“Alnımda
Azərbaycana qulluq etmək yazılıb” - Soydaş
Cüdo üzrə Belarus yığma komandasının
azərbaycanlı baş məşqçisi 50 yaşı
olmasına baxmayaraq, özünü tatamiyə
çıxmaqdan güclə saxlayır
O, adını böyük idmanın tarixinə yazanlardandır. Əməkdar idman ustası, dördqat dünya və beşqat Avropa çempionu Natiq Bağırov uzun illərdir ki, Belarus respublikasında yaşayır. Azərbaycan-Belarus xalqları arasında dostluğun möhkəmləndirilməsi işinə layiqli töhfələrini verən həmvətənimiz, həmçinin Belarusda Azərbaycan İcmaları Konqresinin sədridir. 2006-cı ilin martında Azərbaycan prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb. 50 illik yubileyini Bakıda, doğmaları arasında qeyd edən görkəmli idmançı «Kaspi»nin də qonağı oldu.
Üzgüçülükdən başlayan yol
Natiq Bağırov
Bakıda doğulub. Orta
məktəbi, ali məktəbi burada bitirib.
Böyük idmanda qazandığı ilk
uğurlar da Azərbaycanın adı ilə
bağlıdır. Belarus respublikasına gedənə qədər
Azərbaycanın idman şərəfini qoruyub, müxtəlif
yarışların qalibi olub: «Məndə idmana maraq oyadan
valideynlərim olub. Uşaqkən
üzgüçülüklə məşğul olurdum.
Ancaq bir gün məşqə 5 dəqiqə
gecikdiyimə görə məşqçi məni hovuza
buraxmadı. Bu hadisədən sonra sambo
üzrə Azərbaycan çempionu olan yaxın qohumum Orxan
Cavadov məni «Dinamo» cəmiyyətində cüdo bölməsinə
yazdırdı. Əslində
üzgüçülükdə cəzalanmağım mənim
idmanın cüdo bölməsində uğurlarımın
başlanğıcı oldu. Elə o
vaxtdan idmanın sambo və cüdo növləri üzrə məşğul
olmağa başladım”. Uşaqkən
peşəkar idmançı olacağını da
düşünməyib. Sadəcə, məşq
edib və bu, onun xoşuna gəlib. Çox
keçmədən N.Bağırov cüdo üzrə
Bakı birinciliyinin qalibi olub. Bundan sonra da
dəfələrlə həmin yarışların qalibi
adını qazanıb. Ölkənin
yığma komandasının tərkibində müxtəlif
yarışlarda iştirak edib. Məktəblilər
arasında keçirilən spartakiadaların, SSRİ
xalqlarının spartakiadalarının, SSRİ
çempionatlarının, gənclər arasında
keçirilən turnirlərin iştirakçısı və
qalibi olub. Tale elə gətirib ki, sambo
üzrə SSRİ xalqlarının spartakiadasının Azərbaycandan
ilk qalibi də Natiq Bağırov olub. Həmin
yarışlarda bürünc medala layiq görülüb.
Respublikada bu növ üzrə ilk beynəlxalq dərəcəli
idman ustası normasını da o, ödəyib.
N.Bağırov Azərbaycan
Dövlət Neft və Kimya İnstitutunu bitirəndən sonra
mühəndis kimi Elmi Tədqiqat İnstitutunda
çalışıb. Amma idmana olan sevgisi ixtisasına olan məhəbbətini
üstələyib. «İdmanla mühəndislik
düz gəlmirdi. 1987-ci ildə
dostlarımın təklifi ilə peşəkar
idmançı karyeramı dava etdirmək üçün
Minsk şəhərinə köçməli oldum. Bir çox respublikalardan dəvət alsam da, Belarusu
seçdim. O zaman bütün respublikalar SSRİ-nin tərkibində
idi və mən bir şəhərdən başqa bir şəhərə
köçdüm. Belarusa köçəndə
fikirləşirdim ki, ya iki, ya da üçillik
köçüb qayıdaram. Çünki
özümü Azərbaycansız təsəvvür edə
bilmirdim” - deyə xatırlayır.
