“İqtidara alternativ olan hər hansı hərəkatın yaranacağını gözləmirəm” 

 

 Fəzail Ağamalı: “Rüstəm İbrahimbəyov kino sahəsinin görkəmli nümayəndəsi olsa da, siyasətdə diletantdır”

 

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı “Kaspi”nin suallarını cavablandırır.

- Əsasən müxalifətin radikal qanadını təmsil edən aparıcı şəxslər mətbuata açıqlamalarında builki prezident seçkilərinin Azərbaycan iqtidarı üçün olduqca gərgin keçəcəyini söyləyirlər. Siz bu kimi fikirləri necə qarşılayırsınız?

- Prezident seçkiləri hər zaman gərgin keçir. Çünki, bu, kifayət qədər ciddi bir prosesdir. Buna görə də dünyada, eyni zamanda Azərbaycanda da prezident seçkiləri heç zaman rəvan xətt üzrə, sakit, siyasi təzadlar olmadan, siyasi proseslərin qabarması müşahidə edilmədən keçirilmir. Azərbaycandakı seçkilərdə, xüsusən prezident seçkilərində də bütün siyasi qüvvələr fərqli metodlarla mübarizəyə qoşulurlar. Öz baxışlarını, məqsədlərini ortaya qoyur, seçkilərdə ya namizədlərlə, yaxud da ümumiləşmiş bir namizədlə iştirak edirlər. Beləliklə, cəmiyyətin bütün təbəqələri praktiki olaraq prezident seçkilərində iştirak edir. Ona görə də 2013-cü ildə də prezident seçkiləri əlbəttə ki, gərgin keçəcək. Ancaq daha gərgin keçəcəyini mən güman etmirəm. Müxtəlif rəylər səslənir, müxtəlif fikirlər ortalığa gətirilir. Xüsusi olaraq radikal müxalifətin himayəsində olan qəzetlərdə bu və ya buna bənzər yazılar, məlumatlar, şərhlər gedir. Mən düşünürəm ki, onlar kifayət qədər ciddi arqumentə, fakta söykənmədən öz düşüncələrini, təxəyyüllərini və görmək istədiklərini bu gün qəzet vasitəsi ilə gündəmə gətirməyə çalışırlar. Lakin 2013-cü ildə onların görmək istədikləri olmayacaq. Tamamilə əminəm ki, Azərbaycan xalqının fəal iştirakı ilə seçki prosesi çox normal, sakit, qanunlara müvafiq olaraq keçiriləcək. Xalq tərəfindən sevilən, xalq tərəfindən böyük etimad bəslənilən namizəd məhz bu prezident seçkilərində də iştirak edib qalib gələcəkdir.

- Müxalifət liderləri gərgin siyasi mübarizə barədə ehtimallarını bölüşərkən, hazırkı dövlət başçısının iki dəfə prezident seçildiyini əsas gətirir və bildirirlər ki, eyni şəxsin üçüncü dəfə prezidentliyə namizəd olması beynəlxalq ictimaiyyət, demokratik ölkələr tərəfindən müsbət qarşılanmayacaq...

