Qabriel Qarsia Markez:

 

Doğum – 6mart, 1928-ci il, Arakataka, Kalumbiya

 

Ölüm – 17 aprel, 2014, Mexiko, Meksika

 

Nobel mükafatı adı – “sinfi məhdudiyyətləri və konfliktləri rədd edən, fantastik və real dünyanı mükəmməl şəkildə kombinasiyalaşdıran əsərlər və qısa hekayələri üçün”

 

“Belə mərasimlərdən birindəki çıxışında mənim örnək bildiyim ədib Uilyam Folkner deyir: “Mən insanın sonunun olduğunu qəbul etmirəm”. Mən hələ 32 il bundan əvvəl rədd edilmiş bu bəşəri sonu bugün yenidən rədd etmək istəyirəm. Bəlkə də bəşəriyyət bunun fərqində deyil. Amma insanın doğulması da, son adlandırdığı ölüm də sadə təbii hadisədən başqa bir şey deyil. Bu qarşısıalınmaz həqiqətlə üzləşəndə insan yaşamaq üçün alternativ utopik bir dünya olduğunu görməlidir. Biz insanlar yeni hekayələrin müəllifiyik, hamımız nələrəsə inanırıq, biz anlamalıyıq ki, özümüz üçün, sevdiklərimizi əbədiyyən yaşatmaq üçün alternativ bir dünya yaratmaq həmişə mümkündür. Həyatın kəşf etməli olduğunuz bu yeni utopik tərəfi birinin başqalarının necə ölməsinə qərar vermədiyi, sevginin və xoşbəxtliyin varlığını sübut edə bildiyi bir yerdir. İrqlərin insanları sürüklədiyi yüz illik tənhalıqların lənətləndiyi o dünya insanlara yaşamaq üçün verilən ikinci şansdır” – Qabriel Qarsia Markez, 1982-ci il, 8 dekabr.

 

Qabriel Qarsia Markezdən yazarlara məsləhət və xəbərdarlıqlar

Uzun hekayə ilə uzadılmış hekayə arasında fərq var.

Hekayənin kuliminasiyasına çatmamış beyninizdə onun sonu yazılmış olmalıdır.

Yazıçı bütün yazdıqlarının əvvəlini xatırlamaya bilər, amma sonunu xatırlamalıdır. Sonu xatırlanmayan əsəri hamı unudar.

Bir dovşanı özünüzə öyrəşdirmək, bir oxucunu özünüzə öyrəşdirməkdən daha asandır.

Hər bir yazıçı nə yazırsa, yazsın, yazdığının ən yaxşı nümunə olacağına inanaraq yazmalıdır, çünki sonda alınan məhsul o inancın göstəricisi, onun bir parçasıdır.

Əgər yazıçı bir əsəri yazarkən bezir, yorulursa, bundan qaça bilməz, onun oxucusu da bezəcək, yorulacaq.

Oxucunu bir cümləni iki dəfə oxumağa məcbur etmək olmaz.

Bildiyinizi yazın – Əgər gənc yazarlara məsləhət lazımdırsa, mənim ilk məsləhətim bu olardı ki, başınıza gələn bir şeyi yazmaqdan başlayın. Peşəkar bir oxucu çox asanlıqla təyin edə bilir ki, onun oxuduğu hekayə müəllifin yaşadığı hadisədir, yoxsa o bunu haradansa oxuyub və ya eşidib. Bunu müəyyənləşdirmək asandır. Pablo Nerudanın bir şeirində belə misra var: “Tanrı, məni şeir oxuyarkən kəşf olunmaqdan qoru”. Bu fikir mənə həmişə gülməli gəlib, çünki əsərlərimin təxəyyül məhsulu olmasını Tanrının lütfü kimi qiymətləndirirəm. Amma mənim əsası real həyatdan götürülməmiş, reallıqdan qaynaqlanmayan bir əsərim belə yoxdur. Bu işdə jurnalistikanın da rolu çoxdur. Jurnalistika mənə reallıqla daha yaxın olmağa və bundan qaynaqlanan hekayələr yazmağa kömək edib.

Oxucunu inandır – Müəllif bir əsər boyunca hər şeyi edə bilər. Onun məqsədi oxucunu yazdıqlarına inandırmaqdır. Bunun nə qədər fantastik olub-olmadığı elə də əhəmiyyətli deyil.

Həssas addımlar atın – Bu hər zaman lazımdır. Qarşılıqsız sevginin taleyi qədər ağır məsələləri bayağılaşdırmaq təhlükəlidir.