N.Bağırov Belarusda elə
ilk yarışlardan uğur qazanmağa başlayıb. SSRİ
kubokunu qazanıb. 1989-cu ildə Avropa
çempionatında qalib olub. Dəfələrlə
SSRİ kubokunu başı üzərinə qaldırıb.
SSRİ çempionatlarının
mükafatçısı kimi fərqlənib. Beləcə, 4 dəfə dünya, 5 dəfə
Avropa çempionatının, dünya kuboklarının qalibi
olub. Belarus respublikasının əməkdar idman
ustası adına layiq görülüb:
«Atlanta olimpiadasında iştirak edəndə 32 yaşım
vardı. Amma mən yaşımı hiss eləmirdim. «Bugün-sabah idmanı tərk etdikdən sonra Vətənə
qayıdacam» - desəm də, 37 yaşına qədər
idmançı kimi tatami üzərinə
çıxdım”.
Natiq Bağırov iki olimpiya
oyunlarının iştirakçısı olub. Hər bir
idmançının karyerasında ən böyük zirvə
sayılan olimpiya çempionu adını qazanmağın bir
addımlığında olsa da, bir sıra səbəblərdən
Atlanta və Sidney olimpiadalarında bu titulu qazana bilməyib:
«Əvvəllər elə fikirləşirdim ki, mənim
mükafatlarımın arasında olimpiya oyunlarından
başqa bütün yarışların mükafatı var, təkcə
olimpiya oyunlarının mükafatı yoxdur. Amma
indi fikirləşirəm ki, Atlanta olimpiya oyunlarında medal qazansaydım,
əminəm ki, idmanı tərk edəcəkdim. Ancaq mən
bu oyunlardan sonra 4 il idmançı kimi
çıxış etdim və çox nəticəyə
nail oldum. Ancaq o medalı qazansaydım, bu
uğurlardan məhrum olacaqdım. Düzdür,
olimpiya oyunlarının qalibi olmaq hər bir idmançı
üçün ən yüksək arzudur. Çox olur ki, dünyanın ən güclü
idmançıları dünya çempionatının qalibi
olsalar da və olimpiya oyunlarında dəfələrlə
çıxış etsələr də, heç bir nəticə
qazanmırlar. Çünki bu
yarışlarda tamamilə fərqli psixoloji hazırlıq
olmalıdır. Bu, ya Allah vergisidir, ya da
böyük təcrübənin nəticəsi. Bu, həm də Tanrının qismətidir və hər
adama nəsib olmur».
N.Bağırova görə
idmanda bəxt həmişə güclünün tərəfindədir,
təsadüfən qazanılan qələbə yoxdur. İdmanda subyektiv səbəbləri
də, hakimlərin ədalətsizliyini də, qisməti də
qəbul edir, amma ona görə güclü həmişə
qalib gəlir: “Əvvəllər mən də elə fikirləşirdim
ki, hansısa oyunda mənə qarşı ədalətsizlik
oldu. Ancaq zaman keçdikcə anladım ki,
tatami üzərinə çıxanda idmançı dərk
etməlidir ki, o, təkcə rəqibi ilə deyil, həm də
hakimlərlə güləşir. Ədalətsizlik
xalça üzərində olsa da, idmançı həmişə
özünü təqsirkar bilməlidir. Onda
o, uduzduğu anları daha asan qəbul edəcək və gələcəkdə
bu məqam onun güclü olmasına və qalib gəlməsinə
kömək edəcək. Mən 10-cu
sinifdə oxuyana qədər yarışlarda uduzanda
ağlayırdım. Mən ağrıya, ədalətsizliyə
görə yox, sadəcə, uduzduğuma görə
ağlayırdım. Məğlubiyyəti
qəbul edə bilmirdim. Amma ondan sonra daha səylə
məşq etməyə başladım. Pilə-pillə
qalxaraq istədiyim nəticələri əldə etdim. Həmin yarışların gözəl, yaddan
çıxmayan məqamları olub”.
