Əruzda modelləşdirmə ideyası 

 

Texnika elmləri namizədi, böyük ədəbiyyat vurğunu Əli Əmirovun «Kaspi»nin ötən saylarında verdiyi müsahibədə əruz vəzni və onun modelləşdirilməsi bağlı maraqlı fikirləri diqqəti cəlb edirdi. Filologiya elmləri doktoru, tanınmış tənqidçi Vaqif Yusifli bu müsahibədən sonra Əli Əmirovun mülahizələri ilə tanış olmuş və redaksiyamıza öz fikirlərini əks etdirən “Əruzda modelləşdirmə ideyası” adlı məqaləsini göndərmişdir. Məqaləni oxucuların nəzərinə çatdırırıq.

Bir söz adamı, klassik poeziyanın vurğunu və tənqidçi-ədəbiyyatşünas kimi mən həmişə QƏZƏL və ƏRUZ problemləri ilə maraqlanmışam. Mənim fikrimcə, əsl ədəbiyyatşünas həm müasir ədəbiyyatı, həm də klassik ədəbiyyatı yaxşı mənimsəməli, böyük ədəbiyyatımızın keçmişi və indisi arasında qırılmaz bağlılığı dərk etməlidir.

Bu gün –XXI əsrin ikinci onilliyinin başlanğıcında klassik poeziyaya, bu poeziyanın timsalında ölməz sənət incilərinə münasibət məsələsi heçmüasirliyini itirmir. Günlər, aylar, illər, hətta əsrlər bir-birini əvəz edir, amma nə qəzəl, nə də əruz köhnəlmir, bədii-estetik dəyərini şifz etməkdə davam edir. Bu gün qəzəl janrı niyə «ölmurO səbəbdən ki, Cəfər Cabbarlının təbirincə desək, hələ də Füzulini ötmək yox, Füzuliyə çatmaq yarışı gedir (təkcə Qəzəldə yox, şeirin bütün formalarında və əlbəttə, sözü füzuliyana demək mənasında). Ancaq bu da həqiqətdir ki, «Böyük Füzulimizin yadigarı mən özüməm» deyən Əliağa Vahiddən sonra bir müddət qəzəl janrında geriləmələr oldu. Ancaq bu, müvəqqəti idi. Qəzəllər az yazılsa da, ustad bir qəzəlxan meydana çıxmasa da, muğamatımızda yaşayırdı, yayılırdı onlar. Dünya poeziyasında baş verən yeni meyltendensiyalar və onların Azərbaycan şeirinə təsiri, postmodernizmdaha hansı «izm»lərin dalğası «köhnə» janr hesab olunan qəzəlin süqutuna yol aça bildimi? Əlbəttə, yox? Qəzəl unudulmadı və onun unudulmamağına səbəb onu yaşadanlar oldu. Səksəninci illərdən başlayaraq qəzəl ənənəsi yenidən dirçəlməyə başladı. Xüsusilə, Bakı kəndlərinin şeir mühiti, burada Vahid ənənələrinin davam etdirilməsi, yeni qəzəlxanların meydana gəlməsi göz qabağında idi. Bu, onu göstərirdi ki, Şərqdə ilk qəzəlxan şair Ömər ibn Əbu Rəbiədən (VII əsr) Vahidə və Şəhriyara, onlardan da bu günün ən gənc qəzəlxanları Arif Buzovnalı, Yasin Xəlil və İlqar Fəhmiyə qədər uzanan ədəbi-tarixi yolda qəzəlin oynadığı rol, daşıdığı missiya unudula bilməzdi. Deməli, qəzəl və əruz milli poeziyamızda yad həyatı, uzaqdan gələn qonaq ömrü yaşamamışlar. Böyük tənqidçimiz Yaşar Qarayevin təbirincə desək, əgər belə olsaydı. O zaman neçə əsrlik Azərbaycan şeirini, onun bənzərsiz, klassik nümunələrini hansı milli ədəbiyyatın ayağına yazmalıydıq?

