Yarməmməd kimi tanıdığımız: İbrahim İsfahanlı

 

Təqvimə nəzər yetirdikdə bir tarix diqqətimdən qaçmadı. 13 oktyabr görkəmli teatr xadimi İbrahim İsfahanlının vəfatı günüdür. Məhz bu yazını bizim üçün mühüm olan bu tarixə-aktyor İbrahim İsfahanlının vəfatı gününə həsr edirik.

İbrahim İsfahanlı-teatr tariximizdə görkəmli aktyor və rejissor, eyni zamanda, teatr təşkilatşısı kimi özünəməxsus yer tutur. O, Tiflis Azərbaycan peşəkar teatrının formalaşmasında, truppanın dövlət statusu almasında, kollektivin aktyor ansamblının sənətkarlıq səciyyələrinin təkamülündə, romantik aktyor məktəbinin Gürcüstanda geniş intişar tapmasında müstəsna xidmətləri olan səhnə fədakarlarından olub. İbrahim İsfahanlının M.F.Axundov adına Tbilisi Azərbaycan Dövlət Musiqili Dram Teatrının tarixi adlı xatirələri isə onun teatr tariximizə verdiyi böyük töhfədir. Xatirələrin əlyazması Gürcüstan Dövlət Teatr, MusiqiKino Muzeyində saxlanılır. Bu əsər milli teatr tariximizin inkişafı, ayrı-ayrı tamaşalar, rejissoraktyorlarla bağlı tədqiqatların aparılması baxımından çox qiymətlidir. Xatirələrdən parçalar ilk əvvəllər Azərbaycan mətbuatında, habelə Gürcüstan qəzetində çap olunub, daha sonra İbrahim İsfahanlı kitabının müəllifi, professor Şurəddin Məmmədli əsas hissələrini həmin kitaba daxil edib.

Lakin... o, xüsusi teatr təhsili görməmişdi, ancaq fitrətən aktyor doğulub, güclü fəhmlə səhnənin hər incəliklərini duyurdu, çağlayan qüdrətli daxili ehtirasdan bacarıqla istifadə edirdi. Təxəyyülü qanadlı və ifadəli, emosional-psixoloji daxili aləmi çoxqatlı idi. Həyatın ən sərt sınaqları ilə üzləşib, lakin səhnəni heç vaxt tərk etməyib, mətanəti, iradəsi və ən əsası alovlu sənət məhəbbəti ilə bütün çətinliklərin fövqündə durub. İbtidai məktəb təhsili də görməyib. Amma əslən Başkeçidin Lök Candar kəndindən olan anası Molla Məsmədən yazı-pozunu öyrənərək zəngin mütaliəyə sahib olub.

"İsfahanlı" onun səhnə təxəllüsüdür. İbrahim Hüseyn oğlu Hüseynzadə (İsfahanlı) 1897-ci ildə Tiflisdə doğulub. Səkkiz yaşına çatanda atası Həsən kişi Allah rəhmətinə gedib və anası İbrahimi çəkməçi yanına şəyird verib. O, əlinə pul düşən kimi məhəllə uşaqları ilə Zubalov adına Xalq evində, Artistlər klubunda, Gürcü Zadəgan (Əyanlar) evində azərbaycanlı teatr həvəskarlarının oynadıqları tamaşalara baxıb.

Unudulmaz hadisə...

1908-ci ildə Tiflisdə baş vermiş bir hadisə onun həyatında silinməz izlər qoyub, bəlkə də səhnəyə həmişəlik bağlanmasına səbəb olub. İbrahim İsfahanlı həmin dövrü sonradan belə xatırlayıb:

Küçələrə vurulmuş bərbəzəkli afişalar 1908-ci ildə tiflisliləri Əbdürrəhim bəy Haqverdiyevin Ağa Məhəmməd şah Qacar faciəsinin tamaşasına çağırırdı. Tamaşada Qacar rolunu Hüseyn Ərəblinski, İrakli rolunu Əbülfət Vəli oynayacaqdı. Tiflisə qastrola gələn hər iki sənətkarın adı afişada iri hərflərlə yazılmışdı.

