Pyes yazanda gələcəyi deyil, bu
günü düşünürəm
Əli Əmirli: «Hətta deyərdim
ki, mənim əsərlərimdəki kişilər
qadınları tamamlamaq funksiyası daşıyırlar»
Əli Əmirli
1948-ci ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət
Univeristetini bitirib. 1971-ci ildən mətbuatda bədii əsərləri
ilə çıxış edir. "Meydan", "Axirətdən
qabaq gəzinti", "Ölü doğan şəhər"
romanlarının, ümumiyyətlə, hekayə, povest və
romanlardan ibarət 7 kitabın müəllifidir. Məşhur
"Bala başa bəla", "Köhnə ev",
"Ağqoyunlular və qaraqoyunlular", "İyirmi ildən
sonra", "Varlı qadın" və s. pyeslərin
müəllifdir. İyirmidən çox pyesi ölkə
teatrlarında tamaşaya qoyulub. 2006-cı ildə "15
pyes" adlı kitabı nəşr edilib. 2000-ci ildə ədəbi
uğurlarına görə "Humay İlahəsi"
mükafatına layiq görülüb.
Ə.Əmirli
1999-cu ildən pedaqoji fəaliyyətlə də məşğuldur.
Hazırda o Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin "Ədəbi
yaradıcılıq" kafedrasının dosentidir.
-
“Mesenant” tamaşası barədə danışaq. Bu əsərin
səhnələşdirilməsi ilə sanki xalq
Tağıyevə birdə qayıtdı. Bu tamaşa elə
bil Tağıyevi ancaq mif kimi qələmə verənlərə
bir dərs oldu həm də, yoxsa?
- Etiraf
edim ki, Hacı Zeynalabdin Tağıyev haqqında pyes yazmaq
heç ağlıma da gəlməzdi. Ümumiyyətlə,
həmişə təriflənən adamlara münasibətim
çox vaxt birmənalı olmur, həm də Tağıyev
haqqında bildiyim bəzi faktlar (fakt hələ həqiqət
deyil) heç də onun xeyrinə deyildi. Təklif və ideya
Mədəniyyət və Turizm nazirinin müavini, teatr
işinin gözəl bilicisi Ədalət Vəliyevdən gəldi.
Əsər çox tez yazıldı, istedadlı rejissor dostum
Bəhram Osmanov ona quruluş verdi. Tamaşa gözlədiyimizdən
çox-çox böyük uğur qazandı. Premyeranın
ertəsi günü bütün qəzetlər tamaşa və
təbii ki, Tağıyevdən yazdılar. Heç bir
tamaşam haqqında bu qədər tərifli resenziya
yazılmamışdı. Sənin dediyin kimi, xalq həqiqətən
bu böyük şəxsiyyətə yenidən
qayıtdı, onu yenidən tanıdı. Amma mənim məqsədim
Tağıyevi yenidən mifləşdirmək, onu
ideallaşdırmaq olsaydı əsər plakat pyesdən
uzağa gedə bilməzdi. Mənim bu pyesdə ali məqsədim
xeyriyyəçiliyin, mərhəmətin fəlsəfəsini,
mənasını açmaqdı: doğrudanmı biz elədiyimiz
hər bir yaxşılığa görə əvəz
ummalı, başımıza gələn hər bir müsibətə
görə Allaha “Nədən?” sorğusu göndərməliyik?
Tamaşaçıların reaksiyası göstərdi ki,
bizim mesajlarımız ünvanına çata bilib. Əlli dəfədən
çox oynanan bu tamaşa həmişə anşlaqla
keçdi. Onun ömrü daha uzun ola bilərdi, təəssüf
ki, tamaşada məşğul olan aktyorların bir çoxu
dünyasını dəyişdi, onlarla da bir yerdə
tamaşa özü. Axı teatr tamaşası kinodan fərqli
olaraq canlı orqanizmdir.
- “M.S.S –
mən səni sevirəm” bugünün problemləri
üçün maraqlıdır, gələcəkdə də
əsərin bu qədər aktual olacağına
inanırsınızmı? Bir də o əsərdə sanki
şişirdilmiş bir müəllim obrazı var və o həmin
obraz bütün mənzərəni ideal abu-havaya gətirmək
istəsə də, sanki öz ideallığı ilə
ümumi mənzərəni süniləşdirir. Siz necə
düşünürsünüz?
