İlklərin müəllifi

Tutayuqlar ailəsinin sonbeşiyi

 

Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya üzrə ilk azərbaycanlı qadın alim, biologiya elmləri doktoru, professor Validə xanım Tutayuqun adı elmi ictimaiyyətə yaxşı bəllidir. Ötən əsrin ortalarında bu xanımın fəaliyyəti nəinki Azərbaycanda, yurdumuzdan kənarda da məşhurlaşmışdı. Görkəmli alim dəfələrlə beynəlxalq elmi konfrans və konqreslərdə məruzə ilə çıxış etmişdi. Ölkə prezdenti cənab İlham Əliyev bu günlərdə görkəmli alimin anadan olmasının 100 illiyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzalayıb. Orada deyilir: Validə Tutayuq Azərbaycanda botanika elminin inkişafına sanballı töhvələr vermiş və kənd təsərrüfatı sahəsində milli elmi-pedaqoji kadrların yetişdirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir.

Validə Tutayuq 23 sentyabr 1914-cü ildə Şuşada anadan olub. Burada doqquz illik məktəbi bitirdikdən sonra Gəncə Kənd Təsərrüfatı İnstitutunun bağçılıq və bostançılıq fakültəsinə daxil olub. Onun bu sahəyə maraq göstərməsi atası Xaspoladdan gəlib.

İnstitutu başa vurduqdan sonra Validə Tutayuq aspiranturaya daxil olmuş və 1935-ci ildə V.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına dəyişilmişdir. Burada dünya şöhrətli akademik T.M.Jukovskinin rəhbərliyi altında müxtəlif tədqiqat işləri apararaq dissertasiya yazmış, bitkilərin xüsusiyyətlərini əsaslı şəkildə tədqiq etmişdi. 1939-cu ildə dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi alan Validə Tutayuq Azərbaycana qayıtmışdı. O, bir müddət Gəncə Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri işləmişdi. 1949-cu ildə Leninqradda V.L.Komarov adına Botanika İnstitutunun elmi şurasında doktorluq dissertasiyası müdafiə edərək biologiya və kənd təsərrüfatı sahəsində nəinki Azərbaycanda, ittifaqda ilk qadın elmlər doktorlarından və professorlarından biri olmuşdur.

1959-cu ildə Kanadanın Monreal şəhərində dünyanın 72 ölkəsindən gəlmiş 6 mindən çox alimin iştirak etdiyi botaniklərin IX beynəlxalq konqresi keçirilmişdi. Həmin ərəfədə Validə Tutayuqun "Çoxləçəkli çiçəklərin quruluşu" monoqrafiyası təzəcə çap edilmişdi. Bu nəşr təkcə keçmiş sovetlər birliyində deyil, həm də bir çox xarici ölkələrdə böyük əks-səda doğurmuşdu. Konqresdə də bu məsələ gündəmə gətirilərək Validə Tutayuqun bu sahədəki xidmətləri yüksək dəyərləndirilmiş və bununla da onun təcrübəsi dünyanın 20-dən çox ölkəsində öyrənilməyə başlanılmışdı.

Alimin elmi fəaliyyəti əsasən iki istiqamətdə inkişaf edirdi. O, həm bəzək, bağçılıq və yaşıllaşdırma sahəsində mütəxəssis idi, həm də respublikanın müxtəlif rayonlarında bir sıra ekspedisiyalar həyata keçirərək anatomik tədqiqatlar aparırdı. Validə Tutayuqun rəhbərliyi ilə ötən əsrin 70-ci illərində respublika otlaqlarının geobotanik cəhətdən öyrənilməsi dövlət əhəmiyyətli iş kimi dəyərləndirilirdi. Onun rəhbərliyi ilə təşkil olunan ekspedisiyalarda 100-dən artıq adam iştirak edirdi.

