Teymur Bünyadov - 85 

 

Folklorumuzun və insanlığın səmimiyyət səhifəsi

 

Elimizin, obamızın, vətənimizin ağsaqqalı, müdriklər müdriki Teymur Bünyadov bayatı qədər ulu, layla qədər şirin, dağlar qədər uca, sonsuz səhralar qədər geniş qəlbə malik bir şəxsiyyətdir. Bayatı dedim, ona görə ki, o, bayatılar qədər, özü demişkən, dupduru, tərtəmiz, apaydındır. Layla dedim, ona görə ki, o, başının üstündə dayanıb ona layla çalan layla ətirli anasını çox erkən itirdi. Anasını yaddaşında laylalı bir yaxını, sirdaşı kimi saxladı. Sonralar özü anasızlıq dərdindən anasına laylalar qoşub çalmalı olacaqdır. Mən də ona bir ağrılı bayatı çalım:

 

Əzizinəm, öz anam,

Qoynu dolu söz anam.

Mən layla istəyirəm

Qoy söyləsin öz anam.

 

Balaca Teymurun anasızlıq dərdi onu lap ahıl yaşlarında da tərk eləmədi. Hisslərini, içindən gələn misraları ipə-sapa düzdü, bayatıya çevirdi. Anasına ağı dedi, layla çaldı, bayatı çağırdı. Mən də ona həmdərd oldum, belə bir bayatı keçdi ürəyimdən:

 

Eləmi, yaram sızlar,

Qəlb ağlar, yaram sızlar.

Anasızlıq dərdini

Bilərlər anasızlar.

 

***

 

Teymur Bünyadov nə qədər tarixçi, etnoqraf olsa da qəlbi, ürəyi ədəbiyyata, saza, sözə bağlı insandır. Onun elmi məqalələrindən, etnoqrafiyaya, tarixə aid yazdığı əsərlərindən başqa bədii, publisistik yazıları oxucuların gözünü, könlünü oxşayır. O, elinə-obasına, torpağına, söy-kökünə bağlı insandır. Belə olmasaydı üç cildlik bayatılar yaranmazdı. Belə olmasaydı, ədəbiyyatımızın, folklorumuzun səmimiyyət adlanan bir səhifəsini cızmazdı. Onun uşaqlıq yaddaşına yazılmış sazlı-sözlü, dastanlı günləri öz bayatı kitablarında yenidən yaşandı. Yüz yaşı olsa belə, yenə də o yaddaş onda qalacaq. Çünki sazlı-sözlü Qazaxda doğulmuş bir insan ola bilməz ki, folklor yaddaşını unutsun, ondan istifadə etməsin. Onun bütün bayatıları sanki bir abır yüküdür, nəsihətdir, vəsiyyətdir. «Anam birdir, vətən tək» - deyir ağsaqqalımız. Ananı vətəndən, vətəni anadan ayrı ağlına belə gətirmir. Ana itirən müdrik vətənə sığınır, onu ana bilir:

 

Vətəndi,

Yurd-yuvadı, vətəndi.

Bu ana torpaq ki var,

Anamızdı, vətəndi.

Və ya:

Dolan gəz,

Gözüm, könlüm dolan gəz,

Anam birdi, vətən tək.

Dur başına dolan, gəz.

 

Müdrik ağsaqqalımız ürəyindən süzülüb gələn bayatıları ilə anasızlıq dərdini unutmaq, oxucuda vətənə olan məhəbbəti daha da alovlandırmaq istəyib. İnsanları sülhə, qardaşlığa çağırıb, bir-birinə arxa-dayaq durmağa çağırıb. Dünyada böyük nüfuza malik olan türkləri dünya fövqəldövlətlərin təkləyib dənləməsinlər deyə haray çəkib.

 

Arxa dur,

Türküm, dosta arxa dur!

Türkü dəhşət bürüyüb,

Qardaşına arxa dur.

