Xumarın
hekayələri
Xumar Ələkbərova, sadəcə
Xumar. O, nəsr yaradıcılığına iyirmi il öncə
başlayıb. İlk kitabı «Qorxulu yuxular» 2003-cü ildə
işıq üzü görüb. Şərqşünasdır.
Nəsr adına yalnız hekayələri məlumdur.
«Dövrün mozaikası» sayılan bu kiçik, amma vəzndə
yüngül olsa da, bədii çəkisi ağır olan bu
janrda qələmini sınayır və mən bilən, hələ
heç bir tənqidçi (bu sətirlərin müəllifindən
başqa-«Körpü» jurnalı, 2005, ¹ 2, qısaca bir yazı
idi)) onun hekayələrindən söz açmayıb. Halbuki,
həm «Qorxulu yuxular» kitabındakı, həm də sonralar «Azərbaycan»
jurnalında çap etdirdikləri hekayələr
maraqlıdır, oxunaqlıdır və ən
başlıcası, müəllifin istedadlı hekayəçi
olduğunu sübut edir.
Mən bir daha onun hekayələrindən
söz açmaq istəyirəm. Konkret olaraq
aşağıdakı məsələləri
aydınlaşdırmağa çalışacağam. 1.
Xumarın hekayələri hansı özünəməxsus
xüsusiyyətləri ilə seçilir? 2. Bu hekayələrdə
dövrün, zamanın, müasir
çağımızın əks-sədasını
eşidirikmi, görürükmü? 3. Hekayələrdə qəhrəman
problemi necə qoyulur?
Hekayənin nəsrin janrları
içərisində tutduğu yeri və onun «damlada dəryanı»
əks etdirməsi haqda çox danışılıb.
İndi bu söhbəti çözələməyə
heç bir ehtiyac yoxdur. Elə yazıçı var, nasirlik
qabiliyyəti daha çox hekayədə üzə
çıxır. Çünki əsl hekayə də-o
balaca, çoxlarının «kiçik»
adlandırdığı janrda da parlaq uğurlar qazanmaq olar.
Çexovu, Mirzə Cəlili, Haqverdiyevi, Çəmənzəminlini,
İlyas Əfəndiyevi, Ənvər Məmmədxanlını,
Yusif Səmədoğlunu, Anarı, Elçini, İsi Məlikzadəni
xatırlayın. Bu yazıçılar digər janrlarda da qələmlərini
sınamışlar, lakin onların hekayələrini hamı
oxuyur, bəyənir. Müasir Azərbaycan hekayəsi
özünün ən yaxşı keyfiyyətlərinə
görə klassik nəsr ənənələrinə
bağlıdır, ideyalılıq, xəlqilik, dövrün,
zamanın ən mühüm mətləblərini
yığcam şəkildə bədiiləşdirmək,
lakoniklik, psixoloji təhlilə meyl klassik hekayələrimizdən
gəlir. İndiki hekayə axını və bolluğu
dövründə yaxşını pisdən, keyfiyyəti kəmiyyətdən
ayırmaq üçün bunlar yenidən meyara çevrilir.
Ola bilsin ki, dediyimiz bu əlamətlərin heç də
hamısı bir hekayəyə, yaxud konkret bir müəllifin
hekayə yaradıcılığına tam aid olmasın. Məgər
ideyalılığı və mətləb
aydınlığı aşkar nəzərə çarpan,
amma sənətkarlıq keyfiyyətlərindən məhrum
olan azmı hekayə yazılır, çap edilir?