- Mən
pyes yazanda gələcəyi deyil, bugünü nəzərə
alıram, tamaşaçılarım müasirlərimdir,
onların fikri, zövqü, münasibəti mənim
üçün birinci yerdə dayanır. “M.S.S. – mən səni
sevirəm” pyesi də eləcə. Bu pyes 23 il əvvəl mənim
“Ərizə” adı ilə səhnəyə qoyulan ilk əsərimdir.
1990- cı ildə Bakıda 20 yanvar qırğınından
sonra fövqəladə vəziyyət və komendant saatı
şəraitində Dövlət Gənc
Tamaşaçılar Teatrında əsərin məşqləri
gedirdi, biz heç bilmirdik premyera baş tutacaq, ya yox, amma
tutdu, özü də böyük uğurla. Premyerada
iştirak edən görkəmli sənətkarımız Həsənağa
Turabov onda Akademik Milli Dram Teatrının direktoru və bədii
rəhbəri idi, məni təbrik elədi, öz teatrına əməkdaşlığa
dəvət etdi. O vaxtlar “Ərizə”də məktəbliləri
oynayan aktyorların bir çoxu bu gün “M.S.S.”də valideynləri,
müəllimləri oynayırlar. Teatrın bugünkü
direktoru Mübariz Həmidov o vaxtlar çox gəncdi,
şagirdlərdən birini, gərək ki Tofiqi
oynayırdı. Kəmalə Hüseynova onda Reyhanı,
bugünsə Reyhanın anası Mələyi oynayır,
Nübar Novruzova Nazını oynayırdı, indi isə
Nazının anası Səkinənin rolunu canlandırır.
Maraqlı prosesdir. Ən vacibi isə əsərin 23 ildən
sonra da böyük uğur qazanması, tamaşaçılar
tərəfindən coşqu ilə
qarşılanmasıdır. Müəyyən məqamlarda sənin
hiss etdiyin süniliyə gələndə isə... İstər
haqlı, istər haqsız, mən tamaşaçı rəyi
ilə həmişə hesablaşıram, necə deyərlər,
müştəri həmişə haqlıdır. Sualın
birinci hissəsinə qayıdıb əlavə etmək istərdim
ki, qoy bu pyes gələcəkdə heç bir maraq kəsb
etməsin, aktuallığını tamam itirsin, bu da o halda
olacaq ki, rüşvətə meyl bu xalqın canından
çıxacaq. Mən bu mənəvi çençə
sevinərdim.
-“ Vaqif”
dramı ilə bağlı S.Vuğuna qarşı olanlar olub.
Bu əsərdə Ağa Məhəmməd Şah Qacarın
obrazının təhrif olunub. Siz isə “Ağa Məhəmməd
Şah Qacar” adlı çox dolğun bir səhnə əsəri
yazmısınız. Bu əsəri yazmaq doğru
düşüncəyə qayıdışa olan ehtiyacdan
yarandı, yoxsa başqa səbəblərə əsasən?
- Səməd
Vurğunun “Vaqif” dramı heç şübhəsiz Azərbaycan
dramaturgiyası tarixində ən populyar və ən sevilən
əsər olub. Bu pyeslə S.Vurğun Vaqifi bir şair kimi
layiq olduğundan xeyli artıq populyar elədi, Ağa Məhəmməd
şah Qacarı isə layiq olmadığı qədər
aşağıladı. Amma Vurğun poeziyası o qədər
xəlqi, o qədər qüdrətli idi ki,
tamaşaçılar ona tarixi faktların təhrifini nəinki
bağışlayır, hətta bu iki fərqli şəxsiyyəti
tarixdən deyil, elə bu pyesdən öyrənirlər.
“Vaqif” dramı tarixi hadisələrə və ilk növbədə
Qacar şəxsiyyətinə daha obyektiv yanaşan Ə.B.Haqverdiyevin
“Ağa Məhəmməd şah Qacar” dramını bir
növ unutdurdu. Mənim Qacar şəxsiyyətinə
müraciətim bəlkə də hər cəhətdən fərqli
iki dramaturq münasibətində orta həddi müəyyən
etmək istəyi ilə bağlıdır. Biz fövqəladə
əhəmiyyətli tarixi şəxsiyyətlərlə o qədər
zəngin deyilik ki, on yeddi il farslı-azərbaycanlı
İran dövlətinə şahlıq eləmiş,
dağınıq bir ölkədə vəhdəniyyət
yaratmış, 150 illik Qacarlar xanədanının
bünövrəsini qoymuş Ağa Məhəmməd
şah Qacar kimi böyük bir dövlət xadiminin
üstündən bir pyeslə xətt çəkək.