Uşaqlığınızın rəsmini çəkin – Mən çox sonra başa düşdüm ki, uşaqlığımda yaşadığım çox şeyin ədəbi dəyəri var. Mən onu gec qiymətləndirməyə başladım.

 

Qabo haqqında

Dünyada hüquq oxumaqdan daha vacib şeylərin olduğuna inanırdı.

Bir çox yazıçı kimi yaradıcılığa jurnalist kimi başlayıb.

Onun ilham mənbəyi nənəsinin danışdığı hekayələr olub, amma o hekayələri nənəsi qədər maraqlı danışa bilmədiyini deyib.

Diktofonların demək istədiklərini rahat deməsinə mane olduğunu iddia edib.

Latın Amerikasının Nobel alan 8 yazıçısından biridir.

Fidel Kastro ilə dostluğu və rəsmi Vaşinqton əleyhinə çıxanlara dəstək verdiyi üçün 30 ilə yaxın ABŞ-a buraxılmayıb.

Yalnız ispan dilində çap olunan əsərləri ilin “ən çox satılan”-ı ola bilməyib.

 

“O, həqiqətən də insanlara səmimi bir şəkildə bağlanır, oxucularını sevirdi. 1996-cı ildə Qabo Nobel mükafatı alan dörd jurnalistdən biri idi. Həmin gün o unudulmaz bir çıxış elədi. O, çıxışını bitirəndə mənim müdirim – Los Angelos Taymsın naşiri dedi ki, yazıçı ilə görüşmək istəyirəm və onu nahara dəvət edirəm. Qabo oxucuları üçün kitab imzalamaqla məşğul idi. Dedim ki, müdirim gözləyir, səni nahara dəvət edir, gedək. Qabo xahiş etdi ki, sonuncu kitabı da imzalasın gəlir. Biz saat yarım “sonuncu” kitabı gözləməli olduq. Dost öləndə insan özünü dərin bir ağrının, onunla paylaşdığın anların, xatirələrin içində çırpına-çırpına qalır. Amma Qabo yazırdı: “Həyat insanın yaşaması deyil, xatırlanması və necə xatırlanmasıdır” – Sergio Munoz Bata

- Bəzi tənqidçilər Latın Amerikasındakı problemlərin müsbət həlli sizə tapşırılıbmış kimi davranır. Onlara münasibətiniz necədir?

- Bu nəsə çox qəribə haldır. Başa düşmürəm nə gözləyirlər. Bir müddət əvvəl Kubaya səfər etmişdim. Orada bəzi tənqidçilərlə görüşdük. Əvvəlcə “Yüz ilin tənhalığı”- çox yüksək qiymətləndirdilər, təriflədilər. Sonra isə məsələnin həllini göstərmədiyim üçün tənqid etdilər, dedilər ki, əsər yarımçıqdır. Mən başa sala bilmirəm ki, ədəbi əsər hansısa problemi həll eləmək üçün yazılmır.

 

- Olduqca gizli həyatlara, ara küçələrdə yaşanan hekayələrə yaxın bir insansınız. Bundan necə yararlanırsınız?

- Mənim əslim odur, mən əslində o insanam. Nəzərdən qaçmış, kölgədə qalmış o küçələrdə yaşananlardır mənim həyatım, mənim yerim oradır. Bu, mənim ən yaxşı bələd olduğum həyatdır. Mən orada gördüklərimi becərirəm.

 

- Ən çox sevdiyiniz kitabınız hansıdır?

- Bəzən öz kitabım haqqındakı fikrimi bir oxucu rəyi dəyişə bilir. Sevimli kitablarım tez-tez dəyişir. Amma ən çox “Generala məktub yoxdur” əsərindən həzz alıram.

 

- Uğursuz bir dəniz macərası yaşamış dənizçi ilə müsahibəniz haqqında danışmaq istərdim.

- Bu müsahibə deyildi – sual, cavab deyildi. Sadəcə dənizçi başına gələn hadisəni mənə danışdı. Mən sadəcə onun sözlərini yenidən yazdım, çalışdım elə yazım ki, oxucu onu mənim yox, dənizçinin özünün yazdığına inansın. Yəni birinci şəxs yazırmış kimi yazmağa çalışdım. Bu macəra iki həftə hər gün bir hissə olmaqla qəzetdə dərc olunanda belə mən öz imzamı qoymadım, “dənizçi” imzası ilə paylaşdım. 20 il sonra bu əsər yenidən kitab şəklində dərc olunanda onun sahibi mən oldum. İnsanlar bildilər ki, həmin macəranın müəllifi mənəm. Hətta redaktorlar və naşirlər də mən “100 ilin tənhalığı”- bitirənə kimi bunun yaxşı bir ideya, yaxşı bir mövzu olduğuna inanmırdılar.

