Çətinliklər dəf edilmək
üçündür
Türkiyənin Egey Universitetinin rektoru, professor Candeger Yılmaz: “Universitetimiz üçüncü nəsil təşəbbüskar ali məktəbdir”
Haqqında mətbuat səhifələrindən və universitetin veb-saytından məlumatlandığım xanım rektor Candeger Yılmazı ilk baxışdan bir vaxtlar dünyada sayılıb-seçilən, hind xalqına böyük sevgisi ilə ölkəsinin liderliyinə yüksələn İndira Qandiyə bənzətdim. Şübhəsiz ki, bu ani təəssürat onun zahiri görkəmindən, təbəssüm və davranışından irəli gəldi...
Tələbkar, amma olduqca da qayğıkeş - “İlin rektoru”
Çox keçmədi ki, Türkiyənin məşhur Egey Universitetinin rektoru professor Candeger xanımın Hindistanın yeni ruhu sayılan İndira Qandiyə bənzəyişinin təkcə zahiri oxşarlıq olmağığını yəqin etdim. Təki taleyi onun taleyinə bənzəməsin, amma 2008-ci ildə ilk dəfə və 4 il sonra rektorluq kürsüsünü ikinci dəfə qazanan Candeger xanımın qadın üçün zirvə sayılacaq hünəri qardaş Türkiyənin ən böyük ali məktəblərindən olan Egey Universitetinin həyatına yeni ruh gətirməsindədir.
Yeri gəlmişkən, bu universitetin professoru, həmyerlimiz Afiq Bərdəlinin xanım rektor barədə ürəkdən gələn sözlərini oxucularımıza çatdırmağı gərəkli bilirəm:
- Türkiyənin təhsil sistemində böyük uğurlara imza atan Egey Universitetinə çox maraqlı insanlar və istedadlı alimlər rəhbərlik edib. Candeger xanım Türkiyə universitetləri sırasında böyük imic qazanmış bu ali məktəbin 12-ci rektorudur. 2010-cu ilin beynəlxalq açıqlamasında bu nəhəng təhsil müəssisəsi dünyanın ən yaxşı universitetləri sırasında yer alıb. Universitet çox ilklərə imza atıb, elə professor Candeger xanım Yılmazın iki dəfə rektor seçilməsi də maraqla qarşılanan hadisə olub. O, universitetin 60 ilə yaxın tarixində ilk qadın rektordur və universitet həyatına işgüzar bir həyat gətirib. İlk xanım rektorumuz ikinci dəfə də rektor kürsüsünə yiyələnməklə, artıq 6 ildir Egey Universitetinə rəhbərlik edir. O, olduqca tələbkar, amma olduqca da qayğıkeş bir rektordur. Bu tandem universiteti də, onun özünü də uğurlara doğru aparır.
...Bizi rektorluğun qəbul otağında rektor özü və köməkcisi Nilgün xanım çox isti bir nəvazişlə qarşılayırlar. Dəbdəbədən üzaq, sadə görnüşlü, çox da böyük olmayan rektor kabinetində söhbətimizi davam etdiririk. Masasının üstündə Türkiyə Tibb Uzmanları Dərnəyinin (ATUDER) Türkiyədə təcili tibb sahəsinin inkişafına töhfələrinə görə “İlin rektoru” mükafatının rəmzi diqqətimi cəlb edir. Rektor xanımı təbrik edirəm, əməyinə verilən dəyərə görə xoş sözlər demək istəyirəm...
– Təşəkkür edirəm, - deyə ardını söyləməyimə mane olur: – Gördüyün bir işin dəyərləndirildiyinin və faydalı olduğunun bir göstəricisi olaraq mükafatlandırılmaq çox gözəl və qürurvericidir. Bu mükafat məni xüsusilə hədəflərimizin reallaşması mənasında çox sevindirdi. Təzə və müasir bir məkanda yeni təcili xidmətin yaradılması, sağlamlıq sahəsində çalışanlara da dəyər verilməsini ortaya qoydu. Bunun təcili xidmət mütəxəssisləri dərnəyi (ATUDER) tərəfindən başa düşülməsi və qiymətləndirilməsi olduqca dəyərlidir, ona görə də bu mükafata xüsusi əhəmiyyət verirəm.
