
kainatın yiyəsiyəm. Mən yerdəki Allahı tənqid
edirəm, o Allah ki, Türkiyədə bir cür düşünür
və ya düşündürür,
İranda bir cür düşünür
və düşündürür və s. Hər gün yuxudan qalxanda pəncərəyə
yaxınlaşıb, üzümü
gözəgörünməzə tutub
deyirəm: “Sənə təşəkkür edirəm”. Mən
dünyanın ədalətlə idarə edən, saf və təmiz Allaha
inanıram. Qondarma Allaha
inanmıram, o Allaha ki, ona görə baş kəsib, cənnətə düşəcəklərinə
inanırlar. İnanca görə insan insanı öldürər? Məni yaradan, anamın bətninə yerləşdirən
Allahı çox sevirəm, niyyətlərə
görə adamlara sərf edən
Allahı yox.
–
Şeirlərində Tanrını necə hiss edirsən?
– Elə şeirlər olub ki, mən o şeirlər haqqında düşünməmişəm, ancaq qəfil o şeirin şəklini təsəvvürümdə görmüşəm, qalxıb o şeiri bir nəfəsə kağıza köçürmüşəm. Bəs bu sözləri necə yazdım, hardan yarandı bu fikirlər? Şəxsən bunlar mənə aydın deyil, belə məsələləri ancaq Allah bilər. Gözümlə gördüyüm şeir Allahla ünsiyyətdən yaranıb. Elə olub ki, gecə saat beşdə şeir yazmışam. Evdə də deyiblər ki, yat, işığı da söndür. Qəribədir, şeirin şəkilini görürəm, rəssamlıqla, şairliyi qarışdırmışam biri-birinə, zibil olsun mən görən işin içinə (gülürük).
– Şeirlərinin içində
ən çox sevdiyim “Vidalaşma”dır. Doğurdan da, başdan-sona iztirabdan doğan şeirdir. Mənə bir həmkar
və oxucu kimi maraqlıdır o şeirin yazılma prosesi.
– “Vidalaşma”
şeirini mən ilk qurduğum ailə həyatı dağılanda
yazmışam. O vaxtlar nə ailəm, nə dostlarım, nə də məni istəyən insanlar yanımda idi. Deyim ki, gecədən
səhər açılan
qədər yazmışam
o şeiri. Həmişə tək yaşamışam
deyə həmişə
özümü qorumağa
çalışmışam, artıq bu inistiktdə
çevrilib. Heyvanlara xas
yalquzaqlıq hissi mən də həmişə olub.
Bir də görürsən hanısa məclisdə dostlarla problem yaranır, onlar düşünür
ki, bir də
sənə zəng vurmayacağıq, məni
təkliklə hədələyənlər,
qorxudanlar yanlış
düşünürlər. Mən tək qalmağın öhdəsindən gələ
bilən adamam. “Vidalaşma” şeirini
yazanda da tək qalmışdım,
bircə Allah var idi qəlbimdə. Heç kəs maraqlanmır, maraqlananlar da istəyirdi ki, mən o təkliyin əzabın elə tək çəkim.
Mən də bu əzabı
çəkdim. “Vidalaşma” şeiri də təkliyin əzabından yaranıb.
Məni yada salan adam
yox idi. Əgər bəstəkar olsaydım,
o şeiri simfoniya kimi yazardım. Proses yadımdadır: Ailə dağılıb,
səni axtaran yox, sənlə heç kəs maraqlanmır, sən də bir qədər
peşmansan, bəlkə
də peşman deyilsən – bax bu duyğular həmin şeiri mənə yazdırıb.
İlk dəfə idi ki, ailənin dağılmasını görürdüm
və çanağın
öz başımda çatlamağının şahidi
olurdum. Mənə görə ailə
qurulur, ailə dağılmır, əgər
dağılırsa, deməli,
ailə deyil və heç vaxt da olmayıb,
hansısa münasibətlərdir
adını da ailə qoyublar. Əslində, iki insan bir evdə
yaşamamalıdır, cəmiyyət
ailədən imtina edib: qəbilə, ailə və təklik. Bu ilahi
bir informasiyadır, sivilizasiya tarixinin xronikasıdır. Mən qohumlarımın
ailələrinə getmirəm,
nə ad gününə,
nə də başqa günlərə.
Niyə?
Çünki uşaq səsindən
beyin tutulur. Adam bezir. Bəşəriyyətin
inkişaf xronologiyası
təkliyə doğru
gedir: Qəbilədən
çıxdın, ailə
qurdun, lap yaxşı,
indi hara gedirsən – təkliyə.
Dünyada şüuraltı olaraq hamı tək qalmaq istəyir. Heç kəs ikinci
insanla həyatını
bölüşmək istəmir.
Tənhalıq bəşəriyyətin həqiqətdir. Yazarkən
təkliyi sevirəm, yazan adam
təkliyə vurğun
olmalıdır. Tənhalığı bizim şairlər gözdən salıblar.
Allah da tənhadır.
İnsan
hələlik tənhalıqdan
ağır duyğu kəşf etməyib.
– Aqşin, hərdən mənə elə gəlir ki, bizim iztirablarımızdan ədəbiyyat qazanır. Yəni, yazar böyük mənada iztirab çəkmədən dərin əsərlər yaza bilməz. Dərdə tamaşaçı gözü ilə baxıb yazmaqla iş aşmır, məncə.
– Kəndirbaz ip üstündə yeriyir, yerə yıxılsa öləcək, ancaq insanlar ona baxıb əylənirlər. Eləcə də orta əsrlərdə döyüşçüləri döyüşdürüb yüksək təbəqənin nümayəndələri zövq alırdılar. Ancaq ədəbiyyat adamlarının əzablarından zövq almaq düzgün deyil, çünki rəssamın, şairin ağrısı hamının ağrısıdır. Məsələn, ağrılı misra yazanda düşünürəm ki, bu fikirləri kimsə oxusun və ağrısını unutsun, düşünsün ki, bu dünyada tək deyiləm, məndən başqa da biri var, özü də mənimlə həmdərddir. Çünki insan öz oxşarını axtarır həmişə, tapanda sevinir. “İki bədbəxt bir yerdə xoşbəxtdir” fikri həqiqətdir. Özü də insan öz oxşarını uzaqda tapanda qoruyur, yaxında görəndəsə məhv etmək istəyir. Şair deyəndə o adamı düşünürəm ki, o şeirin yazmaqla yanaşı oxucusunun da dərdini çəksin. Bizim şairlərin çoxu kefindən yazır. Ona görə də şeirlərinin əksəri adamın bircə tükünü də tərpətmir. Dostoyevski deyirdi ki, “Dünyada baş verən hər bir şeyin mənə dəxli var”. Yaradıcı adam bu düşüncədə olmalıdır. Yoxsa vərəqdə heyvərələnməyə nə var. Dünya qopur, ancaq bizim şairlər lal qalırlar. Dünyaya, ölkəsinə, insanlara biganə olan adam yaxşı mətn yaza bilməz. Şair əzab hissini sözə çevirməlidir, Nazim Hikmət dünyanın dərdini ürəyinin dilindən verə bilirdi deyə nəhəng şair idi. Şair öz dərdini cəmiyyətə sırımamalıdır, cəmiyyətin dərdini öz dərdi kimi görməlidir. Əzab çəkmədən, iztirab hissinə yad olub yaxşı əsər yazmaq olmaz. Xüsusən, şair üçün dərd vacib məqamdır, ancaq dərdi də gərək gözdən salmayasan.
Fərid Hüseyn
Kaspi.-2013.-9-11 noyabr.-S.15.