Cəbhə Şeirləri

Zahir Əzəmət

 

Əsgər məktubu / arxa cəbhəyə!

 

sizə zəfər gətirəcəyik

bizə məktub yazın heç olmasa

sətirlərdən ürəyiniz boy versin

səbirlə dinləyin şikəst qayıdan

əsgər yoldaşlarımızın gecə sayıqlamalarını

üz çevirib getməyin uşaqlarımız dilənəndə

su verin

çörək verin!

atalarımıza siqaret

analarımıza ürək dirək verin

 

sizə zəfər gətirəcəyik

bizə barıt qoxusu dadmayan

səhər saxlayın

bir az günəş

bir az dəniz

bir az da soyuq xırdalan pivəsi

şəxsən mənim üçün

 

sevməyin ay əclaflar

bizi gözləyən qadınları

 

 

Təşviqat vərəqəsi / ön cəbhəyə!

 

endirilmiş bayraqları güllələməyin

öldürülmüş əsgərləri tapdalamayın

yaralılara su verin

əsirlərə təbəssüm

daha bir döyüş bitdi deyə gülümsəyin

işğal etdiyiniz torpaqlarda ev tikməyin

ev uçurtmayın

qıcıqlandırmayın yiyəsiz evlərin itlərini

həmişə üstünüzdə uşaq şəkli gəzdirin

unutmayın

müharibələr yalnız

bayağı marşları çeynəmək üçün deyil

 

P.S. insanları öldürüb

sonra qulaqlarınızı dayamayın ürəklərinə

 

 

Cəbhə lətifəsi

 

döyüş arası fasilələrdə

bəzən daha dadlı görünərdi bizə

mülki lətifələr hərbi

yeməklərdən

 

biz üç nəfər

yenə yaman daraşmışdıq

köhnə adətimizə

 

belədi

bəzən min dəfə eşitdiyin lətifə

gülməli çıxır

 

al bu da sənə təzə lətifə-

bir mərminin ucunda

saplandı aramıza

 

ölüm lətifədir!..

 

bu

ağdamlı əli

bu da havada üzülmüş başını axtaran

bir cüt əli

 

bu

ləzgi səməd

azca aralıda hoppanıb düşən ayaqlarına

- eyy məni aparın!- deyə

son dəfə gülümsəyir

 

bu da mən

üç gün sonra ayıldım hospitalda

buraxın məni deyə qışqırdım

diksindi pəncərəyə qonan sərçələr

 

sonra tanıdım həkimi-

dağlı vahabın üçüncü oğlu

uşaqlıq dostum

 

əl verib görüşmək

bağrıma basmaq istədim

bilirsənmi nələr oldu deyə

 

daha bir yol qışqırdım

 

pəncərəni bahar örtmüşdü

həkimin üzünü payız

 

bahar da lətifədir

həyat da

 

kaspi.-2013.-12-14 oktyabr.-S.23.