“Satirik şair üçün bundan
ağır dərd yoxdur”
Əvəz Qurbanlı
1976-cı il avqustun
9-da Saatlı rayonunun Azadkənd kəndində
anadan olub.
Yaradıcılıqda vəzn və forma
məhdudiyyəti görmür. Əsasən
satirik şair kimi tanınır.
1 il
Bakı Slavyan Universitetində əruz və
klassik Şərq poetikasından
mühazirə deyib. İctimaiyyət onu əsasən ANS TV-nin “Qulp” verilişindən tanıyır. 2005-ci ildən
sonra həmin proqramda
müntəzəm olaraq satirik
şeirləri ilə çıxış edib.
Demək olar ki,
“Qulp”dakı bütün satirik
mahnıların mətn müəllifi, bir
çox səhnəciyin isə birbaşa ideya müəllifi
olub.
2006-cı ildə “Təzə
zarafat” adlı satirik və lirik şeirlər kitabı
işıq üzü görüb. “Bakuinfo.az” saytının
baş redaktorudur.
- Azərbaycanda satiranın, satirik şeirin durumunu necə dəyərləndirirsiz?
- Azərbaycan satirasının bugünkü durumunu qiymətləndirmək üçün müqayisəli təhlilə ehtiyac var. Bu, bir növ elmi-ədəbi müzakirənin mövzusudur və təbii ki, kiçik bir söhbətdə müzakirə olunası məsələ deyil. Ümumilikdə istər satiranın, istərsə də satirik şeirin durumunun yaxşı olmadığı qənaətindəyəm.
- Bunun
səbəbi nədir: doğrudanmı bugünkü
cəmiyyətimizdə satirik sözə ehtiyac yoxdur? Yaxud doğrudanmı istedadlı satirik qələm sahibləri yetişmir?
100 il qabaqkı satirik
şeirimiz bu gün niyə yazılmır?
- Yox,
mən belə deməzdim. Cəmiyyətin hər bir zaman satirik
sözə ehtiyacı olub. Sabirdən söz düşəndə deyirlər ki, o, bir
Günəş kimi doğaraq
cəmiyyətdəki mikrobları, bakteriyaları öz şüasında məhv elədi. Bu baxımdan məsələyə yanaşanda görürük
ki, bu gün
cəmiyyətimizin satiraya olan
tələbatı Sabirin dövründən
qat-qat çoxdur. Tənqid
hədəfləri o qədər
çoxalıb ki, onların əməllərini
yazıb qurtarmaq mümkün
deyil.
Satirik
qələm sahiblərinin yetişməməsi fikri ilə də razı deyiləm. Kifayət
qədər istedadlı satirik qələm
sahibləri var Azərbaycanda. Və yetərincə
də mükəmməl, oxunaqlı satirik
şeir nümunələri yaranır. Amma gəlin görək həmən müəllifləri
tanıyan, o şeirlərin
yarandığını bilən varmı? Yox.
Tanımırlar. Problem bundadır.
- Niyə tanımırlar? İndiki
dövrdə satirik söz
üçün meydan
yoxdur?
- Müsahibələrimin
birində demişdim ki,
bu gün satira çox adiləşib.
Sabir dövründə isə belə deyildi. Bəzən bir tənqidi
şeir satirik şairin həyatı bahasına başa gələrdi. Ona
görə də tənqid yazan qələmlər
imzalarını dəyişməyə, gizlənməyə məcbur
olurdular. Ancaq
tanınmamaq problemini təkcə satiriklər
yaşamır. Ümumilikdə qələm əhli ilə oxucu arasında əlaqə ya
itib, ya da zəifləyib. Sovet
dövründə bunun bir
mexanizmi vardı. Yaxşı yazar bir kitabı ilə də
tanınardı. Tələbat vardı deyə kitablar
on minlərlə, bəzən yüz minlərlə tirajla
çap olunurdu. Demək
olar ki, cəmiyyətin
kitabla təmin olunmayan
hissəsi qalmırdı. Bəs bu gün vəziyyət necədir? Bədii əsərlər
ən yaxşı halda 1000 tirajla çap olunur. Onun da
oxucuya düzgün
çatdırılma mexanizmi yoxdur.
- Bəs niyə Sabir dövründə
satira ciddi reaksiya doğururdu, indi yox?