Hekayə də bir janr kimi
inkişaf edir və bu gün yazılan bir çox hekayələrlə
klassik hekayələri müqayisə elədikcə bəzi fərqli
məqamlar da nəzərə çarpır. Bu günün
(konkret olaraq son iyirmi ilin) get-gedə yeni bədii məziyyətlərlə
zənginləşir, özünə daha artıq psixoloji rəng
qatır, hadisə nəql etməkdən obrazların daxili aləminin
təsvirinə meyl aşkar nəzərə çarpır və
s. Mən M.Orucun, A.Məsudun, S.Budaqlının, E.Hüseynbəylinin,
Yaşarın, F.Uğurlunun, A.Qaradərəlinin,
Əlabbasın, A.Quliyevin, S.Alışarlının hekayələrini
bu mənada maraqlı və orijinal hesab edirəm. Xumarın
bir sıra hekayələrində də bu yeniliyi görürəm.
Xumarın «Qorxulu yuxular», «Bir yay səhəri»,
«Cizel», «Qarın yalançı rəngi», «Dərdin gözləri»,
«Etiraf», «Heç kəsməyən yağışlar», «Səyyar
qəzet satıcısı»,«Zirzəmi», «Göz dağı»
hekayələri simvolik-rəmzi mənalarla diqqəti cəlb
edir. Bu hekayələrdə qorxulu yuxular, gecənin rəngi, xəyaldan
gələn qallüsinasiyalar gerçəkliyə, təsvir
olunan qəhrəmanların düşüncələrinə
qarışır-yaşıl rəngli maşın,
ölüm soyuqluğu, qırmızı qan, qarın
yalançı rəngi…Diqqət edirsinizmi, hamısında
eyni rəng. Bütün bunlar isə Xumarın hekayələrini
«psixoloji hekayələr kimi» qavramağa gətirib
çıxarır. Məsələn, «Dərdin gözləri»
hekayəsində oğlu bir harın, pullu, əli yuxarılara
çatan bir adamın qəzəbinə tuş olmuş,
şikəst hala salınmış… ananın iztirabları təsvir
olunur. Müəllif yalnız iki kiçik hadisəni nəql
edir: Ana gənc prokurorun yanına gəlir və hiss edir ki, ədalətdən
dəm prokuror onun dərdinə çarə tapmayacaq, müqəssir
məlum olsa da, onu heç cür günahkar hesab etməyəcək.
Amma ikinci dəfə onunla görüşəndə, məlum
olur ki, Ananın oğlunu şikəst hala salmış Qəzənfərovun
özünün 31 yaşlı oğlu bir qətlin qurbanı
olub. Ana yas məclisinə gəlir, burdakı vay-şivəni
seyr edir, amma rahatlıq tapmır. Çünki evdə onu
DƏRD gözləyir. «İrəli yeriyib qapını
açdı: köhnə kreslonun içində çuxura
düşmüş, gözlərinin altı qapqara, üz
sümükləri çıxmış, sallaq dodaqları
titrəyən, qulağının dibi ilə uzanıb
üzünə dağılan seyrək saçlı, əl-ayağı
iflic olmuş kimi bürüşüb oturmuş DƏRD
Solmaza baxır, dərdin gözləri parıldayır. Dərd
gözlərini Solmazın gözlərinə dikib
durmuşdu». Bu hekayədə bütün təfsilat Ananın
duyğu və düşüncələrindən, içindən
keçir.
Ümumiyyətlə, daxili
intonasiya onun hekayələrinə psixoloji bir ovqat
aşılayır. «Qorxulu yuxular»da Bəxtiyarın, «Jizel»də
Ülkərin, «Bədbəxt hadisə»də Qocanın
keçirdiyi hisslər bu daxili intonasiyanın, içdən gələn
düşüncələrin diktəsi ilə reallıq kəsb
edir. Xumar mümkün qədər hadisənin mahiyyətindən
doğan psixoloji effektlərə diqqəti yönəldir.
Klassik hekayələrimizin bir
çoxuna xas olan konkret bir hadisəni, qəhrəmanın
başına gələn əhvalatı yerli-yataqlı nəql
etmək prinsipinə onun hekayələrində demək olar
ki, təsadüf eləmirik. Hadisə, əhvalat içəridə,
daxildə baş verir, çarpışma, ziddiyyət daha
çox iki «mən» arasında cərəyan edir. Təbii
hesab edək bu meyli. Keçən əsrin 70-80-ci illərinin
bir çox hekayələri də məhz bu sayaq qələmə
alınmışdı. Ətraf aləm, cəmiyyətdə
baş verən müxtəlif olaylar-bütün bunlar
obrazın «düşüncə ərazisi»ndədir.
