«Əsas odur ki, birtərəfli inkişaf yolu ilə getməyək» 

 

 Səlahəddin Xəlilov: «İnkişaf Konsepsiyasında qarşıya qoyulan vəzifələrin çoxu bizim gücümüz çatan vəzifələrdir»

 

Keçən ilin sonunda Prezident İlham Əliyev “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi barədə fərman imzalayıb.

Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov “Kaspi”yə müsahibəsində yekun sənəd haqqında fikirlərini bildirib.

 

Sağlamlığın təminatı

 

- Bu gün ölkə əhalisinin bir qismi səhiyyə xidmətinin yüksək səviyyədə olmaması üzündən xarici ölkələrə üz tutur. Müxtəlif sosial qruplar, imkansız təbəqələr, aztəminatlı ailələr üçün səhiyyə xidmətinin əlçatanlığını təmin etməkdən ötrü Konsepsiya çərçivəsində hansı addımların atılmasına ehtiyac var?

- Bu sual bir neçə məsələni əhatə edir. Səhiyyənin inkişafı həmin sahədə həm elmi araşdırmaların yüksək səviyyədə olmasını, həm də dünya miqyasında əldə olunmuş nailiyyətlərin mənimsənilərək operativ tətbiqini nəzərdə tutur. Buraya həm də ən müasir texnologiyalardan və metodlardan istifadə olunması aiddir. Əsas məsələ odur ki, bizim camaat məcbur olub İrana, Türkiyəyə və b. ölkələrə müalicə dalınca getməsin və yığdığı 5-3 qəpiyi yollara xərcləməsin, həm rahat, həm də daha güvənli şəkildə öz ölkəsində müalicə olunsun. Lakin səhiyyənin inkişafı tam müstəqil bir məsələ deyil, ona bütövlükdə elmin və təhsilin inkişafı kontekstində baxılmalıdır. Təhsil sistemində nöqsanlar varsa, bu, istər-istəməz səhiyyə sahəsinə də təsir edəcək. Oradakı təhsil də qüsurlu olandan sonra bizim tibb məktəblərinin, universitetlərin məzunları müasir tələblərə, dünya standartlarına cavab verməyəcək və yenə də xəstə müalicə almaq üçün başqa bir ölkəyə getməyə məcbur olacaq. Ona görə də, İnkişaf Konsepsiyasında diqqət mərkəzində duran məsələlərdən biri səhiyyə sisteminin təkmilləşdirilməsidir. Hər bir ölkənin ən böyük sərvəti onun xalqıdır. İnsanların iki əsas inkişaf göstəricisi var: fiziki cəhətdən sağlam olmaq, bir də intellektual inkişaf və mədəni-mənəvi inkişaf səviyyəsi. Yəni iqtisadiyyat da, xidmət sahələri də, – hamısı insanlar üçündür. Bütün islahatların hədəfi insanların daha yaxşı təminatı, rifah halının yaxşılaşdırılmasıdır. Klassik kapitalizm dövründə sənaye və maşınqayırma əsas göstərici idi. Amma indi xidmət sahələri önə çıxmışdır.

Sağlamlığa xidmət edən bir neçə sahə var. Havanın, suyun təmizliyi, ərzağın sağlamlıq üçün ziyansız olması və insanlara zərər vurmaması. Elə bu sahədə də ekoloji problemlərin həlli, güvənli ərzaq təminatı, ərzaq təhlükəsizliyi sahəsində yaxın gələcəkdə bizim böyük vəzifələrimiz var. Heç şübhəsiz ki, 2020-ci ilə qədər İnkişaf Konsepsiyasının mühüm komponentlərindən biri də bu olmalıdır. Bu, bütün dünyada aktual məsələdir. Çünki bütün dünyada iqtisadi münasibətlər biznes maraqları üzərində qurulub, hamı daha çox qazanmaq istəyir. Ola bilsin, daha çox qazanmaq üçün müasir üsullarla elə ərzaq məhsulları hazırlayırlar ki, ucuz başa gəlsin. Həmin ərzağın ölkənin özündə satışına icazə verilməyəndə, daha az inkişaf etmiş ölkələrə çıxarırlar; o ölkələrə ki, özünü təbii məhsullarla təmin edə bilmir və xaricdən aldığı ərzağın da tərkibində nələrin olduğunu müəyyənləşdirmək üçün elmi səviyyəsi yetərli deyil. Bu məsələnin həlli üçün yenə də müxtəlif elm sahələrinin tətbiqinə ehtiyac var. Analitik kimya, biokimya var, tərkibin keyfiyyətini müəyyənləşdirilməsi ilə məşğul olan ekspertiza sistemləri var. Bütün bunlar elə yüksək səviyyədə qurulmalıdır ki, həm özümüzün hazırladığımız ərzaq məhsullarının, öz yerli istehsalımızın məhsulları, həm də xaricdən aldığımız malların yoxlanılmasına nail olaq və əhalimiz qida məhsulları ilə təmin olunarkən onların sağlamlığı təhlükəyə məruz qalmasın. Avropa ölkələri, Amerika Birləşmiş Ştatlarının inkişaf göstəricilərindən biri də budur ki, əhalinin orta yaş həddi yüksəkdir və biz də öz ölkəmizdə həmin göstəricilərə yaxınlaşmaq istəyirik.

