Paris, Passi məzarlığı və Toğrul Nərimanbəyov haqqında düşüncələr

 

 

Toğrul Nərimanbəyov istedadının başqa bir gizli qatı da vardı. Bu onun şairlik istedadı idi. Zamanında rəssamın mətbuatda xeyli sayda şeiri çap olunub. Və indi nə qədəri də kitab şəklində öz çapını gözləyir.

Bəli, Toğrul Nərimanbəyov hərtərəfli istedada malik bir sənətkar idi. O, 1955-ci ildə Vilnüs Dövlət Rəssamlıq İnstitutunu qurtarıb Bakıya qayıtdıqdan sonra öncə adamların diqqətini istedadı ilə yox, zahiri görkəmi, qeyri-adi geyimi ilə özünə çəkməyə başladı. O, ceyim –kecimi, üzündə nazik tük xətti və kiçik qara saqqalı, başına qoyduğu Meksika sambrerosu ilə azərbaycanlıdan çox avropalıya –daha dəqiq desək, lap elə dünya şöhrətli rəssam Qustav Kurbeyə oxşayırdı. Özünü ona oxşatmağın da obyektiv səbəbləri vardı: o Kurbe sənətinin vurğunu idi. Amma bu sənətin əsri deyildi.

 

Qəribə idi, Toğrulun avropasayağı geyimi, zahiri görkəmi onu tanıyanlarda da, tanımayanlarda da qıcıq yaradırdı, bir qədər sonra sərt üslubda işlədiyi «Bayıla gedən yol», «Bayılda ev» tabloları da mütəxəssislər və tamaşaçılar tərəfindən birmənalı qarşılanmadı. Onu yetərincə tənqid etdilər. Bu tənqidlər sonralar da səngimədi. Onu «milli kökdən qopan», «xalqın içindən çıxmayan sənətkar kimi ittiham etməyə başladılar. Hətta iş o yerə çatdı ki, Moskvada keçirilən Zaqafqaziya rəssamlarının sərgisində keçmiş SSRİ Sİyasi Bürosu üzvlüyünə namizəd, SSRİ Mədəniyyət Naziri Yekatrina Furtseva da ona hücuma keçdi. O, Toğrulun əsərləri asılan yerə gəlib bu əsərlərə baxa-baxa ötkəmliklə dedi: «Yoldaşlar, bu nədi? Bizim sovet ittifaqı bəyəm bu yolla getməlidir?!». Onu bu çətin vəziyyətdə həmkarlarından biri özündə güc tapıb müdafiə edə bildi. Yoxsa sənət aləmində Toğrul Nərimanbəyov soy adlı qüdrətli bir firça ustasından tamam xəbərsiz olacaqdıq.

Bütün bunlara baxmayaraq Toğrul Nərimanbəyov öz yaradıcılıq və eksperiment axtarışlarının davam etdirib ortaya yeni əsərlər qoyurdu. Buna misal olaraq ayrı-ayrı dönəmlərdə çəkilmiş «Bayıl mənzərəsi», «Fırtınadan güclü», «Səadət», «Sevinc», «Həyat naminə», «İşıqlı gələcək uğrunda», «Bakı», «Doğma şəhər», «Dağların mahnısı», «Qədim Naxçıvanın ponaramı», «Göyçay bağlarında», «Talış dağlarında», «Yaylaqda», «Çobanın ailəsi», «Muğam», «Musiqiçilər», «Bağda çayxana», «Məhsul bayramı», «Şəkidə bazar», «Bakıda bazar», «Anamın portreti», «Anna Andreyevanın portreti», «Səttar Bəhlulzadənin portreti», «Niko Pirosmanının portreti», «İçəri şəhər», «Qız qalası», «Şirvanşahlar sarayı», «Rəssamın ailəsi», «Zaqatalıya gedən yol», «Qəbələ meydanı», «İçərişəhərdə küçə», «Köhnə Bakı» rənkkarlıq nümunələrini göstərmək olar.