Ədəbiyyatımızın möhtəşəm qəzəl əsrləri olmuşdur, həmin əsrlərlə müqayisə etsək, qəzəl indiki dövrdə sanki öz ömrünün qış fəslini yaşayır, amma unutmayaq ki, qışdan sonra həmişə gözəl bir bahar gəlir. O baharın gəlişini xəbər verən gənc qəzəlxanlar yetişir. Artıq bir sıra şəhərlərdə XIX əsr poeziya ənənələrinin davamı kimi yeni ədəbi məclislərin yaranması həmin o bahardan bir mücdədir.

XV əsrdə yaşayan ədəbiyyatşünas Qəbul Məhəmməd yazırdı: « Bil ki, qəzəl lüğəti mənada qadınlara məhəbbət izhar etməkdir. İstilah kimi isə bu vahid vəzn və qafiyə ilə birləşən bir neçə beytdir. …Qəzəldə sevgilinin gözəlliyindən, aşiqin hiss və həyəcanlarından söhbət gedir. Qəzəl (istər vüsal, istərsə də fəraq səhnəsini təsvir etsin)-bir mövzu ilə başlayıb, onunla bitməlidir. Qəzəldə süst beytlər olmamalıdır. Hər beyt özündən əvvəlkindən seçilməli və möhkəm fərqlənməlidir». Poeziyamızın ən parlaq qəzəl incilərində bu şərtlərə əməl olunmuşdur.

Qəzəl elə bir formadır ki, o yalnız bir vəzndə-əruzda yazılır. Görkəmli ədəbiyyatşünas, professor Mikayıl Rəfili yazırdı: «Əgər heca vəzni sillabik nəzm isə, əruz vəzni sillabik-tonik nəzmi xatırlatmaqdadır. ..Ərəblərin yaratmış olduğu əruz vəzni, əsasən, antik nəzm şəkillərindən götürülmüşdür. Əruz vəzninin əsasını təşkil edən bəhrlər eynilə antik vəznin stopalarına uyğun gəlməkdədir.

..Əruz sözü ərəbcədir, üç mənası var. Birinci mənada əruz-çadırın ortasına taxılan dirəyə deyirlər.İkinci mənada- nahiyyə, üçüncü mənada isə bulud (məcazi mənada) deməkdir. …Əruz vəznini «fələ» feli üzərində qurub ilk dəfə sistemləşdirən bəsrəli Xəlil ibn-Həməd Fərahidi olmuşdur..Xəlil ibn-Əhməd əruz vəzninin 15 bəhrini tərtib etmişdir. Sonralar əruz vəzni İranda və Azərbaycanda özünə yeni bir inkişaf zəminəsi tapmış və yerli dillərin təsiri altında bir sıra yeni ünsürlər, xüsusiyyətlər və bəhrlərlə zənginləşmişdir».

Azərbaycan ədəbiyyatşünaslığında əruzşünaslıq xüsusi bir qol təşkil edir. Bu qolun yaradıcısı görkəmli ədəbiyyatşünas-dilçi-poliqlot alim, professor Əkrəm Jəfər olmuşdur. Onun 1977-ci ildə çap olunanuzun illərin gərgin əməyinin bəhrəsi olan «Əruzun nəzəri əsasları və Azərbaycan əruzu (ərəb, fars, tacik, türk və özbək əruzları ilə müqayisədə)» monoqrafiyası XX əsr Yaxın Şərq, Azərbaycan, hətta deyə bilərik ki, dünya şərqşünaslığında bənzəri olmayan bir tədqiqatdır.Bu kitabda Əruz bütün çalarları və rəngarəngliyi ilə elmi tədqiq hədəfinə çevrilirbiz onun mahiyyəti, məna və mündəricəsi barədə geniş təsəvvür əldə edirik. Ə.Cəfərin bu möhtəşəm tədqiqatı onun tək-tük ardıcılları tərəfindən mövzunun yeni aspektləri ilə davam etdirilir.

