«Təhsil sistemimizin yönünü dəyişmək
lazımdır»
Səlahəddin
Xəlilov: «Təhsilin yenidən qurulması milli təhsil
sisteminin zahiri əlamətlərə görə Avropaya bənzədilməsindən
ibarət deyil»
Keçən
ilin sonunda Prezident İlham Əliyev “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi
barədə fərman imzalayıb.
Fəlsəfə
elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Səlahəddin
Xəlilov “Kaspi”yə müsahibəsində yekun sənəd
haqqında fikirlərini bildirib.
İnsanlığın ali məqsədi
- Səlahəddin
müəllim, «Gələcəyə baxış: 2020»
İnkişaf Konsepsiyasının strateji hədəfi nədən
ibarətdir?
- Hər
bir dövlət vaxtaşırı olaraq öz hədəflərini,
inkişaf istiqamətlərini, prioritetlərini müəyyən
edir. Belə olmasa, kortəbii və pərakəndə bir hərəkət
nə qədər dinamik olursa-olsun, pozitiv nəticələrə
gətirə bilməz. Hər hansı bir dəyişiklik,
zahirən inkişaf kimi görünən, hətta,
böyük miqyaslı proseslər heç də həmişə
millətin və ya dövlətin qarşıya qoyduğu məqsədlərin
həlli istiqamətində olmur. Ona görə də biz
görüntü üçün yox, məhz qarşıya
qoyduğumuz məqsədlər üçün fəaliyyət
göstərməli və bu fəaliyyəti
ölçülüb-biçilmiş, məqsədyönlü
surətdə həyata keçirməliyik. Bunun
üçün, təbii ki, konsepsiyalar, planlar, proqramlar
müəyyənləşdirməliyik. Hər bir insan da bunu
öz şəxsi həyatında müəyyənləşdirir.
Hər kəsin yaxın və uzaq məqsədləri, gələcəyə
yönəlik planları var. Əgər hər bir adamın, hər
bir ailənin həyatında belə planlar varsa, təbii ki,
normal, elmi əsaslarla fəaliyyət göstərən və
özünün həm siyasi, həm iqtisadi kursu, həm də
milli maraqları olan müstəqil bir dövlətin də gələcəyə
yönəlik planları olmalıdır. Və bu məqsədlərin
konseptual izahı və təhlili olmalıdır. Məqsəd
seçilərkən ilk növbədə milli maraqlar, daha
sonra hər hansı bir dövlətin, xalqın potensial
imkanları, real inkişaf səviyyəsi nəzərə
alınır. Gücün çatmayacaq bir məsələni
qarşıya məqsəd kimi qoysan, ona çata bilməzsən.
Ona görə də önəmli olan məsələ
İnkişaf Proqramının və ya Konsepsiyanın elə
hazırlanmasıdır ki, məqsədlərimizə və
imkanlarımıza uyğun gəlsin. Bizim utopiya ilə
yaşamaq və yaxud kiməsə görüntü naminə
gözəl vədlər vermək məcburiyyətimiz yoxdur.
Biz bir müstəqil dövlət olaraq özümüzü
təsdiqləmişik. Hətta, iqtisadi sahədə
keçid dövrünü başa vurmuşuq. İndi
qarşımıza daha böyük planlar, yaradıcı
proqramlar qoya bilərik. Azərbaycanın iqtisadi
inkişafı da, maliyyə imkanları da onun hansısa geri
qalmış dövlətlərlə yox, hətta, orta səviyyəli
dövlətlərlə də yox, inkişaf etmiş dövlətlərlə
ayaqlaşmaq vəzifəsini diktə edir. Nəinki 2020-ci ilə
qədər, hətta, 2050-ci ilə qədər məqsədlərin
müəyyənləşdirilməsi lazımdır. Bu,
geniş müzakirəyə çıxarılmasa da, strateji
düşünən adamlar ölkənin 10, 20 və ya 50 il
bundan sonrakı durumunu da təsəvvür etməyə
çalışır. Bugünkü yaxın planlar həyata
keçirilərkən iş elə qurulmalıdır ki, daha
böyük planların həyata keçirilməsinə mane
olmasın. Biz yaxın və xırda məqsədləri elə
istiqamətləndirməliyik ki, bunlar nəinki bir-birlərinin
nəticələrini azaltmasınlar, əksinə, ən
optimal şəkildə toplana bilsinlər. Mən bir fəlsəfə
tədqiqatçısı kimi daha böyük zaman müddətləri
ilə məşğul oluram. Fəlsəfə 10 il, 100 il və
ya 1000 il bundan əvvəlki yox, bəşəriyyətin
bütün inkişaf yolundan çıxan nəticələri
ümumiləşdirməklə məşğuldur. Eyni
zamanda, bütün bəşəriyyətin gələcəkdə
qarşıya qoyduğu məqsədlər haqqında
düşünülür ki, ümumiyyətlə,
insanlığın ali məqsədi nədir və bəşəriyyət
nəyə çalışır? Hansı dövrlərdə
bəşəriyyət qarşıya qoyduğu məqsədlərinə
nail olub, hansı dövrlərdə geriləmələr olub?