Yeridir deyək ki, bu əsərlər də birmənalı qiymətləndirilmədi. Amma əvvəlki illərdən fərqli olaraq sonralar bu dəyərləndirmə nisbəti Toğrulun xeyrinə dəyişdi. Çünki artıq onun yaradıcılığını az-çox dərk edib başa düşməyə başlamışdılar. Hiss edirdilər ki, Toğrulun rənkkarlıq nümunələrində doğma vətəni Azərbaycana, onun təbiətinə, insanlarına hədsiz sevgi və məhəbbət var. O, Bakını, İçəri şəhəri, Şirvanşahlar sarayını, Qız qalasını, qədim məscidlərin minarələrinin heroqliflərlə bəzədilmiş haşiyəldərini çox böyük sevgi ilə tərənnüm edir. Özü də bu tərənnümdə onun romantik, rənkkarlıq fırça nümunələrində nə bir illüziya, nə də bir yalançı pafos var. Hər şey təbii və inandırıcıdır.

 

Toğrul Nərimanbəyovun əsərlərində özünü biruzə verən bu müsbət keyfiyyətlər birdən-birə sənət bilicilərinin diqqətini özlərinə çəkdi. Onlar dönə-dönə rəssamın rənglər dünyasına baş vurub onun əsərlərində özünü biruzə verən, insanda xoş ovqat yaradan sehrkarlığın sirrlərini öyrənməyə çalışdılar. Bəziləri bunu rəssamın yeni yöndə işləməsi, rəng duyumunun yüksək olması, bəziləri isə bədii ifadə dilinin rəngarəng olması ilə əlaqələndirdilər. Bu həqiqətən də belə idi. Doğrudan da Toğrul yeni ifadə yönünə yüksək rəng duyumuna, çoxçalarlı və koloritli bədii ifadə dilinə malik bir sənətkar idi. Bu səbəbdən də onu hər hansı cərəyana, axına, istiqamətə mənsub olduğunu söyləmək çox çətindir. Amma bununla belə bəziləri özlərində güc tapıb onun təkrarolunmaz bədii ifadə manerasını konkret olaraq «Sehrkar realizm» metaforası ilə qiymətləndirənlər, «naxışlı müstəvi» yönünün yaradıcısı adlandıranlar da tapıldı. Hətta bəziləri bu yönün sezanizm impressionizm, avanqardizm, abstraktsionizm, sərt üslub olduğunu söylədilər. Bu təbii idi. Çünki Toğrul Nərimanbəyov çoxdan bu cərəyanları keçib gəlmişdi. Onun ilk rənkkarlıq nümunələrində həm realizmdən, həm sərt üslubdan, həm də «kərpic valent», impressionizm və romantizmdən gəlmə cizgilər özlərini biruzə verirdi. Amma onların təkrarı deyildi. Bu Toğrula xas olan yeni bir üslub, yeni bir yön idi.

 

Çox qəribədir, nədənsə sənət biliciləri onu daha çox sərt üslub yönünün ilk yaradıcılarından biri kimi qələmə verməyə çalışırdılar. Toğrul isə etiraf edib deyirdi ki, bu yaradıcılıq yönünün ilk bünövrəqoyanı A.Kamenski olmuşdur. Onunla yanaşı bizi də –Viktor İvanovu,Pavel Nikonovu, Tahir Salahovu və məni də bu yaradıcılıq istiqamətinin patriarxi, bünövrəqoyanı adlandırırlar. Bu həqiqətən belədir və onlar ömürlərinin sonunadək həmin yöndə yaradıcılıq axtarışları apardılar. Amma mənim yaradıcılıq istiqamətim tədricən dəyişdi. Deyilənə görə ifadə yönüm həm çoxçalarlı, koloritli, həm də hamı üçün anlaqlı və başa düşüləndir.

