Hacıağa Abbasov-125

 

Aygün Süleymanova

teatrşünas

Oktyabrın 23-də Akademik Milli Dram Teatrında görkəmli teatr xadimi, milli aktyor məktəbinin görkəmli nümayəndəsi, Respublikanın xalq artisti Hacıağa Abbasovun anadan olmasının 125 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirildi.

Rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğlu olan xatirə gecəsində Hacıağa Abbasovun oynadığı tamaşalardan parçalar nümayiş olundu, aktyorun həyat və yaradıcılığına dərindən bələd olan teatr xadimləri, yaxınları görkəmli sənətkarın xidmətlərindən söz açıb, onun haqqında xatirələrini bölüşdülər.

Tarixi qeydlər:

Hacıağa Mütəllib oğlu Abbasov 1888-ci ildə Bakının Maştağa kəndində müəllim ailəsində anadan olub. İlk təhsilini kəndlərindəki rus-tatar məktəbində alıb, sonra görkəmli ziyalı, maarifçi Həbib bəy Mahmudbəyovun məktəbində oxuyub. Burada o, görkəmli aktyor Hüseyn Ərəblinski ilə görüşürbu xoş təsadüf onun gələcək həyatını müəyyənləşdirir. Cahangir Zeynalov, Mirzəağa Əliyev, Sidqi Ruhulla kimi professional aktyorların fəaliyyət göstərdiyi mühitə düşən Hacıağa Abbasov onlarla çiyin-çiyinə Azərbaycan teatrını inkişaf etdirməyə başlayır.

1905-ci ildə ilk dəfə M.F.Axundzadənin Hekayəti-Molla İbrahimxəlil kimyagər əsərinin tamaşasında Molla İbrahimxəlil rolunu oynayır. 1906-1909-cu illərdə təhsilini Port-Petrovskda (indiki Mahaçqala) davam etdirir. Burada azərbaycanlılardan ibarət teatr truppası yaradır və sonralar bu truppanı Teymurxanşurada (Dağıstanın indiki Bunyaksk rayonu) teatra çevirir. Bakıya müəllim kimi qayıdan gənc aktyor Müsəlman Artistləri Cəmiyyəti İttifaqının Nicat, Həmiyyət teatr truppalarında, daha sonra isə Səfa cəmiyyətində, ZülfüqarÜzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti adlı teatr truppasında fəaliyyətini davam etdirməklə yanaşı, Balaxanı kənd məktəbində Mirzə Ələkbər Sabirlə birlikdə müəllim işləyir.

Mənbələrdə qeyd olunur ki, kiçik yaşlarından rus dilini mükəmməl öyrənən aktyor rus ədəbiyyatına, xüsusilə də Lev Tolstoya böyük maraq göstərib, hətta onun əsərlərini tərcümə edərək tamaşaya qoyub. Böyük rus yazıçısının yaradıcılığına maraq onu 1907-ci ildə Tolstoyun Yasnaya Polyanadakı mülkünə aparıb və o, dahi ədiblə yaxından tanış olub. Hacıağa Abbasov bu barədə xatirələrində yazır: Mən böyük ədibə Azərbaycan oxucuları tərəfindən çox sevildiyini dedikdə o, xeyli məmnun oldu. Biz ayrılarkən Hərb və sülh kitabına Yadigar üçün L.N.Tolstoydan sözlərini yazıb, mənə bağışladı.

Səhnə sənətinin sakini...

Aktyorun səhnə fəaliyyətinin mühüm hissəsi Mirzəağa Əliyevlə birgə yaratdığı və rəhbərlik etdiyi Tənqid-Təbliğ Teatrı ilə bağlıdır. 1921-ci il noyabrın 13-də teatrın açılışında o dövrün tanınmış mədəniyyət və dövlət xadimləri - Nəriman Nərimanov, rus rejissoru Konstantin Stanislavski, memar Zivər bəy Əhmədbəyov, rəssam Əzim Əzimzadə, yazıçı Məmməd Səid Ordubadi və başqaları iştirak etmişdi.

