Ağzıgünə
muzeylərimiz - problem
Muzeylər ancaq nəyisə
nümayiş etdirmək üçün fəaliyyət
göstərməməlidir
Muzeylərimiz
xalqın zaman-zaman formalaşmış zəngin maddi və mənəvi
sərvətlərinin qorunduğu və nümayiş
olunduğu mədəniyyət ocaqlarıdır. Bu ocaqların
ziyarətinə nə qədər çox insan gələrsə,
mədəniyyətimiz bir o qədər təbliğ olunar və
təbliğ olunduqca da sevilər. Dünyada incəsənət,
mədəniyyət, tarixi, elmi, bədii əsərlərin,
eksponatların, sənətkarlıq nümunələrinin
saxlanıldığı bir sıra məşhur muzeylər var
ki, onları hər il milyonlarla adam ziyarət edir.
Azərbaycandakı
muzeylər dünyanın məşhur muzeyləri ilə bir
sırada dayanmasa da, hər halda eksponat sarıdan onlardan
heç də geridə qalmır. Muzeylərimizin bir çox
problemləri var, amma ən əsası, bu mədəniyyət
ocaqlarında ziyarətçilərin azlığıdır.
Qeyd
edək ki, ötən ay parlamentin plenar iclasında “Mədəniyyət
haqqında” qanun layihəsinin müzakirəsi zamanı
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili
Asim Mollazadə “mədəniyyəti inkişaf etməyən
xalqın və dövlətin gələcəyi yoxdur” kimi
fikirlər səsləndirib: “Azərbaycan mədəniyyətini
xalqımıza və dünyaya nümayiş etdirmək
üçün muzey sistemi mövcuddur. Lakin bizim muzey sistemi
elmdən tam təcrid olunub. Dünyanın aparıcı muzeyləri
öz işlərini ölkəsinin ən yüksək səviyyəli
alimlərinin araşdırmaları və elmi mərkəzlərin
fəaliyyəti üzərində qurur. Bizdə isə muzeylər
ancaq nəyisə nümayiş etdirmək
üçündür. Bizim mədəni irsimizin
araşdırılması sahəsində heç bir iş
aparılmır. Hesab edirəm ki, qanunda da bu öz əksini
tapmalıdır ki, muzeyin fəaliyyəti elmi fəaliyyətlə
vəhdətdə olsun”.
Bu işlərə Təhsil
Nazirliyi nəzarət etməlidir
Kulturologiya
üzrə fəlsəfə doktoru Nailə Əliyevanın
sözlərinə görə, muzeylərimizin təbliğat
sistemi zəif qurulub: “Hazırda muzeylərimizin reklama və təbliğata
ehtiyacı var. Son zamanlar əvvəlki illərə nisbətən
muzeylərə marağın artmasının şahidi oluruq.
Biletlərin qiyməti ucuz olsa da, işin maddi tərəfini
düşünən insanlar çoxdur. Müəyyən tədbirlər
keçirməklə muzeylərə
tamaşaçıların gəlişini həyata
keçirmək olar. Müəyyən səbəblər var
ki, o sahədə problemlərimiz var. Muzeylərə
marağın oyadılmasında daha çox məktəb və
universitetlərin üzərinə böyük yük
düşür. Bu işlərə Təhsil Nazirliyi nəzarət
etməlidir. Belə ki, məktəb proqramlarına muzeylərimizin
fəaliyyəti də salınmalıdır. Bunlar da artıq
siyasi məsələlərdir. Biz öz
bacardığımızı edirik”.
Nailə
xanım Milli Elmlər Akademiyasında Muzeyşünaslıq
üzrə mütəxəssislər
hazırlandığını da qeyd etdi. Onun sözlərinə
görə, xarici ölkələrdə ictimaiyyətlə əlaqələr,
yəni PR işi daha yaxşı şəkildə qurulur:
“Bizdə isə bu sistem zəif işləyir. Orada muzey
işinə ayrı-ayrı təşkilatlar, şirkətlər
cəlb olunur”.
Muzeylərimizi
ziyarət edənlərin daha çox tələbələr
olduğunu vurğulayan muzeyşünas əcnəbi turistlərin
ziyarətindən də danışdı: “Qərb ölkələrində
muzey mədəniyyəti daha çox inkişaf edib. Bir
ölkənin tarixini öyrənmək üçün muzeylər
böyük rol oynayır və buraya gələn əcnəbilər
də ilk olaraq muzeylərimizlə maraqlanır. Bunun
üçün də muzeylərimizi ziyarət edənlərin
əksəriyyəti turistlərdir”.
Muzeyin qapısını açan
belə olmur
Azərbaycan
muzeylərinin problemlərindən danışarkən mədəniyyət
ocaqlarında kompüter məlumat bazasının
olmamağını da qeyd etmək lazımdır.