Bəli, Toğrul Nərimanbəyov Azərbaycan təsviri sənətinə çoxlu yeniliklər gətirən, onun təkamülünə təkan verib inkişaf etdirən bir rəssam idi. Bu sıradan rəssamın ən böyük xidmətlərindən biri sovet sos-realizmin mürəkkəb və xəstəhal çağlarında klassik Azərbaycan təsviri sənətinin inkişaf etdirilib formalaşmasında yaxından iştirakı və bir də Azərbaycanın öz ilkin, mədəni, həm də özünə xas olan xüsusiyyətlərini əsərlərində məhəbbətlə əks etdirib dünya sənətsevərldərinə çatdırmaq cəhdi idi. Bütün bunlarla yanaşı milli xalça anlayışını ilk dəfə təsviri sənətə gətirən və xalça əlvanlığını öz əsərlərində yaradıcılıqla tətbiq və tərənnüm edən də Toğrul Nərimanbəyov olmuşdur. Rəssamın sənətə gətirdiyi bu cür yeniliklərlə təkcə boyakarlıq nümunələrində deyil, həm də monumental divar, teatr-dekorasiya və kitab illüstrasiyasi yaradıcılığı sahəsində də üz-üzə gəlmək olar.

 

Məqam düşmüşkən onu deyək ki, Toğrul Nərimanbəyov yalnız dəzgah boyakarlığı sahəsində deyil, monumental divar rəssamlığı, eləcə də teatr-dekorasiya və kitab qrafikası sahəsində də orijinal, təkrarolunmaz işlər görmüşdür. Bu baxımdan rəssamın A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının foyesində nağıl və əfsanə motivləri əsasında gerçəkləşdirdiyi «Nağıllar aləmində» (1975-1978), Respublika Milli Məclisi binasının foyesində yaratdığı «Çiçəklən, doğma yurdum mənim» (1979-1980), keçmiş «Moskva» mehmanxanasının (Bakı) foyesində araya-ərsəyə gətirdiyi «Aşığın mahnısı» (1978) monumental divar rəsmləri olduqca qiymətli sənət nümunələridir. Onun ayrı-ayrı dövrlərdə «Qobustan kölgələri», «Yeddi gözəl», «Min bir gecə», «Nizami», «Nəsimi» baletlərinə və «Sevil» operasına verdiyi səhnə tərtibatı və geyim eskizləri də həm orijinal, həm də yaddaqalandır. Rəssamın R.Rzanın «Vaxt varikən…», «Azərbaycan xalq dastanları», Anarın «Dədə Qorqud» povestinə çəkdiyi illüstrasiyalar da bu qəbildəndir. Və ayrı-ayrılıqda hər bir illüstrasiya müstəqil, kamil sənət əsəridir.

 

Sənətdə gördüyü bu böyük işlərə görə Toğrul Nərimanbəyov hələ sovetlər dönəmində onun ən yüksək titullarına, fəxri adlarına və mükafatlarına layiq görülmüşdür. O, keçmiş SSRİ-nin və Azərbaycan Respublikasının Xalq Rəssamı, keçmiş SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı olmuşdur. Amma onun üçün ən böyük mükafat totalitar rejimin tüğyan etdiyi dövrdə özünün də xəbəri olmadan Leonardo da Vinçi, Rəfael, Renuar, Sezan, Van Qoq, Rembrandt kimi dahi rəssamlarla bir sırada «Dünya incəsənət məlumat ensklopediya»sına düşməsi idi.

 

Toğrul Nərimanbəyov hələ həm sovetlər məkanında, həm də onun hüdudlarından kənarda sevilib seçilən və qəbul edilən bir rəssam idi. Məhz elə bunun nəticəsidir ki. XX əsrin 80-cı illərinin axırlarında, daha dəqiq desək keçmiş sovetlər birliyinin dağılması ərəfəsində bir Amerika qalereyası onun fərdi yaradıcılıq sərgisini təşkil etmək üçün Boston şəhərinə dəvət etmişdi. Sərgini təşkil etmək istəyən məşhur qalereyanın qəribə şərti vardı: «Sərgidə nümayiş etdiriləcək əsərlərin tən yarısı ABŞ-da çəkilməlidir».