Validə Tutayuqun təşəbbüsü ilə Ümumittifaq Botanika Cəmiyyətinin Gəncə şöbəsi yaradılmış və özü də həmin quruma sədr seçilmişdi. Vətənpərvər alim bir çox tanınmış mütəxəssislərlə birlikdə respublikanın yaşıllaşdırılması layihəsinin hazırlanmasında fəal iştirak edirdi. O, 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilib. Elmdə göstərdiyi səmərəli xidmətə görə müxtəlif orden və medallara layiq görülmüşdü. 1974-cü ildə respublikanın elmi ictimaiyyəti bu məşhur alimin anadan olmasının 60 illiyini yüksək səviyyədə qeyd etdi. Elə həmin günlərdə Validə Tutayuq əməkdar elm xadimi adına layiq görüldü.

Azərbaycanın florasına aid 130-dan çox elmi məqalənin, 6 monoqrafiya və 6 dərsliyin müəllifi idi. Validə Tutayuqun ali məktəb və texnikum tələbələri üçün dərslik kimi istifadə olunan "Bitki anatomiyası və morfologiyası", "Azərbaycanın yaşıllaşdırılması", "Bitki teratologiyası" kitablarına təkcə keçmiş SSRİ-də deyil, dünyada məşhur olan akademiklərdən T.M.Jukovski və N.İ.Vavilov yüksək qiymət verərək onları biologiya elmi sahəsində yeni nailiyyət adlandırıblar.

Validə Tutayuq elmi sahədə çalışmaqla, dərin tədqiqatlar aparmaqla bərabər yeni mütəxəssislərin də hazırlanmasında fəal iştirak edirdi. Məhz onun rəhbərliyi ilə onlarca elmlər doktoru və namizədi yetişmişdi. Validə Tutayuqun əməyi müxtəlif orden və medallarla təltif edilmişdi. Cəmi 66 il ömür sürən Validə Tutayuqun xatirəsi bu gün də ehtiramla anılır. Akademik Həsən Əliyev onun haqqında yazırdı: "Əgər repressiya zamanı Validə xanımın ailəsi - bacı-qardaşları haqsızlığa məruz qalmasaydı, o, bizi belə tez tərk etməzdi. Validə Tutayuq çox istedadlı bioloq alim və mən deyərdim ki, misilsiz təbiətşünas idi. Heyf ondan..."

Dünya şöhrətli Validə Tutayuqun həyat və elmi fəaliyyətini araşdıranda maraqlı faktlarla üzləşdik. Onun məxsus olduğu nəslin Azərbaycan tarixində, pedaqogikasında, səhiyyəsində böyük xidməti olduğu aydınlaşdı.

...Onlar ailədə beş uşaq idilər: bir qardaş, dörd bacı. Ataları Xaspolad Tutayuq Şuşanın məşhur və nüfuzlu şəxsiyyətlərindən biri olub. 1892-ci ildə Peterburq Universitetinin təbiət-riyaziyyat fakültəsini bitirərək bioloq ixtisasına yiyələnib. Bir müddət Rusiyanın müxtəlif şəhərlərində çalışıb. Sonradan xəstələnib. Həkimlər ona dağlıq yerdə yaşamağı məsləhət görüblər. Bu səbəbdən də XX əsrin əvvəllərində Şuşaya qayıdan Xaspolad Tutayuq ömürlük burada qalmalı olub. Uzun illər həm Şuşada, həm də müxtəlif vaxtlarda Gorusda və Qazaxda meşəbəyi işləyib. Görünür ki, ali təhsilli bir şəxsin meşəbəyi işləməsi sadə məsələ deyildi. O zaman bu vəzifənin yüksək statusu və nüfuzu vardı. Validə xanımın ana tərəfi məşhur Qacarlar və Mirzəyevlər nəslindən idi. Südabə xanımla Xaspolad Tutayuq adları tariximizə həmişəlik yazılan beş övlad böyütdülər.