Hacıağa Abbasov teatrın səhnəsində, müxtəlif ədiblərin əsərləri ilə yanaşı, özünün yazdığı pyesləri də tamaşaya qoymuşdu. Dünyarus dramaturqlarının yaradıcılığını öyrənmək, onları tərcümə etməklə bərabər, dramaturgiya sahəsində qələmini müvəffəqiyyətlə sınayırdı. O, Bakının fəthi, Ağa Məhəmməd şah QacarMolla Pənah Vaqif, Əsgər oğluma, Sabirin məhkəməsi, Rus macərası kimi bir-birindən maraqlı pyeslər yazıb. Sabirin məhkəməsi pyesində böyük satirik şairin kəşməkəşli həyatını təsvir edib. Teatr tez-tez Bakı kəndlərində tamaşalar göstərirdi. Teatrın fəaliyyəti Hacıağa Abbasovun və görkəmli sənətkar Mirzəağa Əliyevin adı ilə bağlı olduğundan xalq arasında Hacımirzə teatrı kimi tanınırdı.

Görkəmli aktyor həm də maarif fədaisi idi. Qızı Elmira xanım atasının ömrünün son günlərinədək yazıb-yaratdığını, qəzet və jurnallara məqalələr göndərdiyini qeyd edir. Hələ gənc yaşlarından o, mövhumatın güclü olduğu kəndlərdə məktəblərin açılması, qızların məktəbə cəlb olunması işində fəal iştirak etmişdi. Hacıağa Abbasov Azərbaycanı kənd-kənd, oba-oba gəzir, istedadlı gəncləri toplayır, onlara kömək edirdi. O, Adil İsgəndərovu Gəncədən Bakıya gətirmiş və onun Moskvaya oxumağa göndərilməsinə nail olmuşdu. Bir sözlə, bütün yaradıcı gücünü səhnəyə, xalqın maariflənməsinə həsr etmişdi.

1927-ci ildə Azərbaycan Dram Teatrının direktoru vəzifəsinə təyin olunan Hacıağa Abbasov burada özünü bacarıqlı, fədakar bir mədəniyyət xadimi kimi göstərə bildi. Azərbaycan teatrının inkişafında yorulmadan çalışan sənətkar hər şeydən əvvəl yeni aktyor nəslinin yetişdirilməsinin qayğısına qalırdı. Məhz bu keyfiyyətləri nəzərə alınaraq onu 1929-1937-cu illərdə Bakı Teatr Texnikumuna rəhbər təyin etmişdilər. Burada o, ilk növbədə teatrı bacarıqlı rejissoraktyorlarla təmin etmək qayğısına qalırdı. Bu illərdə o, Azərbaycan səhnəsi üçün bütöv bir aktyor nəsli yetişdirmişdi. Onların bir çoxu - Ələsgər Ələkbərov, Adil İsgəndərov, Barat Şəkinskaya, Rza Əfqanlı təkcə respublikamızda deyil, keçmiş ittifaq məkanında geniş tanınan aktyorlar idi. Yüksək sənətkarlıq qabiliyyəti, təşkilatçılıq bacarığı nəzərə alınaraq aktyor 1932-ci ildə Azərbaycanın ilk Xalq artisti fəxri adına layiq görülür. Hazırda Maştağa qəsəbəsində fəaliyyət göstərən Mədəniyyət evi görkəmli sənətkarın adını daşıyır.

Hacıağa Abbasov Azərbaycan səhnəsinin bəzəyi olan bir-birindən gözəl obrazlar qalereyası yaradıb. Müəllif ideyasının təqdiminə xüsusi önəm verib, obrazların xarakter keyfiyyətlərinin üzə çıxarılmasında böyük peşəkarlıq göstərib. Onun Hacı Qarada Hacı Qara, Yağışdan çıxdıq, yağmura düşdükdə Hacı Qəmbər, Nadir şahda Mirzə Mehdi xan, Şamdan bəydə Şamdan bəy, Dəmirçi Gavədə Qubads. rolları dövrün tamaşaçılarının qəlbində dərin iz buraxıb. Aktyor Üzeyir Hacıbəylinin "Məşədi İbad", "Arşın mal alan", "Ər və arvad" operettalarında Məşədi İbad, Soltan bəy, Kəblə Qubad rollarını müxtəlif quruluşlarda dəfələrlə və uğurla oynayıb.

 

Və...

Görkəmli sənətkar, Xalq artisti Hacıağa Abbasov 1975-ci ildə dünyasını dəyişsə də, adı və səhnə həyatı verdiyi obrazlar sənət tariximizin yaddaşında əbədi yaşayır.

 

Kaspi.-2013.-26-28 oktyabr.-S.11.