Aparıcı paytaxt muzeyləri onun yaradılması işinə
yeni başlayırlar. Ölkəmizdə yalnız bir neçə
aparıcı muzey internetə qoşulub və onların
öz veb-səhifələri var. Buna misal olaraq Hüseyn
Cavidin ev Muzeyini göstərmək olar. Muzeyin rəhbəri,
filologiya elmləri doktoru Gülbəniz
İbrahimqızının sözlərinə görə,
Hüseyn Cavidin ev Muzeyinin virtual ziyarətçiləri muzeyi
ziyarət edən tamaşaçılardan daha çoxdur.
H.Cavid yaradıcılığı ilə maraqlanan
insanların sayı qənaətbəxşdir: “Elə olur ki,
həftə ərzində 100 nəfərə yaxın muzeyə
tamaşaçı gəlir, ancaq elə həftəmiz də
olur ki, heç muzeyin qapısını açan belə
olmur. Muzeydə H.Cavid yaradıcılığı ilə
maraqlanan alimlər burada tədqiqat işləri də
aparırlar. Respublikada onun yaradıcılığı ilə
maraqlanan bütün insanlar bizə müraciət edirlər və
biz də onları bilgiləndiririk”.
İstiqlal
Muzeyinin direktoru Fəridə Şəmsinin sözlərinə
görə isə, ötən il sözügedən muzeyə
4 minə yaxın tamaşaçı gəlib: “Ötən il
“Eurovision” müsabiqəsi zamanı muzeyə turistlərin
axını həddindən artıq çox idi. İndi isə
göstərici o qədər də çox deyil,
tamaşaçı gəlir, amma azlıq təşkil edir.
Biletlərimiz də baha deyil. Belə ki, məktəblilər
üçün 30 qəpik, tələbələrə 50 qəpik,
adi vətəndaşlara 1 manat, əcnəbi vətəndaşlara
isə 2 manata satılır”.
Xalça
Muzeyinin direktoru Röya Tağıyeva 2 ildir ki, fəaliyyət
göstərmədiklərini və yeni binaya köçməyə
hazırlaşdıqlarını qeyd etdi.
Yerli
tamaşaçılarımızın muzeyə marağı
yoxdur
Tarix
Muzeyinin elmi katibi, tarix elmləri üzrə fəlsəfə
doktoru Fərhad Cabbarov muzeyə gələnlərin əksəriyyətini
əcnəbilər təşkil etdiyini vurğuladı:
“Ötən il muzeyimizə 1500-ə qədər
tamaşaçı gəlib. Yerli
tamaşaçılarımızın muzeyə marağı
yoxdur. Əcnəbilər muzeyə daha çox axın edirlər.
Bir az da tələbələr və məktəblilər.
Müşahidələrimizə görə, orta yaşlı
insanların muzeyə marağı yoxdur”. Fərhad Cabbarov
Tarix Muzeyi elmi tədqiqat mərkəzi olduğu
üçün, alimlərin burada elmi tədqiqat işləri
ilə məşğul olduqlarını da qeyd etdi.
Ötən
ilin yekun kollegiya iclasında mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev də muzeylərdə
tamaşaçı qıtlığından
narazılığını bildirmişdi. O, bu gün daha
çox muzeylərin fəaliyyətinin yenidən
qurulmasına diqqət yetirildiyini qeyd edib: “Bizim əsas məqsədimiz
odur ki, Azərbaycan mədəniyyəti, teatr muzeyi,
kitabxanası haqqında məlumat internet vasitəsilə
dünyaya yayılsın. Hər bir müəssisənin, təşkilatın
gördüyü işlər konkret olaraq internet məkanına
daxil olmalıdır”.
Onu
da deyək ki, həmvətənlərimizin muzeylərə
marağını öyrənmək üçün 20-yə
yaxın adam arasında sorğu keçirdik. Bəlli oldu ki,
respondentlərin 70 faizi ömründə muzeylərə getməyib.
Yerdə qalanların da əksəriyyəti orta məktəb
illərində muzeyə üz tutanlardır.
Qeyd
edək ki, hazırda Azərbaycanda 190-dan çox muzey fəaliyyət
göstərir. Onlardan 78-i tarix və
tarix-diyarşünaslıq muzeyi, 89-u elm, siyasət, mədəniyyət
və incəsənət xadimlərinin ev muzeyi, 21-i incəsənət
və ədəbiyyat muzeyi, 5-i hərbi-vətənpərvərlik
və döyüş şöhrəti muzeyləridir. Muzeylərdən
20-si Bakıda, qalanları bölgələrdə yerləşir.
Xəyalə Rəis
Kaspi-2013.-23 yanvar.-S.15.