Vüqar Hacıyev: “Böyük rolların ifaçısı olmaq hədəfə çatmaq deyil”

 

Ana teatrın studiyasında parıldayan işıq

Bu ilin iyul ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının nəzdində yaradılan teatr studiyası fəaliyyətinin yekunu olaraq hazırladığı “Banan qabığı”, yaxud “Qeyri-adi konsert” adlı kompozisiyanın təqdimatında iştirak edərkən gənc vokalist, aktyor Vüqar Hacıyev diqqətimi çəkmişdi. Onunla görüşmək isə bu günlərə təsadüf etdi, başqa sözlə desək, yeni mövsümdən start götürən “Debüt” rubrikamızda qonaq oldu.

 

Bu rubrikada siması yenicə tanınan, teatra yeni qədəm qoyan gənc aktyoraktrisalardan söhbət açsaq da, 10 ildən artıqdır ki, teatrda böyük həvəslə çalışdığını söyləyən V.Hacıyevlə yenilik etmək istədik. Onunla söhbətimiz zamanı aydın oldu ki, bu söhbət onun debütü deyil. Əslində onun yaradıcılığı ilə indi tanış olduğum üçün hətta özümü qınadım da.

 

Qismətin apardığı yol ilə...

 

Vüqar Aydın oğlu Hacıyev 1983-cü ildə Bakıda anadan olub. Xətai rayonunun 263 saylı məktəbində orta təhsil alan aktyor Tibb Universitetinə hazırlaşsa da, bu istəyinə nail ola bilməyib. Uşaqlıqdan öz vokal imkanlarının fərqinə belə varmayan Vüqarın sözlərinə görə, valideynləri də onun vokal imkanlarından xəbərsiz olublar. Buna görə Vüqar hərdən onları qınayaraq, deyir: “Kaş mənim səsimin olduğunu o vaxtdan biləydilər. Düzdür, hər şey qismətdən asılıdır. Anam evdar qadın olduğu üçün məni dərnəklərə aparmayıb. Yəqin ki, bu mənim qismətim imiş”.

 

İfaçılıqla 17 yaşından məşğul olan Vüqar məktəb illərində muğam ustası Vahid Abullayevin dərslərində dinləyici qismində iştirak edib. V.Abdullayev gəncdə mutasiya dövrü olduğu üçün səsinin zədələnəcəyindən ehtiyat edib. Daha sonra isə Filarmoniyada Zabit Nəbizadənin dərslərinə yenə də dinləyici qismində qatılıb.

 

Gənc aktyor 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili Teatr aktyorluğu” fakültəsinə qəbul olunub. Vüqar universitetə daxil olmamışdan öncə də 1998-ci ildən “Körpəm Eksperimental Uşaq Teatrı”nda, daha sonra Bakı Uşaq Teatrında işləməyə başlayır. Həmin ərəfədə kurs rəhbəri Faiq Zöhrabov Vüqarı Musiqili Komediya Teatrında işləməyə dəvət edir. Müəlliminin ilk dəvətini qəbul etməyən Vüqar bunun əsaslı səbəbi olduğunu söyləyir. Belə ki, o, Uşaq teatrında çalışdığı üçün hesab edirdi ki, burada müəllimi Vidadi Həsənovdan öyrəndiklərini heç kimdən öyrənə bilməyəcək. Vidadi Həsənovun yaradıcılığını böyük məktəb hesab edən gənc aktyor Faiq Zöhrabovla və Hacıbaba Bağırovun israrlı təklifindən sonra Musiqili Komediya Teatrında işləməyə razılıq verir. Həmin müddətdə Hacıbaba Bağırovdan böyük qayğı gördüyünü söyləyən Vüqar teatrda E.Sabitoğlunun “Bankir adaxlı”sında nümayəndə, R.Mustafayevin “Volqalı canan”ında şair Qaynar, O.Rəcəbovun “Əlin cibində olsun”da Qəşəm, R.Əkbərin “Bəydullanın möhtəşəm toyu”nda Qeybulla, S.Fərəcovun “Bir günlük siğə” tamaşasında Xəlil, “İddialı Qaraçı”da Qraf Qaston kimi obrazları özünəməxsus ustalıqla oynayıb.

 

Çətin olduğu qədər də şərəfli sənət

 

2012-ci ildə Musiqili Teatrı tərk edən Vüqar hələ üçüncü kursda oxuyarkən “Küçələrə su səpmişəm” filminə dəvət alan gənc aktyor orada Tağı obrazını yaradır. Daha sonra “Yalan” filmində maraqlı obrazı ilə yadda qalmağı bacarır.

