ƏLİ BƏY HÜSEYNZADƏNİN ÜÇƏM DÜSTURUNUN MAHİYYƏTİ

 

Nəsir ƏHMƏDLİ

XIX yüzilin başlanğıcında Azərbaycan adlanan türk-müsəlman məmləkətimiz iki yad dövlət – İranRusiya arasında bölünəndən bu günə qədər millətimizin ziyalılarını iki məsələ həmişə narahat edibonlar zaman-zaman bu məsələlərin həlli yollarını arayıb özlərini bütövlükdə bu problemin çözülməsinə həsr ediblər. Həmin iki məsələ bunlardır:

 

millətin özünü, öz böyüklüyünü, tarixi ənənələrini, zəngin və ulu mədəniyyəti olduğunu anlaması;

 

onun vahid ideya ətrafında sıx birləşərək köləlik boyunduruğundan xilas olub inkişaflı, sivilizasiyalı millətlər, dövlətlər sırasında öz layiqli yerini tutması.

Bu məsələlərdən hər birinin az-çox uğurla gerçəkləşməsi üçün təxminən 100 il vaxt lazım olub. Abbasquluağa Bakıxanovdan və xüsusən də Mirzə Fətəli Axundzadədən başlayaraq Cəlil Məmmədquluzadəyə qədər olanmaarifçi demokratlar adlandırılan aydınlar pleyadası problemin daha çox birinci tərəfi – millətin maariflənib müəyyən səviyyəyə çatması və öz milli-demokratik azadlıqları uğrunda mübarizə apara bilməsi barədə düşünüblər.

 

İkinci cərəyan isə Əli bəy Hüseynzadə ilə başlanıb, Məhəmməd Əmin Rəsulzadə mərhələsindən keçərək XX əsrin sonlarındakı xalq hərəkatı dövrünü əhatə edir. Bu mərhələ əsrin əvvəllərində milli inkişafın ideoloji özülünün hazırlanması, 80-90-cı illərdə gerşəkləşdirilməyə başlanması və üçüncü respublikanın yaranması ilə səciyyəvidir.

 

Özündən əvvəlki dövrü, türk-müsəlman etnoslarının çoxəsrlik tarixini, onların psixoloji-etik durumlarını dərindən mənimsəyən və inkişaflı millətlərin gerçək durumu ilə müqayisə edən Əli bəy Hüseynzadənin gəldiyi ən önəmli nəticə inkişaf prosesinin üç əsas komponentini tapması və beləliklə də qarşıdakı yolun yönünü ustalıqla müəyyən etməsidir: “Türk qanlı, islam imanlı və firəng fikirli olalım”. Bu üç komponentdən ən vacibi, təbii ki, türkçülükdür. Sonrakı ikisi birincinin ətə-qana dolmasına, əbədiyaşar olmasına xidmət edir. Türkçülük bizim ulu keçmişimiz, real indimiz, can atılan gələcəyimizdir. “Həyat” qəzetinin 1905-ci il iyunun 10-da çıxmış 4-cü nömrəsində dərc olunmuşTürk kimdir və kimlərdən ibarətdir?” adlı məqaləsində Əli bəy Hüseynzadə yazırdı: Tariximiz və keçmişdəki anabir milliyyətimiz haqqında həqiqəti meydana çıxarmaq üçün əvvəlcə özümüzü tanımalıyıq, yəni türklərin kim olduğunu, haradan əmələ gəldiklərini, neçə yerə bölündüklərini, bu gün harada sakin olduqlarını və hansı adlar altında yaşadıqlaını göstərməliyik. İçimizdə özbəklərin, qırğızların, başqırdların türk olduqlarını bilməyənlər də var. Həm də bu məsələ ilə bu gün yox, bir neçə əsr əvvəl məşğul olunmalı idi. Son dərəcə əhəmiyyətli olan bu məsələni gələcəyə saxlamayıb, heç olmazsa, indi ələ almaq lazımdır. Həm də bu, birya iki adamın işi deyil. Bu üçün xüsusi universitetlər, məclislər, cəmiyyətlər yaradılmalıdır”.