 

- İndi üzərində xüsusilə işləmək istədiyiniz bir mövzu, hekayə varmı?

- Əslində, mənim qeydlərim arasında çoxlu və bir-birindən fərqli mövzular var. Mən Portuqaliya, Kuba, Anqola, Vyetnam haqqında işləmək istədiyim bir neçə mövzu qeyd etmişəm. Bundan başqa Polşada baş verən bir əhvalat eşitmək, ya da oradan gördüyüm bir şey haqqında yazmağı çox istəyərəm. Mənə elə gəlir ki, cari müddətdə nə baş verdiyini tam dəqiqliyi ilə təsvir edilərsə, həmin hekayə mütləq layiq olduğu qiyməti alar. Amma indi Polşa çox soyuqdur. Düzdür, mən jurnalistəm, amma rahatlığı sevən jurnalistəm.

 

- Elə şeylər varmı ki, düşünürsünüz ki, hekayə bunun öhdəsindən gələ bilər, amma jurnalistika yox?

- Yox. Düşünürəm ki, onların arasında heç bir fərq yoxdur. Yəni ki, mənim üçün belədir. Mənbələr eynidir, mövzular eynidir, qəhrəmanlar eynidir, dil eynidir, müəllif eynidir, hər ikisi eyni cür düşünən insanın qələmindən tökülür. Ona görə də elə bir şey, elə bir mövzu yoxdur ki, hekayə onun öhdəsindən gələ bilsin, amma məqalə yox. Və ya əksinə. Məsələn, Daniel Defonun “Vəba illərinin gündəliyi” möhtəşəm bir hekayədir, eyni zamanda “Xirosima” mükəmməl bir məqalədir.

 

- Bəzi müsahibələrinizdə qeyd etmisiniz ki, yazmağa təzə başlayanda intellektinizə çox üstünlük vermisiniz. Amma sonradan uşaqlığınız, yaşadıqlarınız gözünüzdə öz dəyərini qazanıb. Necə düşünürsünüz, uşaqlığını və təcrübələrini işəyaramayan bir mənbə kimi görmək yeni yazarlar üçün ümumi haldır?

- Yox, əslində bu proses çox fərqli gedir. Yəni, hamı belə deyil. Məhz özünü yazaraq başlayanlar da az deyil. Amma açığı bu sualın cavabı kimi, əgər gənc yazarlara məsləhət lazımdırsa, mənim ilk məsləhətim bu olardı ki, başınıza gələn bir şeyi yazmaqdan başlayın. Peşəkar bir oxucu çox asanlıqla təyin edə bilir ki, onun oxuduğu hekayə müəllifin yaşadığı hadisədir, yoxsa o bunu haradansa oxuyub və ya eşidib. Bunu müəyyənləşdirmək asandır. Pablo Nerudanın bir şeirində belə misra var: “Tanrı, məni şeir oxuyarkən kəşf olunmaqdan qoru”. Bu fikir mənə həmişə gülməli gəlib, çünki əsərlərimin təxəyyül məhsulu olmasını Tanrının lütfü kimi qiymətləndirirəm. Məsələ ondadır ki, Karib dənizi sahillərindəki reallıq ən çılğın təxəyyülün mənbəyi idi. İnsan gücün gətirdiyi yalnızlıqdan hər şey yarada bilir, bu mövzuya tez-tez qayıdır.

 

- Nə qədər güclüsənsə, kimin yalan danışdığını, kimə etibar etmək mümkün olduğunu müəyyənləşdirmək də bir o qədər çətinləşir. Mütləq gücə və hakimiyyətə sahib olanda, reallıqla kontakt itir və bu, deyəsən, dünyada yaşana biləcək ən arzuolunmaz yalnızlıq formasıdır. Çox güclü bir insan, diktator, maraqlarını güdən və onu hər vəchlə reallıqdan uzaq tutmağa çalışan insanlarla əhatələnir. Hər şey gücə sahib olanı reallıqdan uzaq tutmağa planlaşdırılır. Bəs yazıçının tənhalığı necədir? Bir diktatorun yalnızlığından nə ilə fərqlənir?