Bütün xalqlar dünyaya qan uddurmuş fatehlərinə
heykəl qoyur, fəxr eləyir, biz isə onun dilindən “Bir
boynu olsaydı bəşəriyyətin, onu bir qılıncla
vurardım yəqin” deyirik. Nə qədər gözəl
deyilsə də, bu Qacar həqiqəti deyil. Amma bir şeyi də
unutmaq olmaz ki, pyes bədii əsərdir, tarix kitabı deyil.
“Möhtəşəm yüz il” serialını hər
cür qınağa tuş gətirənlər tarixi əyləncə
üçün nəzərdə tutulmuş seriallardan deyil
tarix kitablarından öyrənsələr
yaxşıdır.
- Əsərlərinizdə
müsbət qadın qəhrəmanlarına daha çox yer
verirsiz. Sanki qadını kişidən daha ali qəhraman kimi
görürsüz və belə də əks etdirirsiz?
- Səhnə
əsəri o zaman uğur qazanır ki, onda maraqlı kişi
obrazları ilə bərabər parlaq qadın obrazları da
olsun. Əbdürrəhim bəyin yuxarıda adını
çəkdiyimiz pyesinin oynanmamasının və ya az
oynanmasının əsas səbəblərindən biri bəlkə
də orda qadın personajların yoxluğu ilə
bağlıdır. Mənim dramaturgiyama gəldikdə isə
mən yeni pyes haqqında düşünəndə ilk olaraq
baş qadın obrazını düşünürəm.
Bütün hadisələr, konfliktlər, intriqalar məhz
qadın ətrafında baş verir, süjetin
inkişafının katalizatoru da qadındır. Hətta deyərdim
ki, mənim əsərlərimdəki kişilər
qadınları tamamlamaq funksiyası daşıyırlar.
“Varlı qadın” (yenə də qadın!) axır
üç ildə Azərbaycandan kənarda yeddi ölkədə
müxtəlif dillərdə tamaşaya qoyulub. İki beynəlxalq
teatr festivalında məhz “Ən yaxşı qadın rolu”
nominasiyasında mükafata layiq görülüb. Dramaturgiya
tarixinə fikir versəniz özünüz şahid
olarsınız: Maqbetin yanında əlləri daha çox
qana batmış Ledi Maqbet, Hamletin yanında füsunkar Ofeliya,
ər qatili Gertruda, Romeonun yanında qətiyyətli,
ehtiraslı, fədakar Cülyetta var! Niyə uzağa gedirik,
elə Cəfər Cabbarlının, İlyas Əfəndiyevin
pyeslərindəki qadın obrazlarını yada salsaq kifayətdir.
- Bir də
ölkəmizdə dram əsərlərinə iddialı olan
yazarların azlığı, sizcə, nəylə
bağlıdır?
- Bu
çox təbiidir, Fərid. Dramaturgiya ədəbi
yaradıcılığın bəlkə də ən
mühafizəkar növüdür. Roman bir janr kimi
dramaturgiyadan xeyli cavandır, amma gör nə qədər dəyişikliklərə,
transformasiyaya uğrayıb, dramaturgiya isə çox ləng
dəyişir, özü də az. Dramaturgiyanın möhkəm,
sındırılması mümkün olmayan çərçivəsi,
dəyişməyən qanunları var, amma ədəbi
yaradıcılığın ən şirin, bir az da sehirli
növüdür dramaturgiya. Ümumiyyətlə, dramaturji təfəkkürü,
teatr mədəniyyəti, ən əsası da güclü
teatr sevgisi olmayan yazıçı üçün
yaxşı pyes yazmaq çətindir, hətta mümkün
deyil. Belinski dramaturgiyanı ədəbi
yaradıcılığın tacı adlandırırdı. Əlbəttə,
bu fikirdə bir qədər şişirtmə var, amma həqiqətdən
o qədər də uzaq deyil.
