Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır...

 

Üzeyir bəy Hacıbəylinin O olmasın, bu olsun komediyasının Azərbaycan Dövlət Musiqili Teatrının repertuarına yenidən daxil edildiyini eşidəndə, açığı, bir qədər təəccübləndim. Kino sənətimizə artıq möhür vurmuş, teatrlarımızda dəfələrlə tamaşaya qoyulmuş bu əsəri bərpa etmək teatra nə verə bilərdi? Bu sualla bağlı düşüncələrimə aydınlıq gətirmək üçün yeni ifaçıların siyahısına göz gəzdirdim.

 

Elə ilk baxışda diqqətimi çəkən Məşədi İbad rolunun ifaçısı - Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar

artist Şövqi Hüseynov oldu. Bu, gələcək tamaşa ilə bağlı məndə həm xoş təəssurat, həm də çoxlu sual oyatdı. Şövqi Hüseynovun bir aktyor kimi püxtələşməsi, özünü artıq təsdiq etməsi, teatrda (həm Kamera Teatrında, həm də Gənc Tamaşaçılar Teatrında) özünəməxsus cizgiləri ilə seçilən rollar yaratması, onun bu işin də öhdəsindən layiqincə gələcəyinə ümid yaradırdı. Bununla yanaşı, fikrimdə müəyyən suallar da dolaşırdı və bu suallar da əsassız deyildi. Şövqi Hüseynov nə qədər istedadlı aktyor olsa da, Musiqili Teatrın yaradıcılıq tələblərinə (canlı orkestrlə musiqi ifa etmək musiqili teatr aktyoru olmayan ifaçı üçün o qədər də asan deyil) cavab verməyə bilərdi. Bu işin öhdəsindən lazımınca gələ bilməmək isə aktyorun ümumi yaradıcılığına kölgə salardı.

 

Nəhayət, premyera günü (25 oktyabr 2014-cü il) bütün bu suallara cavab tapmaq üçün böyük həvəslə tamaşaya getdimtamaşadan aldığım ləzzəti, müsbət emosiyaları sizinlə bölüşmək istəyirəm.

Klassik əsərlər əsasında hazırlanan tamaşalarda mənim ilk öncə axtardığım mövzuya necə yanaşıldığı, tamaşanın yozumundakı yeniliklər və özünəməxsusluqlar olur. Sözü gedən tamaşada da məni ən çox qane edən məhz bu yeniliklərin bolluğu idi. Həm rejissor işində (quruluşçu rejissor C.Səlimova), həm də aktyor

ifalarında diqqəti çəkən və böyük ustalıqla işlənmiş çoxsaylı tapıntılar tamaşanın uğurunu şərtləndirəndirirdi.

 

Madam ki, tamaşadakı yeniliklərdən və tapıntılardan söz açdım, onda elə həmin tapıntılarla bağlı fikirlərimə aydınlıq gətirim. Əslində, O olmasın, bu olsun əsərinə o qədər fərqli yanaşmalar, müxtəlif rejissor yozumları olub ki, artıq bu mövzuda yeni söz demək rejissoraktyorlar üçün həm ciddi məsuliyyət, həm də böyük sınaqdı.... Bu baxımdan yanaşanda əminliklə tamaşanın yaradıcı heyətinin ortaya mükəmməl (bu, sadəcə, xoş söz xatirinə deyilən fikir deyil, tamaşaya sərf olunan əmək bütün səhnələrdə açıq-aşkar görünür) bir qoyduğunu deyə bilərəm.

 

Tamaşanın mövzusu ilə bağlı fikir söyləmək istəmirəm. Yəqin ki, ölkəmizdə O olmasın, bu olsun komediyasını oxumayan, səhnədə görməyən, filmə baxmayan çətin tapılar. Cənnət Səlimovanın yenidən bərpa etdiyi bu tamaşanın quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri ZakirYelena Ağayevlər, dirijoru Fəxrəddin Atayev , xormeysteri Vaqif Məstanov, konsertmeysteri Zülfiyyə Sadıxova, rejissor assistentləri Elməddin DadaşovAnar Sadıqovdur.

 

O olmasın, bu olsun çoxməkanlı, şaxəli, mürəkkəb quruluşa, zəngin, rəngarəng obrazlar aləminə malik bir əsərdir. Belə bir əsəri səhnə tələblərinə uyğunlaşdırmaq, vahid bir xətt ətrafında birləşdirmək rejissordan böyük əmək, təcrübə və istedad tələb edir. Tamaşanın quruluşu göstərir ki, Cənnət Səlimova bu tələblərə yüksək məsuliyyət hissi ilə yanaşmışdır. O, aktyor kollektivi ilə birlikdə ciddi yaradıcılıq işi aparmış və teatrsevərlərin zövqünü oxşayan son dərəcə gözəl bir tamaşa meydana gətirmişdir.

