İztirablar
içində yaşayan nazir
xanımı
Ötən ilin yay aylarında Şəfiqə
xanım Qaspiralı haqqında maraqlı bir yazı oxudum. Müəllif
haqlı olaraq qeyd edir ki: “Azərbaycanda kifayət qədər
tanıdılmayan tanınmış şəxsiyyətlərdən
biri də Şəfiqə xanım Qaspiralıdır”.
Doğrudan da belədir. Burada günahı mən bir tədqiqatçı
kimi özümdə də görürəm. Mən
özüm Şəfiqə xanım Qaspiralı haqqında
ilk dəfə 1990-cı illərdə şəxsiyyətinə
və xanım-xatınlığına çox böyük
hörmət etdiyim, BDU-nun professoru, yazıçı Əzizə
xanım Cəfərzadədən eşitmişdim. Həmin
illərdə “Türk kültur cəmiyyətinin” xəttilə
Türkiyəyə dəvət olunan Əzizə xanım
Bakıya qayıdan kimi onunla görüşüb “Azərbaycan”
qəzeti üçün müsahibə aldım. (Bax: “Azərbaycan”
qəzeti, 21 sentyabr 1990-cı il). Söhbətimizin sonunda Əzizə
xanım mənə bir neçə məktub və foto şəkillər
göstərdi. Bu şəkillər və məktublar “Tərcüman”
qəzetinin redaktoru İsmayıl bəy Qaspiralının
qızı, Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş
naziri Nəsib bəy Yusifbəylinin həyat yoldaşı
Şəfiqə xanım Qaspiralıya aid idi. Əzizə
xanım bildirdi ki, bunları ona Türkiyədə olarkən
Nəsib bəyin nəvəsi Zöhrə Göygöl verib.
(Nəsib bəyin qızının da adı Zöhrə olub.
Bu adı da ona İsmayıl bəy Qaspiralı birinci
xanımı, Zöhrənin ruhunu şad etmək
üçün qoyubmuş).
Əzizə
xanımın göstərdiyi sənədlər arasında
daha çox diqqətimi məktublar əəkdi. Yeri gəlmişkən
bu məktublar haqqında bir az məlumat vermək istərdim. Əvvəla
onu qeyd edim ki, Əzizə xanım deyirdi ki: “Zöhrə
xanım bu məktubları mənə verərkən, mən
ona deyəndə ki, “bu əziz xatirələri mənə
neçə verirsiniz, onlardan neçə ayrıla bilirsiniz?
Gözləri doldu. “Onların yeri oradır, Vətən”- deyə
ağladı”.
Bu məktublar
1904-1906-cı illərdə Nəsib bəy tərəfindən
Şəfiqə xanım Qaspiralıya yazılan məktublardır.
Məktublardan belə
bəlli olur ki, bu zaman
onlar nişanlı olublar. Bildiyimiz kimi, Nəsib
bəy Odessa Universitetində
təhsil alarkən tələbələrin çıxışlarından
qəzəblənən çar
hökuməti müvəqqəti
olaraq universiteti bağlayır. Nəsib bəy
təhsilini Xarkov Universitetinin hüquq fakültəsində davam
etdirməli olur.
Həmin
məktublardan onu da bildim ki,
sən demə Nəsib bəy Odessada ilk olaraq tibb fakültəsinə daxil olur, sonradan
baş verən siyasi hadisələr onu hüquq fakültəsinə keçməyə
vadar edib. Hələ o
zaman Şəfiqə
xanım Nəsib bəyin bu yerdəyişməsini
zarafatla “ölüdən
qorxmaq” kimi adlandırırmış. Nəsib bəy də onun zarafatlarına
məktublarından birində
belə cavab verib: “Mən sizə sübut edəcəyəm ki, mən tibbi sizin düşündüyünüz
kimi məhz ölüdən qorxduğum
üçün atmamışam.
Bizim məqsədimiz ümumi qüvvəmizlə xalqı
ayağa qaldırmaqdır.
Çünki, bu gün hüquqi məsələləri
bilən adamlar lazımdır”.
Bu məqalədə həmin
məktublar haqqında
geniş söhbət
acmaq fikrim yoxdur. Onlar haqqında Əzizə
xanım o illərdə
“Bizim əsr” qəzetində məqalə
çap etdirib. Mən isə məqaləmdə
XX əsrin əvvəllərində
müsəlman qadınlarının
azadlığı uğrunda
mübarizədə, xüsusən
də Azərbaycanda ictimai, siyasi, mədəni hadisələrin
inkişafında rolu olan Şəfiqə xanım Qaspiralı haqqında danışmaq istərdim.
Kimdir Şəfiqə
xanım, nə edib Azərbaycan mədəni-ictimai mühiti
üçün?