 

***

 

Müdrik atamız Teymur Bünyadov Azərbaycan qadınlarını həmişə uca tutub. Onlarla fəxr edib, qurur duyub. Qadını ilahi qüvvə, ulu varlıq adlandırıb. Onu bəşər üçün zinət, insanlığa şöhrət sanıb. Qadından umduğu ucalıq, bakirəlik, ülvilik, sədaqətdir.

Çox sevdiyi anamız Tomrisi hünər və zəfər çələnginə bənzədir. Cəngavər amazonkaların – alban qadınlarının məhz Azərbaycanda yaşadığını sübut edir. «Kitabi-Dədə Qorqud» dastanındakı qız-gəlinləri etibar, ilqar, sədaqət, səmimiyyət örpəyi hesab edir.

Şərqin böyük Atabəylər dövlətinin başçısı Atabəy Eldəgiz arvadı Möminə xatunu yüksək əməllərinə görə Xatun deyə çağırırdı. Bu adi bir söz bizim Teymuru riqqətə gətirmiş, gözlərini nəmləndirmişdi. Çünki, onun dünyadan vaxtsız getmiş anası var idi, onun içində yaşayırdı. Eldəgiz öz xatunu üçün məqbərə ucaltdı. Ahıl yaşlı Teymur isə anasının qəbrini yenidən götürdü, baş daşı qoydurub onu hasara aldırdı. Zaman keçsə də, ana abidəsi, analıq rəmzi qalacaq, əbədiləşəcək. Bu da, bir təsəllidir körpə yaşında ana itirən övlad üçün.

Teymur Bünyadov xəyallarında anasını gah Sara xatuna, gah I Şah İsmayılın könül həmdəmi Taclı xanıma, gah Koroğlunun Nigarına, gah da Qubalı Fətəli xanın arvadı Tutibikəyə bənzədirdi. Qəlbində anasına abidə ucaltmışdı. Onun ürəyində sağalmaz bir ana yarası vardı. Zaman-zaman bu yara qaysaq bağlayır, yanından bir sazaq keçən kimi qaysağı qopurdu.

Nə yaxşı ki, qarşısına mülayim, onun nazı ilə oynayan, qayğısına qalan bir xanım – Zivər xanım çıxdı. Nə yaxşı ki, Zivər xanım ona iki qız övladı bəxş etdi. Anasızlıq dərdini ona qismən də olsa unutdura bildi. Zivər xanım ömür-gün yoldaşı Teymuru canından əziz bilirdi. Söhbətlərində deyirdi: «Mən həyat yoldaşımın elmi işlərində çox kömək etmisəm. Əsərlərini redaktə etmişəm, makinada çap etmişəm. Mənim istəkli yoldaşım deyirdi. «Mənim işlərimdən sənin başın açılmadı ki, sən də bir mövzu götürüb müdafiə edəsən». Ancaq mən bunun müqabilində fikirləşirəm ki, təkcə alim qadın olmaq xoşbəxtlik deyil. Əsas qadın xoşbəxtliyi odur ki, həyat yoldaşın səni sevsin, sənə hörmətlə yanaşsın, ən əsası isə sənə xəyanət etməsin. Teymur müəllimdə olan bu xüsusiyyət mənim bəsimdir».

İnsanın həyat yoldaşı belə qiymət verirsə, başqa söz demək yersizdir, bunu ancaq alqışlamaq lazımdır. Adama öz həyat yoldaşından başqa heç kim belə qiymət verə bilməz, heç kimi onun qəlbinin dərinliklərinə girib oranı saf-çürük edə bilməz. Çünki adama ən yaxın olan, onun düşüncələrinin nəyə qadir olmasını ancaq həyat yoldaşı daha yaxşı anlaya bilər. Əgər Zivər xanım Teymur müəllimi bu cür qiymətləndiribsə o, həyatda ən saf və səmimi insan adına layiqdir.

