Böyük gəlir və nüfuz layihəsi

 

Bakıda “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi layihəsi üzrə təməlqoyma mərasiminin keçirilməsinə sayılı günlər qalıb

 

Sentyabrın 20-si Bakıda “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi layihəsi üzrə təməlqoyma mərasimi keçiriləcək. Bununla bağlı mətbuata açıqlama verən ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, 2015-ci ilin əvvəlində də Türkiyədə Trans-Anadolu boru kəməri (TANAP) layihəsinin təməlqoyma mərasimi keçiriləcək: “Artıq planlaşdırılma, geologiya işləri aparılır. Lazımi tenderlər elan olunub. Tikinti və yaşayış üçün düşərgələr salınıb. Aprelin ilk günlərindən isə artıq sahə işlərinə başlanacaq”.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi və TANAP layihələri “Şahdəniz” qazının “Səngəçal” terminalından Türkiyəyə, oradan isə Avropaya nəqlini nəzərdə tutur”. Hansı ki, “Şahdəniz-2” üzrə yekun investisiya qərarı ötən ilin dekabrında imzalanıb. Dünya tarixində ən böyük sərmayə qoyuluşu olacaq bu anlaşmanın ilkin dəyəri 45 milyard dollardan artıqdır.

Uzunluğu 870 kilometr olacaqTrans Adriatik Qaz Kəməri” (TAP) “Şahdəniz” yatağının ikinci fazasının mavi qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. TAP layihəsinin əsas mənbəyi “Şahdəniz”in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq. İkinci mərhələdə Avropaya nəql olunacaq mavi yanacağın həcmi 20 milyard kubmetrə çatdırılacaq. Azərbaycan artıq öz qazını birbaşa Avropa bazarına, həm də bazar qiymətləri ilə çıxara biləcək. Bu isə ölkənin bir bazardan asılılığının aradan qalxması və Bakının mavi yanacaq ixracatında əsas rola nail olması anlamına gəlir. Odur ki, TAP anlaşması Azərbaycan üçün həm də siyasi-diplomatik əhəmiyyət daşıyır. Beləliklə, bu anlaşma Azərbaycan üçün sadəcə iqtisadi mənfəət baxımdan deyil eyni zamanda strateji aspektdən də kifayət qədər əhəmiyyətlidir.

Layihə Azərbaycanın dövlət gəlirlərinin uzun müddətli dövrdə və strateji olaraq təmin edilməsi baxımdan əhəmiyyətlidir. Belə ki, ilkin qiymətləndirmələrə əsasən, Azərbaycanın “Şahdəniz” yatağının birinciikinci fazasının işlənməsindən əldə etdiyi gəlirin həcmi 200 milyard dollara yaxın olacaqdır. Bu isə dövlətin və eləcə də ölkə əhalisinin iqtisadi gəlirlərinin kəskin artırılması baxımından ciddi maliyyə mənbəsinin yaranması deməkdir.

Digər tərəfdən, “Şahdəniz” yatağının ikinci fazasının mavi qazının Türkiyə və Avropa bazarına 2018-ci ildən başlayaraq daxil olacağını nəzərə aldıqda bu, eyni zamanda Azərbaycan enerji resurslarının satışından əldə etdiyi gəlirlərinin də stabil olaraq tənzimlənməsinə imkan verəcək. Mavi qaz satışından əldə edilən gəlirlərin stabil olaraq artması eyni zamanda hasilatın pay bölgüsü üzrə neft ixracının mərhələli aşağı düşməsinin iqtisadiyyata hər hansı mənfi təsirlərinin qarşısını almış olacaq. Bu isə o deməkdir ki, bu anlaşma mərhələli olaraq Azərbaycanın neft dövrü uzun müddətli qaz dövrü ilə əvəzlənir.

Azərbaycan bu anlaşma ilə eyni zamanda müstəqilliyinin daimi təmin edilməsi üçün bir daha yeni zəmin formalaşdırdı. Azərbaycanın mavi qazının Avropa bazarına çıxarılmasına qarşı kifayət qədər xarici təzyiqlər var idi. Praktik olaraq, ölkəmiz Xəzər hövzəsində Avropa Birliyi ilə danışıqlarda sonadək öz mövqeyini qoruyub saxlayan yeganə dövlət oldu. Birliyin Türkmənistan ilə apardığı uzun sürən danışıqlara baxmayaraq, “Cənub Qaz Dəhlizi”ndə Aşqabadın iştirakına nail olmaq mümkün olmadı. Buna rəğmən, Azərbaycan həm TANAP, həm də TAP-ın reallaşmasına nəinki öz töhfəsini verdi, hətta birbaşa iştirak etdi. Ölkəmizin müstəqil qərarı eyni zamanda Azərbaycanın regionda müstəqil fəaliyyətinin nəticəsi kimi qiymətləndirilə bilər.