Əruz musiqili vəzndir.Xüsusilə Füzuli qəzəllərini oxuyanda bu musiqi bütün çalarlarıyla hiss olunur. Onun həzəc, rəməl, müzare,müctəs, münsərih, xəfif bəhrlərində yazdığı qəzəllərin hər biri sanki yaranışdan xoş bir ahənclə, ritmmusiqi ilə doğulub. Muğam ifaçıları bu qəzəlləri ustvlıqla öz repertuarlarına daxil ediro qəzəllərin ömürlərini əbədiləşdirirlər. Füzulidən sonra Seyid Əzim Şirvaninin, Nəbatinin, Natəvanın, Vahidin, Süleyman Rüstəmin qəzəllərinin də belə xoşbəxt taleyindən söz açmaq olar.

Görkəmli füzulişünas, mərhum professor Sabir Əliyev «Füzulimusiqi» məqaləsində yazırdı ki: «İnsanı ideallaşdırıb Allaha-müqəddəs ruha yaxınlaşdıran üç ideal sifət: camal (fiziki gözəllik), zehn (mənəvi sərvət-ağıl, idrak) və avaz (sərrast özünüifadə, nitqin şirinliyi). Şairin bütün müsbət qəhrəmanlarında (Füzulidə mənfi və ya mütləq mənfi obraz yoxdur!) bu üç sifət cəm haldadır. (Novfəl də belədir, Məcnun da, Leyl idə, aşiq də, saqi də..).Musiqi, təğənni, ümumiyyətlə, Füzuli sözünün səs yoldaşıdır... Bir alim-şair-bəstəkar kimi Füzuli faktın, sözün, səsin hikmətinə varmış, sehrinə tutulmuş, təsirinə dalmışdır. Onun əsərləri mövzun kəlamın, mənalı, obrazlı, musiqili sözün ən gözəl nümunələri olmaqla bərabər, həm də külli miqdarda spesifik musiqi terminləri ilə dolu və zəngindir»

Qəzəl və Əruz haqqında bu ümumi mülahizələrdən sonra mən Azərbaycan əruzu ilə bağlı bir məsələyə diqqəti yönəltmək istəyirəm. Texnika elmləri namizədi, Əməkdar mühəndis Əli Əmirov «Azərbaycan əruzunda rəqəmsal modelləşdirmə» adlı maraqlı bir məqalə qələmə almışdır. Filologiya təhsilindən uzaq bir şəxsin belə bir məqalə yazması məni qətiyyən təəccübləndirmir. Xüsusilə, onun Füzuli heyranlarından fərqli olaraq əruza müəyyən dərəcədə bələdliyi bu gün əksər ədəbiyyat müəllimlərinə bir yaxşı nümunə ola bilər.

Məlum məsələdir ki, bədii və elmi səviyyəsindən asılı olmayaraq bu günkü Azərbaycan oxucularının ən azı 95 faizi əruz vəznini dərk eləməkdə acizdir. Buna görə onları qınamaq olmaz. Çünki əruzu qavramaq və dərk etmək, onun qayda-qanunlarına bələd olmaq üçün uzun və qısa hecaların müəyyən və pozulmayan ardıcıllığını izləməlisən, onların ritm yaratmasını izləməlisən, bəhrlərin, təfilələrin spesifik normalarını, özünəməxsus prinsiplərini bilməlisən. Ədəbiyyatşünas Ədilli Şirvani «Əruz vəzninin sadələşdirilmiş qəlibləri» (Bakı, «Adiloğlu», 2011) adlı maraqlı bir kitab yazıb və Əli Əmirov da həmin müəllifin irəli sürdüyü fikirlərdən bəhrələnərək özünün oricinal «rəqəmsal modelləşdirmə» prinsipini irəli sürmüşdür. Nədir bu prinsiponun əruzu öyrənməkdə nə kimi faydası ola bilər?