Biz istəyirik ki, yaxın gələcəkdə inkişaf etmiş ölkələrlə müqayisə olunacaq səviyyəyə çataq. Sağlamlıq təkcə səhiyyə sistemi ilə bağlı deyil. Bunun üçün həm də ekoloji təminat, mühitin təmiz olması, sənayenin, iqtisadiyyatın, kənd təsərrüfatının elə qurulması lazımdır ki, onlar havanı, suyu zəhərləməsin. Lakin insan hər halda xəstələnir. Bir var, sağlamlığın profilaktik təminatı, bir də var, artıq xəstələnmiş insanların müalicəsi. Bunun üçün səhiyyə sistemi var, müasir tibb texnologiyaları var. Sağlamlığın təmin olunması məsələsində tutaq ki, həkimlərin, tibbi personalın yüksək səviyyədə hazırlanması lazımdır. Bu da yenə təhsillə bağlıdır. Hansı sahəyə baxsaq, hamısının təməli yenə də təhsilə gəlib çıxır. Biz təhsil problemimizi həll etməsək, 2020-ci ildə qarşıya qoyulan böyük strateji vəzifələri həyata keçirə bilmərik.

 

Yəni, xırdalanırıq...

 

- Sizcə mətbuatın inkişafı üçün hansı tədbirlər həyata keçirilməlidir? Ümumiyyətlə, bugünkü KİV-in real mənzərəsini necə xarakterizə edərdiniz?

- Mətbuatda məni qane edən nədir, etməyən nədir? Bu sahədə ən əsas uğurlar senzuranın aradan götürülməsi, mətbuatda tənqidə yer verilməsidir. Çünki fikir plüralizmi olmadan biz ictimai həyatdakı nöqsanları mütəmadi surətdə nəzərdən keçirib səhvlərimizi düzəldə bilmərik. İstər iqtisadi sahə olsun, istər mədəniyyət, ədəbiyyat – istənilən sahədə kənardan nəzərə böyük ehtiyac vardır. Qane etməyən isə odur ki, qəzetlərin sayı çox olsa da, yeknəsəqlik və təkrar üstünlük təşkil edir.

