Ümummilli liderin 90 illiyi qeyd olunacaq
Prezident İlham Əliyev Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyi haqqında sərəncam imzalayıb
Dahi
Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik
tarixində müstəsna yeri vardır. Azərbaycançılıq
məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər
Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi
və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsinə,
müasir Azərbaycan dövlətinin qurulmasına və
xalqımızın müstəqillik arzusuna çatmasına
nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində
Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni
potensialından istifadə edərək Şərqlə Qərb
arasında etibarlı körpü rolunu oynamağa
başlamış və dünyanın ən dinamik inkişaf
edən ölkələrindən birinə
çevrilmişdir.
Azərbaycanda
müasir demokratik, hüquqi və dünyəvi dövlət
quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü,
milli-mənəvi dəyərlərə qayıdış və
elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi
surətdə Heydər Əliyevin adı ilə
bağlıdır. Ölkəmizin əsas qanunu
Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin
bölünmə prinsipinin təsbit olunması, hüquq
normalarının və qanunvericilik bazasının beynəlxalq
standartlara uyğunlaşdırılması, müasir idarəetmə
üsullarının bərqərar olması və müvafiq
dövlət qurumlarının formalaşdırılması
Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən
genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.
Azərbaycanın
dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə
çevrilməsi, milli neft strategiyasının uğurla həyata
keçirilməsi, xarici dövlətlərin aparıcı
neft şirkətləri ilə müqavilələrin
bağlanması, neft sənayesinin müasir tələblərə
uyğun infrastrukturunun qurulması, neftin Bakı-Tbilisi-Ceyhan,
Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə
şaxələnmiş şəkildə nəqli bilavasitə
Heydər Əliyevin xidmətləridir.
Dünya
iqtisadiyyatına uğurla inteqrasiya, ölkə daxilində
iqtisadi liberallaşma, kredit reytinqimizin artması,
iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyinin
yüksək mövqedə olması, büdcəmizin və
valyuta ehtiyatlarımızın ildən-ilə
çoxalması 1993-cü ildən etibarən Heydər Əliyev
tərəfindən yeni prinsiplər əsasında qurulan
iqtisadiyyatın sabitliyinin bariz nümunəsidir. Azərbaycanda
qeyri-neft sektorunun uğurla inkişaf etdirilməsi də Heydər
Əliyevin uzaqgörənliyinin məntiqi nəticəsidir.
Postsovet məkanında analoqu olmayan cəsarətli qərarları
ilə Heydər Əliyev torpağın şəxsi
mülkiyyətə verilməsi ilə ölkəmizin ərzaq
təhlükəsizliyini təmin etmiş oldu. Bu gün
müxtəlif kənd təsərrüfatı komplekslərinin
uğurlu fəaliyyəti onun aqrar siyasətinin parlaq təzahürüdür.
Ulu
öndərin vaxtilə Cəmşid Naxçıvanski
adına hərbi liseyin açılması ilə həyata
keçirməyə başladığı müdrik siyasəti
milli ordumuzun formalaşması və Azərbaycan Silahlı
Qüvvələrinin yaradılması mərhələlərindən
keçərək onun Cənubi Qafqazda aparıcı hərbi
qüvvə olmasına gətirib
çıxarmışdır.
Ana
dilimizin dövlət dili kimi tətbiqində, onun
imkanlarının genişləndirilməsi və Azərbaycan
xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində
Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır.
Azərbaycan mədəniyyətinin və zəngin tarixi
irsimizin dünya ictimaiyyətinə tanıdılması Heydər
Əliyevin misilsiz xidmətlərindəndir. Məhəmməd
Füzulinin 500 illik və "Kitabi-Dədə Qorqud"un
1300 illik yubileylərinin UNESCO səviyyəsində
keçirilməsi Azərbaycan mədəniyyətinin təbliğinə
xidmət edərək beynəlxalq mədəni ictimaiyyətlə
yeni əməkdaşlıq formalarının bərqərar
olmasına gətirib çıxarmışdır.
Heydər
Əliyevin rəhbərliyi altında milli maraqlara əsaslanan
və siyasi perspektivləri nəzərə alan xarici siyasət
kursu müəyyənləşmiş, dünyanın
aparıcı dövlətləri və beynəlxalq təşkilatları
ilə qarşılıqlı münasibətlər
qurulmuşdur. Onun uğurlu xarici siyasəti ölkəmizin
etibarlı tərəfdaş kimi qəbul edilərək beynəlxalq
miqyasda nüfuzunun artmasına, islahatçı və təşəbbüskar
dövlət olaraq tanınmasına xidmət göstərmişdir.
Heydər Əliyevin beynəlxalq aləmdə
atdığı qətiyyətli addımlar sayəsində
diplomatiyamızın fəal mövqeyi formalaşmış,
Azərbaycanın zorla cəlb olunduğu Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin
münasibəti dəyişmiş, ölkəmizin suverenliyi, ərazi
bütövlüyü və sərhədlərinin
toxunulmazlığı bütün beynəlxalq
hüquqi-normativ sənədlərdə öz əksini
tapmışdır.