Türkiyə beynəlxalq əlaqələrdə təhsilə böyük önəm verir
– Universitetlərin köhnədən olduğu kimi, indi də əsas vəzifəsi elm və təhsil verməkdir. Elmi mühitin yaradılması və formalaşdırılması ilə cəmiyyətdə öndə olmaq və təcrübələrini paylaşaraq öndərlik etmək kimi vəzifə və məsuliyyətləri də vardır. İndiki vaxtda bu vəzifə və missiyanın yerinə yetirilməsində bir az fərqliliklər də var. Belə ki, yeni elm sahələrinin yaradılması və informasiya texnologiyasının imkanları bu istiqamətdə çox yayılmışdır. İndi üçüncü nəsil universitet dediyimiz yeni anlayış ortaya çıxmışdır. Yeni elmi məlumatların dəyərə çevrilməsi, yəni universitet — sənaye əməkdaşlığı daha ön plana çıxmışdır. Başqa cür deyişlə, ictimai gözləmələr və problemlər istiqamətində elmdən daha çox istifadə olunması günümüzün diktəsidir. Mən bir elm adamı - müəllim və idarəçi olaraq keyfiyyətli təhsilin təyinedici roluna inanıram. Özünə inamı yüksək olan, ictimai və mədəni işlərə aktiv qatılan, həyata erkəndən atıla bilən, təşəbbüskar və enerjili, inkişaf edən dünya dinamikasına uyğunlaşan, ictimai məsuliyyət layihələrinə qatılan şüurlu və həssas gənclər yetişdirməyə səy edirik.
- Yəqin, buna görə də Türkiyə beynəlxalq əlaqələrində təhsilə çox önəm verir...
- Bəli, Türkiyə beynəlxalq əlaqələrində təhsilə çox önəm verir və bu baxımdan da iddialarımız böyükdür. Xüsusilə içində olduğumuz yaxın coğrafiyada - Avropa Birliyi ilə təhsil sahələrində 2000-ci ildə ortaya qoyulan təhsil anlaşmalarımızın tələbləri yerinə yetirilməyə başlanmışdır. Boloniya prosesi ölkələrin öz milli xüsusiyyətlərini itirmədən, təhsil hədəfləri, qazanılan bacarıqlar və yetərliliklər mövzusunda bir-birinin kredit sistemlərini tanımalarında aydın ölçülər ortaya qoymaqdadır. Bunun yanında diplom əlavəsi etiketi adıyla verilən sənəd ilə bir-birinin təhsilinin etibarlı və tanıdılan olması maraq doğurur.
- Rəhbərlik
etdiyiniz universitet haqqında danışın... Yeri gəlmişkən, onu da söyləyim ki,
universitetiniz Azərbaycanda da kifayət qədər imicli bir təhsil
ocağı kimi tanınmaqdadır. “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı” çərçivəsində
gənclərin xaricdə təhsil almaları məqsədilə
seçilmiş ali təhsil müəssisələrinin
siyahısında Egey Universitetinin də adı var.
- Egey Universiteti üçüncü nəsil təşəbbüskar,
rəqabətçi universitetdir. Keyfiyyətli təhsilə
çox əhəmiyyət veririk. Bu istiqamətdə,
diplom əlavəsi etiketini alan ilk iki
türk universitetindən biriyik. 2011-ci ildə
Boloniya ECTS Etiketi Mükafatını da almışıq.
Bu səbəbdən təhsil və akkreditasiya,
keyfiyyət sənədi əldə etməyə
çalışırıq. Bunlar təhsil
baxımından Türkiyənin əhəmiyyətli
mövqeyini göstərməkdədir.
Egey Universiteti 2015-ci ildə 60 yaşını qeyd edəcək. Egey bölgəsinin ilk,
Türkiyənin 4-cü ali təhsil müəssisəsi
olan universitet Türkiyənin son dərəcə əhəmiyyətli
bir təhsil ocağıdır. Akademik sistemdə
ön sıraları qazanmağı bacarmışdır.
