Ankarada Azərbaycan gecəsi təşkil olunub

 

Ankaranın Etimesqut Rayon Bələdiyyəsinin təşkil etdiyi 11-ci Beynəlxalq Anadolu Günləri Festivalı çərçivəsində Türkiydəki Azərbaycan Səfirliyinin dəstəyi ilə Azərbaycan Gecəsi təşkil olunub. Gecədə səfirliyiin əməkdaşları, çox sayda elm, mədəniyyət və incəsənət xadimləri, diaspor nümayəndələri, Ankara ictimaiyyətinin nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər. Səfirliyin mətbuat xidmətindən “Kaspi” qəzetinə verilən məlumatda bildirilir ki, 11-ci Beynəlxalq Anadolu Günləri Festivalının həyata keçirildiyi böyük sahədə səfirliyin təşəbbüsü ilə Azərbaycan Evi yaradılıb. Belə ki, Azərbaycan Evində ölkəmizə xas əyani təbliğat vasitələri nümayiş etdirilib, şənlik iştirakçılarına "İrs-Miras" jurnalı, türk dilində nəşr olunan "İlham Əliyev" və "Heydər Əliyev" kitabları təqdim olunub, eləcə də, Azərbaycan milli mətbəxinə xas ləziz şəkərbura və paxlavalar paylanılıb.

Tədbirdə iştirak edərək konsert vermək məqsədilə Şirvan şəhərindən Ankaraya səfərə gəlmiş Şirvan şəhəri musiqi və rəqs ansamblının konserti şənlik iştirakçılarına xoş anlar yaşadıb. Azərbaycana xas bir-birindən gözəl musiqi və rəqslər ölkəmizin mədəniyyətinin təbliğinə mühüm töhfələr verib.

Gecədə ilkin olaraq səfir Faiq Bağırovun adından səfirliyin müşaviri Ceyhun Zeynalov, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov çıxış ediblər. Onlar Etimesqut rayon Bələdiyyəsinə təşəkkürlərini bildiribiki qardaş ölkə münasibətlərinin əhəmiyyəti, ümummilli liderimizin "bir millət iki dövlət" kəlamının mahiyyəti, əlaqələrimizdəki bu kimi mədəni tədbirlərin mühüm rolu, eləcə də iki ölkə münasibətlərinin ümid vəd edən gələcəyindən söz açıblar.

Daha sonra səfirlik adından Etimesqut rayon bələdiyyəsinin başçısı Ənvər Dəmirələ təşəkkür plaketi təqdim edilib. Ənvər Dəmirəl də öz növbəsində təşəkkür plaketi təqdim edib.

 

Təranə Məhərrəmova

 

Kaspi. - 2014.- 10 sentyabr.- S. 3.