Ekspertlər bildirirlər ki, bu layihənin reallaşması Avropanın Rusiyadan mavi yanacaq asılılığını azaldır. Birinci mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə bu, 21 milyard kubmetrə çatdırılacaq. Əgər TAP-ın ötürmə qabiliyyətinin 60 milyard kubmetr olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, “Abşeron” yatağı da istifadəyə veriləndən sonra Avropa Birliyi göstərilən həcmdə qazı Azərbaycandan idxal edəcək. Elə birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq, bir neçə ölkənin tələbatını ödəmək baxımından böyük əhəmiyyət daşıyacaq. Mavi yanacaq baxımından Rusiyadan 97 faiz asılı olan Bolqarıstan, 98 faiz asılı olan Macarıstan da TAP-dan yararlanan ölkələr olacaqlar. Ümumilikdə TAP Avropanın Mərkəzi Şərqində, eləcə də cənubi Avropada enerji təhlükəsizliyinin formalaşmasına ciddi müsbət təsir göstərəcək

Avropa Birliyi TAP layihəsinin dəstəklənməsində xeyli maraqlı tərəf idi. Çünki bu, Avropanın enerji siyasətinə, enerji təhlükəsizliyinə xidmət edəcək bir layihədir. Paralel olaraq, TAP layihəsinin reallaşmasından Türkiyə və Gürcüstan kimi ölkələr də gəlir əldə edəcəklər. Bununla yanaşı, TAP vasitəsilə ixrac olunan qazın müəyyən hissəsi həmin ölkələrin daxili istehlakı üçün istifadə olunacaq.

Şirkətlər səviyyəsində isə TAP layihəsi imkan verəcək ki, SOCAR Avropa Birliyi ölkələrinin bazarlarına çıxsın, investisiya yatıra bilsin.

Azərbaycan üçün TAP eyni zamanda rentabelliyi təmin edilmiş layihədir. “Nabucco” ilə müqayisədə TAP boru kəməri 450 kilometr qısadır. Bu da onun çəkiliş xərclərinin daha az olmasına şərait yaradır. Ekspertlər deyirlər ki, rentabellik baxımından bu, olduqca vacibdir. Yəni, tikinti xərclərinin az olması layihənin daha rentabelli işləməsini şərtləndirən amildir.

Azərbaycan üçün bunun iqtisadi üstünlüyü ondan ibarətdir ki, TAP layihəsi vasitəsilə ölkəmiz daha bahalı bazara, qiymətlərin daha yüksək olduğu bazara çıxış imkanı qazanır. Nəzərə almaq lazımdır ki, TAP İtaliyanın mavi yanacağa olan tələbatına hesablanıb. Bu da Azərbaycana imkan verir ki, öz qazını daha yüksək qiymətə təklif edə bilsin. Digər tərəfdən, Azərbaycan TAP layihəsini reallaşdırmaqla, birmənalı şəkildə bir neçə bazara öz qazını çıxarmaq imkanı qazanır. Buna misal olaraq, TANAP vasitəsilə Türkiyə, həmçinin Gürcüstan, Rusiya, eləcə də Avropanın digər ölkələrinə, o cümlədən Albaniya, Baltik ölkələrinə, xüsusən də BosniyaHersoqovina, Bolqarıstan, Monteneqro, İtaliya bazarlarına çıxışı qeyd edə bilərik. Göründüyü kimi, TAP sayəsində Azərbaycanın bir bazardan asılılığı aradan qalxır. Prezident İlham Əliyev də ölkəmizin mavi yanacaq strategiyasında yalnız Azərbaycanın maraqlarına uyğun olan qiymətlə qazın xarici bazarlara çıxarılmasına üstünlük veriləcəyini bəyan etmişdi. Bu baxımdan, Azərbaycan TAP layihəsinə qoşulmaqla bu hədəfə çata bildi.

TAP imkan verir ki, Azərbaycan birbaşa, heç bir tranzit olmadan öz qazını Avropaya çıxarsın. Bununla Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində regionda Avropanın enerji təhlükəsizliyinə töhfə verən ilk ölkə kimi tarixə düşəcək.

Bütün bunlarla yanaşı, Azərbaycan Dövlət Neft Şirkəti TANAP-da əsas investor olmaqla yanaşı, TAP-da da aparıcı sərmayəçilərdən biri kimi iştirak edəcək. Bu isə təbii ki, Neft Şirkəti üçün yeni sərmayə imkanları və eləcə də yeni bazar deməkdir. Təbii ki, bu investisiyaların rentabelli olması SOCAR-ın timsalında Azərbaycan daxil olan vəsaitlərin həcmini artıracaq.

Eyni zamanda TAP boru xəttinin çəkilməsi onun Azərbaycan daxil olmaqla keçdiyi ölkələrdə yeni yerlərinin açılması deməkdir. Layihə çərçivəsində 30 min yeni yerinin yaradılması nəzərdə tutulur. Yeni yerlərinin əhəmiyyətli hissəsi ölkəmizin payına düşəcək. Bununla yanaşı, digər iştirakçı ölkələrin də məşğulluq sferası bu layihədən faydalana biləcək.

 

Həbibə ABDULLA

 

Kaspi. - 2014.- 13-15 sentyabr.- S. 3.