«Bizdə internet televiziyasının uğurlarından danışmaq tezdir» 

 

 Qulu Məhərrəmli: «İnformasiya daşıyıcısı olmaq iddiasına düşən hər kəs etik qaydalara əməl etməlidir»

 

Yeni media məsələləri, medianın yeni mərhələyə qədəm qoyması, jurnalistikanın etik qaydaları, internet televiziyasının, onlayn jurnalistikanın inkişafı s. məsələlərlə bağlı müzakirələr bitib tükənmir. Media ekspertlərinin baxış bucağı real mənzərəni xarakterizə etməklə yanaşı, müxtəlif təkliflər səsləndirmək baxımından da maraq kəsb edir.

Media eksperti, professor Qulu MəhərrəmlininKaspi”yə müsahibəsi gündəmin bu mövzusu barədədir.

 

Minalanmış sahələr

 

- Sizcə, bu gün mətbuatda peşə davranış qaydalarından danışmaq gülməli deyilmi?

- Bilirsiniz, peşə davranış qaydaları harada kara gəlir? O yerdə ki, mətbuat sözün həqiqi mənasında tam azad olur sırf öz missiyasını gerçəkləşdirir. Artıq həmin medianın etik qaydaları haqqında danışmaq gülməli olmur.

- Onlayn jurnalistikada peşə-davranış qaydalarına necə əməl olunmalıdır? Kağız üzərində yazılan qaydalar varmı?

- Siz çox ciddi məsələyə toxunursunuz. Hazırda internet tənzimləməsindən danışanlar müxtəlif problemləri önə çıxarırlar. Qadağalardan, çərçivələrdən, qanunlardan danışırlar. Dünya ölkələrinin təcrübəsi göstərir ki, biz ilk növbədə etik tənzimlənməni gerçəkləşdirməliyik. İnformasiya daşıyıcısı olmaq iddiasına düşən, sayt, televiziya açan hər kəs etik qaydalara əməl etməlidir. Mənə elə gəlir ki, ilk növbədə etik memorandum olmalıdır ki, onu imzalasınlar hamı bu qaydalara əməl etsin. Bloggerlikdən, guşə yazılarından fərqli olaraq, onlayn televiziyası, xəbər portalı ya forumlar etik qaydalara ciddi şəkildə əməl etməlidirlər. Çünki bu qaydalar varsa, istifadəçisi ilə özü arasında bir etimad körpüsü yaradır. Nalayiq ifadə tərzindən tutmuş məzmunca etik olmayan materiallara geniş yer ayırılması xeyli dərəcədə bəsitlik yaradır aydın məsələdir ki, istifadəçilərin əksəriyyəti sonradan o sayta daxil olmayacaq, televiziyaya baxmayacaq ya o bloqu oxumyacaq. Mənim düşüncəmə görə, etik qaydalar bütün media sistemində basdırılmış, xəlvəti, amma hər an təhlükə törədə bilən minalanmış sahələrdir. Bax, bu sahələri ehtiyatla keçmək lazımdır. Bilirəm ki, bu, çox ciddi məsələdir.

 

İnternet televiziyasının üstünlüyü

 

- Jurnalistika yeni mərhələyə qədəm qoyub. Sosial media, vətəndaş jurnalistikası, internet jurnalistikası ənənəvi medianı sıxışdırır. İnternet mediasına, xüsusən son vaxtlar populyarlaşmağa başlayan internet televiziyasına ümid bəsləmək olarmı?