 

V.Hacıyev 2005-ci ildən Musiqili Komediya Teatrında işləyə-işləyə paralel olaraq “ÜNS” yaradıcılıq səhnəsində də çıxış edir. O, həmin illəri belə xatırlayır: “2006-cı il aprelin 22-də ÜNS yaradıcılıq mərkəzinin açılışı oldu. Orada heç bir tanışlığa, yerlibazlığa yol verilmir, yalnız və yalnız istedadı olan şəxslər iştirak edir. Belə bir şans əldə etdiyim üçün özümü çox şanslı hesab edirəm. Üns yaradıcılıq mərkəzi mənim yaradıcılığımda xüsusi yer tutur”.

 

Bir müddət Asəf Zeynallı adına Texnikumda illüstrator – əvəzedici müəllim vəzifəsində çalışdığını deyən Vüqar il yarım orada işlədikdən sonra hərbi xidmətə getdiyi üçün işini yarımçıq qoymalı olur. Daima yeniliklər axtaran müsahibim cari ilin noyabr ayında Vidadi Həsənovun dəvəti ilə Akademik Milli Dram Teatrının nəzdində yaranan teatr studiyasına gəlir. Deyir ki, bu studiyada özünü mənəvi baxımdan çox rahat hiss edir. 8 aydan sonra Vüqar daim onu doğru yola istiqamətləndirən ustadı Vidadi Həsənovun koməyi ilə Yuğ Dövlət Dram Teatrında aktyor ştatına qəbul edilir. Həmin teatra gəlişinin əsas səbəbkarlarından biri də Tərlan Rəsulov olub. Yuğ Teatrının böyük bir məktəb olduğunu deyən aktyor teatrın yaradıcısı Vaqif İbrahimoğlunun tələbəsi olmadığı üçün çox heyfslənir: “V.İbrahimoğlunun yaratdığı böyük bir ənənəni “Yuğ” teatrı səviyyəli şəkildə davam etdirir. Heyfslənirəm ki, mən Vaqif İbrahimoğlunu vaxtında görməmişəm. Çox təəssüf edirəm ki, onun tələbəsi olmaq şansını qaçırmışam. Bu gün sözün əsl mənasında yenilikləri ortaya qoyan “Yuğ” teatrında işləmək çox çətindir, amma çətin olduğu qədər də şərəflidir. Çox səmimi və mehriban bir kollektivi var”.

 

Gələcəyə ümidlə baxan, istedadlı gənc...

 

Akademik Milli Dram Teatrı ilə əməkdaşlıq edən Vüqar hazırda ana teatrın səhnəsində Gümrah Ömərin rejissorluğu ilə hazırlanan Yunis Oğuzun “Nadir şah” tarixi əsərində üç obraz - Əbülfeys, Rəhimsultan və Türkmən xan obrazlarını canlandırdığını deyir. Bununla bərabər, aktyor Yuğ Dövlət Dram Teatrında hazırlanan “Dədə Qorqud” dastanı əsasında hazırlanan “Boy” tamaşasında da iştirak edəcək.

Gənc aktyora “bu qədər peşəkar teatrlarda işlədiyiniz haldaüçün teatr studiyasında işləməyə razılıq verdiniz?” sualını verdik. Cavabında:

 

- Leonardo DiCaprioya sual edirlər ki, nə üçün sən teatrda işləyirsən? O isə qarşılığında deyir ki, mən kinoda xərclədiklərimi teatrdan qazanıram. Bu gün aktyor bir məkanda qalıb yalnız oradan öyrənmək riski yaşayırsa, o aktyoru zamanın tələbləri ilə uyğunlaşmayan aktyor hesab edirəm. Hər yerdən bir şey öyrənəndə insanın beyni və həyat təcrübəsi də artır. 15 ildir teatrdayam. Studiyada işləməyimə ona görə razılıq verdim ki, mənim də buradan öyrənəcəyim çox şey var. Ən çox da Vidadi Həsənovun tələbələrə çox şey öyrətdiyini bildiyim üçün ora getməyə qərar verdim. Orada olan uşaqların çoxu yaşda məndən balaca olsalar da, mən bunu sezdirməmişəm. Mən həmin tələbələrlə bərabər şəkildə nələrsə edə bilirəmsə, nə xoş mənə… Dünya teatrına nəzər salsaq görərik ki, yaşlı aktyorların bədən fiqurası heç də gənclərdən geri qalmır. Düşünürəm ki, Vidadi Həsənov da bizə qoşulsa o hərəkətləri bizimlə paralel edə bilərdi. Çünki o öz bədənini tərbiyə edib. Bu gün studiyada biz step öyrənirik. Ancaq mən bunu “Yuğ” teatrında öyrənə bilməzdim. Bu günün aktyoru oxumağı da, rəqs etməyi, tryuk etməyi də bacarmalıdır. Biz bunları o qədər ikinci plana atmışıq ki, bunları artıq yadırğamışıq”. Vüqara görə, aktyorun inkişaf etməsi üçün onun fiziki yaddaşı, düşüncə tərzi yerində olmalıdır. Bunların hər hansı biri qaydasında olmasa, obraz canlandırarkən istər-istəməz problem yaranır.