Həmin tamaşanı Hüseyn Ərəblinski özü hazırlamışdı. O vaxtlar Tiflisdə olan Ə.Haqverdiyev ona kömək etmişdi. Əsərdəki digər rolları Tiflis teatrının aktyorları oynayıblar. Böyük uğurla keçən tamaşanı o vaxtlar Tiflisdə yaşayan ziyalılar-C.Məmmədquluzadə, M.A.Şaxtaxtlı, E.Sultanov, habelə gürcü ziyalıları da izləmiş, H.Ərəblinskini təbrik etmişdilər.

İ.İsfahanılının xatirələrindən: Ərəblinskinin o gecəki vüqarı, boy-buxunu, hələ də gözlərim önündədir-bəli, bu belədir, belə də gərək olsun-sözləri qulağımdan getməyib.

İ.İsfahanlı ilk dəfə səhnəyə qadın rolunda çıxıb. Tiflis Azərbaycan Teatrının yaradıcılarından biri, Xalq artisti Mustafa Mərdanov özünün Xatirələrim kitabında yazıb: Azərbaycan dilinə təbdil və tərcümə olunmuş Xor-xor vodevili əlimə keçdi. Burada məni, xüsusən əsgər Seyfullanın rolu çox maraqlandırdı. Fikrimi yaxın dostlarımdan Nadir İbrahimovİbrahim İsfahanlıya bildirmək üçün onları evimizə dəvət etdim. Əsəri bir yerdə oxuduq və bəyəndik.

Dostlar bu əsər əsasında tamaşa hazırlamağı qərara alırlar və müəyyən tərəddüddən sonra İbrahim İsfahanlı zabitin arvadı rolunu oynamağa razılıq verir. Tamaşa uğurla keçir, eyni zamanda Mustafa Mərdanov və İbrahim İsfahanlı səhnəyə ilk addımlarını atır və öz talelərini həmişəlik teatra bağlayırlar. Bu hadisə 1909-cu ildə baş vermişdi.

Özünün də yazdığına görə, səhnəyə ilk dəfə 1909-cu ildə, sonralar xalq artisti olmuş Mustafa Mərdanovun və nasir, dramaturq, ilk azərbaycanlı rejissor Əbdürrəhim bəy Haqverdiyevin qayğıları sayəsində çıxıb. Elə həmin gündən də səhnəyə, aktyorluq sənətinə möhkəm tellərlə bağlanıb.

Tiflis Azərbaycan teatr dəstəsinin güclü aktyor truppası vardı. 1911-ci ildə həmin dəstə (başqa sözlə, cəmiyyət) iki yerə bölünüb. Gürcü Əyanlar teatrında yerləşən dəstəyə Mirseyfəddin Kirmanşahlı rəhbərlik edirdibu, ikinci dəstə adlanıb. Birinci dəstə Zubalov adına Xalq evində fəaliyyət göstərirdi və rəhbəri qocaman səhnə fədaisi Mirzəli Abbasov olub. 1917-ci ildə "İttihad" və "İbrət" adlanan bu dram dəstələri sonradan həmin dövrdə Gürcüstanda işləyən Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü ilə birləşib daha kamil truppaya çevrildilər. İbrahim İsfahanlı "İttihad"da həm aktyorluq edib, həm də bir rejissor kimi tamaşalar hazırlayıb. "İttihad" və "İbrət" birləşərək "Müsəlman dram artistləri cəmiyyəti" olandan sonra teatr dəstəsinin fəaliyyət dairəsi genişlənib. Rəhbərləri Mirseyfəddin Kirmanşahlı, Mirzəli AbbasovMustafa Mərdanov, əsas təşkilatçılardan biri İbrahim İsfahanlı olmaqla bu dəstə Gürcüstanın müxtəlif iri şəhərlərinə Acarıstanın Batum, Azərbaycanın Zaqatala, Şəki, Ağdam, Göyçay, Gəncə, Türkiyənin İstanbul, İranın Tehran, Rəşt, Təbriz, Xoy, Ənzəli... şəhərlərinə qastrollara çıxıb. Xüsusən altı aydan çox çəkən İstanbul qastrolu çox uğurlu keçib. 1920-1922-ci illərdə Tiflisdə Azərbaycan teatrı kollektivinin işində güclü təkamül başlayıb və təbii ki, yeni mərhələyə keçidin önündə gedənlərdən biriİbrahim İsfahanlı olub. Ələkbər Seyfinin rəhbərliyi və onun rejissorluğu ilə truppanın yığcam bir dəstəsi (Əhməd Salahlı, Əli Qurbanov, Əsəd Xəlilov, İsmət xanım, Srubi Qaraqaş) Türkiyənin Qars, Sarıqamış, Ərzurum şəhərlərində uğurlu qastrol tamaşaları göstəriblər.