 

Məşhur türkçülük ideoloqu, özünü fəxrlə Əli bəy Hüseynzadənin tələbəsi sayan Ziya Göyalp “Əli bəy Hüseynzadənin üçlü düsturu bütün türk dünyasında yeni üfüqlər açdı” deyərkən məhz türkçülüyün bizim can atdığımız və inşallah, əldə edə biləcəyimiz böyük gələcək olduğunu vurğulayırdı.

 

İslamçılıq türkçülüyə sonradan – eramızın VII-VIII ərlərində əlavə olunubtariximizin önəmli bir dövrünü əhatə edir. Əli bəy Hüseynzadə böyük İslam mədəniyyətinin mütərəqqi, ən demokratik dəyərlərini mənimsəməklə türkçülük anlayışını, məfkurəsini genişləndirməyi, dolğunlaşdırmağı məsləhət görürdü. Yəni, onun fikrincə, islamçılıq bizim üçün məqsəd yox, türkçülüyü bütövləşdirmək, azmanlaşdırmaq, irəliyə aparmaq vasitəsi olmalıdır. Bu vasitədən ağılla bəhrələnməklə biz böyük gələcəyimizə, ulu türkçülüyümüzə qovuşmalıyıq.

 

Əli bəy Hüseynzadənin can atdığı və sonrakı nəsilləri səslədiyi bu böyüklüyü, bu ululuğu çağdaş dünya sivilizasiyasını mənimsəmədən, onu azı İslam səviyyəsində özümüzünküləşdirmədən əldə etmək mümkün deyil. Bu mənada Əli bəyin təklif etdiyi müasirləşmək, qərbləşmək düsturu da türkləşməyə xidmət etməli və bir müddət bizimlə yanaşı addımlamalı olan önəmli komponentdir. Əli bəy Hüseynzadənin vaxtında da İslama və Qərbə indiki kimi ikili münasibət vardı. Birincilər İslamı necə varsa, elə qəbul etməyi arzulayır, onu öz şəxsi mənafeyinə tabe etdirməyə çalışır, ikincilər isə İslamda türk mədəniyyətinə, türk millətinin tərəqqisinə və təkamülünə xidmət edə biləcək bir dəyər olmadığını iddia edir, ondan bilmərrə əl çəkilməsini istəyirdilər. İkincilər belə hesab edirdilər ki, “Avropadan əsən hətta zəhərli yellər belə, şəfavericidir”. Əli bəy Hüseynzadə hər iki zərərli fikirə qarşı çıxaraq yazırdı: “Nə böyük yanlışlıq! Biz türk və müsəlman olduğumuz üçün Türkçülük və İslamçılıq dairəsində tərəqqi etmək istəyirik. Biz arzu edirik ki, bizim tərəqqimizə baxanlar desinlər: türklər və müsəlmanlar nə gözəl tərəqqi edirlər. Deməsinlər ki, türklər, müsəlmanlar dönük çıxıb fransızlaşırlar. Türkün dönük çıxıb fransızlaşması türkün və müsəlmanın deyil, fransızların və mürtədlərin tərəqqisi deməkdir”.

 

Əli bəy Hüseynzadə çıxış yolunu hər üç istiqaməti özündə ehtiva edən vahid ideya ətrafında birləşməkdə görürdü: Biz arzu edərdik ki, müsəlmanların özlərinə məxsus bir proqramı və partiyası olsuno partiya müsəlmanların, türklərin hər növ bərabərlik və azadlıqları ilə yanaşı, millət, dildin hüquqlarını təmin edən başqa partiyalarla birləşsin”.