- Bunun səbəbi çoxdur. Birincisi, o zaman ictimai düşüncə satirik sözə, açıq tənqidə öyrəşməmişdi; yeni tənqidi baxış ortaya çıxan kimi güclü axına qarşı dayanmalı idi. İkincisi, o zaman Azərbaycan cəmiyyətində əsrlərdən bəri gələn əxlaq prinsipləri, mental təfəkkürə bağlılıq çox güclü idi. Tənqid hədəfləri bu prinsiplərdən kənara çıxdıqları üçün güclü qınağa tuş gələcəklərindən, necə deyərlər, “böyük rüsvayçılıqdan” çox qorxurdular. Üçüncüsü, o zamankı Azərbaycan cəmiyyətində feodal idarəçilik meylləri vardı; cəmiyyətdə ifrat təbəqələşmə hökm sürürdü. “Axırıncı aşırım” filmində deyildiyi kimi acından günorta duran filankəs gəlib adlı-sanlı, mallı-mülklü bəylə bərabər ola bilməzdi. Belə bir dönəmdə, “sözü qılıncdan kəsərli” olan ağaları tənqid etmək az qala həyatından bezmək kimi başa düşülərdi.
Bəs gəlin görək
bu gün vəziyyət
necədir? Tənqid hədəfləri olan
obrazlar öz əməllərini
elə rahat həyata keçirirlər ki, hətta bu əməllərin
tənqid mövzusu ola
biləcəyini ağıllarına da gətirmirlər.
Hara baxırsan onları görürsən,
onların əyri əməlləri ilə rastlaşırsan.
Bu şəraitdə satirik
sözün nə effekti
ola bilər?
Onu da qeyd edim
ki, təkcə Azərbaycanda yox, dünyada böyük mənəvi deqradasiya
prosesi gedir. Texnologiya dünyasının insanları
köhnə dünyaya yeni
gözlə baxırlar. Virtual
dünyanın kəşf olunması mənəvi, etik, milli sərhədlərin
məftillərinin doğranması ilə nəticələndi.
Bəşəriyyət üçün
dəhşətli gələcək vəd edən bu proses durdurulmazsa,
yeni, qloballaşan insan üçün mənəvi
çərçivə deyilən bir şey qalmayacaq. Bax, satiranın zəifləməsində bu vacib amili
də yaddan çıxarmamalıyıq.
- Satirik şair
kimi, satiranın inkişaf
etməsi üçün nə təklif
edərdiniz?
- Satiranın əvvəlki
üslubda və istiqamətdə növbəti
inkişaf mərhələsinə qədəm
qoyacağına ümidim azdır. Məncə,
satira özünü
yeniləməlidir. Çağdaş
satiranın uğurlu forması
axtarılmalıdır. Elə bir forma ki, bugünkü
və gələcək insanın düşüncəsinə
ciddi təsir etsin.
- Cəmiyyətimizdə tənqid mühitinin
zəiflədiyini deyənlər var...
- Mühit
istər zəif olsun, istər güclü – tənqid nəticə verməlidir.
Nəticə yoxdursa, həvəs də
yaranmır. Həvəs yaranmırsa, tənqidi əsər də
yaranmayacaq. Buna baxmayaraq bu günün
satirik qələmləri yeni-yeni
əsərlər yaratmaqdadır.
- Siz özünüz
sonuncu dəfə nə zaman
satirik şeir
yazıb dərc etdirmisiz?
- İstər çap mətbuatında, istərsə də
onlayn mediada müntəzəm
olaraq satirik şeirlərlə
çıxış edirəm. Çalışıram ki, şeirlərim müasir
dövrlə səsləşsin. Həm obraz,
həm də dil, üslub
və forma baxımından yeni olsun. Son
dövrlərdə qələmə aldığım “İnternet”, “Feyzbukda ”, “Faiz” və digər satirik
şerlərimi buna misal
göstərə bilərəm.
- Həmkarlarınızdan hansı müəllifləri
izləyirsiz?
- Mən ümumiyyətlə
ad çəkməyi xoşlamıram.
Söhbət satirik yazarlardan
gedirsə, demək olar ki,
çağdaş qələmlərin
hamısını izləyirəm. Nə isə öyrənmək
üçün yox, yenilik görmək üçün.
- Klassik
satira ustalarından kimi
və ya kimləri özünüzə ustad sayırsız?
- Böyük şairlərin və yazıçıların hər biri mənim yaradıcılığımda hansısa iz qoyub. Mən poetik düşüncəni xalq şeirində, poeziyanın özünü isə Füzulidə kəşf etmişəm. Füzulidən yol başlayıb axtarışa çıxmışam, Sabirdən yol keçib özümü tapmışam. Ona görə də Mirzə Ələkbər Sabiri müəyyən mənada ustad sayıram.
- Tənqidi mövqeyinizə görə hər hansı
təhdid və ya sərt münasibətlə
qarşılaşmısız?