Ə.Əmirov yazır ki, riyaziyyatda məlum olan ikilik say sisteminin simvollarından (0 və 1)istifadə etməklə əruz qəliblərini daha sadə («rəqəmsal qəlib» kimi) şəkildə ifadə etmək mümkündür. Bu məqsədlə qəliblərdə uzun hecanı «0», qısa hecanı isə «1» simvolları ilə işarələyir müəllif. O, alınan nəticəni dəyərləndirmək üçün «Həzəc» bəhrinin bir qəlibinin üç cür yazılış formasını müqayisə edir:

 

1.Ə.Cəfərdə: məfA,İlün məfA,İlün məfA,İlün, məfA,İlün (36 işarə)

2. Ədilli Şirvanidə: dadah-dahdah dadah-dahdah dadah-dahdah dadah-dahdah (44 işarə)

3. Əli Əmirovda:1000 1000 1000 1000 (16 işarə)

 

Müəllifin təqdim etdiyi rəqəmsal forma vizual olaraq daha asantez qavranılır. Onun fikrincə rəqəmsal formadan istifadə etməklə əruzda yazılmış şeirlərin rəqəmsal modelini almaqonu tədqiq etmək asan və əlverişlidir. Müəllif şərti olaraq, bir şeir parçasını nəzərdən keçirir. Alınmış modelin əruz vəzninin tələblərinə uyğunluğunu yoxladıqda bəzi uyğunsuzluqları nəzərə çarpdırır.

 

Getdi o mələk, sevgilimiz olmadfı, neynək! 01110011001100

Dəryada ümid sahilimiz olmadı, neynək! 00110011001100

 

Həsrət ilə, hey gözlərimiz gülzarı gəzdi, 00110011001101

Güllər bizə güldü, gülümüz olmadı, neynək! 00110111001100

 

Neynim ki, ayılmır hələ qəflət yuxusundan? 00110011001100

Eh, bunca dili-qafilimiz olmadı, neynək! 00110011001100

 

O bütü bütün bütlərin allahı sanırdıq, 11110010001100

Bizdən betər cahilimiz olmadı, neynək! 00110011001100

 

Müəllif qeyd edir ki, rəqəmlərdən ibarət olan alınmış cədvəldə sütunların hər biri ayrı-ayrılıqda bircinsli, yəni ya "0", ya da "1" rə¬qəmlərindən ibarət olmalıdır. Bircinslik pozulmuş məqamlar rəqəmsal qəlibə uyğunsuzluqdan xəbər verir. Əlbəttə, belə hallarda əruz vəznindəki məlum istisnalar nəzərə alınmalıdır. Onun fikrincə, misal olaraq baxılan şeirdə belə uyğunsuzluq 1,4 7-ci hecalarda baş vermişdir.

Əli Əmirov nəzəri cəhətcə mümkün olan bütün rəqəmsal əruz qəliblərini bir riyazi düstur vasitəsilə sistemləşdirmiş göstərmişdir ki, rəqəmsal qəliblərin ikilik say sisteminə görə ədədi qiymət¬lə¬ri bu çoxluqda elə onların sıra nömrəsini təyin edir.

Əlbəttə, mən Əli Əmirovun məqaləsininin məzmununu təfərrüatı ilə şərh etmək istəmirəm. Lakin onun faydalı olduğunu, əruzu öyrənmək istəyən klassik poeziya həvəskarlarının köməyinə gələcəyini düşünürəm. Müəllif məqaləsinin sonunda rəqəmsal qəliblərin üstünlüklərini nəzərə çarpdırır aşağıdakı şəkildə qruplaşdırır:

1.qəliblərdə istifadə olunan simvolların sadə sayca minimal olması;

2.qəliblərin vizual olaraq asan qavranılması;

3.rəqəmsal texnikaya uyğunluq hesabına ondan istifadənin sadəliyi;

4.əruz qaydadarını öyrənmək üçün proqramlaşdırılan tədris vəsaitinin yaradılması;

5.əruz vəzni həvəskarları üçün şeirlərin daha asan operativ təhlili;

6.qəliblərin şeirlərin müxtəlif aspektlərdən daha obyektiv dərin tədqiqi.

..Nəticə etibarilə deyə bilərik ki, Əli Əmirovun əruzun təbliği öyrənilməsi ilə bağlı tədqiqatı faydalıdır, ona bu tədqiqatına göoə təşəkkür etməyə dəyər!

 

 

Vaqif YUSİFLİ

 

Kaspi.-2013.-19-21 yanvar.-S.16.