- Bu, onların düşüncələrinin məntiqinə söykənir. Cənab İlham Əliyev artıq böyük siyasətə gəldiyi ilk gündən bu ana qədər müxalifətin, xüsusi olaraq müxalifətin radikal qanadında təmsil olunanların yuxuları ərşə çəkilib. Onlar çox böyük narahatçılıqlar içərisindədirlər. Ən müxtəlif üsullarla çalışırlar ki, qarşıdan gələn prezident seçkilərində İlham Əliyev iştirak etməsin. Çünki onlar İlham Əliyevi özlərinə çox ciddi rəqib kimi görürlər. Bilirlər ki, hazırkı Azərbaycan prezidenti ilə onların növbəti prezident seçkilərində iştirakı, heç şübhəsiz İlham Əliyevin qələbəsi ilə nəticələnəcək. Onlar bir daha məğlubiyyətə uğrayacaqlar. Bu məğlubiyyət isə müxalifətin radikal qanadının son akkordları olacaq. Çünki özünə hörmət edən lider, bu seçkilərdə məğlub olandan sonra siyasətdə olub-olmaması haqqında fikrini qətiləşdirməli, hətta siyasətdən getməlidir. Fikrimcə, dünyanın müxtəlif yerlərində, erməni lobbisinin, erməni diasporunun təsiri altında olan, onların layihəsi ilə Azərbaycan əleyhinə xarici mətbuatda gedən yazılardan başlamış, müxalifət təmsilçilərinin xəstə təxəyyüllərinin ortalığa gətirdiyi ən müxtəlif yazıların hamısı cənab İlham Əliyevə qarşı yönəlib. İlham Əliyev Azərbaycanın Konstitusiyasına uyğun olaraq yenidən prezidentliyə namizədliyini irəli sürə bilər. O, Azərbaycanın Konstitusiyasına, Azərbaycan xalqının referendum yolu ilə müəyyən etmiş olduğu bu dəyişikliklərə uyğun olaraq, bir Azərbaycan vətəndaşı kimi təkrar bu seçkilərə qatıla bilər. Dünyanın ən müxtəlif yerlərində hakimiyyətdə qalmaq, hakimiyyətə gəlməyin formaları var. Ölkəni idarə etməyin formaları var. Parlament və prezident respublika formaları var. Elə ölkələr var ki, 20-30 il bir partiya seçkilərdə qalib gəlir və hökuməti formalaşdırır, həmin ölkəni 20-30 il idarə edir. Onda nədən ona məhdudiyyət qoyulmur, ancaq prezident seçkilərində üç, ya dörd dəfə iştirak edərək qalib gəlməyə məhdudiyyət qoyulur? Seçim Azərbaycan xalqınındır. Bu məhdudiyyətin aradan qaldırılmasının özü də o demək deyil ki, İlham Əliyev və ya başqa bir namizəd ömür boyu prezident seçilə bilər. Bu seçim xalqın istəyindən asılıdır. Əgər həmin şəxs, siyasətçi, dövlət xadimi, xalqın etibarını, insanların rəğbətini qazanırsa, xalqın düşüncələrini, istək və arzularını müvəffəqiyyətlə həyata keçirirsə, xalq ona etimad bəsləyir. Bu etimadı itirirsə, deməli, həmin şəxs növbəti seçkilərdə seçilmir və ya məğlubiyyətə uğrayır. Ona görə də hansı bucaqdan, hansı istiqamətdən yanaşsaq, İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində iştirakına qadağa qoymaq, indidən guya beynəlxalq təzyiqlərin olmasını əsas gətirərək, yaxud başqa formalardan yararlanıb onun seçkidə iştirakını məhdudlaşdırmaq yalnız müxalifətin düşüncəsinin məhsuludur. Məncə, bütün bunların heç bir əsası yoxdur. Beynəlxalq təşkilatlar da, ayrı-ayrı dövlətlər də Azərbaycana bu cür qadağanı qoya bilməz. Çünki Azərbaycanda seçkilərdə iştirak Konstitusiyaya uyğun, Azərbaycan qanunlarına uyğun olaraq həyata keçirilir.

- Xatırlayırsınızsa, bir sıra siyasi partiya liderləri İctimai Palata (İP) tərkibində bir araya gələrkən, 2013-cü il seçkilərinə vahid namizədlə gedəcəklərini qarşıya məqsəd qoymuşdular. Lakin bu günlərdə ümumi qərar gözlənilmədən Müsavat başqanı İsa Qəmbərin prezidentliyə namizədliyi irəli sürülüb. Sizcə nəyə görə İP həmtəsisçiləri vahid fikrə gələ bilmədilər?

- Mən əvvəllər də qeyd etmişdim ki, İctimai Palata tərkibində fəaliyyət göstərən ayrı-ayrı insanlar, xüsusi olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat Partiyası mehriban düşməndirlər. Onlar biri digərini “həzm etməyən”, biri digərinə güzəştə getməyən siyasi “müttəfiqlər” olublar. Ona görə də bu gözlənilən idi. Gözlənilən idi ki, 2013-cü ilin prezident seçkilərinə İctimai Palata vahid namizədlə getməyəcək, İsa Qəmbər öz iradəsini ortalığa qoyacaq, Əli Kərimli də bunu əsas götürüb eyni şəkildə öz iradəsini ortaya qoymağa çalışacaq. İsa Qəmbər sadəcə olaraq qarşıdan gələn prezident seçkilərində iştirak etmək niyyətini elan edib. Azərbaycan vətəndaşı olaraq, bu, onun Konstitusion hüququdur. Əli Kərimli hələlik tərəddüd içərisindədir. Onun tərəfdarları çalışırlar ki, İsa Qəmbəri bu yoldan çəkindirsinlər və nəticə etibarı ilə, bəlkə vahid namizəd adı altında Əli Kərimlinin seçkilərdə iştirakı mümkün olsun. Amma bunun da heç bir perspektivi yoxdur. Çünki qarşıdan gələn prezident seçkilərində adları çəkilən şəxslərin qalib gəlmək imkanları, şansları yoxdur.

- Bəziləri bu seçkidə dəyişikliklərin olacağını da iddia edirlər...