-
Maraqlıdır, bütün bəşəriyyətin gələcəkdə
qarşıya qoyduğu məqsədlər nədən ibarətdir?
-
Bütövlükdə insanlığın missiyası
haqqında düşünmək mümkündür. Ancaq bu
kontekstdə bir ölkə də öz gələcəyini
düşünə bilər. Biz hər-hansı bir məsələni
dünyadan təcrid olunmuş, yalnız öz sərhədlərimiz
daxilində nəinki praktik olaraq, heç nəzəri olaraq
da həll edə bilmərik. Yəni böyük miqyaslı
prosesləri, dünyada gedən hadisələrin ümumi
meylini nəzərə almadan, hər hansı bir ölkə
öz istəklərini qurmağa çalışsa, müvəffəqiyyət
qazana bilməz. Ona görə də 2020-ci ilə kimi
inkişaf strategiyasının müəyyənləşdirilməsi
həm fəlsəfi, həm nəzəri, həm də praktik
aspektləri əhatə edir. Biz ayrı-ayrı nazirliklərin,
idarələrin fəaliyyətini ekstropolyasiya etməklə,
indiyə qədər görülən işlərin bundan
sonra da davam etdirilməsini nəzərdə tutmaqla, sadəcə
olaraq tempi artırmaq, daha böyük sürətlə irəliyə
doğru getmək əzmi ilə heç də qarşıya
qoyulan məqsədə nail ola bilmərik. İnkişaf
konsepsiyası indiyə qədərki inkişafların tempini
artırmağı qarşısına məqsəd qoymur, əksinə,
bu inkişaf proseslərinin istiqamətlərini yenidən nəzərdən
keçirməyi və zamanın tələbinə uyğun
olaraq yenidən qurmağı, tənzimləməyi, lazım
gələrsə redaktə etməyi və böyük
miqyasda əsas aparıcı inkişaf istiqamətlərini
müəyyənləşdirməyi nəzərdə tutur.
Bunun üçün lazımdır ki, biz böyük məkanda
öz yerimizi müəyyənləşdirək. Yəni bəşəriyyət
ümumi inkişaf tendensiyaları, min illərdən bəri
onun qarşıya qoyduğu missiya var. Tarixin bir növ məqsədi
var və tarix öz işini görür. Yəni böyük
miqyasda bəşəriyyətin hardan gəlib, hara getdiyini
bilmək mühüm şərtdir. Ona görə də fəlsəfi
araşdırmalar çox önəmlidir.
Təhsilin yenidən qurulması
-
Konsepsiyada yer alan mühüm məsələlərdən
biri insan kapitalının inkişafı ilə
bağlıdır. Bu gün ölkədə keyfiyyətli təhsil
xidməti yoxdur.
