Mixail Bulqakovun ev muzeyindən reportaj
Bu sirli otaqlarda dünya şöhrətli
yazıçının qəhrəmanları yaşayır
Kiyevin
qədim Arbat küçəsində – Alekseyevskiy spusk 13
(Andreyevskiy spusk) ünvanda ukraynalıların yaxşı
tanıdığı və gələn qonaqlara həvəslə
məsləhət bildikləri bir ünvan var: dünya
şöhrətli rus yazıçısı Mixail Bulqakovun ədəbi
memorial-ev muzeyi. Görkəmli yazıçı 49 illik
ömrünün 1906-1919-cu illər arasında keçən
13 ilini bu mənzildə yaşayıb. Muzeyin əsası isə
1989-cu ildə qoyulub.
Memorial
muzey daha çox “Turbinlərin evi” kimi tanınır. Mənzil
muzeyin bu adla tanınmasına görə yazıçı
Viktor Nekrasova minnətdarlıq düşür. Məhz onun
1967-ci ildə “Yeni dünya” jurnalında çap etdirdiyi
“Turbinlər evi” məqaləsindən sonra mənzil-muzey bu
adla adlanmağa başlayıb. Ona görə də muzey
“Ağ qvardiya”nın müəllifinin adı ilə deyil, onun
burada yaranan qəhrəmanları ilə tanınır.
“Morfi” aludəçisi
İkimərtəbəli
qədim binanın qarşısında muzeyi ziyarətə gələn
çoxlu insanlara rast gəlmək olur. Binanın
yaxınlığında isə görkəmli
yazıçının abidəsi yer alıb. Ziyarətçilər
abidənin yanında fotolar çəkdirəndən sonra
muzeyin hündür, taxta qapısından içəri daxil
olurlar. Dəhlizdə ziyarətçiləri muzey bələdçisi
qarşılayır. Bilet alandan sonra birinci mərtəbədəki
otağa daxil olmağa icazə verilir.
Muzeyin
əsas ekspozisiyaları ikinci mərtəbədədir. Evin
taxta pillələri ziyarətçiləri ikinci mərtəbəyə
aparır. Sanki yuxarıdakı otaqlara «Ağ qvardiya»
romanının qəhrəmanları ilə birgə daxil
olursan. Elə yuxarı dəhlizdəki qapının
ağzındaca romanın qəhrəmanının ağ rəngli
paltosu və papağı asılıb. Qonaq otağı dərhal
belə bir fikir yaradır: evdə eyni zamanda iki ailə
yaşayıb – Bulqakovlar və yazıçının ədəbi
qəhrəmanları. Vaxtilə bu otaqda evin çoxsaylı
qonaqları olub. Evin palıd parketi keçmiş səsləri
hələ də qoruyub saxlayır.
1-ci
otaq yazıçının qonaq otağı, bir sıra
sevimli qəhrəmanlarının “yaşadığı”
yerdir. Qonaq otağında həmçinin
yazıçının şəxsi əşyalarını
görmək mümkündür. Bələdçi qadın
danışır ki, Bulqakovun əsərlərində
açılmayan sirlər, müəmmalı məqamlar
çoxdur: “Bunlar yazıçının öz çətin
və əzablı həyatından yaranıb”.
Bələdçinin
dilindən Bulqakovun Kiyevdəki yaşayış tarixçəsini
eşitmək olur. Bu maraqlı tarixçə “Ağ qvardiya”
romanı ilə sıx bağlıdır. Bulqakovun məşhur
romanında isə 1918-ci ildə Ukraynada müxtəlif siyasi
qüvvələrin hakimiyyət uğrunda apardıqları
mübarizənin faciəli hadisələri təsvir olunur.
Otaqdakı eksponatlar da sanki həmin hadisələri kino lenti
kimi ziyarətçilərə çatdırır. Bu hadisələrin
içərisində Bulqakovun özü var.
Bələdçi
Bulqakovun həyat və yaradıcılığını vərəqləyir:
“Mixail Bulqakov körpəliyindən bu evdə yaşamayıb.
O, 1891-ci ilin 15 may tarixində Kiyev Ruhani Akademiyasının
dosenti Afanasiy İvanoviç Bulqakov və Varvara Mixaylovna
Bulqakovanın (Pokrovskayanın) ailəsində dünyaya
göz açıb. Ailədə yeddi uşaq olublar. Mixail ailənin
böyük uşağı olub”.
