Cansız aktyorlar

 

Xəyalə Rəis

Teatrşünas

Müəllimim, teatrşünas Aydın Talıbzadə kuklalardan bəhs edərkən tez-tez bu ifadələri səsləndirirdi: İnsan kimsəsiz və tənha qalanda, dərdini bölüşməyə kimsə tapmayanda dizini qucaqlayır və ya dizini ovxalayır. Bu zaman diz sanki tərəf müqabilə, bir başqasına, lal dosta, dilsiz kuklaya çevrilir, psixika insan üçün mən içində əlavə bir mən düzəldir. Bununla da insan öz bədəni hüdudlarında elə bil ki, özgə bir mən bulub onun vasitəsilə öz ağrılarını, dərdlərini obyektivləşdirir. İnsan bir ola-ola iki olur. Kukla yaranmamışdan öncə insan dizi ilə öz kuklası kimi, öz tərəf müqabili kimi rəftar edirdi.

O zamanlar kuklalara və Uşaq Teatrına böyük marağımın olduğunu görən Aydın Talıbzadə bu sahə üzrə ixtisaslaşmağımı məsləhət görmüşdü. Xülasə, hər zaman azyaşlı uşaqlar üçün nəzərdə tutulan tamaşalar hazırlanarkən səhnədə baş verənlərlə bərabər, səhnə arxasında gedən hazırlıq prosesləri də böyük marağıma səbəb olub.

Bu gün də uşaq verilişlərini və tamaşalarını böyük maraq və həvəslə izləyirəm. Kukla mənim maraq dairəmdə olduğundan hər dəfə səhnədə onları gördükdə özlüyümdə onun necə hazırlanması prosesini izləməyi arzulayırdım. Daxilimdə yaranan bu istək ötən gün gerçəkləşdi Abdulla Şaiq adına Dövlət Kukla Teatrının qonağı oldum. Teatrın texniki şöbəsinə gedərək orada kuklaların hazırlanma prosesini izlədim. Gördüklərimi və öyrəndiklərimi sizlərə də çatdırmağı özümə borc bildim.

Sənətə sevgi

Kukla Teatrında quruluşçu rəssam vəzifəsində çalışan Rəvanə Yaqubova 10 ildən artıqdır ki, teatrda işlədiyini və sənətini sevdiyini söylədi. Onun sözlərinə görə, kukla hazırlamaq üçün gərək insanda kuklaya, sənətə sevgi olsun, bu hər hansı yaradıcı insanın qəlbində yarandıqda o, artıq işin yarısını görmüş hesab olunur: Tamaşanın ərsəyə gəlməsi üçün ilkin mərhələ rejissorla ssenarist arasında razılıq əldə olunmasından başlayır. Belə ki, hekayələr, nağıllar ssenariləşir və ssenariləşmiş əsər üzərində rejissorla rəssam arasında fikir mübadiləsi gedir. Yəni tamaşada rol alan obrazlar təhlil edilir, eskizlər çəkilir. Həmin eskizlər rejissoru qane etdikdən sonra onlar butafor sexinə göndərilir. Sexdə ilk işə heykəldən başlanılır. Əsas kuklaların başının düzəldilməsi ilə başlayır ki, bu işlə heykəltəraş məşğul olur.

Texniki şöbələr otağında əyləşən butafor sexinin rəisi, heykəltəraş Emin Əbdürrəhimov bizə yaxınlaşıb, kuklanın başının hazırlanma prosesini göstərərək suallarımızı cavablandırmağa başladı. Eminin sözlərinə görə, o, rəssamın göstərişləri əsasında kuklanın obrazını yaradır: Rəssam mənə sifarişini deyir və istədiyini götürür, rejissor da işi rəssamdan tələb edir. Kuklanın baş hissəsini düzəltmək üçün əvvəlcə eskizinin əsasından plastilindən kuklanın xarakterinin eskizi düzəlir. Əgər o eskizlə kuklanın baş ölçüləri uyğun gəlirsə, ondan gipsdən forma hazırlayırıq. Forma tam quruyandan sonra kağızdan yapışqan vasitəsilə papyamaşa edilir. Daha sonra mexaniki kuklanın başının ikiyə bölünmüş hissəsi birləşdirilir və üzəri hamarlanır. Kuklanın bundan sonrakı taleyi artıq rəssamdan asılı olur. Rəssam da onu rəngləyir və digər proseslər başlayır.

Teatrda heç nəyi istifadəyə yararsız qoymuruq

Kuklanın başı hazır olduqdan sonra gipsdən hazır qəliblər tökülür. O papyamaşa deyilən üsulla düzəldilir. Sonra onlar bərpa olunur. Onların üzlərinə qrunt üzlük çəkilir, başları daha hamar formaya gətirilir. Bundan sonrakı proses isə kuklaların eskizlərə uyğun rənglənməsidir. Bu proses hazır olduqdan sonra növbəti dərzilərin üzərinə düşür. Belə ki, dərzi eskizlərə uyğun qollar, əllər kəsib kuklanın bədəninin hissələrini hazırlayır. Sonrakı proses isə onların birləşdirilməsindən ibarət olur. Geyim və bədən hissələri hazır olduqdan sonra kuklanın üzərində mexanik işləyir. Kuklanın içərisində xüsusi qurğular hazırlanır ki, o qurğular vasitəsilə kuklaları hərəkət etdirmək olur. Belə ki, elə kuklalar var, onların ağızları, gözləri açılır. Bunların üzərində ayrıca işlənilir. Bu proses zamanı ən çox qolçaqparket kuklalardan istifadə olunur. Qolçaq kuklalar qapetlə hərəkətə gətirilir. Onların əlləri isə troslarla idarə olunur.