Əvvəla, 1990-cı illərin əvvəllərindən mətbuat siyasiləşdi. Təəssüf ki, bu, hələ də tamamilə aradan götürülməyib və düşüncə tərzindəki bu disbalans xeyli dərəcədə saxlanılır. İkincisi, bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq, bazar düşüncəsimi deyək, dəllal və ya baqqal düşüncəsimi deyək, – mətbuata və TV-yə də yol tapdı və bu, çox xoşagəlməz hadisədir. Üçüncüsü, yüksək sənət, böyük ədəbiyyat arxa plana keçdi. Xarici musiqinin yüksək nümunələri, klassika əvəzinə, daha çox melodramlar, şoular və kütləvi mədəniyyətdən gələn nümunələrin geniş təbliğinə televiziyada, efirdə üstünlük verilməsi gənc nəslin tərbiyəsinə pis təsir göstərir. Bütün bunlar kompleks halda qəzetlərimizdə, mətbuatda, televiziya və radioda səviyyənin enişindən xəbər verir. Yəni, xırdalanırıq. Həddindən artıq hadisəçiliyə diqqət artır. Bir var, ümumiyyətlə, xalqdan, millətdən, ölkəmizin, dövlətimizin vəzifələrindən, funksiyalarından, tale yüklü məsələlərdən danışıla, nəzəri söhbətlər, müzakirələr aparıla, bir də var, küçədən keçəndə kimin ayağı burxulub yıxıldı, harada kimin maşını əzildi, kim həlak oldu... Bunlarla efiri nə qədər qaralamaq olar, nə qədər bəd xəbər söyləmək olar? Bir faktı yadınıza salım, 2001-ci ilin 11 sentyabrında Amerikada həmin o məşhur terror baş verdi. Nə qədər adamlar həlak oldu, nə qədər yaralananlar oldu. O vaxt o hadisəni efirdə göstərəndə, mətbuatda yazanda nə bir ölü, nə yaralı adam, nə də bir qan göstərildi. Yaxud bu yaxınlarda bir nəfərin məktəbə daxil olaraq 29 nəfəri güllələməsi. Heç bir nəfər şagirdin cəsədi, ağlayan, sızlayan adamlar göstərildimi? Yəni buna onların texniki imkanlarımı çatmır? Yoxsa bizim telejurnalistlər daha qoçaqdırlarmı? Ümumiyyətlə, qorxunc şeylərin efirə çıxması yolverilməz bir hadisədir. Mən həmin terror hadisələrini təsadüfən xatırlatmadım. Yenə də xarici efirlərə baxın, onlar filmlərində dəhşətli səhnələr göstərə bilərlər, amma real, canlı adamların, bu dəqiqə yaşayan insanların faciəsini lentə çəkib kütləvi şəkildə nümayiş etdirmirlər. Kiminsə faciəsini kütlənin tamaşasına çıxarmaq olmaz. Təəssüflər olsun ki, bizim efirimiz bununla doludur. Ən pisi isə insanların şəxsi həyatının artıq teatrı əvəz etməsidir. Heç kimin şəxsi həyatını ümumi görünüşə vermək olmaz, bu, şəxsi həyata müdaxilədir. Gerçək həyatın teatr səhnəsi kimi efirə çıxarmaq və insanların taleyi ilə minlərlə insanın gözü qarşısında oynamaq olmaz. Mətbuatın, telejurnalistlərin məhkəməni əvəz etmək iddiası həddindən artıq yolverilməz, mənəviyyata və hüquqa uyğun gəlməyən bir şeydir. Bizdə jurnalist tez-tez ittihamçı, prokuror rolunda çıxış edir. Halbuki, məhkəmənin funksiyasını heç kim əvəz edə bilməz. Kiminsə günahı hələ təsdiq olunmayıbsa, efirdən camaatın gözü qarşısında onu günahlandırmaq səlahiyyəti heç kimə verilməyib. İnsanların mənəviyyatı, hissiyyatı ilə oynamaq – bu, indi həm mətbuatda, həm qəzet səhifələrində, həm də efirdədir.

Buna görə də insanlar teatr səhnələrindən, bədii əsərlərdən daha çox canlı həyatın faciələrinə baxırlar. Bunlar eybəcərlik kimi təqdim olunur, eybəcərlik isə insanları böyütmür, kiçildir. Faciəni gərək sənət səviyyəsində təqdim edə biləsən. Eyni zamanda, komediya insanları böyütmür, kiçildir. Biz deyirik ki, gülüş yaxşı şeydir. Çox yanlış bir siyasətdir. Gülüş fizioloji cəhətdən yaxşı ola bilər, amma mənəviyyatın inkişafı üçün dramatik situasiyalar daha vacibdir. Bu, bəlli bir şeydir. Amma bizim mətbuat, televiziya buna nəinki əməl etmir, hər şeyi tam tərsinə həll edir. Məsələn, elmin inkişafı sahəsində, fəlsəfə sahəsində olan uğurlarımız, dünya miqyaslı nailiyyətlərimiz var. Amma bir adam bunları efirə çıxarmır. Bir adam onu işıqlandırmır. Amma kiminsə ayağı qırılıb, onu o saat gündəmə gətirirlər. Ona görə də, İnkişaf Konsepsiyasında KİV-in fəaliyyətinə yenidən baxmaq və köklü islahatlar nəzərdə tutulmalıdır.