Heydər
Əliyev Böyük İpək Yolunun mühüm mərkəzi
olan, mədəniyyətlərin və sivilizasiyaların
qovşağında yerləşən ölkəmizi
dünyada tolerantlığın və
dözümlülüyün məkanı kimi
tanıtmışdır. Onun beynəlxalq səfərləri,
siyasi, ictimai və dini xadimlərlə görüşləri
ölkəmizin yeni imicinin formalaşmasına xidmət edirdi.
Xalqımızın ümummilli liderinin "Mən
həmişə fəxr etmişəm, bu
gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri
dünya azərbaycanlılarının
şüarı olmaqla,
soydaşlarımızın həmrəyliyinin təməl
daşına çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik
etdiyi illər ərzində Heydər Əliyev
tərəfindən aparılan ardıcıl və məqsədyönlü
siyasət nəticəsində Azərbaycan diasporu
təşkilatlanmış, inkişaf etmiş və öz tarixi vətəni ilə sıx
bağlılığını nümayiş
etdirmişdir. Bu gün dünyanın müxtəlif guşələrində
yaşayan azərbaycanlıların
müstəqil Azərbaycan Respublikasını öz
vətəni sayması, onu milli ruhun, milli-mənəvi
dəyərlərin, milli mədəniyyətin
məbədi kimi qəbul etməsi və
azərbaycançılıq ideyası ətrafında
birləşməsi məhz Heydər Əliyev fəaliyyətinin
nəticəsidir.
Heydər
Əliyevin XX əsrdə totalitarizmin Azərbaycana
qarşı törətdiyi faciələrin davamı kimi
qanlı 20 Yanvarı xalqımız əleyhinə hərbi,
siyasi və mənəvi təcavüz kimi qiymətləndirməsi
onun ömrü boyu sadiq qaldığı siyasi məfkurəsinin
və yüksək vətənpərvərliyinin yeni siyasi
şəraitdə təcəssümü idi. Mövcud siyasi,
iqtisadi və sosial böhran müstəqilliyimizin ilk illərində
Azərbaycanı vətəndaş müharibəsi həddinə
çatdırdığı bir dövrdə Heydər Əliyevin
xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi
gün - 1993-cü ilin 15 iyunu tariximizə Qurtuluş
Günü kimi daxil olmuşdur. Bu qurtuluş qısa bir zamanda
özünü nəinki siyasətdə, həm də
iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və
insanların gündəlik real həyatında büruzə
vermişdir.
Tənəzzülə
uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya,
işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla
üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev
qısa bir zamanda iqtisadi və mədəni yüksəliş
yolu tutan, xarici sərmayələrə açıq olan və
böyük beynəlxalq layihələrə qoşulan ölkəyə
çevirə bildi. Heydər Əliyevin qurduğu dövlətin
iqtisadi siyasəti əhalinin sosial müdafiəsini daim diqqət
mərkəzində saxlamaqla sosial yönümü ilə səciyyələnirdi.
Bu gün Azərbaycan nüfuzlu vətəndaş cəmiyyətinin
əsaslarının qurulduğu, müxtəlif siyasi
partiyaların sərbəst fəaliyyət göstərdiyi,
yüzlərlə senzurasız qəzet və jurnalın nəşr
olunduğu, eləcə də çox sayda özəl
telekanalların yayımlandığı və internet şəbəkəsi
istifadəçilərinin sayının sürətlə
artdığı bir ölkədir.
Heydər
Əliyev öz siyasi dühası ilə Azərbaycanın
müasir simasını müəyyənləşdirmiş və
xalqımızın taleyində silinməz izlər
qoymuşdur. Onun siyasəti nəticəsində əldə
olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu
uğurlar paytaxtımızın daim yeniləşən
görkəmində, şəhər və
rayonlarımızın sürətlə modernləşməsində,
iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və
səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda
öz əksini tapmışdır.
Heydər
Əliyevin memarı olduğu Azərbaycan bu gün
böyük tikinti meydançasını xatırladır. Yüzlərlə
sənaye və infrastruktur obyektləri, məktəblər, xəstəxanalar,
idman qurğuları, yaşayış evləri, inzibati binalar
və digər tikililər ucaldılır, yollar
salınır. "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası bizim gələcək
planlarımızı əks etdirməklə yanaşı bir
daha sübuta yetirir ki, Heydər Əliyevin ölkəmizin
sürəkli tərəqqisini bu gün də təmin edən
irimiqyaslı proqramları xalqımızın sosial-iqtisadi vəziyyətinin
daim yaxşılaşmasına xidmət göstərir.
Dövlət
başçısı müstəqil Azərbaycan dövlətinin
hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi
xidmətlərini nəzərə alaraq, milli dövlətçilik
ideyasının bərqərar olması və ölkəmizin
beynəlxalq aləmdə nüfuzunun artması naminə
misilsiz töhfələr vermiş Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin ölkə
miqyasında layiqincə keçirilməsini təmin etmək
məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin 90 illik yubileyi Azərbaycan Respublikasında dövlət
səviyyəsində geniş qeyd edilsin. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyinin keçirilməsinə dair Tədbirlər Planı
təsdiq edilsin.
Nazirlər Kabinetinə bu sərəncamdan
irəli gələn məsələləri həll etmək
tapşırılıb.
Kaspi.-2013.-22 yanvar.-S.2.