Son 5 ildə ən çox araşdırma layihəsi alan və ən çox layihə verən ilk
üç universitet arasındadır. Sənaye
Nazirliyinə ən çox layihə verən universitet
olmuşdur. 2012-ci ildə dünyanın ən
yaxşı ilk 500 universiteti siyahısına daxil olan 9
Türkiyə universitetindən biridir. 2013-ci ilin nəticələrinə
görə, ilk 500-lük arasında yer alan
4 türk universitetindən biridir. Egey Universiteti
ilkləri mənimsəmiş və
reallaşdırmış bir universitetdir. Bu
o qədər əhəmiyyətlidir ki, 2010-ci ildə
universitetin Türkiyədə və dünyada ilkləri
adında 300 səhifəlik bir kitab yazılmış və
ictimaiyyətə təqdim edilmişdir. Bu
kitabda 141 göstərici dünyada ilk olmaq üzrə 826 ilk
yer alır.
Egeyin ilk
qadın rektoru, 60 min nəfərlik bir ailənin “anası”...
- Səhv
etmirəmsə, Sizin qadın rektor
olmağınız da ilklərdəndir. Qadının rəhbər
olması çətin deyil ki?...
- Düz
deyirsiniz, universitetimizin ilk qadın rektoruyam. Egey
Universiteti məzunu olub, rəhbər idarəçi mövqedə
olmaq mənim üçün qürurverici bir faktdır.
İdarəçi olmanın dünyanın hər
yerində önəmli çətinlikləri vardır.
Xüsusilə, qadınların təhsil və iş həyatında
idarəçilik və yüksəlmə dövrlərinə
bağlı çətinliklər daha çoxdur. Bunların başında artan məsuliyyətlərlə
birlikdə, çatışmayan vaxt, zaman rəhbərliyi gəlir.
Qadın həyat yoldaşıdır, anadır,
işdəki rəhbər vəzifəsini və məsuliyyəti
də daha dərindən dərk edəndir. Yəni, əslində, irəliyə addım,
yüksəlmə hər kəs üçün, hər
zaman, hər yerdə çətinliklərlə birlikdədir.
Mən də bu çətinlikləri öz həyatımda
yaşadım. Ancaq bildiyim bir həqiqət
var ki, çətinliklər dəf edilmək
üçündür.
İdarəçilik tərzini mükəmməl edə
bilmək amalını əsla unutmuram. Fərdi
uğurların qeyri-kafi, qrup müvəffəqiyyətinin isə
əhəmiyyətli olduğunu bilir və işlərimi bu
istiqamətdə qururam. Müştərək iş
prinsipi və yaradıcılıqla önə çıxmaq,
fikir və rəylərə dəyər vermək elmiliyi
önə çıxarmaqdır. Bu sırada
dözə bilmədiyim məsələ isə yalan
danışmaq və tənbəllikdir. Bunlar
məni olduqca çətinliyə salır. Nəhayət, işlərin sürətli bitməsini
istəyirəm.
- Həyat
kredonuz, işdəki çətinliklər haqqında da
danışmağınızı istərdim
-
1994-1997-ci illərdə Egey Universiteti Xəstəxanasının
ilk qadın baş həkimi olmaq da mənə nəsib olub.
Egey Universitetində alimlərin 51,9 faizinin
qadın olduğunu da söyləmək istəyirəm. Bu xəstəxana 2 min yataq tutumu olmaqla bölgənin
ən böyük və xidmətləri ən yüksək
olan bir səhiyyə ocağıdır.
Tələbələrimizi düşünərkən
özümü 60 min nəfərlik bir ailənin “anası”
hiss edirəm.
Qadın rektor olaraq vəzifə məsuliyyətim,
bəlkə də, daha çoxdur. Amma
çətinliklərə baxmayaraq, həmişə gələcəyə
baxmağı, ümidlə və güvənclə irəliyə
getməyi çox xoşlayıram.
Ən çox
tələbə mübadilə edən iki universitetdən biri
- Türkiyənin Azərbaycandakı səfirliyinin məlumatlarında
bildirilirr ki, bugün 5 mindən çox azərbaycanlı gənc
dövlət və özəl xətlə Türkiyədə
təhsil almaqdadır. Bu layihədə Türkiyənin ən çox
tanınan ali məktəbi kimi Egey
Universitetinin adı çəkilir. Burada təhsil alan və çalışan azərbaycanlılar
haqqında nə deyərdiniz?
