Mingəçevir Dövlət Dram Teatrında

 

Mingəçevir Dövlət Dram Teatrında Türkiyə dramaturqu Turqay Narın pyesi əsasında Zibillik adlı yeni tamaşa hazırlanıb. Tamaşaya teatrın baş rejissoru Günay Səttarova quruluş verib. Günay Səttarovanın sözlərinə görə, kollektiv bu tamaşa ilə cari ilin noyabr ayında Bakıda Azərbaycan Teatr Xadimlərinin təşəbbüsü ilə keçiriləcək 2+1 Eksperimental Tamaşalar Festivalında iştirak etməyi planlaşdırır. Qeyd edək ki, Mingəçevir teatrı artıq bu tamaşa ilə Türkiyədə, Ankarada keçirilən VII Ethos Beynəxalq Teatr Festivalında uğurla iştirak edib.

Tamaşa mərhum rejissorumuz Vaqif İbrahimoğlunun əziz xatirəsinə həsr olunub.

Pyesi osmanlı türkcəsindən Azərbaycan dilinə yazıçı-tərçüməçi Mehman Musabəyli çevirib.

Janrı iki hissəli röya gəzişməsi kimi təyin olunan tamaşanın quruluşçu rəssamı Yusif İmamverdiyev, musiqi tərtibatçısı Elnur Rəsulov, rejissor assistenti Gelnarə Məhərrəmovadır. Tamaşada Mingəçevir Dpvlət Dram Teatrının aktyorları Fəridə Məmmədova (Aymələk), Asim Məmmədov (İsrafil) və Afiq Yusifov (Xaço) çıxış edirlər.

Baş rejissor onu da vurğuladı ki, yaxın günlərdə Mingəçevir Teatrının Bakıya qastrol səfəri də gözlənilir. Kollektiv paytaxt tamaşaçılarına Xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı əsəri əsasında hazırlanmış Məhv olmuş gündəliklər (quruluşçu rejissor Günay Səttarova) tamaşasını təqdim edəcək.

 

Kaspi.-2013.-19-21 oktyabr.-S.10.