Xumarın hekayələrində
konkret zaman və məkan məlumdur. Keçid dövrü
insanlarının həyat və düşüncə tərzi,
gün-güzəranı bu hekayələrin əsas
mövzusunu təşkil edir. Məkan da əsasən yol
qırağı. Bazar, metronun içi, küçə və
zirzəmidir. Və bir də Ailə daxili. Elə bilirəm
ki, bütünlüklə ZİRZƏMİ obrazını məkan
kimi əsas götürmək olar. «Yerin altvında»-zirzəmidə
yerin üstündən fərqli bir həyat
yaşanırdı. Buranın sakinləri yerin üstündə
baş verən hadisələrdən, həqiqətlərdən
qaçıb burda pərdələnirdilər. Həqiqət
bu divarlardan içəri keçə bilmirdi. Bu divarların
arxasında başqa həqiqətlər dolanırdı və
bu «yeraltı dünya»nın sakinlərinin həqiqət
axtarışları sehrli nağılların qəhrəmanlarının
sehrli çıraq və sehrli üzük
axtarışlarına bənzəyirdi. Uşaq olarkən
nağıl qəhrəmanlarının üzləşdiyi
tilsimli qayalar, ağzından od püskürən əjdahalar,
təpəgözlər, divlər haqqında hekayətləri
maraqla dinlədiyi kimi, bu gün də yüksək voltlu
işıqlarla işıqlandırılmış bu
qaranlıq dünya qəhrəmanlarının həqiqət
axtarışlarının, divlər, hiyləgər
tülkülər, zəif dovşanların gündəlik
yaşamının, öz nağıl səhifəsini izləyirdi.
Onlar üçün həqiqət nədir?-həqiqət o
parlaq işığı qaranlıq aləmdə tapıb
yandıra bilməkdimi? Əsla!»
Amma əslində, Xumarın qəhrəmanları
zirzəmi həqiqətindən sıyrılıb
çıxa bilmirlər. Onların həqiqəti elə zirzəmidir.
Zirzəmidən işığa çıxmaq
üçün özlərində mənəvi qüvvə
tapa bilmirlər. Burada kimi günahlandırmaq
olar?-yazıçınımı? Yoxsa onun qəhrəmanlarınımı?
Əlbəttə, nə yazıçını, nə də
onun qəhrəmanlarını. Çünki bu obrazlar həyatın
içində kifayət qədərdir və Xumar onları təsvir
edərkən həqiqətə böhtan atmır. Ancaq
söhbət ondan gedə bilər ki, bu həqiqəti təsvir
edərkən Xumar MAHİYYƏTİN dərinliklərinə
kifayət qədər enə bilməlidir, onun hekayələrində
ZİRZƏMİNİN yalnız özü var, mahiyyəti,
psixologiyası yoxdur, varsa da, deklarasiya şəklindədir.
Daha doğrusu, Zirzəmi var (sadəcəmməkan kimi), amma
zirzəmilik mahiyyət kimi yoxdur.
Xumarın bir sıra hekayələri
novella tərzi ilə diqqəti cəlb edir və əlbəttə,
bu da onun hadisələri qurmaq-davam etdirmək-bitirmək
strukturuna yiyələndiyini sübut edir. Onun «Sirr» adlı
maraqlı bir hekayəsi var. Bu hekayəni birbaşa novella da
adlandırmaq olar. Hekayənin adı da lap əvvəldən
gözlənilməzlikdən xəbər verir. Akif-Solmaz, ər-arvad.