 

Toğrul dilema qarşısında qalmışdı. Mövcud olan vəziyyətdən yalnız iki yolla çıxmaq mümkün idi. Ya razılaşıb getməli, ya da razılaşmayıb getməməli idi. O getmək yolunu seçdi. Və bu da geniş söz-söhbət mövzusuna çevrildi. Hərənin ağzından bir avaz gəlməyə başladı: Biri onu «buranı bəyənmədiyi», başqa birisi: «daha çox pul qazanmaq», digəri isə «daha yaxşı yaşamaq» damğası ilə onu ittiham etməyə başladılar. Amma bir həqiqəti anlamadılar ki, heç də insanların hamısı «filan yerdə daha yaxşı yaşayacağam, çoxlu pul qazanıb xoşbəxt olacağam» iddiası ilə getmir. Dünyaya qlobal baxışla baxan adamlar, xüsusən rəssamlar öz yaradıcılıqlarının dünyəvi qiymətlərini bilib öyrənmək üçün xarici ölkələrə üz tuturlar. Bunu Toğrul Nərimanbəyov özü də etiraf edirdi: «Mən həddindən artıq doğulduğum torpağa bağlı adamam. Bu bağlılığımı, bu sevgimi əsərlərimdən də aydınca görmək olar. O ki, qaldı xaricə üz tutmağıma, orada yaşamağıma, bu nə yaxşı yaşamaqla, nə çox pul qazanmaqla, nə də öz yerini-yurdunu bəyənməməklə əlaqədardır. Bu sadəcə olaraq bir rəssam kimi yaratdıqlarımın dünyəvi qiymətini bilmək marağımla bağlıdır».

 

Uşaqlıqdan çətinliklərə öyrəşən Toğrul Nərimanbəyov ABŞ-ın Masaçusset ştatının Boston şəhərində məskunlaşanda (1989-1992) burda mövcud olan çətinlikləri, psixoloji maneələri ustalıqla aşıb keçə bildi. Bir müddətdən sonra Amerika mövzusunda xeyli rənkkarlıq və qrafik əsərləri meydana gəldi. Və beləliklə 1989-cü ildə Bostonun məşhur sərgi salonlarının birində onun fərdi yaradıcılıq sərgisi açıldı. Bu sərgidə rəssamın 70 rənkkarlıq və qrafik əsərləri nümayiş etdirildi. Millilik və bəşərilik kontektində işlənmiş bu əsərlər həm ifadə yönünə, həm də rəng əlvanlığına, dekorativliyinə, parlaqlığına və qeyri-ənənəviliyinə görə ilk görüşdəcə sərgiyə gələnləri valeh edib ovsunladı. Burada onlar özləri ilə çiyin-çiyinə addımlayan adamların portretlərini («Gitaraçı Şehels», «Gənc bəstəkar Romeo Meloni», «Amerikalı qadın», «Küçə rəssamları», «Tələbə qız»), eləcə də çox yaxşı tanıdıqları məkanların rənglə çəkilmiş mənzərələrini («Bostonda küçə», «Gül mağazası», «Çiçəkli mənzərə», «Qədim ağac») tablolarını görüb onları sevməyə, qiymətləndirməyə başladılar.

 

Xeyli sonra Toğrulun Nyu-York şəhərinin ən məşhur sərgi salonlarının birində də belə bir fərdi yaradıcılıq sərgisi açıldı. Rəssamın Boston şəhərində olan sərgisi kimi, Nyu-York sərgisində də 70-dən çox rənkkarlıq qrafik əsərləri nümayiş etdirilirdi. Boston sərgisi kimi Nyu-York sərgisi də böyük uğurla nəticələndi. Toğrul Nərimanbəyov qeyri-adi istedadı olan, Şərqlə Qərb arasında möhkəm mədəni-mənəvi körpü yaradan milli və bəşəri bir rəssam kimi qiymətləndirildi.