Ailənin ilki Murad olub. O, 1920-ci ildə Şuşa Realnı Məktəbini bitirdikdən sonra şəhərdəki ibtidai təhsil ocaqlarında hesab və rus dili müəllimi işləmişdir. Sonradan Azərbaycan Ali Pedaqoji İnstitutunun fizika-riyaziyyat şöbəsində təhsil alan Murad Tutayuq təyinatla Naxçıvan Müəllimlər Seminariyasına göndərilmişdir. Uzun müddət Naxçıvan şəhərində müəllim işləyən Murad Tutayuq qabaqcıl maarif xadimi, Naxçıvanın əməkdar müəllimi kimi fəxri adlara layiq görülmüşdür.

Murad 1931-ci ildə Şuşada yay istirahətində olarkən antisovet fəaliyyətinə görə həbs edilib. Lakin günahı sübut olunmadığından müvəqqəti azadlığa buraxılıb. Bir daha repressiyanın caynaqlarına ilişməmək üçün Murad Şahbuza gedib. O, kənd Şahbuzda fizika müəllimi işləyib. Az keçməmiş onu Naxçıvan Dövlət İkillik Müəllimlər İnstitutuna dəvət ediblər. O, burada müəllim, tədris işləri üzrə direktor müavini olmuşdur. Sonra Azərbaycan Elmlər Akademiyasının Naxçıvanda yaradılan elmi bazasının direktoru təyin edilib. Demək olar ki, ömrünün sonuna kimi Naxçıvanda yaşayıb və burada da vəfat edib. Dövrün ziddiyyətlərinə bax ki, repressiyadan canını zorla xilas edən Murad Tutayuq sonralar Lenin, "Qırmızı Əmək Bayrağı" ordenləri və bir neçə medalla təltif edilmişdir. Naxçıvan pedaqoji tarixinin unudulmaz simalarından biri olan Murad Tutayuqu şəxsən tanıyanlar, ondan dərs alanlar bu gün də onu ehtiram və hörmətlə yad edərək son dərəcə mədəni, mehriban, savadlı və geniş dünyagörüşə malik şəxs kimi xatırlayırlar.

Muraddan iki yaş kiçik bacısı Fatma Tutayuq isə respublikamızın ilk ali təhsilli qadın pedaqoqlarından biri olub. O, ilk təhsilini Şuşada almış, elə pedaqoji fəaliyyətə də doğma şəhərdə başlamışdır. 1922-ci ildə Şuşa qəza maarif şöbəsi tərəfindən Bakıda yeni açılan Azərbaycan Ali Pedaqoji Qızlar İnstitutuna oxumağa göndərilmişdir. Təhsilini başa çatdırdıqdan sonra yenidən Şuşaya qayıdaraq vaxtilə işlədiyi məktəbə müdir təyin edilmişdir. Gənc pedaqoq 1926-cı ildə həyat yoldaşı Haşım Feyzullayevin iş yerinin dəyişilməsi ilə əlaqədar Salyana köçmüş və əri ilə birlikdə pambıqçılıq texnikumunda müəllim işləmişdir.

1927-ci ildə Haşım Feyzullayev Müsavat təşkilatının üzvü kimi həbs edilib və ona on il iş kəsiblər. Haşım Feyzullayev Solovki adalarına sürgün olunmuşdu. Təzyiqlərə, təqiblərə məruz qalan Fatma Tutayuq ailəsini zillətdən xilas etmək üçün 1929-cu ildə ərindən boşanmağa məcbur olub. Buna görə də ərinin arxasınca Solovkiyə gedərək Haşım Feyzullayevdən rəsmən ayrılmışdır. Təbii ki, bu ayrılıq kağız üzərində idi. Qaniçənləri aldatmaq mümkün deyildi. 1931-ci ildə Fatma Tutayuq həbs edilib və bir müddətdən sonra azadlığa buraxılıb. Sinəsinə vurulmuş ağır dərdi unutmasa da, özünü tox tutmağı, təmkinli aparmağı bacaran Fatma Tutayuq müəllimliyi ilə məşğul olmuşdur.