- Gücün gətirdiyi yalnızlıqla əslində çox şey etmək olar. Həqiqəti göstərməyi məqsəd qoymuş yazıçı reallığa tərs bucaqdan, əks rakursdan yanaşır. Əgər hadisələrə olduğu kimi baxsa, bir müddət sonra o da diktator kimi reallıqdan uzaq düşər. Məsələn, bu sahədə jurnalistikanın öyrətdikləri, bu sahədə yiyələndiyim vərdişlərin rolu çox böyükdür. Ona görə də nə yazıramsa, yazım, nə ilə məşğul oluramsa, olum, jurnalistikadan uzaqlaşmamağa çalışıram. Həyatın içində olmağın ən yaxşı yoludur bu. Məni mütəmadi olaraq, insanların arasında saxlayır, reallıqla əlaqəmin itməsinə imkan vermir. Xüsusilə də siyasi jurnalistika. “100 ilin tənhalığı”-ndan sonra məni qorxudan yazıçının yalnızlığı deyildi, bu şöhrətin yalnızlığı idi, tanınmışlığın, məşhurluğun mənə verdiyi gücün və imtiyazın gətirəcəyi yalnızlıq. Dostlarım məni həmişə bundan müdafiə etdilər, onlar hələ də yanımdadırlar.

 

- İndi ən yaxşı işlədiyiniz zamanlar haqqında danışın. Xüsusi bir cədvəliniz varmı?

- Hər zaman, xüsusilə də məşhurlaşandan sonra ən böyük problemim intizam olub, iş cədvəli ilə problemim bitmir. Jurnalist olmaq gecə işləmək demək idi. Yazarlığa başlayan 40 yaşım var idi, səhər saat doqquzdan günorta saat ikiyə - oğlum dərsdən gələnə kimi işləyirdim. Sonra işləmək çətinləşirdi. Yalnız səhərlər işləyə bildiyim üçün özümü günahkar hesab edirdim. Beləliklə, günortalar işləməyə qərar verdim. Amma gördüm ki, eyni keyfiyyət alınmır. Odur ki, yenidən yalnız səhərlər işləmək rejiminə qayıtdım. Həm də artıq tanındıqdan sonra, elə yalnız səhərlər işləmək olur. Günorta evdəki işlər, görüşlər, təqdimatlar, imza günləri, müsahibələr və sair olur. Yazmaqla bağlı digər bir problemi isə məkanlarda yaşayıram. Yalnız mənə tanış olan, isti yerlərdə rahat işləyə bilirəm. Bəzən olur ki, səfərlərə çıxıram və təbii ki, nəsə yazmaq istəyirəm. Otellərdə, icarə olunmuş otaq və ya evlərdə, yaxud da başqasının yazı maşınında işləyə bilmirəm. Nə edirəmsə, alınmır, heç nə yaza bilmirəm. Səyahət edəndə, işləyə bilmirəm, artıq bunu qəbul etmişəm. Bu da getdikcə daha çox səyahət edən bir insan üçün əsl problemdir. Bir məsələ də var ki, onu xüsusi vurğulamaq istəyirəm. Mənə elə gəlir ki, hamı belədir, daha az işləmək və ya bugün işləməmək üçün tez bəhanələr tapırıq. Ona görə hər şəraitdə məhsuldarlığı qoruya bilmək çətindir. Bəzən ilham, həvəs yalnız və yalnız şəraitdən asılı olur. Romantikləri məhv edən fikirdir. Amma nə olursa, olsun bu işlə məşğul olmağı sevirəm, dünyada sevmədiyin bir işi görməkdən pis heç nə yoxdur. Digər problemli məsələlərdən biri isə ilk paraqrafdır. Bəzən elə olub ki, o birinci paraqrafın üzərində aylarla işləmişəm, aylarla. Onu tapdımsa, vəssalam, hər şey sürətlə gedir və bitir. İlk paraqrafla yazıçı kitabdakı bir çox məsələni birləşdirir, aydınlaşdırır, sonrakı hadisələrin əsasını qoyur. Bu hissə vacibdir, çünki hekayənin tərzi, üslubu, mövzusu, gedişatı burada müəyyənləşir. Ona görə də qısa hekayələr toplusu hazırlamaq, əsər yazmaqdan çox-çox çətindir. Çünki hər dəfə sən hər şeyə yenidən başlamalı olursan.

 

- Tənqidçilər haqqında nə düşünürsünüz? Sizi nədənsə çox dərin analiz edir, çox tənqidlərlə üz-üzə qoyurlar.