 

***

 

Teymur Bünyadovun Azərbaycan sevgisi bir ümman qədərdir. O, vətənin torpağını, daşını bir-bir tədqiq edir, onun tarixini, etnoqrafiyasını öyrənir, gələcək nəsillərə çatdırır. Bu yaxınlarda Qəbələnin tarixinə, etnoqrafiyasına aid bir kitabın hazırlanmasının şahidi oldum. Böyük zəhmət bahasına başa gələn kitab gələcək nəsillər üçün qiymətli bir vəsaitdir.

Özünün doğulub boya-başa çatdığı Qazax mahalına olan sevgisi elə Azərbaycan qədərdir. «Qazax Xeyriyyə Cəmiyyəti» yarandığı gündən onun təsis etdiyi «Dəli Kür» qəzetinin abunəçisiyəm. «Dəli Kür»ün elə bir nömrəsi yoxdur ki, orada ağsaqqalımızın yazısı getməsin. Qazağın tarixinə, etnoqrafiyasına, məşhur və müdrik adamlarına, dağına, dərəsinə, meşəsinə, çayına aid yazdığı məqalələr bir ürək sevgisindən, el-oba, yurd-yuva həsrətindən qidalanıb.

Deyirlər insan yaşlaşdıqca kövrək olar. Bu kövrəkliyi Teymur müəllimin bu yaxınlarda «Dəli Kür» qəzetinin səhifəsini bəzəyən «Təbib dağlar, məlhəm dağlar» məqaləsində də hiss etmək olur. Teymur müəllim cavanlıq illərinin vərəqlərində qalmış yaddaşını təzələyir, at minib dağları belədən-belə, elədən-elə çapdığını həsrətlə xatırlayır. Ürəyimdən yenə bayatı çağırmaq keçdi:

 

Eləmi, özüm dağlar,

Kababım, közüm dağlar.

Minəydim at belinə

Çapaydım özüm dağlar.

 

Teymur müəllim sadədən sadə, ülvidən-ülvi, həssas qəlbi, asta yerişli, nüfuzedici baxışları olan bir insandır. Toylarda, məclislərdə aşıq havalarına oynamağı çox sevər. Qəribə rəqs etməyi var. Köhnə kişilər kimi qol götürüb süzür. Bir az keçmiş «A qızım, yoruldum, daha bəsdir», deyir.

 

Eləmi, aylar məni,

Həftələr, aylar məni.

Yüküm ağır yük olub

Yorubdu taylar məni.

 

***

 

Bu yaxınlarda məni bir tədbirə dəvət etmişdilər. Dəvət edən ismətli və abırlı bir azərbaycanlı xanım-müğənni Nuriyyə Hüseynova idi. Getməyimə çox məmnun oldum. Orada Azərbaycanın çox görkəmli şəxsləri - alimlər, şair və yazıçılar, xanəndələr toplaşmışdılar. Məclis çox səmimi və xoş ovqatla keçirdi.

Yerimdə əyləşəndə qarşımda masanın üzərində həcmcə kiçik, ancaq üz qabığında gülümsər çöhrəli xanımın şəkli olan kitabı görəndə mənə hər şey aydın oldu.

Görkəmli tarixçi, elimizin və elmimizin ağsaqqalı, akademik Teymur Bünyadovu kitabın müəllifi kimi gördükdə maraq məni bürüdü. İstər-istəməz məndə belə bir sual yarandı: Tarixçi hara, musiqidən, xanəndədən yazmaq hara? Musiqidən, xanəndədən bir var musiqişünas yazsın, bir var tarixçi alim yazsın. Heç uyarı yox idi. Nə isə.... oxuyarıq, görərik. Hələlik isə doğma insanların, ilıq, isti sözləri, xanəndələrin xoş zəngulələri, şirin avazları tədbir iştirakçılarını öz ağuşuna almışdır.