Sevindirici cəhət həm də odur ki, yaradıcı heyətin işi sıravi tamaşaçıların da ürəyincə idi. Bəzən teatr ictimaiyyəti üçün dəyərli hesab olunan hər hansı bir səhnə əsəri tamaşaçılar tərəfindən lazımi səviyyədə qiymətləndirilmir və ya əksinə. Bu tamaşada isə uzun müddətdir qarşılaşmadığım tamaşaçı sevgisinə şahid oldum.

 

Hər bir yaradıcı işdə uğurlarla yanaşı, müəyyən çatışmazlıqların olması da normal haldır. O olmasın, bu olsun tamaşası da təbii ki, kiçik nöqsanlardan xali deyildir. Məşədi İbadın özünün təbirincə desək, hər gözəlin bir eybi var. Önəmli olan isə odur ki, bu eyib səhnədən tamaşaçılara ötürülən gözəlliklər içində itib-batır.

 

Tamaşaçı üçün tamaşanın temp-ritmi çox önəmlidir. Ritm düşərsə, istər-istəməz tamaşaçının diqqəti yayınır və o, ruhən tamaşadan uzaqlaşır. Yenidən tamaşaya qayıdarkən isə artıq səhnə dəyişikliyi baş vermiş olur. O olmasın, bu olsun tamaşasında ritmin canlı tutulması rejissorun uğuru hesab olunsa da, fikrimcə, bir-birini tamamlayan aktyor heyətinin də bu işdə rolu əvəzsizdir. Aktyorların hər biri Üzeyir bəyin zəngin musiqisindən yararlanaraq öz solo ifaları ilə tamaşanın içində mini-performans sərgiləyirlər. Əməkdar artist Şövqi Hüseynov (Məşədi İbad), xalq artisti Afaq Bəşirqızı və əməkdar artist Nahidə Orucova (Sənəm), əməkdar artist Ələkbər Əliyev və Möylə Mirzəliyev (Rüstəm bəy), əməkdar artist Novruz Əliyev və Ziyadxan Cəbrayılov (Məşədi Qəzənfər), əməkdar artist Səidə Səfərəliyeva və istedadlı aktrisa Gültac Əlili (Gülnaz), Əməkdar artist Əkbər Əlizadə və Elxan İsmayılov (İntelligent Həsən), hələ uşaq yaşlarından tamaşaçıların sevgisini qazanmış Amil Məmmədov və Elvin Əliyev (Sərvər), Ağaxan Şərifov və Hüseyn Əlili (Hambal), Məhərrəm Qurbanov və Əliməmməd Novruzov (Qəzetçi Rza), Nadir Xasiyev və Səmədzadə Xasiyev (Həsənqulu bəy), Əzizağa Əzizov (Qoçu Əsgər) kimi aktyorlar bir an belə zəifləməyən templə tamaşaçıları iki saatlıq möhtəşəm tamaşada darıxmağa qoymurlar. İfaçılar bir-birləri ilə uyum və ahəng içində maraqlı, canlı oyun nümayiş etdirirlər.

 

O olmasın, bu olsun tamaşası həm rəqs, həm musiqi, həm də aktyor ustalığının bir yerdə və yüksək səviyyədə olması baxımından bəxti gətirmiş tamaşadır. Bütün aktyorların, xüsusi ilə də, tamaşanın əsas xarakterik obrazı olan Məşədi İbadın - Şövqi Hüseynovun oyunu böyük ustalıqla və zövqlə işlənmişdir. Aktyorun səsi, jest və mimikaları, hərəkəti, improvizələri illərdi bizə tanış olan Məşədi İbadı yeni, orijinal cəhətlərlə bəzədi və yeni Məşədi İbad heç də sələflərindən az sevilmədi, hətta deyərdim ki, onları bir qədər üstələdi də. Aktyorun rolunu böyük sevgi və məsuliyyətlə ifa etdiyi demək olar ki, bütün səhnələrdə özünü büruzə verirdi. Bu rolla Şövqi Hüseynov bir aktyorun öz istedadı ilə səhnədə nələrə qadir ola biləcəyini göstərdi.

 

Digər aktyorların ifaları da canlılıqda, özünəməxsusluqda bir o qədər uğurlu alınmışdı. Təbii ki, bütün aktyorların ifalarından söz açmaq imkanımız məhdudur, hətta bu barədə yazmış olsaq belə, bütövlükdə tamaşanın, eləcə də, aktyorların uğurunu, hər obrazın xırdalıqlarını tam dəqiqliklə ifadə etmək çətindir. Bunun üçün mütləq tamaşanı canlı izləmək gərəkdir. Necə deyərlər, Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdr. Buyurun, gəlin və görün!

 

Vəfa Mühacirova

Teatrşünas

Kaspi.-2014.-21 noyabr.-S.11.