Dörd il Sultan
Süleyman oldum
Halit Ergenç:
“Övladım məni saqqalsız görəndə çox təəccübləndi.
Sevincindən qışqırmağa başladı”
Türkiyədə son 4 ilin ən məşhur
serialı olan “Möhtəşəm yüz il”
artıq başa çatdı. Serialın
baş qəhrəmanı olan Halit Ergenç Türkiyənin
“Hürriyyet” qəzetinə müsahibə verib. Müsahibəsində maraqlı açıqlamalar
verən aktyor serialın bitməsinə sevindiyini və bundan
sonrakı zamanını ailəsinə həsr edəcəyini
söyləyib.
- “Möhtəşəm
yüz il” serialı bitdi. Maraqlıdır,
bundan sonra nə edəcəksiniz?
- Heç özüm də bilmirəm
ki, bundan sonra nə edəcəm. Bircə onu
bilirəm ki, özümü çox rahat hiss edirəm.
Sanki üzərimdən böyük bir yük
qalxdı. Ən əsası da
böyük saqqaldan qurtuldum (gülür).
- Eşitdiyimizə
görə, söyləmisiniz ki, növbəti mövsüm
serialda çəkilmək istəmirsiniz.
- Bəli. Elə bir
etirazım olub.
- Bizə elə gəlir
ki, siz oğlunuza və həyat yoldaşınıza kifayət
qədər vaxt ayıra bilmədiyiniz üçün
serialın tez bitməyini istəyirdiniz.
- Əslində bunların
hamısına görə serialın tez bitməsini istəyirdim. Sözün düzünə
qalsa, “Möhtəşəm yüz il” mənim
ən uzun sürən işim oldu. Gəlin qəbul
edək ki, bu hər aktyora nəsib olmayacaq bir layihədir.
Bir neçə əsr bundan öncə həyatda
yaşamış bir xarakterin düz 42 ilini yaşadım.
Artıq Süleyman mövzusunda dissertasiya
işi müdafiə edə bilərəm. O insanın hər
bir mimikasını, xarakterini, istənilən an
hansı qərar verə biləcəyini artıq bilirəm.
- Bəs bu obraz
sizin ruhunuza necə, təsir edə bildimi?
- Əlbəttə ki. Bu bizim
işimizdir. Serialda, teatrda bir başqa
insanın duyğularını nümayiş etdirərkən
özünə aid olan daxili aləmini, bir sözlə,
özünü yoxa çıxarırsan. Şüur altında başqa bir insana çevrilirsən
və onun kimi davranmağa başlayırsan. Belə olan halda həmin obrazın səni incitməməyi,
yormamağı mümkün deyil. Mən Sultan
Süleyman obrazını yaradaraq onun bütün iç
hesablaşmalarını yaşadım. Övladlarını
öldürməsinin mühakiməsindən tutmuş, həyatdakı
tək varlığını itirməsinə, hətta
ölüm səhnəsinə qədər. Amerikalı bir aktyordan dostlarımdan biri soruşub
ki, “içimizdən bir xarakteri çıxararkən həmişə
bu qədər əzab çəkmək məcburiyyətindəyikmi”.
O isə cavab verib ki, “sizə məhz bunun üçün pul
ödəyirlər. Yoxsa elə hesab edirsiniz ki,
sizə məşhur olduğunuz üçün pul ödəyirlər?”
Mənim işim özümü Süleyman kimi hiss etməkdir.
Elə də etdim.
- Bu obrazdan xilas
olmaq və yenidən özünüzə qayıtmaq
üçün sizə nə qədər zaman lazım oldu?
- Bu heç də mənə həm
psixoloji, həm də fiziki olaraq asan başa gəlmədi.
Sultan Süleymanla 4 il idi ki, birlikdə
idik. Bir xarakteri çox uzun müddət
canlandırdığın zaman sanki eyni ayaqqabını
tez-tez geyinirsənmiş kimi bəzi nöqtələrin hərəkətsizləşməyə
başlayır. Hərdən elə olurdu,
hiss edirdim ki, öz elastikliyimi itirməyə başlayıram.
İndi həm fiziki, həm də psixoloji cəhətdən
özümü yeniləyib təkrar-təkrar öz mərkəzimə
geri dönməliyəm. Fiziki olaraq da
obrazdan çıxdıqdan sonra öz aləmimə geri
dönə bilmirəm. Saqqalımı belə
3 mərhələ ilə kəsib bitirdim. Saqqalımı kəsib bitirdikdən sonra həyat
yoldaşım Bərgüzar Korelin qarşısına
çıxdım. O isə “4 ildir ki, səninlə
görüşə bilmirdik, özlədim səni” deyərək
mənə möhkəm sarıldı.
- Bəs
övladınız necə?
- Övladım məni saqqalsız
görəndə çox təəccübləndi. Sevincindən qışqırmağa başladı.
“Atam saqqalını kəsib, kəsik saqqalla
atamın çənəsi çox balacadır” deyə məni
hər kəsə göstərirdi. Oğlum
on aylıq olanda mən artıq bu serialda çəkilirdim.