... Evə çatmağa tələsirdim, kitabı oxumaq üçün. Mənim üçün çox maraqlı idi ki, görüm Teymur Bünyadov kimi nəhəng bir alim bir müğənni üçün nə yaza bilər? Buna qədər Nuriyyə Hüseynova haqqında bir kitab çıxmışdı. AYB-nin üzvü, yazıçı-publisist Rasim Gənzəli (Gəncə-Ordubad rayonunda qədim tarixə malik kənddir-müəl.) bu xanım haqqında kitabını "Qəlbi asiman kimi" adlandırmış, müğənninin həyat və yaradıcılığı haqqında oxucularına geniş məlumat vermişdi. Hələ yaradıcılığının gənclik dövrünü yaşayan müğənni üçün daha nə yazmaq olardı? Onun daha hansı məziyyətlərini tapıb üzə çıxarmaq olardı? Müəllif oxucular üçün hansı yenilikləri, yadda qalan detalları verməli idi?

Kitabı oxudum, özü də bir nəfəsə. Ona görə yox ki, burada müğənninin bizə tanış olan tərəflərini bir daha öyrənək, ya səsinin cazibəsini Teymur müəllimin yazısında bir daha təsdiqləyək.

Teymur Bünyadov, bildiyimiz kimi, elm adamıdır, tarixçidir. Ancaq onun ürəyi kövrəkdir, şamın şöləsi kimi titrəkdir, özü şair təbiətlidir. Kitabı oxuduqca onun dilinə heyran qalmaya bilmirsən. Kitab nəsrlə yazısa da, o, həzin bir şeir kimi oxunur. Sözlər bir-biri ilə həmqafiyə olur, bir-birinin ardınca süzərək "muncuqlanır", ipə-sapa düzülür, ətə-qana gəlir, yeriyib-yüyürür, əkiz uşaqlar kimi, hətta dördəm, beşəm doğulmuş körpələr kimi, bir-birini itələyə-itələyə irəliyə doğru can atır. Çağasını yatızdıran, bayatıları dalbadala qoşaraq oxuyan ana kimi, sözlər də bir-birini ardınca sıralanır.

Burada nə bayağı tərifləmələr, nə uzun-uzadı təsvirlər, nə yorucu, usandırıcı nəsihətlər yoxdur. Sözlərdi, sıralanıb, nizamlı bir qoşun kimi yürüşə çıxıb. Döyüşən sözlərdir, düşmən üzərində zəfər çalır, qalıb bir bayraqdar kimi geri dönür. Burada hər şey var: musiqi də, muğam da, xarici səfərlərdə olan təsərrüfatlar da, xatirələr də, müğənninin abır-həyası, isməti də... Hər şey sırası ilə, qaydası ilə düzənlənib. Bayağılıqdan, sözçülükdən, uzunçuluqdan uzaq, şirin bir nağıl yaranıb. Bu nağıl-kitab uşaqlıgımızı xatırladır: "biri vardı, biri yoxdu..."

"Nuriyyə xanım qalmışdı göz ilə qaş arasında, alışıb yanırdı od ilə köz arasında (səh.29). Bu poetik misralar sanki bir şeirin bəndindən qopub düşüb.

"Qaydadır, qılıncı xurcunda saxlamazlar, cırar çıxar" (səh -30). Kim deyə bilər ki, bu atalar misalı deyil? Bu deyim atalar misalıdır ki, var. Məgər Teymur Bünyadovdan da böyük və müdrik atalar varmı indiki dövrümüzdə?

Və ya: "Səsi könüldə boğmazlar, püskürər, aləmi oda yaxar. Ağlar ürək, çağlar ürək, insanı didər, parçalar (səh-32)

Və yaxud: "Çoxdan mürgü döyən səs çağladı, şümallandı, gümüşləndi, sığala çəkildi. Söz də eşidilməyə həsrət qalmış kimi muncuqlandı, qatarlandı, qatara düzüldü".

Hörmətli akademik öz peşəsindən "istifadə" edir; o, sanki torpağı qazıb yerin tərkinə düşmək, oranın sirrini-sehrini öyrənmək, ipə-sapa düzmək, keçmişimizi, dünənimizi ayırd etmək və gələcək nəsillərə əmanət kimi ötürmək istəyir... Bu yazıların içində əriyib-itirsən, durulub-saflaşırsan, özünə-sözünə qayıdırsan, ətrafına boylanırsan, yaxşıları görüb təsəlli tapırsan.