Məşqçiliyi
hər insan bacarmır
N.Bağırov idmanı tərk
etdikdən sonra cüdo üzrə Belarus yığma
komandasının baş məşqçisi vəzifəsinə
dəvət alıb: “Mən idmanı rahat tərk etdim. 7-8 il cüdodan kənarda qaldım. Bir
neçə ildən sonra yenidən mənə idmanda fəaliyyətimi
davam etdirməyi təklif etdilər. Belarus
yığmasının nəticələri bir qədər
aşağı enmişdi. Biz o zaman Avropa
və dünya çempionatlarından bir neçə
mükafatla qayıdırdıq. Məni
yığma komandanın baş məşqçisi kimi dəvət
etdilər. Hazırda bu vəzifədə
çalışıram. Bəlkə də
idmana qayıtmazdım. Ancaq kiçik
oğlum Arif idmanla ciddi məşğul olur. Belarus yığma komandasının
üzvüdür. Artıq gənclər
arasında sambo üzrə dünya çempionu, böyüklər
arasında Avropa çempionudur. Hazırda
milli komandada güləşir”. N.Bağırov
baş məşqçi işlədiyi dövrdə də
heç bir yarışdan medalsız qayıtmayıb. Tələbəsi İqor Makarov Afina Yay Olimpiya
oyunlarından çempion kimi dönüb.
Ömrünü-gününü
idmana həsr edən Natiq Bağırov idmandan
ayrılmağın asan olmadığını söyləyir. Deyir ki,
idmanı tərk etmək çox çətindir.
Cüdo və sambo növü üzrə idmanı tərk edən
ən yaşlı idmançılardan biri olmasına, 36-37
yaşına qədər yarışmasına baxmayaraq, hələ
də hesab edir ki, az güləşib. Onun
üçün məşqçilik idmançı kimi tatami
üzərinə çıxmağın boşluğunu
doldura bilmir: “Tələbələrim xalça üzərində
hansısa fəndi düz etməyəndə, “bəlkə gələn
yarışların birində çıxıb bir-iki oyun da
güləşim və göstərim ki, necə güləşmək
lazımdır” fikri ürəyimdən keçir. Baxmayaraq ki,
əvvəlki dözüm yoxdur, bacarıq olsa da fiziki
hazırlıq buna cavab vermir... Buna görə
özümə təskinlik verə bilirəm. Ancaq bu hisslər məni həmişə tatami
üzərinə çəkir».
N.Bağırov hesab edir ki, hər
hansı bir yarışda idmançının uduzmasına
görə, həmişə məşqçini qınamaq
düzgün deyil: “Məşqçilərin çoxu məğlubiyyəti
öz üzərinə götürsə də, hər
şey onlardan asılı deyil. Yəni
idmançının yerinə xalça üzərinə və
ya futbol meydanına məşqçi çıxan deyil.
Məşqçi öz biliklərini öyrədə,
psixoloji baxımdan onlara təsir göstərə bilər.
Ancaq meydanda əsas iş idmançının öz üzərinə
düşür. İdmançının
uduzmasında məşqçinin təqsiri yoxdur. Məşqçidən çox şey
asılıdır, ancaq hər şey asılı deyil.
Məşqçiliyi hər insan bacarmır, ancaq çox adam da məşqçi kimi fəaliyyət
göstərir. Məşqçilik işində
bacarıq, bilik və Allah vergisi olmalıdır. Məşqçi öz üzərində
çalışmalıdır. Yüksək
səviyyədə çalışan məşqçi hərtərəfli
inkişaf edən şəxsdir. 7 illik
musiqi məktəbini bitirən çoxdur. Onların hamısının içindən
yaxşı bəstəkar və ya musiqiçi
çıxmır. Əsrdə bir dahi bəstəkar
yetişir. Hər bəstəkar da Motsart, Bethoven
olmur. Məşqçilik də belədir”.