1909-cu
ildə Mixail Bulqakov Kiyev Birinci Gimnaziyasını bitirib Kiyev
Universitetinin tibb fakültəsinə daxil olub. Həkim kimi təyinatla
Smolensk quberniyasının Nikolskoye kəndinə işləməyə
gedib. Daha sonra o, Vyazmada, Moskvada həkim kimi
çalışıb. 1913-cü ildə Tatyana Nikolayevna Lappa
ilə ailə qurub.
Həkimlik
illərinin təcrübəsi əsasında çap etdirdiyi
«Gənc həkimin qeydləri» kitabında Bulqakov
praktikasında rastlaşdığı xoş olmayan hadisələrdən
söz açır. Etiraf edir ki, həkimlər vəzifələrinin
icrası zamanı dəhşətli xəstəliklərlə,
ölümlə, müxtəlif insan faciələri ilə
üz-üzə gəlir, çox vaxt ölümə, xəstəliyə
uduzurlar.
Bələdçi
danışır: “Birinci Dünya müharibəsi
dövründə Bulqakov əvvəllər həkim kimi
müharibə zonasında, sonralar isə ehtiyatda fəaliyyət
göstərib. Əyalət həkimi işlədiyi dövrdə
gələcək yazıçı morfi aludəçisinə
çevrilir. Bunu azyaşlı qıza göstərdiyi tibbi
yardım nəticəsində yoluxduğu xəstəliyin
ağrılarından qurtulmaq üçün edir. Əvvəllər
iradəsinə güvənib bu bəladan xilas olmaq istəsə
də bir müddət morfisiz ötüşə bilmir”.
Sonradan
yazıçı «Morfi» hekayəsində öz həyatını
qələmə alır. “Hekayənin qəhrəmanı elə
Bulqakovun özüdür. Deyilənlərə görə
sonralar Bulqakov onu məhvə aparan bu dərmanın cazibəsindən
qurtula bilib. Amma tam yox, bir müddət onu kokain iyləməklə
əvəz edib”.
Bulqakov
1917-ci ilin dekabrında ilk dəfə Moskvaya gəlir və
tanınmış Moskva həkimi, dayısı N.M.Pokrovskinin mənzilində
qalır. Sonralar "İt ürəyi" povestindəki
professor Preobrajenski obrazı məhz Pokrovskinin timsalında
yaradılır. Onun "İt ürəyi" povestində
Komissar surəti bolşevizmə qarşı qiyam
sayılır. 1918-ci ilin yazında Bulqakov Kiyevə
qayıdır və orada özəl şəkildə veneroloq
kimi fəaliyyət göstərir.
Ölməyən əsərlər
Yazıçının
qonaq otağında piano da, stol-stul da, üzərindəki əşyalar
da, qurumuş güllər də ağ rəngdədir.
Bulqakovun qəhrəmanlarını yaratdığı
otağa keçmək üçün isə qonaq
otağında gizli qapı olub. Divardakı şkafa baxanda
heç kəsin ağlına gəlməz ki, onun
qapıları gizli otağa açılır. Buradan
keçib yazıçının mübariz qəhrəmanlarının
yarandığı otağa daxil olmaq mümkündür.
2-ci
otağın küncündə yazıçının stolu
qoyulub. Yenə də hər şey ağ rəngdədir. Kitab
şkafında vərəqləri sapsarı kitablar yer
alıb. Bələdçi heç bir şeyə
toxunmağa və foto çəkməyə icazə vermir.
Stolun üstündə yazıçının
yarımçıq əlyazmaları, stolüstü lampa,
tibbi təcrübə üçün istifadə etdiyi alətlər
var.
Bələdçi
danışır: “Bulqakov İ.V.Stalinə
ünvanladığı məktubda belə yazırdı: «Mən
ilahi qüvvəyə inanan yazıçıyam.
Dünyanın insanlar tərəfindən yox, görünməz
qüvvələr tərəfindən idarə olunduğuna əminəm.
Yəqin ki, mənimlə razılaşarsınız ki,
dünya yalnız insanın ümidinə qalsaydı, bizə
qədər gəlib sağ çıxmazdı, o lap
çoxdan artıq məhv edilmiş olardı...». İosif
Stalin məktubda yazılan bu cümlələrin altından
qırmızı qələmlə xətt çəkərək,
dərkənarda yazır: «Keşiş ruhunu abırlı
yazıçı geyimi altında gizlədən yoldaş
M.Bulqakovla dərindən və ciddi şəkildə
maraqlanmalı».
Bu dərkənardan
sonra Bulqakovun taleyinin necə olacağını
düşünmək çətin deyildi. O, hər an
gözləyir, başına gələcək faciədən
çəkinmirdi. Amma, xoşbəxtlikdən heç nə
baş vermir.