Nə yaxşı ki, yaxşılar və yaxşılıqlar var bu dünyada, yaşamağa dəyər.

Əziz ağsaqqalımızın qulağı və ürəyilə, Nuriyyə xanımın sirr dolu səsiylə muğamlarımızı dinləyirik, muğam dünyasının içində özümüzə yer axtarırıq. Muğam dünyası isə özünə layiq olanları, ona təşnə olanları qəbul edir, ona laqeyd olanları, ona qıyqacı baxanları su üzündə çör-çöpü, lazımsız şeyləri sahilə qovub atan kimi özündən kənar edir.

"Sən Nuriyyə xanım, oxu, avazlan, işvələn, nazlan, söz ilə sazlan" (səh-35). Bu misralar hansı şairin şeirindən poetik söylənilməyib? Hansı şairin misrasından romantik, lirik tərzdə deyilməyib? Bu sözləri səsi kimi özü də ezackar olan bir xanıma - Nuriyyə adlı bir xoş simaya olmayıb da kimə ünvanlamaq olardı?

"Nuriyyə xanımın ifasında mahnılarımız qılıncdan iti, kəsərli, güldən kövrək, zəif, incə. Şux, oynaq, qanadlı. Bir gözəlin ürkək baxışı, titrək silkənişi idi. Sevən qəlblərin qubarı, kövrəlib üzülməsi, lal baxışlar möcüzəsidi, mahnılar. Göz yaşlarıdı, sevincdi, şirin arzu, pərvaz, xəyaldı ... (səh. 44).

Belə poeik düşüncə, deyim tərzi ancaq etnoqraf-alim Teymur Bünyadova məxsusdur. Şair qəlbli, divanə könüllü, Leylisiz səhralara düşən Məcnun, Əslisiz alışıb yanan Kərəm, Şirinin eşqilə dağları çapan Fərhad, sevgilisi Zöhrənin ucbatından sandığa qoyulub dəryaya atılan Tahir, Zivəri əlindən gedib, bu ahıl yaşında tək, yetim qalmış Teymur Bünyadovdur ağrılı, şirinli, sevincli, kədərli kəlmələri yazan. Onun dili başdan-başa şeyriyyətdir, nağıldır:

"Qafqaz dünyanın başının tacı, dərdlər əlacıdır. Nə tayı, nə bərabəri, nə əvəzi, nə bənzəri. Ucadan - uca, qocadan qoca, uludan ulu. Qafqazın başı qarlı, insanları dağ vüqarlı. Dosta dost, düşmənə qənim, basılmaz qala, keçilməz səddi, igidləri, ərləri, nərləri cahana bəlli... Həmişə qanda-qadada, başı bəlalı, ürəyi yaralı (səh. 60)."

 

***

 

Teymur müəllim şükranlıq timsalıdır. Hər şeyə görə, iynə ucu boyda gələn işığa, bir qismət çörəyə, Allaha, Vətənə, prezidentimizin gözəl işlərinə şükür etməyi bacaran və öyrədən ağsaqqaldır. Ana yurdu, ata ocağı Qazaxdan yazdığı məqalələri, ümmandan bir neçə damlanı bizlərə-oxuculara təqdim etməklə qurur duyan insandır. Hələ qəlbində çox arzularım-diləklərim qalıb deyir. Çox sözüm-söhbətim qalıb, deyir. Deyilməmiş, oxunmamış mahnılarım, çalınmamış sazım qalıb, deyir. Təki sağlıq olsun, ömür vəfa eləsin, deyir.

Biz də bu istəyə, arzuya qoşuluruq. El-obamızın ağsaqqalı, Azərbaycan elminin tükənməz mənbəyi, bulağı, akademik Teymur Bünyadova can sağlığı arzu edir və ürəyində özünə yuva salmış arzularının pərvazlanıb uçmasını görmək istəyirik.

85 illik yubileyiniz mübarək olsun!

 

 

Salatın Əhmədli

 

Kaspi.-2013.-18 yanvar.-S.12.