“NATO hər
zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”
Elxan Şahinoğlu: “Obama
hökuməti hələ də Qarabağ
məsələsinə ciddi
yanaşmır”
Sentyabrın 4-5-i tarixlərində
gerçəkləşən NATO-nun Uels sammiti ölkəmiz üçün müsbət qiymətləndirilir.
NATO-ya üzv və qeyri-üzv ölkələrin dövlət
başçılarının qatıldığı, eləcə
də ölkə başçısı İlham
Əliyevin iştirak etdiyi
sammitdə əsasən Ukrayna hadisələri
müzakirə olunurdu. Amma
Uels sammiti çərçivəsində
Azərbaycanın işğal olunmuş torpaqları barədə də
danışılıb və yekunda
dövlətlərin ərazi bütövlüyünü
dəstəkləyən sənəd qəbul olunub.
Diqqət çəkən məqam odur ki, Ermənistan prezidenti də
bu sənədə imza
atmalı olub. Sammit
çərçivəsində ABŞ dövlət katibi Con Kerrinin
vaitəçiliyi ilə Azərbaycan və Ermənistan
prezidentlərinin görüşü də
baş tutub. Bu və digər məqamlarla bağlı “Kaspi”nin suallarını politoloq Elxan Şahinoğlu cavablandırır.
- Elxan bəy, NATO-nun
Uels sammitində dövlətlərin ərazi
bütövlüyünü dəstəkləyən
sənəd qəbul edilməsi Azərbaycanın uğuru kimi qiymətləndirilə
bilərmi?
- Azərbaycanın ərazi
bütövlüyünün dəstəklənməsi
çox yaxşı haldır.
Xatırlatmalıyam ki, NATO hər zaman Azərbaycanın ərazi bütövlüyünü
dəstəkləyib. Orada ortaya
qoyulan sənəd elə
hazırlanmışdı ki, Ermənistan
prezidenti Serj Sarkisyan belə, məcbur qalıb onu imzaladı. Sənədlə təkcə
Azərbaycanın deyil, Gürcüstan,
Ermənistan və Ukraynanın da ərazi
bütövlüyü dəstəklənir.
Ona
görə də Ermənistanın bu sənədin
əleyhinə çıxması məntiqsizlik olardı. Bütün hallarda, NATO-da Azərbaycanla bağlı belə bir qərarın verilməsi bizim
üçün çox
əhəmiyyətli məsələdir. Ölkəmiz üçün ikinci uğur ondan ibarətdir ki, Türkiyə prezidenti
Bakıda verdiyi vədi yerinə yetirdi və orada Qarabağ məsələsini qaldırdı. Üçüncü vacib
məqam isə odur ki,
ABŞ dövlət katibinin vasitəçiliyi
ilə prezidentlərin görüşü
baş tutdu. Bu da, ABŞ-ın vasitəçilik
təşəbbüsündə aktivləşdiyindən xəbər
verir. Belə hal Azərbaycanın
xeyirinədir. Ancaq bu heç də o demək deyil ki, NATO Azərbaycanın
ərazi bütövlüyünü
vurğulayıbsa, münaqişənin ədalətli həllinin
sürətlənəcəyini görəcəyik. Təəssüf
ki, bu cür
sənədlərin sayı çoxdur. Amma hər halda, elə bir məqam yetişə bilər ki, bu sənədlər həqiqətən,
Azərbaycanın işinə yaraya bilər.
- Qeyd etdiniz ki, ABŞ Qarabağ
münaqişəsi məsələsində əvvəlkindən
daha aktivdir. Sizcə, NATO-nun keçmiş
SSRİ məkanındakı dondurulmuş
münaqişələrin həlli prosesinə təsir
imkanları hansı səviyyədədir?
- Məlumdur ki, Azərbaycan NATO-ya üzv dövlət deyil. Amma Azərbaycan bu təşkilatla
çox fəal əməkdaşlıq edir. Azərbaycanlıların
Əfqanıstan əməliyyatında sülhməramlı
qüvvələrin tərkibində iştirak
etdiyini xatırlatmaq kifayət edir. Əfqanıstan hökumət
işçilərinin Azərbaycanda təlimlərdə iştirak etdiyini də nəzərə
çatdırmaq yerinə düşər. Əlbəttə ki, bunlar hamısı NATO
ilə əməkdaşlıq çərçivəsində
reallaşıb. Azərbaycandan fərqli olaraq,
Türkiyə NATO-nun üzvüdür
və Türkiyənin bizimlə bağlı məsələləri
qaldırması xeyrimizədir. Təsəvvür edin, həm Azərbaycan, həm də
Türkiyə prezidenti eyni
məsələləri qaldırdılar. NATO da,
BMT də bizim ərazi bütövlüyümüzü
dəstəkləsə də, bu məsələdə
əsas ünvan kimi
ATƏT-i göstərirlər. Təəssüf ki, ATƏT bu
münaqişə ilə bağlı passivlik
nümayiş etdirir və
qəsbkar dövləti torpaqlarımızı işğaldan azad etməyə
sövq edə bilmir.