Rəssam Toğrul Nərimanbəyov 1992-ci ildə yaşayıb işləmək üçün Amerikanın Boston şəhərindən Lüksenburqa üz tutdu. O, burada cəmi bir il (1992-1993) yaşayıb yaratmalı oldu. Amma bu bir il ərzində xeyli işlər görə bildi. Hər şeydən əvvəl silsilə rənkkarlıq və qrafik əsərlər yaratdı. «Lüksenburq mənzərəsi», «Lüksenburqun ümumi ponaramı», «Lüksenburq sarayı», «Lüksenburqda yağışlı bir gün», «Lüksenburqlu qız», «Şəhər mənzərələri», «Qədim küçə», «Manternaxda fırtına», «Güllər və çiçəklər», «Çingiz Aytmatov oğlu Eldarla», «Yaddaşımdakı Qarabağ», «Göyçayda nar bağları» və onlarla başqa diqqəti çəkən əsərlər məhz həmin dövrlərdə yarandı. Bütün bunlarla yanaşı o, 1992-1993-cü illərdə Lüksenburqun «Kontiental» mahmanxanasında və «Şato Burkslenkr» sərgi salonunda fərdi yaradıcılıq sərgisini də reallaşdırmağa müvəffəq oldu. Rəssamın bu yaradıcılıq sərgiləri də ABŞ-da olan Boston və Nyu-York sərgiləri kimi çoxlu tamaşaçı toplayıb böyük əks-səda yaratdı. Həmin dövrlərdə Qırğızıstanın Lüksenburqda fövqəladə və səlahiyyətli səfiri işləyən dünya şöhrətli yazıçı Çingiz Aytmatov hər iki sərginin iştirakçısı olmuş və Toğrul Nərimanbəyov yaradıcılığını çox yüksək qiymətləndirmişdir: «…Toğrul rənklərlə ovqat yaradan, insanların ürəklərinə çoxlu enerji bəxş edən və onları yaşamağa inandıran bir rəssamdır. Mən bunu həmişə hiss edib görmüşəm və növbəti sərgisində də bir daha dediklərimin əyani şahidi oldum».

 

Rəssam Toğrul Nərimanbəyov 1993-cü ildən Fransanın paytaxtı Parisdə yaşayırdı. Bu şəhər hələ uşaqlıqdan onun arzularının şəhəri olmuşdu. O, arzularının şəhərinə qovuşduğu üçün özünü dünyanın xoşbəxti hesab edirdi. Bakı kimi Paris də ona əziz görünürdü. Elə buna görə də tezliklə bu şəhərə isinmişdi. Bakıda, Bostonda, Nyu-Yorkda, Lüksenburqda olduğu kimi Parisdə də diqqəti çəkən əsərlər yaratdı. Rəssamın «Eyfel qülləsi», «Yelisey çölü», «Monmartr», «İrmanın portreti», «Paris haqqında düşüncələr», «Sen-Mİşel», «Notrdam», «Notrdam kilsəsi», «Notrdamlı qız», «Parisdə küçə», «Paris çiçəkləri», «Sena çayı boyunca», «Passi məzarlığından eskizlər» adlı çox qiymətli rənkkarlıq nümunələri elə bu şəhərdə dünyaya gəldi. Və dünyaya gəldikləri gündən gözləri, könülləri oxşayıb tələbkar Paris sənətsevərlərinin diqqətini çəkdi. Buna səbəb heç şübhəsiz ki, Toğrulun qeyri-ənənəvi yaradıcılıq manerası və Şərq miniatür boyakarlığından süzülüb gələn rəng əlvanlığı, rəng istiliyi idi. Günlər, aylar ötüb keçdikcə Parisdə rəssamın bu ovqatda olan əsərlərinin sayı artıb çoxalmağa başladı. Onun yaradıcılığı ilə maraqlanıb, onu arayıb-axtaranların da sırası artdı. Toğrula dünyanın müxtəlif ölkələrindən sifarişlər gəlməyə başladı. O, bu sifarişləri ara-sıra yerinə yetirməklə yanaşı, öz fərdi yaradıcılıq sərgisini açmaq barədə də düşünüb daşındı. Bu işdə Fransanın Mədəniyyət Nazirliyi və Paris şəhər bələdiyyəsi ona yaxından yardımçı oldular.