- Bəşəriyyətin
inkişafını müəyyən edən istehsal vasitələri
və bu istehsala insan idrakının nə dərəcədə
cəlb olunması idi. Əsas inkişafın göstəricisi
intellektual kapitalın iqtisadiyyata və cəmiyyətin həyatının
bütün sahələrinə nə dərəcədə
tətbiq olunmasıdır. Çünki bütün
kapitallar, təbii sərvətlər tükənir. Tükənməyən,
əksinə, işləndikcə artan yeganə bir kapital var:
bu insanın intellektual potensialıdır. Ölkə
başçısı məhz bunu nəzərə alaraq nəinki
2020-ci ilə qədər, daha böyük inkişaf perspektivləri
baxımından Azərbaycanın inkişaf strategiyasını
bu cür müəyyənləşdirib ki, məqsəd neft
kapitalını və təbii sərvətlərin
potensialını insan kapitalına və intellektual potensiala
çevirməkdən ibarətdir. İnsan kapitalı deyəndə
ilk növbədə intellekt, təhsil və elmi bilik səviyyəsi
nəzərdə tutulur. Hansı ölkələr ki, öz
inkişaf yolunu bu istiqamətdə seçir, onlar
böyük uğur qazanırlar. Biz təbii resursları
dinamik bir prosesə çevirə bilsək, iqtisadi həyata və
cəmiyyətin digər sahələrindəki inkişafa,
eyni zamanda, ilk növbədə elm və təhsilin
inkişafına yönəldə bilsək böyük
uğur qazana bilərik. Təhsil elmə və
iqtisadiyyatın digər sahələrinə bilavasitə təsir
göstərir. Çünki kadr potensialının səviyyəsi
inkişafın gələcəyini müəyyən edir. Yəni
geri qalmış, aşağı səviyyəli kadrlarla
çox yüksək səviyyəli iqtisadi prosesləri idarə
etmək mümkün deyil. Hətta, biz xaricdən ən
müasir avadanlıqlar da alıb gətirsək, onları tətbiq
edən, onlardan istifadə edən milli kadrlar olmasa, bir nəticə
hasil olmayacaq. Belə çıxacaq ki, biz gərək
kadrları da xaricdən gətirək. Onda bu, Azərbaycanın
inkişafı olmayacaq. Azərbaycanın inkişafı gərək
istehsal vasitələrinin təkmilləşdirilməsi,
müasir texnologiyalar, milli kadrların gücü ilə həyata
keçirilsin. Məqsəd yerli kadrların
hazırlanmasıdır. Deməli, ölkənin real
ehtiyaclarına uyğun, ixtisaslaşmış təhsil
çox vacibdir. Mən təhsil deyəndə onu nəzərdə
tutmuram ki, tələbələr dərslikləri əzbərləsinlər.
Necə ki, bizim təhsil sistemi yalnız hafizə
gücünü müəyyənləşdirir və
insanları əzbərçiliyə yönəldir. Yaxud da
ki, bizim orta məktəblərdəki təhsilin praktik
çıxışları yoxdur. İstər tələbələr,
istərsə də şagirdlər öyrəndikləri
bilikləri ancaq nəzəri şəkildə, hazır məhsullar
kimi mənimsəyirlər. Əməli vərdişlər mənimsənilmirsə,
deməli, bu adamların biliyi var, qabiliyyəti yoxdur. Amma
işləmək üçün məhz qabiliyyət
lazımdır. Qabiliyyət isə biliklərin əməli vərdişlərlə
birləşməsindən yaranır. Bu gün bizdə təhsil
sisteminin yönünü dəyişmək lazımdır.
Onu həyata real tətbiqlər, praktik nəticələr və
müasir cəmiyyətin tələblərinə uyğun əməli
və nəzəri biliklər sistemi üzərində
qurmağa ehtiyac var. Amma biz yüz illərdən qalmış
ənənəvi, yarıdan çoxu lazımsız olan biliklərlə
uşaqlarımızın hafizəsini doldururuq. Bu, çox
ziyanlıdır. ABŞ-ın inkişafını təmin edən
əsas amil təhsilin praktik yönlü olmasıdır. Əgər
bizdə tələbə ali məktəbi bitirəndən
sonra getdiyi iş yerində təzədən həmin işin
praktik tərəflərini öyrənirsə, deməli, onun
oxuduğu illər faydasız olub. Təhsilin yenidən
qurulması milli təhsil sisteminin zahiri əlamətlərə
görə Avropaya bənzədilməsindən ibarət deyil.
Milli işçi qüvvəsinin səhnəyə
çıxması, beynəlxalq texnoloji proseslərlə
inteqrasiyası üçün öz
reallıqlarımızı nəzərə alıb, milli
xüsusiyyətlərimizdən istifadə edib təhsil-elm-iqtisadiyyat
zəncirini gerçək həyatımıza uyğun surətdə
qurmalıyıq. Bu sahənin də öz Azərbaycan modeli
olmalıdır. Məhz o zaman bizim təhsil iqtisadi inkişaf
prosesi üçün böyük hərəkətverici
qüvvə ola bilər. Biz ancaq neftdən, qazdan və ya
başqa ekstensiv sahələrdən gələn kapital
hesabına yox, eyni zamanda, gənclərimizin həm intellektual,
həm əməli potensialının gerçəkləşdirilməsi
ilə böyük inkişaf tempi qazana bilərik. Onda bu,
davamlı olar.