Kişi indi ağır xəstə yatır və ölüm
ayağındadır. Çətinliklə də olsa,
üç oğlan böyüdüblər. İkisi həyatda
öz yerini tapıb, sonuncusu isə atanın arzusu ilə ali məktəbə
qəbul olunmalıdır, amma buna hazır deyil və hərbi
xidmətə getməyi üstün tutur. Ata da
oğlanlarından tələb edir, pul yığın, qoy bu
uşaq instituta hazırlaşsın. Bəli, ölüm
ayağı. Əzrayıl qapını kəsdirib. Ancaq birdən
möcüzə baş verir. Solmaz ərinə bir sirr
açır. Söyləyir ki, oğlanlardan biri-Lətif
başqa kişidəndir. Bu sirrin açılışı
gözlənildiyinin əksinə bitir. Möcüzə
baş verir. Kişi ölüm yatağından qalxır,
dirilir. Xəstənin vəziyyəti birdən-birə yaxşılaşır,
oğulları da sevinir, gəlinləri də, Lətif də.
Hekayə Solmazın daxili həyəcanları ilə başa
çatır.
Xumarın hekayələrində təqdim
olunan obrazlar müxtəlif peşə sahibləridir. Əsasən
adi insanlardır. Onların «hərəkət marşrutu» ailədən
başlayır. Sırf ailə münasibətlərindən bəhs
edən «Heç kəsməyən yağışlar» hekayəsində
mövzu tanış olsa da (qaynana-gəlin münasibətləri),
yozum, bədii şərh yenidir. Hekayənin adı ilə gəlinin
keçirdiyi əndişələr bir-birilə tam
uyğunlaşır. «Yadda qalan hadisə» hekayəsində isə
Xumar əlil arabasına möhtac olmuş bir
qadının-Xurşidin intiharından söz açır. O,
vaxtilə çı idi, kənd toylarının bəzəyiydi.
Amma indi anasının qulluğuna möhtacdı. Dərk edir
ki, hamı ondan bezib: «O bədbəxt hadisə…necə də
qurudu ayaqları…yarım ildən çox çarpayıda
qaldı, anası onunla bərabər nə günlər
keçirdi, qucağında saxladı, qucağında
çimizdirdi…sonra nəhayət ki, min bir zülümlə bu
təkərli arabanı onun üçün tapdı. Tapana
kimi də on yaş qocaldı…beş manat təqaüd yenə
bir köməkdir, dava-dərmana pul çatdırmaq olmur.
Ağrıları başlayanda isə iynənin birini od qiymətinə
tapıb vururlar.Kağız-sənəd işi lap bezdirib onu,
səsini çıxarmır, amma Xurşid bilir ki, o da, dədəsi
də bezib…elə hamı bezib…bir halda ki, özü bezib,
yorulub». Bax, belə düşüncələr qadını
intihara sürükləyir və baş verən hadisə
yadda qalır. Bu ölümün mənəvi əsası da
var imiş.
Xumarın «Leyla» hekayəsinisə
onun ən mükəmməl hekayələrindən biri hesab
etmək olar. Bu hekayədə dolanışıq ucbatında
kənd çayxanasında işləyən on üç
yaşlı bir qızın obrazı canlandırılır.
Müəllif məktəbdən ayrılıb məcburiyyət
qarşısında burda işləyən xəyalpərvər
bir qızın daxili dünyasına bizi çəkib
aparır. Hər günkü real görüntülər,
çayxana söhbətləri və bir də xəyallar. O xəyallar
real həyatın bu çirkli-paslı mənzərəsindən
qat-qat yuxarıdadır. Elə bilirəm, Xumarın bundan sonra
yazacaqları hekayələrin qəhrəmanları balaca, dar
mühitdən həyatımızın işıq tərəfinə
yüyürəcəklər.
Xumara gözəl daha gözəl
hekayələr yazmağı arzulayıram!
Vaqif Yusifli
Kaspi. - 2014.-
6-8 sentyabr.- S. 17.