1921-ci il Tiflis Azərbaycan Teatrı üçün yeni mərhələyə keçidin astanası oldu. Kollektivin Tiflis Dövlət Azərbaycan Dram Teatrına çevrilməsi üçün Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mustafa Mərdanov, Mirseyfəddin Kirmanşahlı ilə bərabər İbrahim İsfahanlı da böyük xidmətlər göstərib, coşğun səylə çalışıb. İbrahim İsfahanlı teatrın müxtəlif truppalar halında fəaliyyət göstərdiyi illərdə də həvəskar aktyor kimi çoxlu rol oynayıb. Hətta həmin rolların əksəriyyətini bir neçə quruluşda ifa edib. Aktyorun 1909-1922-ci illərdə səhnəyə çıxdığı obrazların əsas qismi Rüstəm, Xubçöhr və Pərviz ("Dəmirçi Gavə", Ş.Sami), Fərhad, Tavad Sereteli ("Bəxtsiz cavan" və "Ağa Məhəmməd şah Qacar", Ə.Haqverdiyev), Gürcü bəy, Rza bəy ("Nadir şah" və "Şamdan bəy", N.Nərimanov), Gülçöhrə, Əsgər, İbn Salam, Gülnaz ("Arşın mal alan", "Leyli və Məcnun" və "Məşədi İbad", Ü.Hacıbəyov), Vəzir Mirzə Həbib ("Lənkəran xanının vəzıri", M.F.Axundzadə), Mayor Xudaverdi bəy ("Hacı Qəmbər", N.Vəzirov) rollarından ibarətdir. Tiflis Azərbaycan teatr truppası 1922-ci ildən Dövlət Türk Dram Teatrı kimi yaradıcılığının yeni mərhələsinə qədəm qoydu. Səmərəli yaradıcılıq yolu keçən teatr 1947-ci il yanvar ayının 2-də bağlandı. Arada iki il Bakıda akyorluq etdiyini çıxmaqla İbrahim İsfahanlı əsil peşəkar səhnə ustası kimi zəngin yaradıcılıq irsi formalaşdırıb. Həmin illər ərzində ifa etdiyi rollar bədii-estetik səciyyələrinə, oyun peşəkarlığına, ifadə vasitələrinin rəngarəngliyinə görə parlaq sənətkarlıq xüsusiyyətlərini özlərində cəmləşdiriblər. Aktyorun ən yaddaqalan səhnə surətləri Xlestakov ("Müfəttiş", N.Qoqol), Klimantura ("Jorj Danden", J.B.Molyer), Dəmirqaya, Şeyx Sənan, İblis, Keykavus ("Topal Teymur", "Şeyx Sənan", "İblis" və "Səyavuş", H.Cavid), Yaqo, Hamlet ("Otello" və "Hamlet", V.Şekspir), Elxan, İbad, Oqtay, Balaş ("Od gəlini", "Almaz", "Oqtay Eloğlu" və "Sevil", C.Cabbarlı), VurmHofmarşal ("Məkr və məhəbbət", F.Şiller), Süleyman ("Həyat", M.İbrahimov), Koroğlu ("Koroğlu", H.İsmayılov), Zöhrak və Gavə ("Dəmirçi Gavə", Ş.Sami), Nadir şah ("Nadir şah", N.Nərimanov), Şahmar bəy, İblis, Nəcəf bəy ("Baba yurdunda", "Pəri cadu" və "Dağılan tifaq", Ə.Haqverdiyev), General Tomson ("Hind qızı", Ə.Hamid), Yaqor, ("Vətən namusu", G.Mdivani), Nəbi ("Qaçaq Nəbi", S.Rüstəm), Şapur, VaqifQacar ("Fərhad və Şirin" və "Vaqif", S.Vurğun), Nizami ("Nizami", M.Hüseyn), Heybət ("Ürəkçalanlar", dramaturq M.S.Ordubadi və bəstəkar F.Əmirov) rollarıdır.