- Beynəlxalq
mübadilə proqramları və əlaqələr çərçivəsində
universitetimizdə 2 minə yaxın xarici tələbəmiz
var. Bunlardan 219 nəfəri azərbaycanlıdır. Egey Universitetində azərbaycanlı alimlər də
çalışmaqdadır. Onlardan birinin adını
mütləq çəkməliyəm - professor
Afiq Bərdəli. O, çalışqan, məhsuldar və
müvəffəqiyyətli, bir elm adamı üçün
yaşının az olmasına baxmayaraq,
universitetimizin tibb fakültəsində, bütün Türkiyədə
xaricdə ən çox məqaləsi dərc olunan bir elm
adamı kimi tanınır. Professor Bərdəli
təhsilə uğurlar gətirən alimlərimizdəndir.
- Dostluq və
qardaşlıq əlaqələrimizdə tələbələr
böyük bir körpüdür. Azərbaycanda
Egey Universitetini seçmək istəyən gənclərə
nə deyərdiniz?
- Egey Universiteti olaraq Azərbaycanla əlaqə və
ünsiyyətə çox əhəmiyyət veririk. Egey Universiteti
tələbə mübadiləsi proqramında Türkiyədə
ən çox büdcədən istifadə edən və ən
çox tələbə qəbul edən ilk iki universitet arasındadır.
Son illərdə bu mübadilənin miqyası xeyli artıb -
təqribən ildə 600 tələbə... Azərbaycanla,
eləcə də türkdilli dövlətlərlə əlaqələrin
genişləndirilməsində maraqlıyıq. Bu bizim dövlət siyasətimizin önəmli bir
hissəsidir. Gələcəkdə də
bu əlaqələrin artacağına və daha da möhkəmlənəcəyinə
çox inanıram.
Azərbaycan
kitabı Türkiyənin ilk və tək muzeyində
Egey
Universitetində yaradılmış Türkiyənin ilk və
tək Kağız və Kitab Sənətləri Muzeyi ilə
də tanış oluruq. Kitabın
yaranma tarixini, ümumiyyətlə, kağızın
keçib gəldiyi uzun yolu çağdaş adamlara
tanıdan bu muzeyin yerləşdiyi bina da keçmişin nadir
bir nümunəsidir. 19-cu yüzilliyin
ikinci yarısında sənayeçi Billan ailəsinin evi kimi
tikilən bina 1970-ci ildə Egey Universiteti üçün
satın alınmışdır. Muzeyin rəhbəri
və yaradıcısı Nədim Sönməz uzun illər
Almaniyada yaşayıb və ömrünün dəyərli
bir hissəsini bu muzeyin qurulmasına həsr edib. İnsafən, çox dəyərli işlər
görüb.
Nədim
bəy deyir:
- Bir
çox sahələrdə ilklərə imza atan Egey
Universiteti Türkiyədə tək, dünyada isə
çox az bənzəri olan bir sənət
muzeyi yaratmaqla daha bir ilkə imza atmış oldu. Türkiyə
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
qeydiyyata götürülmüş bu muzeydə 3500 il öncəki papirusdan tutmuş ən
müasir çap nümunələrinədək
yazılı abidələr və kitablar böyük həvəslə
ziyarətçilərə təqdim edilir.
Diqqətçəkən bir məqam da nəzərimdən
qaçmadı. Rektor Candeger xanımın yağlı
boya ilə çəkilmiş rəsmləri də mənim
üçün əsl sürpriz oldu. Düzü,
bir belə işdən və qayğılardan sonra bu cür
canlı sənət nümunələri yaradan insana, ən
azı, yaxşı mənada qibtə etməli olursan.
“Ölməz ağacı”, “Günbatımı” silsilə rəsmləri
insana təkcə taleyinin bir anını yox, həm də
duyğuların və həyatın reallıqlarını
yaşadır... O dəqiqə də xanım rektorun
müsahibədə dediyi bəzi sözlər yadıma
düşdü: “Qadın həyat yoldaşıdır,
anadır, işdəki rəhbər vəzifəsi və məsuliyyəti
də daha dərindən dərk edəndir”.
Daha bir sürpriz isə muzeyin guşələrindən
birində Azərbaycan kitabını da görmək oldu. Azərbaycanın
görkəmli ictimai xadimi, “Şöhrət” ordenli Zərifə
Salahovanın miniatür kitab nümunələrinin 3 nüsxəsi
burada nümayiş etdirilir.
Namiq
ƏHMƏDOV, Bakı—İzmir—Bakı
Kaspi.-2014.-23 aprel.-S.7.