Dram
yaradıcılığının üstün cəhətlərinə
gəldikdə isə, mənim üçün birinci yerdə
tamaşaçı ilə canlı ünsiyyət dayanır. Əgər
kitabı hər kəs təklikdə oxuyursa, dram əsərinin
tamaşasına eyni vaxtda üç yüz – beş yüz
adam baxır. Tamaşaçı reaksiyasını dərhal
görürsən. Pyesin yazı prosesi az vaxt aparır,
rezonansı isə böyük olur. Əsər uğur
qazanırsa illərlə səhnələrdən
düşmür. Məsələn, bayaq adını çəkdiyim
“Varlı qadın” 1998-ci ildə yazılıb, iyirmi dəfədən
çox tamaşaya qoyulub, axırıncı premyerası yola
saldığımız ilin noyabrında Ukraynada baş tutub.
Bu komediya hazırda 12 teatrın repertuarındadır. Onu da
deyim ki, Azərbaycanda yazıçıya gəlir gətirən
yeganə yaradıcılıq sahəsi də məhz
dramaturgiyadır.
-Adətən,
dramaturqlarla müsahibələrdə onlar dram janrının
məhdudiyyətlərindən və səhnəyə,
aktyora, vaxta və s uyğunlaşma problemindən
danışırlar, amma heç kəs bu janrın nədənsə
üstünlüyündən danışmır?
-Bilirsən,
Fərid, istedadı olan adam savadsız olsa belə şeir
qoşar, bayatı çağırar, bir az savadı olan hekayə,
nağıl, hətta roman da yaza bilər. Dramaturqda isə
yazıçı istedadından başqa, bir az əvvəl
dediyim kimi, yüksək teatr mədəniyyəti,
yaxşı təhsil, geniş dramaturji mütaliə, teatra
sonsuz məhəbbət və anadangəlmə artistizm
olmalıdır. Təsadüfi deyil ki, dünyanın ən
güclü dramaturqları həm də aktyor olublar. Bizdə
isə yazıçılar, hətta jurnalistlər var ki, bir dəfə
də teatrda olmayıblar. Adam roman yazır, amma teatra getmir. Mən
o adamı qınasam da, başa düşməyə
çalışıram, hamının teatrı sevməyi
vacib deyil. Amma bir şey də var ki, teatrı bilməyən,
kino ilə maraqlanmayan, ciddi musiqini duymayan, baletə və
operaya biganə olan, təsviri sənəti qavramağa
çalışmayan yazıçının romanını
ancaq özü kimilər oxuya bilər.
-Bu gün sizi hansı əsərlər
və hansı bədii nümunələr, müəlliflər
cəlb edir, kimləri oxuyursuz?
-Adam
yaşa dolduqca onun mütaliə çərçivəsi
xeyli daralır, o artıq nəyi və kimləri oxumaq
seçimini çoxdan müəyyənləşdirmiş
olur. Eyni zamanda müasir dünya ədəbiyyatında populyar
olan yazıçıların əsərləri ilə
tanışlığı da vacib bilirəm. Bu qəbildən
son vaxtlar Y.Vişnevskinin “İnternet şəbəkəsində
tənhalıq”, X.Hüseyninin “Küləyi qovanlar” və “Min
parlaq günəş”, B.Şlinkin “Qiraətçi”, E.Şəfəqin
“Eşq” və “İskəndər”, O.Pamukun demək olar ki, rus
dilinə tərcümə olunmuş bütün əsərlərini
oxumuşam. Xalid Hüseyninin romanları öz dərin
emosionallığı və dramatizmi ilə məni
sarsıtdı, qəlbimi göynətdi. Elif Şafaqın hər
iki romanı isə heç vaxt yaddan çıxmayacaq
süjeti olan romanlardır, xüsusilə “Eşq”dəki
Mövlanə ilə Şəms Təbrizi xətti. Gənc Azərbaycan
ədəbiyyatı da məndə maraq doğurur, yeni adlar,
imzalar... İzləməyə çalışıram, hətta
oxumağa təşəbbüs də edirəm, amma gənc
dediyimiz yazarların romanlarından çox onların
köşə yazılarını daha böyük məmnuniyyətlə
oxuyuram. Gənc yazarlar içərisində diqqətimi daha
çox çəkən Təranə Vahidin hekayələri
oldu. Onun hekayələri gözəl şeir kimidir, dəfələrlə
oxumaq və təsirlənmək mümkündür.
Fərid Hüseyn
Kaspi.-19-21 yanvar.-S.15.