- Təbii ki, yeni texnologiyanın gəlişi informasiya verilməsi üsullarını, informasiyaya münasibəti dəyişir. Yeniləşmələr cəmiyyətin özünü təzələyir. Strukturlar dəyişir, cəmiyyətdə sistemlər yein məzmun alır. İnformasiya verilməsi, qəbulu, onun emalı ilə bağlı proseslər istər-istəməz cəmiyyətin bütün həyatına təsir edir. Elə strukturlar var ki, öz fəaliyyətini yalnız internet üzərindən gerçəkləşdirir. Bu, artıq texnologiyanın bizim həyatımıza, fəaliyyətimizə dərinliklə nüfuz etməsinin göstəricisidir. Təbii ki, burada medianın uduşları uduzduğu cəhətlər var. Yəni bu gün bizim üçün internetin mövcudluğu, informasiyanın operativliyi, onlayn jurnalistikasının önə keçməsi, yeni media ilə ənənəvi medianınyazının, xəttin, qrafikanın, görüntünün birləşməsidir. Bu tərzdə mətbuatın yeni cəbhəsinin açılmasıdır s. Amma internet televiziyasına gəlincə, bu, bütün dünyada internetin ümumi durumu ilə bağlı olan bir mərhələdir. Əgər bu gün insanların internetlə bağlı kompyuterləri varsa, əllərindəki mobil telefonlarda internetlə bağlı bağlantı problemləri yoxdursa, o zaman internet televiziyasının uğurundan danışmaq olar. Yox, əgər mən televiziyaya baxmaq istəyirəm, amma hər hansı bir texniki problemlə qarşılaşıramsa, bu, mümkün deyil. Əgər texniki, texnoloji problemlər həll olunsa məzmunla bağlı məsələlər tədricən həll olunacaq. Prinsipcə internet televiziyasının gerçəyi, məzmunu ifadə etmək baxımından yerüstü televiziyalardan çox ciddi üstünlükləri var. Amma hələlik internet televiziyası yalnız yalnız texniki texnoloji problemləri həll etməklə məşğuldur. Yəni biz istənilən xəbər proqramına təkrar baxa, istədiyimiz reaksiyanı verə bilirik, əks əlaqə var, interaktivlik müəyyən üstünlük təşkil edir. O baxımdan hesab edirəm ki, bunu hər an digər televiziyalardan fərqli olaraq canlı efirə çıxmaq imkanı var. Ən önəmlisi odur ki, burada artıq ənənəvi televiziyalardakı senzura, qadağalar, məhdudiyyətlər yoxdur. Bu, internet televiziyasının üstünlüyüdür. Amma hələlik bizdə internet televiziyasının uğurlarından danışmaq bir qədər tezdir.

- Siz ümumiyyətlə, internet televiziyasını necə görmək istərdiniz?

- İnternetin, texnologiyanın özü cəmiyyəti müəyyən qədər irəli aparan vasitədir. Yəni ortada xəbərin yeni daşıyıcısı, yeni çatdırıcısı var. Amma məsələn, insanlar hər hansı bir türk, rus seriallarına vaxt çatdırıb televiziyada baxa bilməyəndə internetdə onu izləyirlər. Əgər bizim internet marağımız tələbatımızla üst-üstə düşürsə, o zaman internet televiziyası bizim üçün var. Yox, əgər hələ buna ehtiyac görmürüksə, hələlik o televiziya bizim üçün yoxdur. Sadəcə, biz nə dərəcədə dövrün, zamanın çağırışlarına qulaq asırıq və reaksiya veririk? Bax bu sual indi aktualdır. Mütləq bizdə internet mediasının və internetin media profilinin istifadəçilərlə arasında etimad körpüsünün yaranması çox ciddi bir amildir. Bunu həmişə gözləmək və nəzərə almaq lazımdır. Hesab edirəm ki, bunsuz bizim internet mühitimiz inkişaf edə bilməyəcək.

 

Qəti mövqe nümayişi

 

- Media məsələləri ilə bağlı hər hansı problemlər yarananda, müzakirələr aparılanda media ekspertlərinin səsi eşidilirmi?

- Media ilə bağlı ayrı-ayrı qurumlar var. Etik problemlər, media hüququ s. üzrə fəaliyyət göstərirlər. Bir var, media mütəxəssisləri. Məsələn, siz məndən rəy soruşursunuz, mən deyirəm. Amma bəzi qurumlar, QHT-lər, vətəndaş cəmiyyəti institutları var ki, onlar bu məsələdə fəal olmalı, məsələnin hüquqi, etik aspektləri ilə məşğul olmalıdırlar. Məsələn, bu yaxınlarda yaradılan «Bizim TV» adlı ictimai qurum var ki, onlar teleseriallar, etik problemlər, proqram siyasəti, xəbər sistemi s. ilə bağlı reaksiya verirlər. Hesab edirəm, onlar bir qədər aktiv olmalıdır ki, Azərbaycan cəmiyyəti, vətəndaş cəmiyyəti hiss etsin ki, təkcə hökumət qurumları deyil, ictimai təşkilatlar da bu məsələyə reaksiya verirlər. Amma bütövlükdə bunun üçün tanınmış media ictimai qurumlar var: Mətbuat Şurası, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, bəzi nüfuzlu saytlar s. Onlar bu cür məsələlərdə hər halda qəti mövqe nümayiş etdirməlidirlər.

 

 

Təranə Məhərrəmova

 

Kaspi.-2013.- 19-21yanvar.- S.6.