Rəvanə Yaqubova bizə kuklaların hazırlanma prosesini göstərərək onu necə hərəkətə gətirə biləcəyindən danışdı. Öyrəndik ki, qapedən istifadə edərək baş barmaq vasitəsi ilə kuklanın ağızı açılır. Kuklanın hərəkət etdirilən digər hissələri isə obrazların xarakterinə görə dəyişir. Hərəkətə gətirilən kukla əgər nazlı qızı canlandırırsa onun qapet vasitəsi ilə kirpikləri tərpənir. Ən çətin hazırlanan kukla marionetka kuklalarıdır. Marionetka kuklalar vaqa ilə hərəkətə gətirilir. Vaqa vasitəsilə dirsəklər, qollar, hətta barmaqlar da işləyir. Rəssamdan köhnə tamaşaların kuklalarını hansı proseduralardan keçirdiklərini və ya təkrar istifadəsi üçün hansı mərhələlərdən keçirildiyini soruşduq. Aldığımız cavab isə belə oldu: Köhnəlmiş tamaşa olanda, kuklanın üzünün rəngində solğunluq görünəndə onu yeniləyirik. Paltarı köhnəlibsə, təzələyirik. Kuklalarımızı istifadəyə yararsız qoymuruq. Repertuardan çıxarılmış tamaşalardakı kuklaları da istifadə edirik. Belə ki, həmin kuklaları bayramlarda, festivallarda yazılmış ayrıca ssenarilərdə istifadə edirik. Misal üçün repertuardan yapon kuklasını çıxarmışıq. Bu yaxınlarda beynəlxalq Kukla Teatrlar festivalı keçiriləcək. O zaman həmin kuklaları qonaqlarımızı qarşılamaq üçün istifadə edəcəyik. Kostyumlarımız da hamısı saxlanılır. Milli geyimlər bayramlarda istifadə olunur ki, bu da bayrama xüsusi rəngarənglik qatır.

Quruluşçu rəssam hazırda çalışdığı sahə üzrə kadr azlığından gileyləndi. O, qeyd etdi ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Dekor sənəti fakültəsi olsa da, ancaq onların içərisində kukla dekoru ilə məşğul olan yoxdur: Bu bir az da yaradıcı insandan həvəs tələb edir. Kukla düzəltmək üçün həm rəssamlığı, həm heykəltəraşlığı, həm də dərzilik sənətini bilmək vacibdir. Yəni hərtəfli olmaq tələb olunur. Mənim zənnimcə isə teatrda çalışan hər bir insan üçün təcrübə böyük rol oynayır.

Teatrın yaradıcı heyətindən öyrəndik ki, xarakterlərin dəqiq və canlı şəkildə hazırlanması üçün onun simasının üzərində xeyli iş sərf olunur. Çünki zalda ən son sırada əyləşən tamaşaçı belə kuklanın simasını tam olaraq görməlidir. Xarakter olmasa, aktyorun işi də, ümumi də zəif ola bilər.

1 günə də kukla düzəldə bilirik

Diqqətimizi çəkən növbəti bir məqam odur ki, bayramlarda və festivallarda Kukla Teatrında böyük kuklaları ya teatr binasının həyətində, ya da girəcəyində görürük. Bəs görəsən bu kuklalar necə hazırlanır, onun hazırlanması müddəti nə qədər vaxt çəkir? Bu sualımıza da cavab verən Rəvanə xanım həmin kuklaları özünün hazırladığını söylədi: Böyük ölçüdə olan kuklaları düzəltmək üçün paralon deyilən qupkalar üst-üstə yığılaraq yapışdırılır. Yapışdırıldıqdan sonra böyük kvadrat forma alınır. Növbəti prosesdə kuklanın sifəti yonulur. Nəzərinizə çatdırım ki, həmin kuklalar çox az bir vaxtda ərsəyə gəlir. Belə ki, Məşədi İbad, Keçi, Keçəl, KosaDiv kuklalarını 1 ayın içərisində hazırladıq. Biz böyük ölçüdə elə kuklalar düzəldirik ki, onlar bizə həmişə lazım olsun. Ancaq kiçik ölçülünormal kuklaları 1-3 günə də düzəltmək olar. O artıq işin prosesindən asılı olur. Hər hansı tamaşaya hazırlaşarkən 10 kuklanı 1 aya düzəldirik. Çalışırıq ki, hər zaman keçfiyyətli material seçək. Süni pariklərdən də istifadə edirik. Elə vaxt olub ki, 3 aya 2 tamaşa vermişik.

Heykəltəraş Emin Əbdürrəhmanovun sözlərinə görə, kuklanın hazırlanmasına bütün texniki və yaradıcı heyət cavabdehdir. O, kuklanın təkcə başının iki, ən uzağı beş günə ərsəyə gəldiyini dedi. Kukla tam hazır olduqda isə rejissora təhvil verilir. Rejissor da kuklaların vəziyyətini yoxlayaraq onları təhvil alır. Bundan sonrakı proses rejissorun və aktyorların ixtiyarına buraxılır.

Bunların hamısı isə biz tamaşaçılar üçün edilir. sonda bizlər, bizim balaca seyrçilər zövqlə tamaşanı seyr edirik. Buna görə isə bu yaradıcı insanlara böyük təşəkkür düşür!

 

Kaspi.-2013.-26-28 oktyabr.-S.12.