-
Ərdoğan Bakıda “NATO Azərbaycana verdiyi vədləri
yerinə yetirməlidir” deyərkən, konkret olaraq hansı vədləri
nəzərdə tuturdu?
- Söhbət konkret o vədlərdən
gedir ki, NATO dövlətlərinin
rəhbərləri Azərbaycan torpaqları haqda
fikirlərini bildiriblər. Bütün sənədlərdə
ölkəmizin ərazi bütövlüyü
dəstəklənir. Son iki
ay ərzində ABŞ rəsmiləri Azərbaycanın
mövqeyinə uyğun fikirlər səsləndirirlər.
Onlar Dağlıq Qarabağ
ətrafındakı rayonların boşaldılmasının vacibliyini vurğulayıblar. Halbuki
əvvəllər bu barədə
danışmırdılar. Bütün bu açıqlamaları, vədləri
Ərdoğan bütün
görüşlərində qaldırıb. Bizim
əsas çalışdığımız odur
ki, onlar Ukrayna ilə Azərbaycan arasında fərq
qoymasınlar. Necə ki, Ukraynaya
görə Rusiyaya, separatçılara
qarşı sanksiyalar tətbiq edilir, eyni sanksiyalar
Ermənistana da qoyulmalıdır. Çünki Ermənistan da
işğalçı dövlətdir. Bu
fərqi ortadan qaldırmağa
çalışmalıyıq.
- Ermənistan sammitdə qəbul
olunan sənəddən bərk
narahatdır. Hətta Nalbadyan
açıqlamasında bunu regiondakı təhlükəsizliyə
zərbə adlandırıb.
- Bəli, onlar çox narahat olublar. Sarkisyan İrəvana qayıdan kimi toplantı keçirib və NATO-da Azərbaycana məğlub olduğunu açıq etiraf edib. Ermənistan çoxdan məğlub
olub. Bütün qətnamələrdə qeyd olunur ki,
Ermənistan işğal
etdiyi Azərbaycan torpaqlarından geri çəkməlidir. Yəni, onların
həyəcan təbili
çalması normaldır.
Çünki NATO sammitində Ermənistan
Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyən sənədə
imza atmalı oldu. Bu isə
Ermənistanın məğlubiyyəti
deməkdir. Ermənilərin bundan narazı qalması təbiidir.
Onların yeganə razı
qaldığı platforma
ATƏT-in Minsk qrupudur. Hansı ki, onlardan da
biz narazıyıq. Çünki 20 ildir, danışıqların
nəticəsi yoxdur.
İndiki status-kvo ermənilərin
maraqlarına cavab verir. Bu, bizi
qane etmədiyinə görə Minsk qrupundan fəaliyyət tələb
edirik. Əgər onlar normal fəaliyyət
göstərməzlərsə, bizim onlardan imtina etmək hüququmuz var.
- Sammit
çərçivəsində ABŞ dövlət katibinin vasitəçiliyi ilə
prezidentlərin görüşünün
keçirilməsinin nədən
xəbər verdiyini düşünürsünüz? Sizcə, görüş haqqında
əvvəlcədən niyə
dəqiq məlumat verilməmişdi?
- Əvvəlcədən
bildirilmişdi ki, ola bilsin
Ermənistan və Azərbaycan prezidentləri
görüşsün. Amma bunun
Con Kerrinin vasitəçiliyi
ilə baş tutacağı deyilməmişdi.
Mən düşünürəm ki
burada bir neçə amil var. Bilirsiniz ki, Rusiya bu münaqişədə
təkbaşına vasitəçilik
etməyə çalışırdı.
Soçi görüşü də bunun sübutudur.
Keçmiş prezident Medvedyevin
vasitəçiliyi ilə
Rusiyada on görüş
baş tutmuşdu.
Amerika və Fransa bu məsələdə passiv davranırdılar.
Sanki ABŞ bu addımı
ilə Rusiyaya mesaj verdi
ki, Qarabağ məsələsini tək
üzərinə götürə
bilməzsən, burada
biz də varıq. Amma Azərbaycan üçün
bu, azdır. Biz istəyirik ki,
ABŞ Ermənistana təsir
etsin. Çünki ABŞ-ın belə
imkanları var. Ermənistan
siyasi cəhətdən
Rusiyadan asılı olsa da, onun
əsas maliyyə mənbəyi ABŞ-dır.
Məlumdur ki, ABŞ Ermənistan
və Qarabağ separatçılarını maliyyələşdirir.