 

Beləliklə, 1998-ci ildə Azərbaycan Demokratik Xalq Cümhuriyyətinin 80 illiyi münasibəti ilə Parisin məşhur «Konven de Kordelyer» sərgi salonunda Toğrul Nərimanbəyovun əsərlərindən ibarət möhtəşəm fərdi yaradıcılıq sərgisi açıldı. İlk dəfə Fransa dövləti səviyyəsində təşkil edilmiş bu sərgidə rəssamın 80-dən çox müxtəlif janrlı, müxtəlif ovqatlı əsəri nümayiş etdirildi. Onların arasında rəssamın həm Azərbaycan, həm də Fransa dövrü yaradıcılığından müxtəlif nümunələr vardı. Rəssamın Bakı dövrü yaradıcılığının bəhrəsi olan «Köhnə Bakı», «Qədim Bakı», «İçərişəhərdə küçə», «Rəssam Səttar Bəhlulzadə siqaret çəkərkən», «Nəğməkar Azərbaycan», «Gecə çayxanası», «Çayxanada səhər», «Şərq bazarı», «Sevil İçərişəhərdə», «Cənnət bağı», eləcə də Parisdə yaratdığı «Parisi xatırlayarkən», «Sen Mişel», «Notrdam», «Monmartr», «Paris çiçəkləri», «Notrdam kilsəsi», «Anamın portreti» əsərləri ekspozisiyada kəskin təzad yaratsalar da, sərgiyə gələnlərin diqqətini çəkib onlarda xoş ovqat oyatdı. Sənətsevərlər eyni müstəvidə Şərq zərifliyi ilə Qərb sərtliyinin, eləcə də milliliklə bəşəriliyin harmoniyasını görüb Toğrulun yaradıcılığına vuruldular.

 

Rəssam Toğrul Nərimanbəyov düz 24 il (1989-2013) ABŞ-da Lükseburqda, Parisdə yaşayıb yaratdı. Bu 24 ildə görkəmli rəssam həmin ölkələrin mədəniyyətinə çox qiymətli sənət nümunələri bəxş etdi. Hazırda onun əsərləri Bostonun, Nyu-Yorkun, Lüksenburqun, Parisin dövlət, eləcə də özəl qalereyalarının əbədi ensponatlarına çevrilmişdir. Hətta Boston şəhərində Sizenger soyadlı bir professor Toğrulun adını daşıyan bir muzey də yaratmışdır. Həmin muzeydə rəssamın 50-dən çox rənkkarlıq və xeyli qrafik işləri nümayiş etdirilir. Bir sözlə, Toğrul Nərimanbəyovun Avropa və Amerika ölkələrinə səpələnmiş əsərləri çoxdur. Və onun həmin ölkələrdəki yaradıcılıq fəaliyyəti elmi-tədqiqata cəlb edilib öyrənilməmişdir. Güman edirik ki, Azərbaycan sənətşünasları nə vaxtsa bu işlə ciddi məşğul olacaqlar.