Yarışlarda qalib olmağın sirrini açıqlamaq isə müsahibim üçün asan deyil. Deyir ki, bu uğurun min cür sirri var: “Bu, mozaika kimidir və yüzlərlə tapmacadan ibarətdir. Həm fiziki, həm texniki, həm psixoloji durum, həm dözüm, həm qismət, həm də böyük əziyyət olmalıdır. Elə insanlar tanıyıram ki, onlar uzun illər ərzində çox əziyyətlər çəkiblər. Ancaq Allah onlara böyük yarışların yüksək mükafatlarını nəsib etməyib. Bu mozaikada hansısa tapmaca olmasa, insan qələbə qazana bilməz».
Şeir, musiqi, ictimai iş...
N.Bağırov idmanın ağır bir növü ilə məşğul olsa da, bu sərtlik onun təbiətinə təsir etməyib. İlhamı gələndə qəlbindəki zərif duyğuları sözə çevirməyi, kağıza köçürməyi də bacarır. Şeirləri ailə sevgisi, dostluq, Vətən, insanlar arasında ünsiyyət haqqındadır. Onları heç vaxt çap etdirməsə də, yalnız qeyd dəftərlərində yazsa da, ailə üzvləri yubileyi münasibəti ilə onun üçün gözəl bir sürpriz hazırlayıb: Şeirlərini ilk dəfə çap edərək ona hədiyyə ediblər. İndi bu kitab qazandığı karyera qədər ona əzizdir. Natiq Bağırovun həmçinin gözəl musiqi duyumu var. Dost məclislərində, müxtəlif tədbirlərdə mahnılar da oxuyur: «Öz üzərimdə işləmişəm. Rusların bir məsəlində deyilir ki, «daşı tərpətməliyik ki, su axsın». Yəqin ki, bu həvəsimin əsasında valideynlərimin mənə verdiyi tərbiyə durur”.
Natiq Bağırov, həmçinin
Azərbaycan İcmaları Konqresinin sədri kimi Azərbaycan
həqiqətlərini dünyaya çatdırmaqda fəallıq
göstərir. Orada keçirilən tədbirlərdə
ölkəmizdə baş verən inkişafdan, həmçinin
Azərbaycanın Dağlıq Qarabağ problemi ilə
bağlı həqiqətlərdən danışır. Məhz
onun rəhbərliyi ilə ölkədəki diaspor təşkilatı
Belarus və Azərbaycan arasında ünsiyyət əlaqələrini
daha da genişləndirib: «Azərbaycan həmişə bizim qəlbimizdədir.
Ona görə də mən və ətrafımda olan insanlar
çox fəal çalışırıq. Vaxtilə biz Azərbaycan
səfirliyinin funksiyasını qeyri-rəsmi yerinə
yetirirdik. Artıq bir neçə ildir ki, Belarusda bizim səfirliyimiz
fəaliyyət göstərir və biz çox sıx işləyirik».
Söhbətimizin sonunda
müsahibə boyu məni düşündürən bir
sualı - “Azərbaycana həmişəlik qayıtmaq
haqqında düşünürsünüzmü?”
sualını isə həmsöhbətim təbəssümlə
qarşıladı: “Bu 28 il ərzində demək olar ki, mən
hər il «bu işi qurtarım, idmanı bitirim,
köçürəm» - deyirəm. Artıq 28 ildir ki, bu
sözlə yaşayıram. Amma ən azı Olimpiya
oyunlarına qədər çalışmalıyam. Buna
baxmayaraq, mən tez-tez Bakıya gəlirəm və
özümü çox xoşbəxt hesab edirəm. Bu şəhərdə
mənim doğmalarım, əzizlərim, dostlarım var.
Ən əsası, bura mənim vətənimdir”.
N.Bağırov layıq görüldüyü “Şöhrət” ordeninə görə ölkəmizin başçısı İlham Əliyevə minnətdardır: «Bu, yəqin ki, mənim bu illər ərzində göstərdiyim fəaliyyətimin qiymətidir. Mənim alnımda Azərbaycana qulluq etmək yazılıb. Mənim həyat amalım millətimə, Vətənimə qulluq etməkdir».
Təranə Məhərrəmova
Kaspi. - 2014.-
9 sentyabr.- S. 9.