Bu
Konsepsiyanın təməlində neft kapitalının
intellektual kapitala çevrilməsi durur. Ancaq bu çevrilmə
sadə proses deyil. Onun mexanizmi olmalıdır. Bu mexanizm isə
biz alimlər tərəfindən işlənib
hazırlanmalıdır. Pul, maya var. Müasir tipli məktəb
binaları tikilir. Məktəblərin modernləşdirilməsi
maddi-texniki bazasının müasirləşməsi istiqamətində
görülən işlər bəlkə heç Avropa
ölkələrində də görülmür. Amma onun
daxili məzmununun da maddi-texniki bazaya
uyğunlaşdırılması lazımdır. Bu, artıq
kapitalla, ona maddi dəstək verməklə düzələn
şey deyil. Buna biz cəmiyyətimizin xüsusiyyətlərini,
müasir dövrdəki inkişaf səviyyəmizi, buna qədərki
düşüncə tərzimizin yönünü və
ölkəmizin qarşıya qoyduğu vəzifələri nəzərə
almaqla nail ola bilərik.
- Siz
təhsildən, iqtisadiyyatdan danışdınız. Heç
şübhəsiz, inkişaf təkcə bu sahələrdən
asılı deyil. Sizcə Azərbaycanın tanınması,
imicinin formalaşması, yaradıcı, müasir bir xalq
olduğumuzu sübut etmək üçün daha hansı sahələrdə
fəaliyyət göstərməliyik?
- Əlbəttə,
təkcə bu sahələrlə kifayətlənmək olmaz.
Daha qısa müddətdə, daha tez effekt verən sahələr
var. Məsələn, idman və musiqi kimi. Ayrı sahələrdə
on illərlə kadr hazırlamaq, elmi laboratoriyalarda
axtarışlar, tədqiqatlar aparmaq, sonra onların nəticələrini
tətbiq etmək və nəhayət, neçə illərdən
sonra yenilik əldə etmək elə də asan iş deyil.
Bunlar uzunmüddətli proseslərdir. Biz idmanda gəncliyimizin
potensialını əyani surətdə görürük.
İdmanda uğurlar iradənin, əzmin fiziki
sağlamlıqla birləşməsindən yaranır. Bunlar
da inkişaf strategiyasına daxildir. Məsələn,
“Avroviziya” müsabiqəsindəki uğurlarımız,
Bakıda müsabiqənin keçirilməsi, bütün
Avropa ölkələrinin nümayəndələrinin gəlib
bizim uğurlarımızı görmələri, bizim
haqqımızda təsəvvürlərinin dəyişməsi,
bir çox beynəlxalq miqyaslı idman
yarışlarının Azərbaycanda keçirilməsi,
London olimpiya oyunlarındakı nailiyyətlərimiz və nəhayət,
Azərbaycanın 2015-ci ildə Avropa olimpiya oyunlarının
məkanı kimi seçilməsi – bu idman və musiqi sahəsində
çox böyük uğurlardan və gələcəyə
yönəli planlardan danışmağa əsas verir. Amma yenə
təkrar edirəm, əsas inkişaf xətti elm və təhsildən
keçir. Bunlar olmasa, başqa sahələrdəki heç
bir uğur ölkənin davamlı iqtisadi inkişafına,
eyni zamanda, əhalinin ümumi mədəni səviyyəsinin
yüksələn templə artmasına təminat verə bilməz.
Bunların hamısının təminatı təhsildən
keçir. Təhsilin də daha yüksək səviyyədə,
milli mənafeyə uyğun şəkildə
qurulmasının öz elmi əsasları var. Ümumiyyətlə,
bütün sahələrin elmi əsaslarla qurulması
lazımdır və onların fundamental elmi əsasları
olmalıdır. Fundamental elmlər də yüksək səviyyədə
inkişaf etməlidir ki, onların tətbiqi sahələri də
olsun.
- Bu
gün ölkə əhalisinin bir qismi səhiyyə xidmətinin
yüksək səviyyədə olmaması üzündən
xarici ölkələrə üz tutur. Müxtəlif sosial
qruplar, imkansız təbəqələr, aztəminatlı ailələr
üçün səhiyyə xidmətinin əlçatanlığını
təmin etməkdən ötrü Konsepsiya çərçivəsində
hansı addımların atılmasına ehtiyac var?
(ardı var)
Təranə MƏHƏRRƏMOVA
Kaspi.-2013.-17 yanvar.-S.7.