- Bu fikri daha çox Rüstəm İbrahimbəyov səsləndirir. Amma nəzərə almaq lazımdır ki, o, siyasətçi deyil. Əgər Rüstəm İbrahimbəyov hər hansı bədii əsər, kino haqqında fikrilərini ortalığa qoyarsa, o zaman buna ciddi yanaşmaq olar. Çünki onun peşəsi buna imkan verir. Siyasətə gəlincə, son bir ildə onu danışdırırlar. Lakin danışdıqlarının arxasında siyasi yük, kifayət qədər arqument, ciddi ümumiləşmələr yoxdur. Bu səbəbdən onun söyləmiş olduğu ümumi fikirləri ciddi qəbul etməyə, düşünməyə ehtiyac duymuram. Rüstəm İbrahimbəyov heç zaman siyasətlə məşğul olmayıb, indi də siyasətçi deyil. Onun müşahidələrində, açıqlamalarında daha çox qərəz, indiki hakimiyyətə böhtan atmaq, ayrı-ayrı nöqsanları hədsiz dərəcədə şişirdərək onu qara boyalarla cəmiyyətə təqdim etmək və sair kimi bir missiya var. Ona görə də Rüstəm İbrahimbəyovun fikirlərinə o qədər də ciddi yanaşmıram. Nə kinodramaturqun, nə də müxalifət liderlərinin söylədiyi heç bir fikir gələcəkdə öz təsdiqini tapmayacaq. Çünki bəri başdan heç kim deyə bilməz ki, qarşıdan gələn prezident seçkilərində Azərbaycanda nə olacaq.

- Ziyalılar Forumunun həmtəsisçiləri bu qurumun siyasətlə məşğul olmadığını vurğulayır, əsas məqsədlərinin ölkədə vətəndaş cəmiyyətinin fəallaşmasına yönəldiyini deyirlər. Lakin zaman-zaman siyasi prosesləri təhlil edir, müxtəlif siyasi proqnozlar verirlər. Bu kimi halları necə qiymətləndirirsiniz?

- Ziyalı məfhumu geniş anlayışdır. Bu adı öz sahəsində kifayət qədər uğurlar qazanan, elmi əsərləri ilə ölkədə və dünyada tanınan insanlar daşıyır. Amma sözügedən Forumda heç də Azərbaycan ziyalılarının geniş spektri təmsil olunmur. Bir neçə adam toplaşıb bir təşkilat yaradıb adını da Ziyalılar Forumu qoyublar. Düzdür, onlar içərisində bir neçə tanınmış ziyalı da var. Onlar siyasi ambisiyalardan kənar insanlardırlar. Amma həmin təşkilatdakı bütün insanları ziyalı saymaq olmaz. Oradakı insanların düşüncələrinə görə, Ziyalılar Forumu vasitəsi ilə xalqa daha yaxşı xidmət etmək olar. Bu da onların seçimidir. Lakin zaman göstərdi ki, bu seçimdə onlar yanılıblar. Ona görə də Ziyalılar Forumunun siyasətlə məşğul olmaması haqqında son vaxtlar qəzetlərə açıqlamalar verirlər. Əslində istənilən qurum çalışmalıdır ki, şəxsi ambisiyalarını cilovlaya bilsin. Öz imkanları, gücü, potensialı daxilində xalqımıza, dövlətimizə töhfələr verə bilsin. Mən arzulayardım bütün insanlar belə olsun. Konkret Rüstəm İbrahimbəyova gəlincə, o, kinorejissor kimi nə dərəcədə həmin sahənin görkəmli nümayəndəsidirsə, siyasətdə bir o qədər diletantdır. Onun söyləmiş olduğu fikirlər, sözün həqiqi mənasında ciddi qəbul edilməli deyil.

- Bəzi müxalifət təmsilçiləri bütün ictimai-siyasi qüvvələri, gənclər təşkilatlarını, ziyalıları ətrafında birləşdirəcək yeni hərəkatın yaradıldığını və bu barədə yaxın günlərdə mətbuata açıqlama veriləcəyini bildirirlər. Həmçinin qeyd edirlər ki, hətta AXCP, Müsavat, Ziyalılar Forumunun da açıq formada dəstəkləyəcəyi bu hərəkat prezident seçkisində öz namizədini irəli sürəcək. Siz bu barədə nə düşünürsünüz?

- Tarixən bu və buna bənzər çoxsaylı təşkilatlar yaradılıb. Ancaq bu təşkilatlar cəmiyyətin dəstəyini qazanmadığından tarixin arxivinə köçüblər. Bütün bu proseslər gözümüzün önündə baş verib. Onların fəaliyyətinin heç bir ciddi nəticəsi olmayıb. Hansı adın seçilməsindən asılı olmayaraq, mən bu gün Azərbaycanda indiki iqtidara alternativ olan, onu ciddi narahat edə biləcək hər hansı bir qurumun, hərəkatın yaranmasını gözləmirəm. Buna bənzər nə qədər bəyanatlar, çağırışlar olub. Birlik görüntüsü yaradıb hərəkatlar, forumlar formalaşdırırlar. Lakin son nəticədə müəyyən olur ki, bu təşkilatların ətrafında cəmi 5-10 nəfər var. Ona görə də bu kimi bəyanatları ciddi qəbul etmirəm.

 

 

Rufik İSMAYILOV

 

Kaspi.-2013.-10 yanvar.-S.5.