 

Toğrul öz ailəsi ilə birlikdə ən çox Parisdə yaşayıb. Öncə qeyd etdiyimiz kimi Paris də Bakı kimi Toğrulun ən çox xoşlayıb sevdjiyi şəhər idi. O, bu şəhərdə gəzib dolaşmağı, bu və ya digər tarixi yerləri seyr etməyi, dünya rəəsamlarının Luvr muzeyində və digər muzeylərdə saxlanılan əsərlərinə baxmağı çox xoşlayırdı. Bütün bunlarla yanaşı Paris mənzərələrini kətan üzərinə kösürməkdən də doymurdu. Bu səbəbdən də onu tez-tez Yelisey çölündə, Monmartrda, Monparnasda, Eyfel qülləsi, Zəfər tağı, Passi məzarlığı yerləşən yerlərdə və digər ərazilərdə görmək olardı. Həyat yoldaşı Sevil xanımın dediyinə görə o son bir neçə ildə daha çox Passi məzarlığına gedirmiş. Deyirmiş ki, «oranın gözəl havası adama rahatlıq gətirən sakitliyi var. Mən orada özümü çox sakit və rahat hiss edirəm». Sonradan bəlli olub ki, Toğrul bu məzarlığa yalnız gözəl havasına, adama rahatlıq gətirən sakitliyinə görə yox, həm də etüdlər, ekkizlər çəkmək üçün gedirmiş. Ondan yadigar qalan bir neçə etüd dəftərçəsi buna əyani sübutdur.

 

Bir həqiqəti deyək ki, Toğrul Nərimanbəyovun Parisdə yaşadığı dövrlər onun yaradıcılığının ən məhsuldar dövrüdür. O, bu şəhərdə bir-birindən maraqlı çoxlu rənkkarlıq nümunələri ortaya qoymuşdur. Harada yaşayıb yaratmasından asılı olmayaraq o hər yerdə Azərbaycan ruhunun daşıyıcısı missiyasını yerinə yetirmişdir. Bu məqamda dahi bəstəkarımız Qara Qarayevin bir ibrətamiz deymini xatırlamamaq olmaz. O deyirdi: «…Bəzən yaradıcılıqda milli ənənələr sövq-təbii meydana çıxır. Mən, ispan, bolqar, vyetnam, alban, afrika mövzuları əsasında musiqi yazıram. Mənə isə deyirlər ki, bu əsərlərdə mənim milliyyətimin, mənim azərbaycanlı əllərimin izi qalır. Mən bunun necə baş verdiyini aydınlaşdıra bilmirəm və bu barədə düşünmürəm də».

 

Gəlin etiraf edək ki, bu proses Toğrul Nərimanbəyovun rənkkarlıq yaradıcılığında da eyni görümdə özünü biruzə verir. Rəssamın Amerika, Lüksenburq, Paris dövrü yaradıcılığını diqqətlə nəzərdən keçirsək bunu bütün aydınlığı ilə görə bilərik. Fikrimizcə, bu, təbii və qanunauyğun prosesdir. Çünki yaradıcı adam nə qədər beynəlmiləl olub müxtəlif xalqların həyatından diqqəti çəkən əsərlər yaratsalar da son nəhayətdə hansısa bir ritm, hansısa bir rəng yaxısı onun milli mənsubiyyətini biruzə verib üzə çıxarır.

Bütün həyatı boyu çətinliklərdən keçən, amma bunu biruzə verməyib nikbin görünən dünya şöhrətli rəssam Toğrul Nərimanbəyov 2013-cü ildə birdən –birə infarkta mübtəla oldu. Parisin nüfuzlu xəstəxanalarının birində onun ürəyində üç dəfə cərrahiyyə əməliyyatı aparıldı. Üçü də uğursuzluqla başa çatdı. Görkəmli rəssam 2013-cü ilin 2 iyununda dünyasını dəyişdi. O, sağlığında çox sevib xoşladığı, havasını və sakitliyini bəyənib tez-tez istirahətə getdiyi qədim Passi məzarlığında dünya şöhrətli fransız sənətkarları –rəssam Eduard Mane, bəstəkar Klod Debyüssi, kinoaktyor Fernandellə yanaşı torpağa tapşırıldı. Bir az sonra rəssamın əbədi uyuduğu məzarın üstündə yaradılmış memorialındakı (onu rəssamın həyat yoldaşı Sevil Nərimanbəyova reallaşdırıb) mərmər başdaşı üzərində çox xoşladığı bir əsəri (bu əsəri başdaşı üzərinə tanınmış fransız rəssam-dizayneri Lavina Skappaticci köçürüb), eləcə də bunlar həkk edilmişdir.