Ona görə o məni heç zaman
saqqalsız görməmişdi.
- Eşitdik ki,
yeni mövsümdə sizə hər bölümə görə
150 min lirə pul təklif ediblər və siz də bu təklifi
rədd etmisiniz. Söylənilənlər
doğrudurmu?
- Söylənilənlər doğru
deyil. Onlar şəhər xalqının
uydurduğu əfsanədir. Bu ondan
qaynaqlanır ki, keçmişdə bu cür işlərdə
bir sıra məşhurlara layihə rəhbərləri
astronomik rəqəmlər ödədilər. Ancaq həmin insanların obrazları uğursuz oldu.
Aktyor təbii ki, canlandırdığı
obraza görə yaxşı pul alacaq. Ancaq bu sahədə
iş sadəcə aktyorla bitmir. Yəni bir
serial sadəcə aktyorun belində yüksəlmir. İnsanların belə düşünməsi sadəcə
dəlilikdir. Bu sahədə ən çox
çalışandan tutmuş, ən az
çalışana qədər hər kəsə etdiyi
işin haqqını vermək məcburiyyətindədir ki, o
iş yaxşı alınsın. Hazırda mənə
təklif olunan heç bir layihə ilə maraqlanmıram.
Bir neçə ay istirahət etmək niyyətindəyəm.
Hərdən elə olurdu ki, həyat
yoldaşım Bərgüzarla ikimiz də eyni vaxtda
çalışdığımız üçün bəzi
səhərlərdə “İnşallah, iki gün ərzində
yəqin ki, görüşərik” deyib ayrılardıq.
Hesab edirəm ki, indi o günlərin
ağrısını çıxarmaq vaxtıdır.
-
Oynadığınız serialların bu qədər reytinq qazanmasının
sirri nədədir?
- Çünki mənim işimə
qarşı böyük hörmətim var. Uğurun sirri
varsa, bundadır. Məncə, həyatdakı ən qiymətli
şeylərdən biri iş, digəri isə
həyat yoldaşıdır. Bu iki şey
bütün gələcəyimizi təsdiq edir. İkisinə də böyük sayğım var və
hər ikisinə layiq olmağa çalışıram.
- “Qadınların sevimlisi və yaraşıqlı olan
aktyorlar serialda hər zaman uğur qazanar” fikri ilə
razısınızmı?
- Əslində, bu fikirlə
heç də razı deyiləm. Çünki fiziki
görünüş bir yerə qədərdir. Bəlli bir nöqtədən sonra hər kəs
işi necə etdiyinə baxar. Kimsə
kimsəni gözünün, qaşının gözəlliyi
üçün tutub saxlaya bilməz. Bir də
mən özümü heç də cazibədar və
yaraşıqlı aktyor hesab etmirəm.
- İnsanlar sizin
haqqınızda sakit, dərin, mütəvazi,
ağırbaşlı insandır deyirlər. Bu sözlər
sizin xoşunuza gəlirmi?
- Kimin xoşuna gəlməzi
(gülür)? İnsanlara sakit xarakter
bağışlaya bilərəm, ancaq bəzən içimdə
fırtınalar da qopur. Mən də hər
kəs kimi həyatı və özümü çözməyə
çalışıram.
- Sizin
uşaqlığınız bizim üçün çox
maraqlıdır.
- Siz artıq dərin mövzulara
baş vurursunuz (gülür). Rahat
uşaqlıq keçirməmişəm. İstəmirəm
sizi də cansıxıcı həyatımla
darıxdırım. Uşaqlığım
yoxsulluq, kasıbçılıq içərisində
keçib. Anamla atam mən birinci sinfə
başlayanda boşandılar. Ancaq atam bir
müddət evdən ayrılmadı. Hər
gün evdə dava-dalaş olurdu. Məndən
iki yaş balaca, psixi problemli bir qardaşım var. Yəni,
anlayacağınız qədər, həyatım çox
çətinliklərlə keçib. Atam
3-4 ay ortalıqda görünməzdi. Bir
müddət sonra çıxıb evimizə gəlirdi.
Şəhər teatrında təqaüdçü
aktyor idi, həm də bəstəkar və söz yazarı
kimi çalışırdı. Mənim
üçün ailədəki bədbəxtliyin mərkəzi
atam idi. Çünki atam özü
üçün yaşayırdı, məsuliyyətsiz idi və
hər hərəkəti ilə anamı incidirdi. Ona görə də onun çevrəsindən uzaq
durmaq istəyirdim.
- Ona görə
siz bəstəkarlığı deyil, gedib gəmi inşaat
mühəndisliyini oxudunuz?