Ona görə də bilirik ki, ABŞ-ın Ermənistana təsir etmək gücü var. Çox təəssüf ki, Obama hökuməti hələ də Qarabağ məsələsinə
ciddi yanaşmır.
Onu da deyim ki,
ABŞ da prezidentlərin
görüşünü adi
görüş xətrinə
təşkil edəcəksə,
real nəticə olmayacaq
və onların vasitəçiliyi də nəticə verməyəcək.
- Elmar Məmmədyarovun
prezidentlərin görüşü
ilə bağlı verdiyi açıqlama, daha doğrusu, ABŞ-ın Qarabağ münaqişəsinin həlli
ilə bağlı təklifi tam aydın deyil. Həm
deyilir ki, böyük sülh sazişinin başlanmasının
vaxtı çatıb,
həm də gələcəkdə müəyyən
görüşlərin, səfərlərin
baş tutacağı
elan olunur. Deyilənlərdən nə nəticə
çıxarmaq olar?
- Elman Məmmədyarovun
sevdiyi kəlimə var - şeytan detallarda gizlənir. Bu, həqiqətən belədir.
Dağlıq Qarabağ məsələsinin
bir çox məqamları, təxminən
90 faizi həll olunub. Ermənistan da həmin məsələlərlə bağlı
razılığını verib. Ən vacib məqamlar
qalan 10 faizdədir.
Bəllidir ki, referendum məsələsinə
biz razılıq vermirik.
Əvvəlcə rayonlar geri qaytarılmalı, köçkünlər
öz evlərinə dönməlidirlər. Bundan sonra
referendum müzakirələri başlaya bilər. Bir daha deməliyəm ki, bu işlərdə
Amerikanın vasitəçiliyinə
razıyıq. Hətta Fransanın
da vasitəçiliyi
yaxşı olar.
Xatırladım ki, Olland Cənubi Qafqaza səfəri zamanı Azərbaycan və Ermənistan prezidentlərinə
görüşməyi təklif
etmişdi. Amma bizim
görüş xətrinə
təşkil olunan görüşlərlə vaxt
itirmək niyyətimiz
yoxdur. Gedişat bu cür davam etməməli, Ermənistana təzyiq edilməli, müəyyən
irəliləyiş əldə
olunmalıdır. Bizim üçün
önəmli olan mərhələli həll
prinsipinin işə düşməsidir. Bu, Ermənistanın özü
üçün də
faydalıdır. Çünki Qarabağ ətrafındakı
rayonlar boşaldılsa,
Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan
arasında diplomatik münasibətlər yaranacaq.
Rusiyada bəlli qüvvələr
var ki, Ermənistanın
onların caynağından
xilas olmasına imkan vermirlər. Deməli, Amerikanın qarşısında
duran əsas işlərdən biri də Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaqdır.
- Sizcə,
ABŞ-ın böyük
sülh sazişi üzərində işə
başlamaqla bağlı
təklifi nəyə
xidmət edə bilər?
- Bu,
müsbət hadisədir.
Elmar Məmmədyarov da dəfələrlə vurğulayıb
ki, böyük sülh sazişi üzərində çalışmalara
başlamaq olar. Fikir verirsinizsə, amerikanlarla azərbaycanlıların fikirləri
üst-üstə düşür.
Onlar da Qarabağ ətrafındakı rayonların
boşaldılmalı, böyük
sülh sazişinin imzalanmalı olduğunu deyirlər. Əksəriyyət düşünür ki, bu münaqişənin
həlli mərhələli
şəkildə mümkündür.
Heç
nəyi birdən həll etmək olmaz. Təəssüf ki, erməni
separatçılar şotlandları,
katalonları misal çəkməklə referendum məsələsini ortaya atır, “niyə onlara olar, bizə
yox” deyirlər. Vaxtilə, Qarabağ ilə Kosova arasında da paralellər aparmağa çalışırdılar.
Amma məsələ burasındadır
ki, Kosovada etnik təmizləməni serblər həyata keçiriblər. Bizdə isə
əksinə, Qarabağ
separatçıları təmizləmə
həyata keçirəndən,
qətliamlar törədəndən
sonra referendum məsələsini
gündəmə gətiriblər.
O ki qaldı şotland və katalonlara, onlarla da Qarabağ separatçıları arasında
böyük fərq
var. Çünki ermənilərdən
fərqli olaraq, katalonlar və şotlandlar ispanları və ingilisləri öz ölkələrindən
qovmayıblar, qətliamlar
törətməyiblər, kiminsə torpağını
işğal etməyiblər.
Referendum məsələsi isə illər sonra ortaya çıxıb.
Amma ermənilər referendumu indi istəyirlər ki, bu da
mümkün deyil.
Şəfa Tapdıq
Kaspi. - 2014.-
10 sentyabr.- S. 4.