- İntellektual insanlardırlar. Hətta mənim üçün intellektual sözünün haqqını verən adamlardırlar. Birincisi, onların əllərində yalnız nəzəriyyə var – yazıçı necə olmalıdır. Onlar bütün yazıçıları öz nəzəriyyələrindəki modelə, qəlibə salmaq istəyirlər. Əgər yazıçı bu qəlibə girmirsə, ona qarşı cəhbə alırlar. Bu suala sadəcə müsahibədə olduğumuz üçün cavab verirəm, çünki bu mövzu mənim ümumiyyətlə maraq dairəmə girmir. Yəni onların mənim haqqımda nə düşündüklərini önəmsəmirəm, yazdıqlarını da oxumuram. Sadəcə məlumat verilir ki, kim harda nə yazıb. Tənqidçilərin yazdıqlarını uzun müddətdir ki, oxumuram, kitab haqqında nə düşünəcəyimə özüm qərar verirəm, həmin kitabı alıram, oxuyuram və nəticə çıxarıram. Həm də mən oxucu ilə elə bir əlaqə qurmağa çalışıram ki, bu əlaqənin tənqidçi düşüncəsindən süzülməyə ehtiyacı olmasın.

 

- Yazıçının erkən yaşda məşhurlaşması, hər yerdə tanınmasından danışaq bir az. Buna münasibətiniz necədir? Sizcə, bu onun yaradıcılığına pis təsir göstərmir?

- Hansı yaşda olursa, olsun, bu pisdir. Kitablarımın mən öldükdən sonra məşhurlaşmasını istərdim, xüsusilə də kapitalist ölkələrində. Belə ölkələrdə insan özünü kitabları ilə birgə satılmış kimi hiss edir. Elə hiss etdirirlər.

 

- Niyə məşhurluğun yazıçı üçün dağıdıcı, pozucu olduğu qənaətindəsiniz?

- Ona görə ki, bu insanın şəxsi həyatını dağıdır. Məşhurluq dostlarına, işləməyə sərf etdiyin vaxtı əlindən alır. Bu insanı real həyatdan uzaqlaşdırır, həm də özünün xəbəri olmadan. Əgər yazıçının məqsədi sadəcə ədəbiyyatdırsa, yazmaqdırsa, yəni bu işi davam etdirmək istəyirsə, mütləq özünü məşhurluqdan müdafiə etməli, nə olursa, olsun, gündəlik həyatının ayrılmaz hissələrini təxirə salmamalıdır. Yazıçı məşhurluqla daim mübarizə aparmalıdır. Mən bunu deyəndə kimsə buna inanmır, başa düşürəm, çünki səmimi səslənmir. Amma mən doğurdan da əsərlərimin ölümümdən sonra məşhurlaşmasını çox istəyərdim, onda mənim vaxtım indiki kimi ədəbiyyatdan uzaq işlərə, görüşlərə xərclənməzdi. Bu, narahatlıqdan başqa heç nə bəxş etmir. Məsələ ondadır ki, insan 24 saat və hər yerdə məşhurdur. Yəni bir müqavilə yoxdur ki, deyəsən ki, mən bu saatlar arasında məşhur olmaq istəmirəm. Ya da bir düymə yoxdur ki, basasan və istədiyin yerdə məşhur olmadan gəzə, düşünə, davrana biləsən.

 

- Haqqında danışmadığınız, yəni hələlik gizli saxladığınız layihələr varmı?

- Məndə həmişə bir hiss var ki, həyatımın ən nəhəng əsərini yazmağa başlayıram, amma hələ də bilmirəm, o əsər hansıdır və nə zaman yazılıb.

 

- Bilirəm ki, hər gün çoxsaylı oxucu məktubu alırsınız. Oxucularınız adətən nələrlə bağlı sizə yazırlar?

- Ən maraqlı məktublar suallar olan məktublardır. İnsanlar hansısa bir mövzunu, yeri və ya xarakteri haradan tapdığımla maraqlanırlar. Çünki həmin yerlər, hadisələr və ya insanlar onlara kimisə, nəyisə xatırladır. Məsələn, oxuduqca öz-özlərinə “Bu eynilə xalamdır”, ya da “Dayım da onun kimidir”, “Bizim kənddə də belə bir hadisə baş vermişdi” deyirlər. Sonra soruşurlar ki, siz bunu haradan bilirsiniz? “100 ilin tənhalığı”-ndan sonra Latın Amerikasından aldığım məktubların hamısı bu tipli idi.

 

- Əsərlərinizin ekranlaşdırılmasını istəmirsiniz. Bunun səbəbi nədir?

- Hər şey dağılacaq. Çünki film bir yazıçının təxəyyülünü olduğu kimi ortaya qoymağı, olduğu kimi ekranlaşdırmağı qəbul etmir. Hər şey əsəri dəyişir, qəhrəmanların oxucuda yaratdığı təəssüratı dəyişir.

 

Məqalədə yazıçının müxtəlif illərdə dərc olunmuş müsahibələrindən istifadə edilib.

 

Elcan SALMANQIZI

Kaspi.-2014.-26-28 aprel.-S.12.