- Bəli, çünki
xalalarımın həyat yoldaşları mühəndis idi. Onlar mənim üçün yaxşı bir örnək
idilər. Yetər ki, atam kimi incəsənətlə
məşğul olmayım. Universitetə
qəbul olsam da, ancaq ikinci kursda oxuyanda universitetə getməməyə
başladım. İnsan öz genindən
qaça bilmir. Məni musiqi
çağırdı və ona görə də
konservatoriyanın opera bölümünə daxil oldum. Daha sonra musiqi ilə məşğul olmağa
başladım. Həmin vaxt Haldun bəylə tanış oldum və o məni sözün əsl
mənasında aktyor etdi. Mən musiqiçiyəm desəm də,
o mənə sən musiqi söyləyə bilən aktyorsan
dedi. O gün bu gündür, aktyorluqla məşğulam.
-
Oynadığınız xarakterlərə zərər verə
bilərsiniz deyə reklam təkliflərini qəbul etmədiyinizi
eşitdik.
- Bəli, çünki həyatımda
tez gələn hər şeyin tez bitdiyinin şahidi oldum. Mən asan qazanılan pula inanmıram. Əgər biri mənə reklam təklif edirsə,
o əslində bunu öz işi səbəbinə görə
edir. Misal üçün, “Möhtəşəm
yüz il”də oynadığım obraza
görə mənə reklamda çəkilməyi təklif
edir. Təsəvvür edin ki, filmə adaptasiya
olursunuz və reklamlarda Sultan Süleyman gəlib reklam edir.
Sizcə, bu mənasız
görünmürmü? Sizcə, bu
yaratdığım Süleyman obrazına zərər verməyəcəkmi?
Obrazımdan çıxış edib də
insanların könlünü bulandırmaq istəmirəm.
Kimsə mənə belə bir reklamda “çəkilmə” də
demir. Bu mənim öz düşüncələrimdi.
- Problemli cəhətiniz nədir?
- Deyilənə görə,
çürükçüyəm. Bir də dostlarım mənə
“boş stəkan” deyirlər.
- Necə yəni?
- Stəkanın dolu tərəfini
deyil də, hər zaman boş tərəfini görürəmmiş.
Hər kəs gözəl bir şey etdikdə onun sehrinə
qapılır, xoşbəxt olur. Ancaq mən həmin an qorxuya
qapılıram. İçimdən bir səs
“yaxşıdır, qaydasındadır da, ancaq belə də
edə bilərdin” deyir. Mən heç zaman öz işimdən
razı qalmamışam. Həyata və özümə dair
qorxularım var. Əgər etdiyim işin çox
yaxşı olduğuna inansam, bir neçə saniyə sonra
elə hesab edirəm ki, hər şey bir anda dağılacaq.
- Yəqin ki,
buna əldə etdiklərini itirmək qorxusu deyirlər.
- Doğrudur. Hər zaman
çox tədirginlik içində oluram. Ona görə
adım “boş stəkan” olaraq qalır. Bizim işimiz də
çox nankor bir işdir. Serial reytinq qazanarsa,
hamı üçün çox yaxşısan, səndən
yaxşısı yoxdur. İşlər pis getdiyində, o dəqiqə
insanı topa tuturlar. İnsanlar elə hesab edirlər ki, mən
həyatımda sadəcə “Zərda”, “Aliyə”, “Min bir gecə”,
“Möhtəşəm yüz il” filmlərində yer
almışam. Əslində mən insanların adını
belə xatırlamadığı,
rüsvayçılıqla bitən bir çox filmlərdə
rol aldım.
- Yəni sizin hər
zaman parlayan və rahat bir həyatınız olmayıb.
- Mənim heç zaman zəngin həyatım olmayıb. Dörd ay evdə oturub iş gözləyirdim. Bir parça pendirlə bal yeyirdim. Rəqs dərsləri verib cüzi pul alırdım. Həmin pulu da kirayəyə verirdim. Bütün İstanbulu velosipedlə gəzirdim. Konservatoriyaya da velosipedlə gedirdim. İl ərzində universitetdəki bufetə nə qədər pul verəcəyimi hesablayırdım. Kompyuter mütəxəssisi kimi işləyirdim, aldığım pulu da bufetə ödəyirdim. Yəni ki, pul mövzusunda çox diqqətli idim. Valideynlərimdən heç zaman pul almadım. Pulsuzluqdan kinoteatra belə gedə bilmirdim. Pul qazanmağa başlayanda “Bu hər zaman olan bir şey deyil. Daima pul qazanacaqsan deyə bir şey də yoxdur”, deyə öz-özümə düşündüm. Allaha min şükür, indi gözəl bir həyat yaşaya biləcək pulumuz var. Ancaq bunun üçün də əvəz (bədəl) ödəyirəm. Ötən il Londona getdik. Hydeparkda oğlum ilə velosipedə mindik. Ərəblər bizi qovalamağa başladılar – “Salam Süleyman, gəl bir şəkil çəkdirək, dedilər”. Axı “Möhtəşəm yüz il” 150 ölkədə izlənilir. Bərgüzarla ən çox istədiyimiz şey Yunan adasına getməkdir. Ancaq orada da qorxuram ki, addım ata bilməyək...
Xəyalə Rəis
Kaspi. - 2014.-
12 sentyabr.- S. 8.