- Təhdid deməzdim, sərt münasibətlə, kobud davranışla əvvəllərdə rastlaşmışam. Ancaq bunların heç biri qorxulu deyil. Çağdaş satirikin faciəsi – onun dediklərinin reaksiya verməməsidir, əhəmiyyətsiz sayılmasıdır. Bundan ağır dərd yoxdur satirik şair üçün.
- Nə üçün ciddi və populyar satirik qəzet, sayt yoxdur? Sizcə, buna ehtiyac varmı?
- Satirik
media orqanının yaranması ciddi fədakarlıq tələb edir. Bunun üçün
sabit maliyyə olmalıdır. Maliyyə olmadan hansısa media
orqanının ciddi uğur
qazanacağı real deyil.
14 ildir mətbuatdayam, bu
sahənin incəliklərini bilirəm. Tutaq ki, mən bu
gün 500-1000 manat pul tapıb satirik qəzet, yaxud satirik internet saytı açdım. Axı, bu
saytın yaşaması
üçün bütün
vaxtımı sərf
etməliyəm. Bütün vaxtımı
buna sərf etsəm, dolanışıq
necə olacaq? Bu
iş üçün
sponsora ehtiyac var. Sponsorları da fədakarlıq yox, pul qazanmaq düşündürür.
Burada bir məqamı da mütləq qeyd etməliyəm. Özünü satirik adlandıran bəzi qaragüruhçular
zaman-zaman cəmiyyəti
çaşdıraraq, təhqir
və ucuz qeybətdən ibarət əsərləri satira əvəzinə sırımağa
cəhd ediblər.
Cəmiyyətin bir qismi isə
tənqidi qidanı daha çox meyxana kimi vasitələrlə
almağa meyllidir. Əlbəttə, sənət satirasının,
yüksək bədii
sözün də öz sərrafları var, ancaq bu
auditoriya çox kiçikdir.
Bütün bunları nəzərə
alanda satirik mətbuat orqanı yaradaraq uğur qazanmaq ehtimalı şübhə altına düşür.
- Bayaqdan
satiradan danışırıq,
yaradıcılığınız təkcə satiradan ibarətdir?
- Doğrusu, məni həm də qəzəlxan kimi tanıyırlar. “Speys” TV-də
“Sözümüz sözdür”
meyxana yarışmasında
baş münsif olmuşam, əruz bilicisi kimi, qəzəlxan kimi dəvət etmişdilər.
Eyni zamanda heca şeirləri
yazıram, nəsr sahəsində də işləyirəm. Əvvəllər müğənnilər üçün
mahnı mətnləri
də yazırdım,
sonralar bu mühit mənə getdikcə yadlaşdığından
onlarla əlaqəni demək olar ki, kəsdim. 2006-cı ildə, sözləri mənə məxsus olan “Sənsizləmişəm” mahnısı
müğənni Xatirə
İslamı populyarlaşdırdı.
Bu yerdə,
heç unuda bilməyəcəyim bir hadisəni danışmalıyam. “Sənsizləmişəm” mahnısının
populyar olduğu vaxtlar idi. Soyuq, yağışlı payız
gecəsində Bakı
küçələrinin birində
dayanacaqda avtobus gözləyirdim. Markasını
bilmədiyim bahalı
maşın gözləmədiyim
halda yolu buraxıb düz üstümə sürdü,
yanımdakı yağış
gölməçəsinin içindən sürətlə
keçib, palçıqlı
su ilə üst-başımı suvadı . Çox pis olmuşdum və özümə gələ
bilmirdim: həmin bahalı maşının
açıq pəncərəsindən
mənim sözlərimə
yazılmış “Sənsizləmişəm”
mahnısının sədaları
eşidilirdi!
- Yaradıcılıqda
vəziyyət necədir?
- Düzdü, bəzən gileylənirəm ki, dünyaya şair kimi gəlmişdim, istedadımı jurnalistikaya xərclədim. Dediyim kimi, uzun illərdir mətbuatdayam, potensialımın və enerjimin çox hissəsini jurnalistika əlimdən alır. Bununla belə, yaradıcılığa davam edirəm. 2006-cı ildə “Təzə zarafat” adlı ilk satirik və lirik şeirlər kitabım, 2012-ci ildə “Canlı dirəklər” romanım işıq üzü görüb. Bir neçə kitabım da çapa hazır vəziyyətdədir. Yarımçıq elmi monoqrafiyalarım var. Əsasən klassik Şərq poetikası ilə bağlıdır. İnşallah, qismət...
Qurban
Kaspi. - 2014.-
6-8 sentyabr.- S. 14.