Tutayuqlar ailəsinin üçüncü övladı Zinyət xanım Azərbaycanın tanınmış səhiyyə təşkilatçısı və əməkdar həkim olub. O, ibtidai təhsilini Şuşada alıb, Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Ağdam rayonunun Muradbəyli kənd məktəbində müəllim kimi fəaliyyətə başlayıb. Hətta bir müddət bu məktəbin direktoru olub. Sonralar ailə vəziyyəti ilə əlaqədar Göyçaya köçüb, bir müddət pambıq tədarükü birliyində çalışıb. 1932-1933-cü illərdə Quba şəhərindəki bir nömrəli uşaq evinin direktoru olub.

Zinyət Tutayuq ali təhsil almaq haqqında fikirləşirdi. O dövrdə həkimə böyük ehtiyac vardı. 1935-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. Təhsili başa çatdıqdan sonra təyinatla doğma Şuşaya qayıdıb. O, rayon mərkəzi xəstəxanasında həkim, səhiyyə şöbəsinin müdiri, baş həkim işləmişdir. İkinci Dünya müharibəsi illərində göstərdiyi fədakarlığa görə medallar, "Səhiyyə əlaçısı" döş nişanları ilə təltif edilmişdir. 1980-ci ildə 79 yaşında Şuşada vəfat etmişdir.

Ailənin dördüncü övladı - taleyi gətirməmiş, dövrün repressiyalarına tuş gəlmiş Ənvər Xaspolad qızı Tutayuq idi. O, 1910-cu ildə anadan olub. 1925-ci ildə orta məktəbi bitirdikdən sonra pedaqoji fəaliyyətə başlayıb. Bir müddət Şuşadakı "Nərimaniyyə" məktəbində dərs deyib. 1937-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. Lakin həmin vaxt həyat yoldaşı, Şuşa Pedaqoji Texnikumunun müəllimi Əyyub Hacıyev müsavatçı kimi həbs edilib. Onu əksinqilabçılıqda, antisovet təbliğat aparmaqda təqsirləndiriblər. Ərinin antisovet təşkilatının üzvü olduğu barədə çıxarılan hökmə görə Ənvər xanımı da xalq düşməninin arvadı kimi həbs edərək Bayıl həbsxanasına göndəriblər. 1938-ci ilin aprelində Ənvər xanıma səkkiz il iş kəsilib və cəzasını çəkmək üçün Mordova Muxtar Sovet Sosialist Respublikasının Temnikov şəhər islah-əmək düşərgəsinə göndərilib. Ənvər Tutayuq tutulan vaxt hamilə olduğundan sürgün yerinə çatmazdan əvvəl - 1938-ci ilin may ayında Moskva vilayəti Potma rayonunun Yavaş qəsəbəsindəki 15 nömrəli həbs düşərgəsində saxlanılıb. Burada onun oğlu dünyaya gəlib. Lakin zalımlar iki aylıq körpəni onun əlindən alaraq uşaq evinə göndəriblər, özünü də sürgünə. Başına gələn bu haqsızlığa və zülmə dözə bilməyən Ənvər Tutayuqun 28 yaşında ürəyi partlayıb.

Tutayuqlar ailəsinin sonbeşiyi Validə xanım isə əvvəldə qeyd etdiyimiz kimi, biologiya sahəsində ilk azərbaycanlı qadın alimdir. Təəssüf ki, bu görkəmli alim cəmi 66 il ömür sürmüşdür. Amma elmə verdiyi töhfə, xalqa göstərdiyi xidmət onun ölümsüzlüyünü şərtləndirdi.

 

Flora XƏLİLZADƏ,

əməkdar jurnalist

kaspi.-2014.-31 iyul.-S.10.