İbrahim İsfahanlı M.F.Axundzadə adına Tiflis Dövlət Azərbaycan Dram Teatrında qırxdan çox əsəri tamaşaya hazırayıb. Onun verdiyi müxtəlif quruluşlar teatrın yaradıcılıq həyatında əhəmiyyətli rol oynayıb. Romantik ruhlu aktyor İbrahim İsfahanlı 1926-1928-ci illərdə Tiflis Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru işləyib. 1928-ci ilin oktyabrında Bakıya, Akademik Milli Dram teatrına gəlib. Tiflis teatrı kollektivinin ciddi çağırışı ilə 1930-cu ilin yanvarında yenidən doğma kollektivə qayıdıb. 1934-cü ildə azəri və osmanlı türklərinin yaşadıqları Gürcüstanın ərazisində yerləşən Adıgün rayonunda səyyar KolxozSovxoz Teatrı yaradılıb. Tiflis teatrının kollektivinin yarısı, başda İbrahim İsfahanlı olmaqla, Adıgünə gəlib teatrın bünövrəsini qoyublar. Adıgün Dövlət KolxozSovxoz Teatrı 1936-cı ildə bağlanıb və bütün kollektiv Tiflisə qayıdıb. Həmin illərdə Tiflis Teatrının baş rejissoru Yusif Yulduz olub. İbrahim İsfahanlı 1936-cı ildən teatr bağlanana qədər (2 yanvar 1947-ci il) bu kollektivdə aktyor, müəyyən mərhələlərdə rejissor, baş rejissor, bədii rəhbər kimi fədakarlıqla çalışıb.

Böyük sənət uğurlarına görə 1932-ci ildə İbrahim İsfahanlıya Gürcüstanın xalq artisti fəxri adı verilib. Dövlət teatrı bağlanandan sonra o, Azərbaycana gələrək Zaqatala (iyul 1947-may 1948) və Qazax (may 1948-may) Dövlət teatrında baş rejissorluq edib. 1949-cu ildə bu teatrlar da bağlanandan sonra Tiflisə qayıdıb. Tiflisdə, Başneçiddə dram dərnəklərinə rəhbərlik edib. Gürcüstan Dövlət Filarmoniyasının Azərbaycan estrada ansamblında çalışıb.

Aktyor "Azərbaycanfilm"də istehsal olunmuş "Böyük dayaq" filmində Yarməmməd roluna çəkilib. Yarməmməd əsas rol olmasa da, görkəmli aktyorun ifasında filmdə ən yaddaqalan obrazlardan birinə çevrilib.

Beləliklə... Yarməmməd kimi tanıdığımız İbrahim Hüseyn oğlu İsfahanlı 13 oktyabr 1967-ci ildə Tiflisdə vəfat edib. Ruhu şad olsun!

 

Aygün Süleymanova

Teatrşünas

Kaspi.-2013.-4-5 oktybar.-S.11.