 

Əli bəy Hüseynzadənin və onun davamçılarının “Qərbləşmək” şüarını çoxları bizim Qərb mədəniyyətində əriyib yox olmağımız, Qərb sərmayədarlarının milli sərvətlərimizi mənimsəmələri kimi qavrayırlar. Rusiya imperiyasının 200 illik assimilyasiya cəhdinə əsaslanan bu fikirin müəyyən özülü olsa da, bütövlükdə o, qorxulu qavrayışdır. Bu özülü, bu qavrayışı görən Əli bəy oxuculara üz tutaraq yazırdı: “Biz avropalıların özlərinə deyil, ədəbiyyatlarına, sənayelərinə, elm və maariflərinə, kəşf və ixtiralarına müraciət etmək istəyirik. Biz istəyirik ki, islam-türk ölkəsinə onların boğazları, mədələri girməsin, beyinləri girsin! Biz istəyirik ki, ölkəmiz onların mədələrində həzm olunmasın, özü onların beyinlərini həzm etsin! Bu gün onların mədələrində həzm olunmamaq üçün bir çarə varsa, o da onların beyinlərinin məhsulunu alıb həzm etməkdən ibarətdir”.

 

Hətta müstəqilliyimiz bərpa olunandan sonra da ölkəmizin siyasi arenasında, nüfuzlu siyasi partiyaların birində müəyyən çəkişmələr yaradan “Millətçilik, yoxsa liberalizm?” mövzusunda geniş müzakirələr gedirdi və müəyyən dairələrdə bu indidavam etməkdədir. Hər iki tərəf özünüvelosiped icad etmişkimi göstərir. Halbuki Əli bəy Hüseynzadənin əsərlərində bu dilemmanın çox aydın və konstruktiv cavabı var: millətçilik mayası ilə mayalanıb, islam dəyərləri ilə zənginləşib, yetkin bir türk-islam milləti kimi formalaşdıqdan sonra liberalizmi, yəni Qərb sivilizasiyasını, “avropalıların beyinlərini” türkçülüyə doğru yönəldib ondan millətin inkişafı naminə bəhrələnmək lazımdır.

 

Son 200 ildə Azərbaycan ziyalılarının ən böyük problemi əhalinin, kütlənin, ayrı-ayrı fərdlərin ümumi intellektual səviyyəsini yüksəltmək, siyasihüquqi savadını artırmaq, dünyagörüşünü zənginləşdirmək olub. Bu, ən çətin problemlərdən biridirbiz hələ indi – XXI əsrin və II minilliyin əvvəlində də bu bəladan tam qurtula bilməmişik. Əli bəy Hüseynzadə 1906-cı il aprelin 27-də “Həyat” qəzetinin 91-ci nömrəsində dərc etdirdiyi «“Molla Nəsrəddin” və “Dəbistan”» məqaləsində Azərbaycanın və bütövlükdə Şərqin türk-müsəlman əhlini qoz ağacının möhkəm kötüyünə, mərmər daşına, qranit qayasına bənzədərək deyirdi ki, qoz ağacının kötüyündən qəşəng mebel, qapı-pəncərə, bəzək əşyaları, mərmərdən əzəmətli binalar, yaraşıqlı abidələr, qranitdən fundamental heykəllər düzəltmək olur, lakin bu incə, zərif, zövqoxşayan sənət əsərlərini yaratmaq üçün bacarıqlı, bütün ömrünü bu işə həsr edə bilən ustalar, yəni ziyalılar gərəkdir. Əli bəy Hüseynzadə belə “sənət abidələri” yaradılmasına uşaqların təlim-tərbiyəsindən başlamaq lazım gəldiyini bildirirdi. Onun sözlərinə görə, uşaq vaxtı kəsb olunan elm daşa nəqş olunmuş şəkil kimi əbədidir. Uşaqlıq dövrü keçəndən sonra cəhalət və qəflətin qarşısını almaq mümkün olmur. Körpə, yaş ağacı hər cür formaya salmaq, əymək, düzəltmək, istiqamətləndirmək asandır, qurumuş ağacı isə yalnız yandırmaqla düzəltmək mümkündür. Bu baxımdan uşaqlar üçün nəzərdə tutulmuş “Dəbistan” jurnalı yaş ağacları, yəni uşaqları düzgün yola istiqamətləndirməklə, “Molla Nəsrəddin” məcmuəsi isə quru ağacı – böyükləri “yandırmaqla” məşğul idi. Əli bəyin insanı riqqətə gətirən bu müqayisəsindən sonra məktəblərimizin hələ də arzulanan ideal vəziyyətdə olmadığını görürük. Belə bir ideal vəziyyətə nail olmaq üçün təhsil düzgün qurulmalı, təkcə ayrı-ayrı şəxslər yox, bütün millət qaranlıqdan çıxmalıdır. “Qaranlıq elə bir şeydir ki, onun bulunduğu və hökmfəma olduğu məkanlarda və zamanlarda insanözünü, nə ayinədəki surətini, nə də bulunduğu yerin daxilxaricini görə bilər. Bunları görmək və gördükcə istifadə edə bilmək ancaq işıq sayəsində mümkündür. Mənəvi zülmətlə mənəvi işıq da belədir: maddi cəhətdən heç bir kitabı, hətta Qurani-Kərimi də qaranlıqda oxumaq mümkün olmadığı kimi, mənən də o cür dərin mənalı kitablardan heç bir elmsiz adam layiqli bir məna çıxara bilməz”.