 

Vüqar həm də Şövkət Məmmədova adına Opera studiyasında çalışır. Hədəfi isə tükənməzdir. Hesab edir ki, daima rejimində olan aktyorun gün ötdükcə istəyi daha da çoxalır: “Arzularımın içərisində baş rollar oynamaq kimi hərisliyim yoxdur. İstəyirəm ki, Azərbaycan teatrını peşəkar şəkildə təbliğ edim. İtaliyada vokal sənətinin sirlərinə yiyələnmək istəyirəm. Misal üçün muğam Azərbaycan mədəniyyətinin çox müqəddəs incilərindəndir. Azərbaycan muğamı bütün dünyanı lərzəyə gətirir. Muğamı öyrənmək üçün bir ingilis mütləq şəkildə Azərbaycana gəlməlidir. Düzdür, bizim vokal müəllimlərimiz, ifaçılarımız yetərincədir. İtaliya isə vokal sənətinin beşiyidir. İtaliyada oxuyub gəlmək tamam başqa bir şeydir. Vokalı ifa etmək üçün mütləq şəkildə o auranı hiss etmək lazımdır. Bizdə vokal sənəti inkişaf edib, ancaq İtaliyadakı kimi deyil. Biri var bu sənəti yaradanın özündən öyrənəsən, birvar ki, azərbaycanlının italyandan öyrəndiyini öyrənəsən. Düzdür, bu gün Azərbaycan opera məkanında italyanlar gəlib ifa etmirlər, bizimkilər oxuyur. Ancaq bu sahəni gedib İtaliyada öyrənib gəlmək daha gözəl olardı. İtaliyaya vokal sənətini öyrənməyə gedən sənət ustalarının çoxu da geri dönmür. Dönsələr belə, özlərini burada realizə edə bilmirlər. Böyük mənada götürsək, teatr bizim özümüzdən başqa heç kimə gərəkli deyil. Buna çox əfsuslanıram. Bu gün Konservatoriyanı, İncəsənət Universitetini bitirənlər bir məkana – toylara qaçırlar. Mən isə arzulayıram ki, qala konsertlərdən öz gəlirimi götürüb maddi durumumu düzəldim”.

 

- Qeyd etdiniz ki, baş rolları canlandırmaq istəmirsən. Bu bizə qəribə gəldi…

 

- Əslində istəyirəm. Ancaq bu mənim xüsusi hədəfim deyil. Həyatda bundan da böyük hədəflərim var. Böyük rolların ifaçısı olmaq hədəfə çatmaq deyil. Həyatda ən gözəl şey özün kimi olmaqdır. Biz onsuz da kiməsə baxıb onu yamsılayırıq. Ancaq nəticədə özümüz oluruq. Tutalım mən Vidadi Həsənovu da, Alpaçinonu da və digər istedadlı aktyorların yaradıcılığını da izləyirəm. Ancaq mən onların yerini doldura bilmərəm. Onların oyun tərzindən sadəcə bəhrələnə bilərəm.

 

Teatr əhlinin yaralı yeri olan qonorar məsələsinə gəldikdə isə gənc aktyor toylara getdiyinibunun utandırıcı olmadığını qeyd etdi: “Bəstəkarlardan biri məndən aldığım məvacibi soruşdu. Ona aldığım məvacibi dedikdə o mənə bu qonorarla işlədiyim üçün ağılsız olduğumu söylədi. Bizim dözümlülüyü tələb edir. 1999-cu ildən bu yana dözürəm, yəqin ki, dözəcəm də. Açığını deyim ki, mən səs imkanlarımın sayəsində maddi durumumu konsertlərlə, toylarla təmin edirəm. Bunu deməkdən də utanmıram. Orada işləyərək teatrı da dolandırırıq”.

 

Xəyalə Rəis

Teatrşünas

Kaspi.-2014.-21 noyabr.-S.12.