 

Bu dünyanın qəribə işləri varmış. Sən demə sağlığında bütün həyatını sənətə həsr etmiş, bir-birindən maraqlı əsərlər yaratmış, daim rənkkarlığın, vokalın müəmmalarını, tapmacalarını açmağa çalışmış qüdrətli bir sənətkarın kitablara sığmayan həyat və sənət ömürlüyü ölmündən sonra mərmər üzərində ancaq bu yığcam informasiya ilə yekunlaşırmış. Belə olan təqdirdə ortaya haqlı bir sual çıxır: «Bəs bu sənətkarın zaman-zaman cəmiyyət üçün gördüyü titanik işlər harada qaldı?» Həmin anda İtaliya intibahının nəhəngi Leonardo da Vinçinin bütün zamanlara hesablanmış bir deyimi gəlib beynindən keçir: «…Minilliklər ötəcək. Bizdən heç nə qalmayacaq. Haqqımızda ancaq əfsanə və rəvayətlər yaşayacaq». Bu sözlərdə bir həqiqət var. Doğrudan da dünyalarını dəyişən bütün sənətkarlardan elə də çox bədii irs qalmayır. Bu əsərlər böyük dəyərə malik olduqları üçün həm sağlıqlarında, həm də dünyalarını dəyişdikdən sonra işbazlar tərəfindən minbir yolla ələ keçirilir. Əgər belə olmasaydı dahi Leonardo da Vinçidən indiyə qədər dünya muzeylərində vur-tut 10-15 əsər qalmazdı. Və bir də saysız-hesabsız əfsanə və rəvayət yaranıb yaşamazdı.

Bəli, çox vaxt bəzi sənətkarlar (Van Qoq, Ameqeo Moqilyani) öz zəhmətlərinin maaddi bəhrəsini sağlıqlarında görə bilmirlər. Bunu hiss edən xalq onlar haqqında əfsanə və rəvayət yaradıb onları orada yaşadıb qiymətləndirirlər. Toğrul Nərimanbəyov da bu sıradan olan və xalq tərəfindən əfsanə və rəvayətlə qiymətləndirilən sənətkarlardan biri idi.

O, əsərlərinin dünyəvi qiymətini Amerika və Avropada təzə-təzə müəyyənləşdirdiyi, maddi bəhrəsini təzə-təzə görməyə başladığı bir dövrdə dünyadan köç etdi. Leonardo da Vinçinin qeyd etdiyi kimi ondan bizə bir xeyli sənət nümunəsi, bir də əfsanə və rəvayətə bürünmüş həyat və sənət ömürlüyü qaldı. Əslində Toğrul Nərimanbəyov haqqında olan bu əfsanə və rəvayətlər hələ XX əsrin 60-cı illərindən yaranıb yayılmağa başlamışdı. XXI əsrin əvvəllərində isə daha geniş vüsət aldı. Və indiki xaotik dünyamızda yeni çalarlarla yaranıb yayılmaqda davam edir. Hələ bundan sonra da yaranıb yayılmaqda, onu yaşatmaqda davam edəcəkdir.

 

Möhbəddin Səməd

 

Bakı-Paris-Bakı

17-23 iyun 2014

Kaspi.- 2014.- 29 noyabr.- S.16-17.