 

Fərqli düşüncə tərzinə ehtiyac

 

- Konsepsiyadan irəli gələn bir məsələ də mənə maraqlıdır. Cəmiyyətdə gender əsaslı zorakılıqların baş verməsi barədə müəyyən faktlar və fikirlər var. Yəni bunların qarşısını almaq üçün, sizcə necə bir mexanizm hazırlanmalıdır?

- Ümumi mövqe bundan ibarətdir ki, Avropa ölkələri iqtisadi inkişaf sahəsində – texnologiyanın, elmin, təhsilin inkişafı sahəsində böyük uğurlar əldə ediblər. Səhiyyə sistemini çox yüksək səviyyədə qura biliblər. Əhalisinin həm fiziki sağlamlığı, həm mədəni-mənəvi inkişafı, maddi təminatı üçün böyük işlər görüblər və bundan sonra indi daha nə qalır? İndi-indi onların özünün bərabərsizlikləri ortaya çıxıb və onu aradan qaldırmaq üçün tədbirlər görürlər. Sən demə, məlum olur ki, ABŞ kimi bir ölkədə yaxın vaxtlara qədər qadınların heç səsvermə hüququ da yox imiş. Amma unuduruq ki, biz əvvəl sovet sistemindən çıxmış, SSRİ-nin tərkib hissəsi olmuşuq. Sovet İttifaqı bu sahədə ən böyük nailiyyətlər əldə etmiş ölkə olub, o cümlədən gender bərabərliyi sahəsində. SSRİ-də qadın və kişiyə fərq qoyulmayıb. İlk dəfə bütün dünyada bu sahədə ən böyük uğurlar qazanan ölkə SSRİ olub və o cümlədən, onun tərkib hissəsi kimi Azərbaycan. Azərbaycanda həmişə qadınlar deputat da olub, nazir də. Onlar hər vəzifədə olublar. Yəni heç bir məhdudiyyət qoyulmayıb. Əksinə, qadınlara güzəştlər tətbiq olunub. Mən onun tərəfdarıyam ki, qadınlar bərabər rəqabət şəraitində öz üstünlüklərini müəyyən sahələrdə nümayiş etdirsinlər. Amma yeri gələndə, onlara yenə də şərait yaradıla bilər, üstünlük də verilə bilər. Çünki fərqli bir fikrin, fərqli bir düşüncə tərzinin həmişə xeyri var. Həmçinin dünyaya feminist münasibəti bilməyin nə ziyanı var? O, bizim dünyaya baxışımızı daha zəngin edə bilər. Necə müxtəlif millətlərin mədəniyyətləri toplananda zənginlik, müxtəliflik verir, eləcə də kişi düşüncəsinin yanında bir qadın düşüncəsi də, məsələyə qadın yanaşması da ancaq faydalı ola bilər. Bu baxımdan, şübhəsiz ki, biz Avropada, dünyada qəbul olunmuş hüquq qanunvericilik sisteminə qoşulmuşuq, bundan sonra da qoşulacağıq. Amma gerçək vəziyyət baxımından mən Azərbaycanda bu sahədə qorxulu vəziyyət görmürəm. Əgər kişinin qadına münasibətində bir kobudluq varsa, ya qadınlara hardasa ayrı-seçkilik edilirsə, bu, ümumi savadlılıq dərəcəsinin, təhsil səviyyəsinin, dünyagörüşünün məhdudluğu ilə bağlıdır. Bunu aradan qaldırmağın yolu ayrıca bir gender siyasəti aparmaq və ya ayrıca bu sahədə tədbirlər, treninqlər keçirmək deyil. Bunun yolu təhsilin səviyyəsini artırmaqdır. Onda onlar öz-özünə həll olunacaq.

- Ümumiyyətlə, gələcəklə bağlı proqnozlarınız nədir?

- Proqnozlarım nikbindir…Yəni düşünürəm ki, qarşıya qoyulan vəzifələrin çoxu bizim gücümüz çatan vəzifələrdir. Əsas odur ki, biz birtərəfli inkişaf yolu ilə getməyək, nəyinsə həddindən artıq önə çəkilməsi, nəyinsə kölgədə qalması, yaddan çıxması olmasın.

 

 

Təranə Məhərrəmova

 

Kaspi.-2013.-18 yanvar.-S.7.