 

Əli bəy Hüseynzadə onun təklif etdiyi düsturun gerçəkləşdirilməsində siyasi elitanın da üzərinə böyük məsuliyyət düşdüyünü söyləyərək yazırdı: “Rəhbər haraya gedəcəyini, məqsədin, hədəfi-amalın nədən ibarət olduğunu, qarşıdakı yolu necə gedəcəyini həm özü bilməli, həm də vaxtında xalqa anlatmalıdır... Yolu təyin etmədən camaatı gah irəli, gah sağa, gah sola çəkərək aldatmaq, zülmət içində yol getmək, xalqı təhlükə girdabına sürükləmək böyük bir cinayətdir”. Ölkəmizin son 20-25 illik tarixi bu sözlərin həqiqət olduğunu göstərir.

 

Əli bəy Hüseynzadənin milləti ən bərk, emala çətin yatan sərt materiallarla müqayisə etməsi bəzi məqamlarda insanda bədbinlik yarada, onuBu qədər zəhmət çəkməyə dəyərmi” sualı ilə üzbəüz qoya bilər, lakin böyük mütəfəkkirin Midhət paşa barədə məqaləsini oxuduqdan sonra bu bədbinlik dumanı seyrəlir, türk övladı öz şərəfli keşmişi ilə öyünməyə, işıqlı gələcəyə inamla baxmağa başlayır: “Türkdə, Türklükdə, Türk qövmünün fitrətində bir dühalıq əlaməti, fövqəladə istedad var, meydan müsaid, məkan və zaman müvafiq olunca o istedad elm və hünər aləmində ətrafa nadir incilər saçır, xarüqələr yaradır. O, daim cahangirlik asimanında İldırımlar kimi bərq vurur, Teymurlənglər kimi atəşparələr nisar edir, o atəş zəkayi-elm və fənn cəmənlərində şükufələr, meyvələr təhvil verirUluq bəy kimi nadir şəxsiyyətlər yetişdirir”.

 

Beləliklə, Əli bəy Hüseynzadənin üçəm düsturunun mahiyyəti bundan ibarətdir ki, türkqanlı olmaq xoşbəxtliyini, dühalıq qabiliyyətini, fövqəladə istedadı bizə Tanrı bəxş edib. Onları təkmilləşdirmək, dünya birliyində layiq olduğumuz ən öncül yeri tutmaq üçün daxilimizdəki məsamələri, boşluqları İslam dəyərləri və Qərb sivilizasiyası ilə doldurmalı, bu ideya ətrafında sıx birləşməliyik.

 

P.S. Məqalə müəllifin 1997-ci il martın 1-də “Korifeylərin portretləri” rubrikası altında “Azadlıq” qəzetində dərc olunmuş essesi əsasında hazırlanmışdır.

 

(Azərbaycan Mətbuat Şurasının və Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunan yazı müsabiqəsinə təqdim olunur)

 

Kaspi.-2014.-26-28 aprel.-S.15.