Məşhur “Dildə, fikirdə,
işdə birlik!” tezisinin müəllifi, XIX
əsrin ikinci yarsı Rusiya müsəlmanlarının mənəvi,
milli-ideoliji lideri, maarifçi publisist, naşir “Tərcüman” qəzetinin redaktoru İsmayıl bəy Qaspiralının qızı
Şəfiqə Qaspiralı
19-cu yüzilliyin sonları
Krımda anadan olub. Bir müddət “yeni
üsullu” məktəblərdə
dərs verən Qaspiralı övladlarının
da ilk təhsili ilə özü məşğul olub.
Kiçik yaşlarından mətbuat aləmində böyüyən Şəfiqə
ilk olaraq “Tərcüman”
qəzetinin redaksiyasında
işləmişdir. Ədəbi mühüt,
ətrafda baş verən siyasi-ictimai hadisələr Şəfiqə
xanımın həyata
baxışında dəyişikliklərə
səbəb olur.
Qadınlara qarşı, kobud,
laqeyid münasibətlər,
cəhalətin, rəzalətin
qurbanına çevrilmələri,
onu qadın azadlığı uğrunda
mübarizəyə sövq
edir. Bütün türk dünyasının
qadınlarının hüquqları
uğrunda mübarizəyə
qalxaraq 1903-cü ildə
mətbuata üz tutur. Məhz bu fikirlə
fəaliyyətini genişləndirmək
üçün 1906-cı ildən 1910-cu ilə kimi “Tərcüman”ın mətbəəsində qadınlar
üçün Rusiya
müsəlmanlarının ilk qadın jurnalı olan “Aləmi-nişvan”ın
(“Qadın dünyası”)
çapına nail olur.
Jurnalın maarifin təbliğindəki rolu haqqında 1914-cü ildə
“İqbal” qəzetində,
dövrün tanınmış
jurnalisti Şəfiqə
xanım Əfəndizadə
yazırdı: “...”Aləmi-nisvan”
adında bir məcmuə nəşrə
başladı. Heyf ki, bu məcmuə bir çox zamanlar davam etəmədi, bununla belə yenə xeyli fədailər bəxş elədi.
Bu təşviqələr sayəsində hər tərəfdə qız məktəbləri açdırmağa
müvəffəq oldu”.
Arxiv sənədlərindən
və dövrü mətbuatdan bəlli olur ki, XX əsrin
əvvəlləri Rusiyada
və onun əyalətlərində baş
verən siyasi-ictimai proseslər, inqilablar, çaxnaşmalar baş verən hadisələr ziddiyyətli bir prosesə çevrilmişdir. Belə
bir vaxtda Novorossiysk Universetində təhsil alan azərbaycanlı
tələbələr Krımda
olarkən İsmayıl
bəy Qaspiralını
ziyarət edərək
onunla fikir mübadiləsi aparır,
dəyərli məsləhətlər
alırdılar. Onların arasında
Qaspiralı ocağını
daha tez-tez ziyarət edən Nəriman Nərimanov və Nəsib bəy Yusifbəyli idi. Sən demə onları
bu ocağa Qaspiralı qayğısı
ilə yanaşı Şəfiqə xanıma
olan sevgiləri də cəkib gətirirmiş. Şəfiqə xanım isə bu sevginin birini
qəlbinınə yaxın
bilərək Nəsib
bəyi secir.
Beləliklə, Nəsib bəy və Şəfiqə xanım İsmayıl bəy Qaspiralının xeyir-duası ilə
1906-cı ildə ailə
qururlar. Nəsib bəyin təhsili
ilə əlaqədar
bir müddət burada yaşayırlar və iki övladları,
Zöhrə və Niyazi dünyaya gəlir. Bu illər
ərzində Nəsib
bəy təhsilini davam etdirməklə yanaşı “Tərcüman”da
çap olunur, Azərbaycanlı dramaturqların
əsərlərini tamaşaya
qoyur, siyasi biliyini artırır, ətrafda baş verən bütün hadisələrə müdaxilə
edir.
Nəsib bəy təhsilini başa vurduqdan sonra Şəfiqə xanımı və övladlarını da götürüb ata yurdu Gəncəyə gəlir. Bu gəliş ömürlük olaraq onun ailə həyatının uğursuzluğuna
səbəb olur.
Bu haqqda tədqiqatçı
alim Vilayət Quliyev “Baş nazirin xanımı” sərlövhəli məqaləsində
geniş məlumat verdiyi üçün təkrarçılığa yol
vermək istəmirəm.
Məqalədən belə bəlli
olur ki, Nəsib bəy Gəncədə olarkən
başqa bir qadınla da dini nigah bağladıb.
Bunu bilən Şəfiqə xanım ayrılmağa qərqr verir və 1909-cu ildə övladları ilə birlikdə atasının yanına Krıma qayıdır.
Nəsib bəy nəyin ki, ailəsi ilə hətta İsmayıl bəylə
də münasibətlərini
kəsmir. Bu Nəsib
bəyin hələ o
zaman “Millət atası” (Şəfiqə
Əfəndizadə) adlandırılan
İsmayıl bəy Qaspiralıya olan böyük hörmət və izzətindən irəli gəlirdi.
1914-cü il sentyabrın birinci on günlüyü İ.Qaspiralının
ömrünün son günləri...