Bələdçi
danışdıqca tez-tez onun haqqında “Usta”
sözünü işlədir. Axı Bulqakovun həyatını
və əsərlərini incəliklərinə qədər
bilən, araşdıran ədəbiyyatşünasların
çoxu bu fikirdədir ki, yazıçının məşhur
«Usta və Marqarita» romanındakı Usta elə Bulqakovun
özüdür.
Hərçənd
Bulqakov dəfələrlə «Usta və Marqarita» əsərinin
əlyazmasını yandırmağa cəhd etsə də,
roman hər dəfə yenidən həyata qayıdıb. Sanki
görünməyən qüvvələr romanı xilas edib.
M.Bulqakov
gündəliyində yazır: «Mən öz əllərimlə
iblis haqqında yazdığım əsərin
qaralamasını oda atdım...». Əlyazmanın az hissəsi yansa da materialın əsas hissəsi xilas edilir. Bundan sonra
da yazıçı sonuncu əlyazmasını
da oda atır.
Həyat
yoldaşı Yelena Sergeyevna
əlyazma dəftəri
yanan odun ağzından ala bilir.
Sonralar baş verən bir sıra hadisələrə
görə də tədqiqatçılar “Bulqakovun
əsərləri yanmır”
deyirlər. Məsələn, yazıçının ilk əsərlərindən
olan «Mollanın oğulları» pyesi nəşr olunandan sonra məhv edilir. Çeçen müharibəsi dövründə
bu əsərin nadir əlyazması Qroznı teatrından tapılır.
Deyilənə görə, Bulqakov
«Teatrvari roman»ını
da yandırıb, amma bu əsər
də sirli şəkildə sonradan tapılıb.
Yazıçının ağ
rəngli yataq otağı, eyni rəngli mətbəx otağı da onun bu divarlar
arasında keçən
sirli həyatı haqqında ziyarətçilərə
müəyyən məlumatlar
verir.
M.Bulqakovun bu mənzildə yaşamadığı illər,
həyatının sonu,
yarıda qırılan
ömrü haqqında
da muzeydə geniş məlumatlar əldə etmək olur. Haqqında yazılan qalın-qalın
kitablar, monoqrafiyalar yazıçının zəngin
yaradıcılığına və keşməkeşli
taleyinə həsr olunub.
Bələdçi yazıçının həyatının sonlarından
danışır: “Sanki gələcək
günlərindən xəbərdar
olan Bulqakov Yelenaya deyir: «Yadında saxla, mən çox ağır şəkildə
öləcəyəm, and iç
ki, onda məni heç bir xəstəxanaya aparmayacaq və mənə qollarının
üstündə ölməyə
icazə verəcəksən».
Ölümündən altı ay əvvəl həkimlər onda hipertonik nefrosklerozun əlamətlərini tapırlar. Amma artıq
xəstəliyin müalicəsi
üçün gec idi.
1940-cı
ildə Bulqakov öz vəsiyyətində
yazır: “Mənim qəbrimin üstündə
başdaşı ucaldın,
dəmirdən xaç-filan
lazım deyil”. Yelena Sergeyevna uzun
müddət onun vəsiyyətinə əməl
edə bilmir. Daş qoymaq, onu almaq
üçün çoxlu
pul lazım idi. Yox, əslində haradansa
bir ucuz daş gətirib qoymaq da olardı,
amma Yelena qəbir üstünə layiqli bir başdaşı qoymaq istəyirdi.
1957-ci ildə Qoqolun
qəbri üstündə
möhtəşəm bir
abidə ucaldılır,
köhnə başdaşı
əvəzi olan abidəni isə sındıraraq yaxındakı
quyuya atırlar. Bir gün
Yelena Sergeyevna qranit daşlar yonulan sexin direktorunun yanına gedir və öyrənir ki, «Qolqof» adı
ilə tanınan bu daş vaxtı
ilə Qoqolun qəbri üstündə
imiş. Yelena Sergeyevna bu qırılmış
abidəni M.A.Bulqakovun
qəbri üstə qoydurur.
Muzeyi ziyarətə
gələnlər üçün
Bulqakovun həyat hekayəti maraqlı olduğu qədər də kədərli səslənir. Bunu hər bir ziyarətçinin
üzündən hiss etmək
olur. Hamıya maraqlı olan
da məşhur yazıçının təkcə
bu evin divarları
arasında keçən
13 ilik ömrü yox, bütün həyat və yaradıcılığı idi.
Muzeyi ziyarət müddətində
isə bu barədə tam olmasa da məlumat əldə etmək olur.
Təranə Məhərrəmova
Bakı-Kiyev-Bakı
Kaspi.-2013.-12-14 yanvar.-S.15.