Bu zaman da
Nəsib bəy onun yanında idi. Qaspiralının dəfn mərasimi
zamanı cəkilən
şəkillərdən birində
iki nəfət onun qəbri üstə diz çökərək onu
yad edir. Onlardan biri Qaspiralının böyük oğlu, ikincisi isə Nəsib bəydir. Mərasimdən sonra da Nəsib bəy Şəfiqə xanıma
dəfələrlə onu
bağışlamasını xahiş etsə də Şəfiqə xanım bu təklifi
qəbul etmir.
İ.Qaspiralının ölümündən sonra
Şəfiqə xanım
ailə qayğıları
ilə yanaşı həm “Tərcüman”ın
çapına diqqət
yetirir, həm də siyasi işlərə. 1917-ci ilin
aprelində Kazan şəhərində
keçirilən Rusiya
müsəlman-türk qadınları
konqresinə nümayəndə
seçilir. Konqresdən dərhal
sonra elə həmin ayda Şəfiqə xanım Krımda “Qadın komitələri” təşkilatını
yaradır. 1917-ci ilin
may ayında isə Moskvada kecirilən Rusiya müsəlmanlarının
konqresində Krımı
təmsil edir. Bu zaman tək
Şəfiqə xanımın
deyil, Krım türklərinin siyasi və ictimai işlərdə fəallaşması
imperiyanı qəzəbləndirir.
Hökumət 1918-ci ilin fevralının
23-də “Tərcüman” qəzetini
bağlayır, mətbəəni
isə müsadirə
edir. Krımda baş verən
hadisələr Nəsib
bəyi çox narahat etdiyi üçün dəfələrlə
Şəfiqə xanıma
məktub yazaraq təkidlə onları Bakıya dəvət edir, onlardan narahat olduğunu, darıxdığını bildirirdi.
Məktublarından birində
Nəsib bəy yazırdı: “Şefi! Sənə çəkdirdiyim bunca iztirabları unutmağını
istəməyə haqqım
çatırmı? İndi Azərbaycan
Cümhuriyyətinin baş
naziriyəm. Hər kəsdən
hörmət görürəm.
Amma özümü xoşbəxt
sanmıram. Uşaqları xatırladıqca, varımdan
yox oluram. Yuxularım ərşə
çəkilib...”.
Bəzi
mənbələrdə qeyd edilir ki, Şəfiqə xanım
1918-ci ilin əvvəllərində övladları ilə
birlikdə Gəncəyə, oradan isə Bakıya Nəsib bəyin
yanına gəlir. Amma Nəsib bəyin yuxarıdakı məktubundan
belə bəlli olur ki, O, baş nazir olarkən Şəfiqə
xanım övladları ilə Krımda idi. Deməli
onların Azərbaycana gəlişi ya 1918-ci ilin son
aylarına, ya da 1919-cu ilin əvvəllərinə təsadüf
edir. Şəfiqə xanımla uşaqların Azərbaycana gəlişi
onların arasındakı şəxsi münasibətləri
istiləşdirə bilməsə də Nəsib bəy ailənin
bütün ağırlığını öz üzərinə
götürür.
Şəfiqə
xanım Cümhuriyyət dövrü Bakıda Xalq Maarif
nazirliyi yanında uşaq bağçaları
üçün tərbiyəçilər hazırlayır,
dövrü mətbuatda qadın azadlığı
mövzusunda yazılarla çıxış edir.
Azərbaycan
Xalq Cümhuriyyətinin süqutu yenidən Şəfiqə
xanımı Azərbaycandan didərgin salır. Bolşeviklər
onu övladları ilə birlikdə yaşadığı mənzildən
çıxararaq kücəyə atır. Aulənin gələcək
taleyindən narahat olan, (deyilənlərə görə o,
İsmayıl bəy Qaspiralının yaxın dostu olub) o
zaman Bakıda işləyən türk diplomatı Şəfiqə
xanımı və övladlarını türk hərbiçiləri
ilə birlikdə əvvəl Batuma, sonra Trabzona, oradan isə
çox çətinliklə İstanbula yola salır.
İstanbulda
da Şəfiqə xanımı bir müddət iztirablı
günlər, maddi çətinliklər tərk etmir. Lakin
bunlara baxmayaraq o daha çox Nəsib bəyin naməlum
taleyindən narahat qalır. Dəfələrlə Azərbaycana
məktub yazsa da doğru-dürüst bir informasiya ala bilmir.
Uzun
get-gəllərdən sonra İstanbulda “Qızıl ay” beynəlxalq
xeyriyyə cəmiyyətində tərcüməçi
işləyir, övladlarını oxudur. 1975-ci ildə Şəfiqə
xanım Türkiyədə dünyasını dəyişir,
lakin dünyasını dəyişən günə qədər
Nəsib bəyin sevgisinə sadiq qalır.
Qərənfil Dünyamin
qızı,
BDU-nun fəlsəfə doktoru
Kaspi.-2013.-11 yanvar.-S.12